Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1152/2024 23.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Saray bağlar massivi 4341 ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2- 1(118)-494/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan: 15 may 1989-cu il tarixli, 10381 nömrəli bağ icarə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 4341 saylı 0.10 ha ölçüdə bağ sahəsi X4 icarəyə verilmişdir. Vətəndaşların istfadəsində olan bağ təsərrüfatının texniki pasportundan görünür ki, həmin sənəd X4 ayrılmış 4341 saylı bağ sahəsinə dair tərtib edilmişdir. AZ-İİ 048531 nömrəli ölüm haqqında şəhdətnamədən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən bağ torpaq sahəsinə dair yerləşmə sxemi təqdim edilmədiyindən faktiki göstərilən torpaq sahəsinə baxış keçirilmiş və döngə nöqtələrinin koordinatları təyin edilmişdir (qoşma faylda sizə təqdim olunur). İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,1452 ha təşkil edir. İddiaçının faktiki istifadəsində olan 0,1452 ha torpaq sahəsinin 0,0155 ha hissəsi 6kVt-lıq orta gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinin koordinatları əlavə olunmuşdur. Məhkəmə sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında yerləşən 4341 saylı sahəsi 0,10 ha torpaq sahəsinə dair 15 may 1989-cu il tarixli, 10381 nömrəli icarə müqaviləsinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, Sumqayıt şəhəri, Saray bağlar massivi 4341 ərazisində yerləşən 0,10 ha torpaq sahəsi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsi tərəfindən idarəyə verilmiş bağ icarə müqaviləsi düzəliş olunmuş şəkildə təqdim edilmiş və həmin düzəliş sənədi tərtib edən müvafiq qurum tərəfindən təsdiq olunmamışdır. Təqdim edilmiş 0.10 ha torpaq sahəsinə dair 15 may 1989-cu il tarixli, 10381 nömrəli “Bağ sahəsinin uzunmüddətli icarəyə verilməsinə dair müqavilə” fotosurət olduğuna görə sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyil. Həmçinin torpaq sahəsi yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Saray bağlar massivi 4341 ərazisində yerləşən 0,10 ha torpaq sahəsi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt şəhəri, Saray bağlar massivi 4341 ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4341 sahəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair iddiaçının mərhum atası X5 ilə 10381 saylı 15 may 1989-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Sözügedən müqavilə Sumqayıt şəhər X7 İcraiyyə Komitəsi komissiyasının qərarı əsasında təsdiqlənmiş 26 oktyabr 1988-ci il tarixli protokolla tərtib olunmuşdur. X2 ilə bağ sahəsinin icarə müqaviləsində qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsində yerləşən 4341 nömrəli ərazidə 0,10 ha torpaq sahəsi və taxta köşk istifadəyə verilmişdir. Bağ sahəsində 77 üzüm və 18 meyvə ağacları qeyd olunur. İcarəyə verilən bağın ümumi sahəsi 0,10 ha qeyd olunmuş, müqavilə müddəti 15 may 1988ci il 15 may 1989-cu il tarinədək bağlanmışdır. Sumqayıt Bələdiyyəsi Bağ Təsərrüfatı Şöbəsi tərəfindən verilən vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportuna əsasən sözügedən torpaq sahəsinin ümümi sahəsi 1900 kv m qeyd olunmuşdur. ünvan 2 ünvanında yaşayan X2 tam payı ilə bağın istifadəçisi qismində qeyd olunmuşdur. Bağ sahəsinin vətəndaşa verilməsini təsdiq edən sənəd 1989-cu il tarixli 10381 saylı müqavilə göstərilmişdir. İddiaçının atası X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. iddiaçı Sumqayıt şəhəri, Saray bağlar massivi 4341 ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasport verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsindən 17 fevral 2023cü il tarixli, 3-21-3-31/2- 556/2023 qeydiyyat nömrəli məktubla imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2-1(118)-494/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Saray bağlar massivi 4341 ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. (hakim Vəfa Əzizova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, toplanan sübutların məcmusu iddianın təmin edilməsi üçün zəmin yaratmışdır. Mübahisəli torpaq sahəsi naturada mövcuddur, koordinatları və döngə nöqtələri bəllidir. Bağ icarə müqaviləsinin bələdiyyə tərəfindən cavabdeh idarəyə təhvil verilmiş nüsxəsində torpaq sahəsinin ölçüsünün “0.19 ha”-ya təsdiq edilməmiş düzəlişin edilməsi iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması və ona imtina cavabı verilməsi üçün əsas ola bilməz. Cavabdeh həmin müqavilənin saxta olmasına və mötəbərliyinə şübhə edilməsi üçün hər hansı sübut təqdim etməmişdir. Cavabdehin torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsinə münasibətdə məhkəmə qeyd edir ki, mütəxəssis rəyi ilə məhkəmə sorğusuna əsasən torpaq sahəsinin bir hissəsinin mühafizə zonasında yerləşdiyi öz təsdiqini tapmışdır. Lakin həmin rəydə iddiaçının faktiki istifadəsində 0.0452 ha torpaq sahəsi olması qeyd edilmişdir və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşən 0.0155 ha hissəsinin torpaq sahəsinin hansı hissəsinin (qanuni istifadəsində olan və ya ölçüdən artıq istifadə edilən) düşməsi müəyyən edilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsinə dair Sumqayıt şəhər Bağlar təsərrüfatı idarəsi tərəfindən bağ sahəsi ayrılarkən onun sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) tərtib olunmamış, həmçinin Sumqayıt Bələdiyyəsi tərəfindən idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında sözügedən texniki sənəd aşkar olunmamışdır. İşə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Sumqayıt şəhəri, Saray bağlar massivi 4341 ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum atası X4 məxsus olması barədə arayışın verilməsindən imtinası təşkil edir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri 3 hissədən ibarətdir: 1) Ərizəyə əlavə olunan 15 may 1989-cu il tarixli 10381 nömrəli “Bağ sahəsinin uzunmüddətli icarəyə verilməsinə dair müqavilə"nin fotosurət olduğu, həmçinin Sumqayıt Bələdiyyəsi tərəfindən idarəyə təhvil verilmiş bağ icarə müqaviləsinin arxiv nüsxəsində sözügedən torpaq sahəsinin ölçüsünə düzəliş olunaraq 0.19 ha göstərildiyi, lakin həmin düzəlişin sənədi tərtib edən müvafiq qurum tərəfindən təsdiq edilmədiyi müəyyən olunması. 2) Sözügedən torpaq sahəsinə dair Sumqayıt şəhər Bağlar təsərrüfatı idarəsi tərəfindən bağ sahəsi ayrılarkən onun sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) tərtib olunmamış, həmçinin Sumqayıt Bələdiyyəsi tərəfindən idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında sözügedən texniki sənəd aşkar olunmaması. 3) İddia predmeti olan torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli (6 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşməsi. Məhkəmə kollegiyası cavabdehin 1 və 2-ci dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli torpaq sahəsi naturada mövcuddur, koordinatları və döngə nöqtələri bəllidir. Bağ icarə müqaviləsinin bələdiyyə tərəfindən cavabdeh idarəyə təhvil verilmiş nüsxəsində torpaq sahəsinin ölçüsünün “0.19 ha”-ya təsdiq edilməmiş düzəlişin edilməsi iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması və ona imtina cavabı verilməsi üçün əsas ola bilməz. Cavabdeh həmin müqavilənin saxta olmasına və mötəbərliyinə şübhə edilməsi üçün hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiyta məhkəməsinə təqdim etməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktının təqdim edilməməsi halının mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınamasında (arayışın verilməsində) imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan halların torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Bir sözlə cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi hallar X2 və onun vərəsələrinin təqsiri ilə əhatə olunmamaqla, onların hüquqi məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Qeyd edilən sənədlərin qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi məhz müvafiq inzibati orqan və qurumların səlahiyyətinə aid olmuşdur. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazımi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, X2na məxsus olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi (buna dair arayışın verilməsindən imtina edilməsi) inzibati icraat haqqında qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, X2nun və onun vərəsələrinin konstitusion hüququnun əsassız olaraq mədudlaşdırılmasına gətirib çıxardır. Kollegiya cavabdehin 3-cü yəni, torpaq sahəsinin yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlilini də əsassız hesab edərək qeyd edir ki, mütəxəssis rəyi ilə məhkəmə sorğusuna əsasən torpaq sahəsinin bir hissəsinin mühafizə zonasında yerləşdiyi öz təsdiqini tapmışdır. Lakin həmin rəydə iddiaçının faktiki istifadəsində 0.0452 ha torpaq sahəsi olması qeyd edilmişdir və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşən 0.0155 ha hissəsinin torpaq sahəsinin hansı hissəsinin (qanuni istifadəsində olan və ya ölçüdən artıq istifadə edilən) düşməsi müəyyən edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 8-cu bəndinə görə elektrik şəbəkələrindən binalara, qurğulara, ağackol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. Qaydaların 12-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi.... Beləliklə, Qaydaların tələbindən göründüyü kimi mühafizə zolağına aid məhdudiyyətlər tikililərin aparılması və s.ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmadığını və sözügedən torpaq sahəsinin həmin elektrik xəttinə istismarına və fəaliyyətinə maneçilik törətmədiyini nəzərə alaraq cavabdehin bu dəlilini də əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2-1(118)-494/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.