Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1153/2024 23.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olduğu dövrün həqiqi hərbi xidmət dövrünə daxil edilərək “Azərbaycan Ordusunun hərbi qulluçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2-1(118)-3520/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İş materiallarında olan 104495 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranı statusuna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt “ASAN Xidmət” Mərkəzinin nümayəndəsi tərəfindən verilmiş Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair arayışdan görünür ki, İddiaçı xx.xx.1999-xx.xx.2000-ci il və xx.xx.2002-xx.xx.2022-ci il tarixlərdə həqiqi hərbi xidmət kemişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023ü il tarixli, 649 nömrəli arayışdan görünür ki, xx.xx.1999-cu ildən 24 avqust 2000-ci ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş və 19 yanvar 2022-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində olan əsgər və çavuşların qeydiyyatındadır. İş materiallarında olan müvafiq vəsiqələrdən görünür ki, İddiaçı “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, 2-ci dərəcəli və 3-cü dərəcəli medallarla təltif olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qüsursuz hərbi xidməti nəzərə alınmaqla, onun mənzillə təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 22/213 saylı məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin "Azerbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 saylı Fərmanına uyğun olaraq, Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etdiyi üçün (xx.xx.2002xx.xx.2022 - 19 il 07 ay 08 gün) sözügedən Fərman iddiaçıya şamil edilmir. Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı "Hərbi qulluqçuların statusu haqqında " Azərbayca Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Odur ki, müraciətinizin təmin olunması ilə bağlı aidiyyəti icra orqanına müraciət edilməsi tövsiyə edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun xidmət illərinin 21 il 2 ay 22 gün saymaqla, Müdafiə Nazirliyinin üzərinə mənzil növbəsinə alınması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dədiqləşdirilçəsi barədə ərizə verərək xx.xx.1999cu il tarixdən xx.xx.2000-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olduğu dövrün həqiqi hərbi xidmət dövrünə daxil edilərək “Azərbaycan Ordusunun hərbi qulluçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə, xx.xx.2002-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. Beləliklə, həqiqi hərbi xidmət müddəti 21 il 2 ay 22 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına 20 il və daha çox təqvim ili Azərbaycan Ordusunda xidmət (qüsursuz xidmət) etmiş hərbi qulluqçuların mənzillə təmin olunması nəzərdə tutulur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqdim etdiyi arayışda göstərilir ki, iddiaçının xidməti illəri təqvimlə 21 il 2 ay 22 gün təşkil edir. İddiaçı Fərmana əsaslanaraq ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi yanında fəaliyyət göstərən komissiyaya müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2-1(118)-3520/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olduğu müddətin onun həqiqi hərbi xidmət dövrünə daxil edilərək “Azərbaycan Ordusunun hərbi qulluçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçını Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə “Qsirsuz xidmətə görə” medalı ilə təltif etməklə faktiki olaraq onun azı 20 il Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsini təsdiq etmişdir. Bununla bağlı hazırda cavabdehin iddiaçının müddətli həqiqi hərbi xidmət dövrünü onun hərbi xidmət illərin daxil etməməsi və bununla bağlı dövlət vəsaiti hesabına mənzil növbəsinə almaması əsassız hesab edilməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə eritaz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, inzibati iş materilında olan sənədlərə nəzər yetirilsə görülər ki, istər iddiaçının iddia ərizəsində, istərsə də SHXÇDXnın Sumqayıt şəhər Baş İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 649 nömrəli arayışda İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək müddətli həqiqi hərbi xidmətinin hansı hərbi hissədə keçdiyi barədə məlumat verilməmiş və eyni zamanda Sumqayıt İnzibati Məhkəməsi tərəfindən iddiaçının hansı hərbi hissədə xidmət keçməsi aydınlaşdırılmamışdır. Müdafiə Nazirliyinin Şəxsi X2 sistemində İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Daxili Qoşunlarının N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçdiyi qeyd edilmişdir. İddiaçının Daxili Qoşunlarda xidmətdə olan xidmət dövrünün Azərbaycan Ordusunda xidmət dövrünə daxil edilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də hazırkı, iş üzrə iddiaçının 20 təqvim ili və daha çox Azərbaycan Ordusunda xidmət etməsi şərti mövcüd olmamışdır. İddiaçı isə qeyd olunan silahlı birləşmədə 20 təqvim ilindən az xidmət etmişdir. Müdafiə Nazirliyi, Sumqayıt İnzibati Məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, hesab edir ki, qərar maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qərarında göstərilən nəticələr işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli, iddiaçının iddia tələbi rədd olunmalıdır. Məhkəmə iş materiallarına əlavə edilmiş SHXÇDX-nın Sumqayıt şəhər Baş İdarəsinin yuxarıda qeyd edilən arayışına və iddia ərizəsində qeyd edilən sübutlara istinad edərək düzgün nəticəyə gəlməmişdir. Belə olan halda hesab edirlər ki, iddiaçı təqdim etdiyi sənədlər əsasında ona dövlət tərəfindən mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilə bilməz. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərar Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişilik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021-ci il tarixli Fərmanın tələblərini pozmuşdur. xx.xx.1991-ci il tarixdə qəbul edilmiş və (sonrakı əlavə və dəyişikliklərlə) xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə biləvasitə rəhbərliyi Azərbaycan Respublikasının müdafiə naziri həyata keçirir. Həmin qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı X1, X3 və Hərbi-Hava, Hərbi-Dəniz Qüvvələrindən ibarətdir. Normanın məzmunundan göründüyü kimi, “Silahlı Qüvvələr” dedikdə, qanunverici Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərini və hərbi qüvvələri nəzərdə tutmuşdur. 26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında dəyişilik edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktının 9-cu maddəsinin 1 hissəsində yeni redaksiya verilmişdir. Həmin dəyişikliklərə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. İddiaçının xidmət etdiyi Azərbaycan Respublikası Daxili Qoşunlar Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin başqa birləşmələrinə aiddir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanda dəyişilik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021-ci il tarixli Fərmanı ilə adında və 1-ci hissəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin" sözləri” “Azərbaycan Ordusunun" sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi Fərmanın məqsədinin məhz Azərbaycan Ordusunda xidmət etmiş hərbi qulluqçularla bağlı olması aşkar surətdə müəyyən edilmişdir. Fərmana əsasən üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır. Hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməli, hərbi qulluqçu Azərbaycan Ordusunda xidmət etməli, hərbi xidməti qüsursuz olmalıdır.İddiaçının hərbi xidməti həmin şərtlərə uyğun olmadığından müvafiq siyahıya daxil edilə bilməz, çünki onun xidməti Azərbaycan Ordusunda 18 il, 4 ay,3 gün təşkil edir. Azərbaycan Ordusu və Azərbaycan Respublikasının Silahlı Qüvvələri anlayışları arasında fərqləndirmə aparılmışdır ki, Azərbaycan Ordusu dedikdə, Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə başa düşülür. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasinin Konstitusiyası: Maddə 9.1. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. "Azerbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 saylı Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəfi dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Daxili Qoşunlarının N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.2002-xx.xx.2022-ci illərdə yəni, 19 il, 07 ay, 8 gün Azərbaycan Ordusu sıralarında xidmət etmişdir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 569 nömrəli, 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçu hesab edilməsidir. Bu zaman iddiaçı 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olduğuna istinad edir. Bununla bağlı kollegiya qeyd edir ki, həmin Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri qərara alınmışdır. Bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. Fərmanın tələblərindən göründüyü kimi hazırkı iddia tələbinin təmin olunması üçün qeyd olunan normalarda təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) İddiaçının Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox xidmət etmiş olması; 2) Bu xidmətin qüsursuz həyata keçirilməsi.
Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, işin yuxarıda qeyd edilən hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Daxili Qoşunlarında, xx.xx.2002-xx.xx.2022-ci il tarixədək Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur. Göründüyü kimi qanunverici ən azı 20 təqvim ili xidmət müddətinin məhz Azərbaycan Ordusunda keçirilməsini imperativ şəkildə müəyyən etmişdir, hansı ki, iddiaçının Azərbaycan Ordusunda xidmət müddəti 19 il, 07 ay, 8 gün təşkil etməklə, qanunvericiliklə tələb olunan həmin müddətdən azdır. İddiaçının dəlillərində xx.xx.1999-xx.xx.2000-ci illəri Azərbaycan Ordusunun da tərkib hissəsi olduğu Azərbaycan Respublikası Daxili Qoşunlarında xidmət etdiyini, bununla da həmin dövrün Azərbaycan Ordusunda xidmət müddəti kimi qəbul edilməsini tələb edir. Həmin dəlilə münasibətdə kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri” haqqında Azərbaycan Respublikasının Qanunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Ordusunun anlayışı verilmişdir. Belə ki, həmin Qanunun: - 1.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisatdır. - 1.0.2-ci maddəyə görə Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmədir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1992-ci il tarixli Fərmanına əsasən təsis edilməklə, Azərbaycan Ordusu Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkib hissəsidir. Həmçinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2018-ci il tarixli Fərmanının 3.3-cü bəndində gösrətilmişdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri” haqqında Azərbaycan Respublikasının Qanun 1.0.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 569 nömrəli, 2011-ci il 28 dekabr tarixli Fərmanının məqsədinin məhz Azərbaycan Ordusunda xidmət etmiş hərbi qulluqçularla bağlı olması aşkar surətdə müəyyən edilmişdir. Bu mənada, iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Daxili Qoşunlarında (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan silahlı birləşmədə) xidmət müddəti Azərbaycan Ordusunda xidmət müddəti kimi qəbul edilə bilməz. Odur ki, hazırkı halda iddiaçıya münasibətdə 1-ci şərt ödənilməmişdir. Cavabdeh orqan tərəfindən də iddiaçıya bu məzmunda imtina cavabı verilmişdir. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasinin Konstitusiyasının 9-cu maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Göründüyü kimi Konstitusiyada da Silahlı Qüvvələrin tərkibinə Azərbaycan Ordusu və başqa silahlı birləşmələr (məsələn Azərbaycan Respublikası Daxili Qoşunları və s.) olduğu göstərilməklə bir-birindən fərqləndirilmişdir. Kollegiya qeyd edir ki, iddiaçıya münasibətdə Azərbaycan Ordusunda 20 il xidmət müddəti ilə bağlı 1-ci şərtin mövcudluğu təsdiq edilmədiyindən bu xidmətin qüsursuz olması ilə bağlı 2-ci şərtə münasibətdə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Odur ki, onun “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, 2-ci dərəcəli və 3-cü dərəcəli medallarla təltif olunması səbəbindən iddianın təmin edilməsində birinci instansiya məhkəməsi haqlı olmamışdır. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, işə baxan birinci instansiya məhkəməsi isə iddianı təmin edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan əlavə, kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun tələblərinə əsasən mənzillə təmin edilmək üçün yerli icra hakimiyyəti orqanında uçota götürülmək hüququ vardır. Belə ki, həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin: - 3-cü hissəsinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, .............. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2-1(118)-3520/2024 nömrəli qərarı apellyasiya şikayətinə əsasən ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.