Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1155/2025 10.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4rşı “mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-3531/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, 3 saylı evin 6 saylı mənzili üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Xırdalan Südçülük sovxozunun xx.xx.1983-cü il tarixli 94 saylı orderi ilə iddiaçıya və ailə üzvlərinə Abşeron rayonu, Masazır qəsəbəsində 5 saylı binada yerləşən 6 saylı mənzil verilmişdir. Mənzil həmin vaxtdan bu günə kimi onun ailə üzvlərinin istifadəsindədir. İddiaçı mənzilə dair hüquqlarını qeydə almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin olunmasından imtina olunmuşdur. Səbəb kimi cavabdehə təqdim etdiyi orderin arxiv sənədlərində aşkar olunmadığı göstərilmişdir. Həmin orderin arxiv idarəsinə təhvil verilməsi iddiaçının səlahiyyətinə və vəzifəsinə aid olmadığı halda cavabdeh əsassız olaraq ərizənin təmin olunmasından imtina etmişdir. Bu isə qanunvericilik baxımından yolverilməzdir. Belə ki, cavabdeh orqan yalnız iddiaçının səlahiyyətinə aid olan və onun günahı və hərəkətsizliyi nəticəsində baş vermiş çatışmazlıqlara görə ərizənin təmin olunmasından imtina edə bilərdi. Lakin işin hallarından da görünür ki, cavabdeh orqan əsassız olaraq ərizənin təmin olunmasından imtina etmişdir. Bir halda ki, həmin bu mənzil qanunvericiliyin tələb etdiyi şəkildə iddiaçıya və ailə üzvlərinə ayrılmış və həmin vaxtdan da istifadəsindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-3531/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində ünvan konkret və aydın göstərilməmişdir. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqdəsi ilə iclas təyin olunsa da, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı iştirakını təmin etməmiş, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Bu baxımdan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya iddia tələbində qeyd olunan mənzilin ünvanının, dəqiq göstərilməklə (Masazır kəndinin hansı küçəsində yerləşməsi) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməyi təklif edilmiş, bununla bağlı təklif məktubu göndərmiş, lakin göstərilən hüquqi yardım nəzərə alınmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəməyə təqdim etdiyi iddia ərizəsinin “xahiş edirəm” hissəsində onun ünvan 1 ünvanında mülkiyyət hüquqlarının qeydə alınması göstərilmişdir. Həmçinin iddia ərizəsinə əlavə etdiyi yaşayış yeri barədə arayışdan da görünür ki, iddiaçı və ailə üzvləri Masazır kəndinin Əliağa Vahid küçəsində yaşayır. Əgər məhkəmə təqdim etdiyi sənədlərə daha diqqətlə nəzər yetirsəydi, o zaman göstərdiyi ünvan barədə daha ətraflı və dəqiq məlumat almış olardı. Bundan əlavə bildirilir ki, hüquqi yardımla əlaqədar hər hansı bir məktub göndərilməmişdir. Onu məhkəmə prosesində təmsil edən nümayəndəsi də başqa məhkəmə proseslərində iştirak etdiyi üçün üzürlü səbəblərə görə hazırki iş üzrə məhkəmə iclaslarında iştirak edə bilməmiş və məhkəmə iclaslarının başqa vaxta təxirə alınmasını xahiş etmişdir. Yəni iddiaçı tərəfin məhkəmə iclasında iştirak edə bilməməyi yalnız üzürlü səbəblərə görə olmuşdur. Lakin buna baxmayaraq məhkəmə əsassız olaraq iddianın mümkünsüz sayılması qənaətinə gəlmişdir. Hesab edilir ki, məhkəmə işi başqa vaxta təxirə almaqla işin daha obyektiv və ədalətli araşdırılması üçün şərait yarada bilərdi. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə mübahisə predmetini mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması təşkil edir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh2 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh2 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəzlənmişdir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, Abşeron rayonu Südçülük sovxozunun xx.xx.1983-cü il tarixli, 94 saylı orderinə əsasən İddiaçı və onun ailə üzvlərinə Abşeron rayonu Masazır qəsəbəsi 6 saylı evdə yerləşən 3 saylı mənzil ayrılmışdır. Orderdə mənzilin yerləşdiyi küçə, məhəllə və s. kimi ünvanı fərqləndirici əlamətlər göstərilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinada mübahisə predmeti olan mənzilə dair orderin arxiv əsaslarında aşkar edilməməsi, 2 saylı forma üzrə arayışında mənzilin və yerləşdiyi binanın nömrəsinin göstərilməməsi, eləcə də mənzilin müayinə baxışı keçirilmiş ərazidə müəyyən olunmaması hallarına istinad edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda saxlanılan Abşeron rayonu Südçülük sovxozuna dair orderlər arasında İddiaçı adına 94 saylı, xx.xx.1983-cü il tarixli order mövcud olmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan mənzilin tam və dəqiq ünvanı müəyyən edilməsi mümkün olmamış, habelə həmin mənzilə dair məlumatlar arxiv sənədlərində öz əksini tapmamışdır. Belə ki, mənzilin Abşeron rayonu, Masazır kəndi ərazisində konkret olaraq hansı küçədə və ya məhəllədə yerləşməsi müəyyən deyildir, iddiaçı tərəfindən bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi yaşayış yerindən arayışda Masazır qəsəbəsi Ə.Vahid küçəsi yazılsa da, evin (bina) və mənzilin nömrəsi göstərilməmişdir. Beləliklə, orderdə qeyd olunan mənzilin iddiaçının faktiki yaşadığı mənzillə bağlılığını müəyyən etmək mümkün deyildir. Eyni zamanda, iddiaçı apellyasiya şikayətində irəli sürdüyü dəlilləri konkret fakt və sübutlarla əsaslandırmamış, şikayətin məzmunu ümumi xarakter daşıyan mülahizələrlə ifadə olunmuşdur. İddiaçı hüquqi yardımın göstərilmədiyini qeyd etmişdir, lakin məhkəmə iclasının videoçəkilişindən birinci instansiya məhkəməsinin hakimi tərəfindən ünvanın dəqiqləşdirilməli olması bildirildiyi və ünvanı müəyyən edəcək sübutların təqdim edilməsi təklif edildiyi görünür. Hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti üzrə araşdırılması hüquqi baxımdan mümkün olmadığından, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-3531/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1155/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1155/2025
10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver