Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1157/2024 23.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********97800 və xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərarların ləğv edilməsi və artıq ödənilmiş 79,107.16 manat vergi məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, e-2-1(118)-1217/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəyə əsasən iddiaçı Zülfüqarov Orxan əlavə dəyər vergisi üzrə 79107.16 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********297800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, 2023-cü ilin may ayına ƏDV üzrə 63418.64 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********843700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, 2023-cü ilin Gəlir vergisi üzrə 41369.84 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Artıq ödənilmiş məbləğin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli **********453800 nömrəli məktubda qeyd edilir ki, şəxsi hesab vərəqənizə əsasən müraciətinizdə qeyd etdiyiniz məbləğdə (79,107.16) artıq ödəmə məbləği müəyyən edilməmişdir. Belə ki, tərəfinizdən 2023-cü ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində aşkar edilmiş kənarlaşmalar ilə əlaqədar olaraq 63418,64 manat kameral hesablama aparılmışdır. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia qaldıraraq ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********145000 nömrəli qərarın ləğv edilməsi və artıq ödənilmiş 79,107.16 manat vergi məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********97800 və xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərarları ləğv edilməsi və artıq ödənilmiş 79,107.16 manat vergi məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 xx.xx.2023-cü il tarixdə **********493400 nömrəli “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə uçotda olduğu 3 saylı ƏVİ-nə müraciət edərək şəxsi hesab vərəqəsində mövcud olan 79107,16 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılmasını xahiş etmişdir. Lakin həmin ərizə təqdim edildikdən 11 gün sonra cavabdeh vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********145000 nömrəli Qərara əsasən 2023-cü ilin may ayına ƏDV üzrə 63 418.64 manat əlavə vergi məbləği hesablanmışdır. Bundan sonra cavabdeh vergi orqanı iddiaçıya “Artıq ödənilmiş məbləğin qaytarılması haqqında” cavab məktubu göndərmiş və məktubda qeyd edilmişdir ki, “şəxsi hesab vərəqənizə əsasən müraciətinizdə qeyd etdiyiniz məbləğdə (79,107.16) artıq ödəmə məbləği müəyyən edilməmişdir. Belə ki, tərəfinizdən 2023-cü ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində aşkar edilmiş kənarlaşmalar ilə əlaqədar olaraq 63418,64 manat kameral hesablama aparılmışdır”. Gördüyümüz kimi, cavabdeh vergi orqanı artıq ödənilmiş vergi məbləğini qaytarmaq əvəzinə cəmiyyətə əlavə olaraq 63,418.64 manat əsassız əlavə vergi məbləği hesablamışdır. Qeyd olunan qərarda hesablama ilə bağlı qeyd edilmişdir ki, “faəliyətiniz üzrə aparılmış yoxlama zamanı əldə olunmuş məlumatlar əsasında 2022-ci ilin iyun ayı üzrə 74,371.56 manat, iyul ayı üzrə 82268.38 manat, avqust ayı üzrə 77966.31 manat olduğu müəyyən edilmiş və nəticədə ümumi dövriyyə məbləği 200000.0 manatdan artıq olduğu üçün xx.xx.2022ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmısınız. Bundan başqa fəaliyyətiniz üzrə aparılmış yoxlama zamanı dövriyyənizin 2022-ci ilin sentyabr ayı üzrə 82396.58 manat, oktyabr ayı üzrə 75177.77 manat, noyabr ayı üzrə 86840.05 manat, dekabr ayı üzrə 53054.2 manat, 2023-cü ilin yanvar ayı üzrə 38417.77 manat, fevral ayı üzrə 36336.13 manat, mart ayı üzrə 18597.5 manat ƏDV-lı məbləğ olmuşdur. Bundan başqa, 2023-cü ilin aprel və may ayları üzrə e-qaimə məlumatlarına əsasən tərəfinizdən 18162.62 manat mal təqdim edilmiş və müvafiq dövr üzrə onlayn kassa məlumatlarına əsasən isə 2959.91 manat əməliyyat olmuşdur. Qeyd olunanlara əsasən 2023-cü ilin may ayı üzrə 63418.64 manat ((390819.88/1.18 * 18%) + (18162.62 + 2959.91) * 18%) ƏDV məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir”. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********145000 nömrəli qərarı və artıq ödənilmiş vergi məbləğinin qaytarılmasından imtinanı qanunsuz və əsassız hesab edirlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi icraatınızda olan iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq iddia tələbinin mümkünsüz hesab edir: Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Bildiririk ki, iddiaçı X2 “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizələrlə müraciət edərək vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Lakin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə göstərilən məlumatları düzgün qeyd etməmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə qeyd edilənlər formal xarakter daşımır və büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsi ilə ünvanlı istifadəsinə, gəlirlərin, xərclərin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılmasına xidmət edir. “Büdcə sistemi haqqında” Qanunun 1.1.2-ci maddəsinə əsasən, büdcə təsnifatı dedikdə, dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılması nəzərdə tutulur. Həmin qanunun 9.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş həcmdən artıq ödənilmiş vergilərin, rüsumların, digər ödənişlərin və daxilolmaların büdcədən qaytarılması dövlət büdcəsi gəlirlərinin azaldılmasına aid edilir. Həmin qanunun 1.1.10-cu maddəsində isə qeyd edilir ki, dövlət büdcəsinin kassa icrası dedikdə büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsi ilə ünvanlı istifadəsini təmin edən icra mexanizmi başa düşülür. Qeyd edildiyi kimi, artıq ödəmənin qaytarılması barədə ərizə mahiyyət etibarilə düzgün tərtib edilmədiyi üçün vergi ödəyicisinə bu barədə “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq məlumat verilmiş və qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya imtina verilməmişdir. Eyni zamanda, əlavə məlumata ehtiyacı olacağı təqdirdə 195 Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməsi vergi ödəyicisinə təklif edilmişdir. Lakin, ötən müddət ərzində Zülfüqarov Orxan artıq ödənilmiş vergilərin qaytarılması barədə dürüstləşdirilmiş ərizə forması ilə yenidən cavabdehə müraciət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarının 6.3-cü maddəsində qeyd edilmişdir ki, büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin və ya sığortaedənin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə fəaliyyətini dayandırmış, lakin fəaliyyətinin dayandırılmasına baxmayaraq 2023-cü ilin gəlir vergisi bəyannaməsini təqdim edilməmişdir. Aparılmış araşdırma zamanı 2022-ci il üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən dövrün sonuna 94145,26 manat mal qalığının olduğu, eləcə də 2023-cü il ərzində fəaliyyətini dayandırdığı günədək 99557,8 manat mal alışının olduğu müəyyən edilmidir. Qeyd olunan malların təsərrüfat subyektində olubolmamasının yoxlanılması məqsədi ilə nəzarət tədbirinin keçirilməsi üçün vergi orqanı tərəfindən obyektə baxış keçirilmiş faktiki obyektdə başqa vergi ödəyicisinin işlədiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən mal qalığının müəyyən olunmadığı üçün təqdim etmə kimi qiymətləndirilmişdir. Bundan başqa aparılmış araşdırma zamanı 2023-cü il üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 426493,10 manat dövriyyəsinin olduğu müəyyən edilmişdir. Bu baxımdan (426493,10-(94145,26+99557,8)=232790*20%) 46558,01 manat 2023-cü il üzrə gəlir vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir. VM-nin 37.2ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, vergi ödəyicisinin müraciəti düzgün şəkildə doldurulmadığı üçün onun gecikdirilmiş müddət üçün faiz ödənilməsini tələb etməsi də əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, e-2-1(118)-1217/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin X2 barəsində qəbul edilmiş ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********97800 və xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərarları ləğv edilsin və artıq ödənilmiş 79,107.16 manat vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı yoxlama zamanı əldə edilmiş məlumatlara əsasən iddiaçının vergiyə cəlb dövriyyəsinin 200000 manatdan artıq olduğunu müəyyən edərək, ilk öncə onu xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydə almış, daha sonra iddiaçının 2022-ci ilin sentyabr-dekabr və 2023-cü ilin yanvarmay ayları üzrə vergiyə cəlb edilən dövriyyəsi olduğunu əsas götürərək, 2023-cü ilin may ayına ƏDV üzrə 63418.64 manat əlavə vergi məbləği hesablamışdır. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh vergi orqanı hesablamanı “yoxlama zamanı əldə edilmiş məlumatlara” əsasən həyata keçirdiyini qeyd etsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilməmişdir. İşdən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli **********297800 nömrəli qərarı kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş və həmin qərarla iddiaçı barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə 2023-cü ilin may ayı üzrə əlavə vergi məbləği hesablamışdır. Vergi orqanı 2023-cü ilin may ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2023-cü ilin may ayında baş vermiş əməliyyatları əsas götürməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, şəxsi hesab vərəqəsinə əsasən artıq ödəmə məbləği müəyyən edilmədiyi halda Sumqayıt İnzibati Məhkəməsi artıq ödəmə məbləğinin necə formalaşdığını əsaslı şəkildə, konkret faktlar (dəqiq hesablamalar) rəhbər tutulmaqla, tam, hərtərəfli və obyektiv araşdırma həyata keçirməklə, iş üçün əhəmiyyət kəsb etdiyi halda xüsusi elmi biliklər əsasında tədqiqat aparılmaqla xx.xx.2024-cü il tarixli, e-2-1(118)- 1217/2024 nömrəli Qərarında qeyd etməli olduğu halda hesablamanın və şəxs tərəfindən təqdimedilən hesabatın dürüstlüyünə aydınlıq gətirilmədən, artıq ödəmənin hansı hesablamanın nəticəsində müəyyən edilməsi qeyd edilmədən, 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən artıq ödəmə məbləği müəyyən edilmədiyi halda artıq ödəmə məbləğinin mövcudluğunu hansı dəlillər əsasında qəbul etdiyini açıqlamadan absurd bir yanaşma ortaya qoymuş və mövcud olmayan artıq ödəmə məbləğinin qaytarılmalı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası adından qəbul edilən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü iltarixli, e-2- 1(118)-1217/2024 nömrəli Qərarında iş üçün əhəmiyyətli olan və önəm kəsb edən faktları özündə əks etdirən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə istinad edilmədən, şəxsi hesab vərəqəsindəki məlumatlar araşdırılmadan bu cür qənaətə gəlinməsi hesab edirik ki, əsassız olmaqla yanaşı, həmçinin ədaləti də təcəssüm etdirə bilməz. Eyni zamanda, vergi ödəyicisinin 2023-cü il üzrə real dövriyyəsinin müəyyən edilməsi zamanı vergi orqanı tərəfindən əldə edilmiş və həqiqəti əks etdirən məlumatları və onların doğruluğunu araşdırmadan, vergi ödəyicisinin mədaxil-məxaric əməliyyatları üzrə bank məlumatlarını, idxal-ixrac əməliyyatları üzrə yük gömrük bəyannamələrində əks etdirilmiş məlumatları təhlil etmədən, həmçinin, e-qaimə və onlayn-kassa məlumatları nəzərə alınmadan Sumqayıt İnzibatiMəhkəməsinin yalnız iddiaçının 2023- cü il üzrə təqdim etdiyi Gəlir vergisibəyannaməsindəki məlumatlara istinad etməklə kifayətlənməsi bir daha məhkəmənin obyektiv olmamasına, tam və hərtərəfli araşdırma aparmamasına dəlalət edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: ... 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara 83.9.vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 87. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.2. Vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir. 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********97800 və xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərarlarını mübahisələndirir və hesab edir ki, iddiaçı artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh vergi orqanına müraciət etməsinə baxmayaraq inzibati orqan Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının tələblərini pozaraq qanunla müəyyən edilmiş rəyi bügunki tarixədək tərtib etməmişdir. Məhkəmə kollegiyası 2023-cü ilin may ayı üzrə ƏDV hesablanmış əlavə vergi məbləğinə münasibətdə qeyd edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********297800 nömrəli qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, “sair: fəaliyyətiniz üzrə aparılmış yoxlama zamanı əldə olunmuş məlumatlar əsasında 2022-ci il üzrə dövriyyəniz iyun ayı üzrə 74371,56 manat, iyul ayı üzrə 82268,38 manat, avqust ayı üzrə 77966,31 manat, sentyabr ayı üzrə 82396,58 manat, oktaybr ayı üzrə 75177,77 manat, noyabr ayı üzrə 86840,05 manat, dekabr ayı üzrə 53054,2 manat, 2023-cü ilin yanvar ayı üzrə 38417,77 manat, fevral ayı üzrə 36336,13 manat, mart ayı üzrə isə 18597,5 manat ƏDV-li məbləğ olmuşdur.” İş materialları ilə müəyyən olunur ki, cavabdeh vergi orqanı yoxlama zamanı əldə edilmiş məlumatlara əsasən iddiaçının vergiyə cəlb dövriyyəsinin 200000 manatdan artıq olduğunu müəyyən edərək, ilk öncə onu xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydə almış, daha sonra iddiaçının 2022-ci ilin sentyabr-dekabr və 2023-cü ilin yanvar-may ayları üzrə vergiyə cəlb edilən dövriyyəsi olduğunu əsas götürərək, 2023-cü ilin may ayına ƏDV üzrə 63418.64 manat əlavə vergi məbləği hesablamışdır. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh vergi orqanı hesablamanı “yoxlama zamanı əldə edilmiş məlumatlara” əsasən həyata keçirdiyini qeyd etsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilməmişdir. Belə ki, işdən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli **********297800 nömrəli qərarı kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş və həmin qərarla iddiaçı barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə 2023-cü ilin may ayı üzrə əlavə vergi məbləği hesablamışdır. Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni, kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Odur ki, vergi orqanı 2023-cü ilin may ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2023-cü ilin may ayında baş vermiş əməliyyatları əsas götürməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinin tələbləri baxımından ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır. Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir. Sadalanan maddələrə nəzər yetirdikdə aydın olur ki, 2023-cü ilin may ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan rəqəmdən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə hesablanmış olsun. Lakin, hazırkı işdən görünür ki, vergi ödəyicisinin 2023-cü ilin may ayında vergitutma obyekti üzrə hər hansı kənarlaşma olmadığı halda, vergi orqanı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə iddiaçı barəsində 2023-cü ilin may ayı üzrə əlavə vergi məbləği hesablamışdır ki, bu da Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normalarına ziddir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(102)2270/2023 nömrəli qərarında da məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, vergi orqanı kameral qaydada ƏDV hesabladığı zaman həmin hesabat dövründə baş vermiş əməliyyatları əsas götürməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilmədiyindən iddiaçı barəsində əsassız qərar qəbul edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Həmçinin məhkəmə kollegiyası 2023-cü il gəlir vergisi üzrə əlavə vergi məbləğinə hesablanmış əlavə vergi məbləğinə münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixli **********843700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarda hesablamaya səbəb olaraq qeyd edilmişdir ki, “tərəfinizdən 2023-cü ilin gəlir vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, aparılmış araşdırma zamanı kənarlaşma aşkar edilmişdir. Belə ki, 2023-cü il üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 426493,10 manat dövriyyənizin olduğu müəyyən edilmişdir. Tərəfinizdən xx.xx.2023-cü il tarixdə 2023-cü ilin may ayı üzrə ƏDV bəyannaməsini vergidən yayınmaq məqsədi ilə boş təqdim etmişdir. Lakin 2023-cü il üzrə real dövriyyəniz 354037,16 manat olmuşdur. Bu baxımdan ƏDV bəyannamələrinə əsasən 426493,10 manat olmasına baxmayaraq 2023-cü ilin gəlir vergisi dövriyyəsini 219643,92 manat dəyərində göstərmişdir. Göstərilənləri nəzərə alaraq (426493,10 205984,91) = 220508,19 *20%) 44101,63 manat 2023-cü il üzrə gəlir vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir”. İş materialları ilə o da müəyyən olunur ki, cavabdeh vergi orqanı iddiaçının 2023-cü il üzrə ƏDV bəyannamələri üzrə dövriyyəsinin 426493.10 manat olduğunu müəyyən etmiş, həmin dövriyyəni eyni zamanda gəlir vergisi məqsədləri üçün vergiyə cəlb edilən ümumi gəlir kimi qiymətləndirmiş, alınmış mallar ilə bağlı çəkilmiş xərcləri həmin gəlirdən çıxmış, aradakı fərqə 20% dərəcə ilə gəlir vergisi hesablamışdır. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü il Gəlir vergisi bəyannaməsinə əsasən iddiaçının həmin il üzrə malların təqdim edilməsindən gəliri 219643.92 manat, gəlirdən çıxılan xərcləri 205984.91 manat (o cümlədən əmək haqqı 11726.13 manat, sosial sığorta haqları 2566.51 manat, malın dəyəri 184972.07 manat, icarə haqqı 2664.20 manat, bank xidməti üzrə xərclər 1011 manat, rezident üzrə faizlər 3045 manat), vergiyə cəlb edilən gəlir 13659.01 manat, ödənilməli gəlir vergisi 2731.80 manat bəyan edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı ilə iddiaçı arasında gəlir vergisinə münasibətdə mübahisə 2023-cü il üzrə malların təqdim edilməsindən əldə edilən gəlirin ümumi məbləği ilə bağlıdır. Belə ki, iddiaçı həmin il üzrə təqdim etdiyi bəyannamədə malların təqdim edilməsindən ümumi gəliri 219643.92 manat bəyan etsə də, cavabdeh vergi orqanı həmin il üzrə gəliri 426493.10 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı kameral vergi yoxlaması nəticəsində 2023-cü ilin gəlir vergisi üzrə vergiyə cəlb edilən ümumi gəliri məhz 2023-cü ilin ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş 426493.10 manat dövriyyə əsasında hesablamışdır. Yəni, cavabdeh vergi orqanı 2023-cü ilin gəlir vergisi üzrə vergitutulan dövriyyəni də eynilə ƏDV üzrə hesablamada olduğu kimi “yoxlama zamanı əldə edilmiş məlumatlara” əsasən müəyyən etmişdir ki, bu da həmin hesablamanın əsassız olduğunu göstərir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi cavabdeh vergi orqanı həmin məlumatlara dair nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya məhkəməsinə hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, mübahisələndirilən inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olan inzibati orqan məhkəməyə inzibati aktların qəbul edilməsinə əsas olmuş hallara dair hər hansı mötəbər sübut təqdim edə bilməmiş və qərarlar qəbul edilərkən vergi qanunvericiliyinin tələblərinin pozulmasının səbəblərini əsaslandıra bilməmişdir. İddiaçının ikinci tələbi olan artıq ödənilmiş məbləğin qaytarılması məsələsinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının vergi orqanına müraciət etdiyi tarixdə (xx.xx.2023-cü il tarixdə) dövlət büdcəsinə digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcu olmadığı və iddiaçı artıq ödəmənin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsinə razılıq vermədiyi halda, cavabdeh vergi orqanı sonrakı tarixdə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğini əsas gətirərək iddiaçının vergilər üzrə artıq ödəməsini qaytarmaqdan imtina etmişdir ki, bu da qanunvericiliyin yuxarıda sadalanan tələblərinə zidd olmuşdur. Digər yandan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı məhkəmə araşdırması zamanı iddiaçıya 2023-cü ilin gəlir vergisi və 2023-cü ilin may ayının ƏDV-si üzrə kameral qaydada hesablanmış əlavə vergi məbləğlərinin əsassız olduğu da müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müraciət etdiyi tarixdə (xx.xx.2023-cü il tarixdə) iddiaçının dövlət büdcəsinə vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc olmadığı, iddiaçı artıq ödəmənin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsinə razılıq vermədiyi və eləcə də 2023-cü ilin gəlir vergisi və 2023cü ilin may ayının ƏDV-si üzrə kameral qaydada hesablanmış əlavə vergi məbləğləri əsassız olduğu üçün dövlət büdcəsinə vergilər üzrə 79107.16 manat artıq ödəmənin iddiaçıya qaytarılmasından imtina üçün hər hansı hüquqi əsas olmamışdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuş, sübutetmə yükünün məhz cavabdeh inzibati orqanın üzərinə düşməsi ilə bağlı qənaəti düzgün olmuş, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarların vergi qanunvericiliyi və işin halları baxımından düzgün qiymətləndirilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, nəticə etibarilə əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, e-2-1(118)-1217/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1157/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1157/2024
23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver