Məhkəmə qərarları › İş №2-1(105)-116/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-116/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-116/2022 15.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı Babayeva (Hüseynova) Əzizə Əziz qızının iştirakı ilə İddiaçı Babayeva (Hüseynova) Əzizə Əziz qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən üçüncü şəxs X2 adına 24.01.2020-ci il qeydiyyat tarixli, **********39 reyestr nömrəli çıxarışa əsasən işlənmiş torpaq sahəsinin planı və ölçülərinə dair sənədin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2- 1(118)-855/2021 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Babayeva (Hüseynova) Əzizə Əziz qızı üçüncü şəxs X2 adına 24.01.2020-ci il qeydiyyat tarixli, **********39 reyestr nömrəli çıxarışa əsasən işlənmiş torpaq sahəsinin planı və ölçülərinə dair sənədin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin **********58 saylı, 25 fevral 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq islahatı haqqında müvafiq qanunvericiliyə uyğun olaraq Dövlət tərəfindən iddiaçının ailəsinə torpaq payı verilmiş, hüquqların torpağa mülkiyyət hüququna dair JN-0045 saylı, 30211038 kodlu Dövlət Aktına əsasən rəsmiləşdirilmişdir. Ailə başçısı X8 olmaqla, altı nəfərlik ailəsinə Hacıqurban-Oba kəndi ərazisindən 2,67 ha kənd təsərrüfatı məhsulları üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin aşağı tərəfdən 2,0 ha hissəsi 13.09.2006-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X1. Torpaq sahəsi satılarkən iki hissəyə bölünmüş, arada yol saxlanılmış və həmin vaxtdan da tərəflər öz torpağından istifadəyə başlamışlar. Başqa sözlə, satılmış torpaq sahəsi ilə iddiaçıda qalan 0.67 ha topaq sahəsi arasında hazırda da ara yol mövcuddur. 2006-ci ildə X14 və ailəsi torpağı aldıqdan sonra öz vəsaitləri hesabına torpaqda fındıq bağı saldılar və sonradan aldıqları torpağın aşağı hissəsində əkdikləri qələmləri çıxararaq orada taxıl əkirdilər. Satılmamış hissədə 2009-cu ildə özləri fındıq bağı salaraq istifadə etməyə başlamışdırlar, başqa sözlə onlarda qalan torpaqla qarşı tərəfin torpağı tamamilə ayrılmış torpaqlardır. X7 vəfatından sonra arvadı X6 vərəsəlik alaraq torpağı adına keçirmişdir. Torpaq sahəsinin plan və ölçüsü düzgün tərtib edilməmiş, X4 məxsus 2,0 ha torpaq sahəsi aradakı yol göstərilmədən mülkiyyətində olan 0,67 ha torpaq sahəsini əhatə etməklə göstərilmiş, ümumilikdə torpaq sahəsinin aşağı hissəsi, yəni qarşı tərəfə məxsus ərazi onların torpağı kimi göstərilmişdir. Qeyd olunan torpaq sahəsinin planı və ölçüsü hansı əsasla və kimin göstərişi ilə saxtalaşdırılmışsa bu barədə heç bir məlumatı yoxdur. Göstərilən torpaq sahəsinin planı və ölçüsü tərtib edilərkən ərazidə hərhansı ölçmə işləri aparılmamış və onlara bu barədə heç bir məlumat verilməmişdir. Mütəxəsislər sənədi tərtib edərkən yerində baxış keçirsəydilər və iddiaçını dəvət etsəydi, hər şey aydınlaşardı. Nədənsə bütün bu işlər gizli aparılmışdır. Ona görə də, qeyd olunan X3 DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən işlənmiş torpaq sahəsinin planı və ölçüsü ləğv edilməlidir. Bununla əlaqədar rəsmi qaydada DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək X3 adına DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən işlənmiş torpaq sahəsinin planı və ölçüsü barədə sənədin ləğv edilməsini və ya yuxarıda göstərilən qaydaya uyğun dəyişdirilməsini xahiş etmişdir. DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsindən ünvanına daxil olmuş 25.02.2021-ci il tarixli **********58 saylı imtina məktubunda göstərilir ki, guya torpaq sahəsinin planı və ölçüsü sənədlərə uyğun verilmişdir. Lakin, hansı sənədə uyğun verilməsi barədə heçnə göstərilməmişdir. Əslində ərazinin bölgü planı tərtib edilməmiş, tərəflərindən imzalanmamışdır. Ona görə də, X3 adına işlənmiş 24.01.2020-ci il qeydiyyat tarixli **********39 reyestr nömrəli çıxarışa əsasən onun adına işlənmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənəd ləğv edilməlidir. İddiaçı torpaq sahəsinin hansı hissəsini satdığını yaxşı bilir, ona görə də satılmış hissəyə uyğun olaraq X3 adına torpaq sahəsinin planı və ölçüsünə dair yeni sənəd işlənməlidir. Cavabdeh etirazında qeyd etmişdir ki, Babayeva (Hüseynova) X25 rayonu, Hacıqurban-oba kəndində yerləşən vətəndaş X3 mülkiyyətində olan 2.0 ha torpaq sahəsinə dair hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 23.02.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə 19.02.2021-ci il tarixli **********38 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “ərizənizdə qeyd olunan 2.0 ha torpaq sahəsinə dair X7 adına olan 07.10.2006-cı il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilən Xaçmaz rayon birinci Dövlət notariat kontoru tərəfindən təsdiqlənmiş 13.09.2006-ci il tarixli 4Ə/9-1832 reyestr nömrəli torpaq sahəsinin alğı-satqı müqaviləsi əsasında hazırlanmışdır. S.Xəmmədovanın adına olan 24.01.2020-ci il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 16.01.2020-ci il tarixli 2V-60 reyesr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hazırlanmışdır. S.Xəmmədova vərəsəlik qaydasında əldə etdiyi 2.0 ha torpaq sahəsinin planı və ölçüsü sənədində hər hansı bir dəyişiklik aparılmamış, 07.10.2006-cı il tarixdə hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədinə uyğun verilmişdir. Bu səbəblərdən ərizənizin icrası ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr”, “vərəsəlik hüququ haqqında şəhadətnamələr” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, X7 adına olan 07.10.2006-cı il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi yuxarıda qeyd olunan qanunun tələblərinə riayət etməklə hazırlanmışdır və ləğv edilməsi üçün heç bir əsas yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Sumqayıt İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(118)-855/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim İsmayıl Quliyev) Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və üçüncü şəxs X6 apellyasiya şikayətləri vermişdirlər. İşə apellyasiya qaydasında baxılarkən Zeynalova (Hüseynova) Kamilə Əziz qızı, Ağayeva (Hüseynova) Könül Əziz qızı, X19 və Əsgərova (Hüseynova) Vüsalə Əziz qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinə etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq apellyasiya şikayətində qeyd olunmuşdur ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatının aşağıdakı saydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi. Göründüyü kimi məhkəmə qərarı ilə X2 adına 24.01.2020-ci il qeydiyyat tarixli, **********39 reyestr nömrəli çıxarışa əsasən işlənmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənədi ləğv edilmiş, lakin ləğv edilməmiş mülkiyyət hüququna aid 2.0 ha torpaq sahəsinin yeri müəyyənləşdirilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə birtərəfli mövqe nümayiş etdirməklə guya onun adına verilmiş çıxarışa uyğun torpaq sahəsinin plan və ölçüsünün hazırlanması zamanı iddiaçının mülkiyyət hüquqları pozulmuşdur, halbuki, o, bu şəxslərdən 2 ha torpaq sahəsini onların razılığı əsasında notarial qaydada təsdiqlənmiş alğı-satqı müqaviləsinə əsasən əldə etmiş və onun adına hazırlanmış plan və ölçüdə həmin torpaq sahəsinin dəqiq koordinatları qeyd edilmişdir. Bu sənəd hazırlanan vaxt cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələri də bu əraziyə gəlmiş və ölçmə işləri aparmaqla sənədi hazırlamışlar. Məhkəmə bu bölgünün hər iki tərəfin razılaşması əsasında aparılmalı olduğunu qərarda qeyd etmişdir. Torpaq sahəsi onlara 2006-cı ildə satılmış və razılaşma əsasında qarşı tərəf onlara satılan hissəni təhvil vermişdir və artıq 15 ildir ki, bu qaydada istifadə edirlər. İddiaçı özü də iddia tələbində vurğulamışdır ki, həqiqətən də torpaq sahəsi paylara uyğun şəkildə bölünmüş və hər iki torpaq sahəsi arasında yol qoyulmuşdur. Halbuki, o, 2 ha torpaq sahəsinin dəyərini iddiaçıya ödəməklə bu torpaq sahəsini ondan almış və onun da sənədində həmin müqavilədə göstərilən sahə qeyd olunmuş, torpağın plan və ölçüsü də həmin sahənin koordinatlarına uyğun hazırlanmışdır. Lakin, görünür qarşı tərəf ona satdığı torpaq sahəsindən “ərazi” mənimsəmək fikrinə düşərək bu addımı atmışdır. Əgər onun bu alğı-satqı əməliyyatına şübhəsi var idisə, nə üçün bu 15 il ərzində məhkəmədə həmin müqavilənin ləğvi barədə iddia qaldırmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilən sənədlər - Xaçmaz rayon birinci dövlət notariat kontoru tərəfindən təsdiqlənmiş 13.09.2006-ci il tarixli 4Ə/9-1832 reyestr nömrəli torpaq sahəsinin alğı-satqı müqaviləsi, Xaçmaz rayon bir saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 16.01.2020-ci il tarixli 2V-60 reyesr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun adına verilmiş çıxarış torpaq sahəsinin plan və ölçüsü haqqında sənədin hazırlanması üçün əsas olmuşdur. Qarşı tərəfin dövlət aktında da ümumi torpaq sahəsinin sxemi qeyd edilmiş və aralarında bağlanmış alğı-satqı müqaviləsindən sonra aldıqları torpağın plan və ölçüsü mərhum M.Xəmmədovun adına işlənmiş və həmin qaydada da bu illər ərzində torpaq sahəsi istifadələrində olmuşdur. Sonradan onun vərəsəlik qaydasında əldə etdiyi 2.0 ha torpaq sahəsinin planı və ölçüsü sənədində hər hansı bir dəyişiklik aparılmamış, 07.10.2006-cı il tarixdə hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədinə uyğun verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009- cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə qeyd edilmişdir ki, notarial qaydada təsdiq edilmiş müqavilə və ya vərəsəlik şəhadətnamələri əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır: - ərizə (müraciət); - alğı-satqı, bağışlama, dəyişmə, renta müqaviləsi, vərəsəlik şəhadətnaməsi, nikah kontraktı və s.; - daşınmaz əmlak hissələrlə özgəninkiləşdirildikdə xidmətin müvafiq ərazi idarələri tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş bölgü sxemi; dövlət rüsumunun ödənilməsi barədə qəbz. Sadalanan sənədlər cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edilmiş və bunların əsasında onun adına çıxarış verilmiş və mövcud torpaq sahəsinin plan və ölçüsü sənədi heç bir dəyişiklik edilmədən onun adına keçirilmişdir. Lakin məhkəmə qanuni aparılmış bu əməliyyatı şübhə altına almaqla qarşı tərəfin əsassız iddiasını təmin etmişdir. İddiaçı iddia ərizəsində 2006-cı ildə mərhum M.Xəmmədovun adına işlənmiş torpaq sahəsinin plan və ölçünə dair sənədi deyil, onun adına verilmiş 24.01.2020-ci il tarixli çıxarışa əsasən verilmiş plan və ölçü sənədini mübahisələndirmişdir, belə olan təqdirdə iddiaçı 2006-cı ildə hazırlanmış sənədi qanuni hesab edir və onun adına da plan və ölçü mübahisələndirilməyən plan və ölçü sənədi əsasında verildiyi üçün bu sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmə qərarının qanunsuz olmasına sübutdur, məhz bu dəlil hazırki qərarın ləğvi üçün əsasdır. İşə apellyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Babayeva (Hüseynova) Əzizə Əziz qızı (həmçinin üçüncü şəxs X10 nümayəndəsi) apellyasiya şikayətlərinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş üçüncü şəxslər Ağayeva (Hüseynova) Könül Əziz qızı, X19 və Əsgərova (Hüseynova) Vüsalə Əziz qızı apellyasiya şikayətlərinə etiraz etmişdirlər. İş üzrə üçüncü şəxs X6 məhkəməyə yazılı müraciət edərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşdən görünür ki, JN 0045, KOD 30211038 saylı Dövlət Aktına əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 02 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 2.67 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X5 və onun ailə üzvlərinin, o cümlədən, iddiaçı Babayeva (Hüseynova) Əzizə Əziz qızının mülkiyyətinə mülkiyyətinə verilmişdir. 13 sentyabr 2006-cı il tarixli AN-İ №0094809 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X8, X20, X21, X23 və X19 tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi Xaçmaz rayon torpaq şöbəsi tərəfindən 05.08.1998-ci ildə verilmiş JN 0045 saylı, kodu 30211038 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayon Hacıqurbanoba kəndində yerləşən 2.0 ha torpaq sahəsi alıcı X7 mülkiyyətinə verilmişdir. 11.01.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli çıxarışa əsasən X9 məxsus Xaçmaz rayonu, Hacı Qurbanoba kəndində yerləşən 2.0 ha torpaq sahəsi Xaçmaz rayon 1 saylı notariat kontorunun 16.01.2020-ci il tarixli, 2V-60 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 adına qeydiyyata alınmış və dövlət reyestrindən X3 adına 24.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 245344 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 13.12.2006-cı il tarixdə ölmüşdür. Hazırda iddiaçı həmin torpaq sahəsinə dair plan və ölçü sənədinin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavəyə əsasən notarial qaydada təsdiq edilmiş müqavilə və ya vərəsəlik şəhadətnamələri əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır: ərizə (müraciət); alğısatqı, bağışlama, dəyişmə, renta müqaviləsi, vərəsəlik şəhadətnaməsi, nikah kontraktı və s.; daşınmaz əmlak hissələrlə özgəninkiləşdirildikdə Xidmətin müvafiq ərazi idarələri tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş bölgü sxemi; dövlət rüsumunun ödənilməsi barədə qəbz. Hazırkı işdən görünür ki, mübahisəli torpaq sahəsi JN 0045, KOD 30211038 saylı Dövlət Aktına əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə X5, X11, X12, X15, X13 və X16 ümumi birgə mülkiyyətinə verilmişdir. Belə olan halda, JN 0045, KOD 30211038 saylı Dövlət Aktına əsasən X5, X11, X12, X15, X13 və X16 mülkiyyətinə verilmiş torpaq sahəsi ümumi birgə mülkiyyət olduğundan onun Mehman Xammədova hissəvi satışı zamanı torpaq sahəsinin bölgü sxemi tərtib edilməli idi. Lakin iş materiallarında olan həmin alğı-satqıya dair notariat işinin təsdiq edilmiş surətində də bölgü sxeminin olduğu aşkar edilməmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və üçüncü şəxs X6 apellyasiya şikayətlərində Mehman Xammədovun torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınarkən qanunun tələblərinin gözlənildiyini qeyd etsələr də, işdən görünür ki, torpaq sahəsi satılarkən bölgü sxemi tərtib olunmamışdır. Tərəflər də bölgü sxeminin olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdirlər. Həmçinin, iş materiallarında olan (səh.80) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 29.07.2021-ci il tarixli, **********14 nömrəli məktubundan da görünür ki, arxiv qovluğunda X9 məxsus Xaçmaz rayonu, Hacı Qurbanoba kəndində yerləşən 2.0 ha torpaq sahəsinə dair bölgü sxemi aşkar edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2- 1(118)-855/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(118)-855/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar