Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-116/2024 15.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiyanın verilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(1N)-1697/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək, həmçinin, xx.xx.2012-ci il tarixdən xx.xx.20N-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı, xx.xx.2020-ci il tarixdə ehtiyatda olan kiçik çavuş kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən qismən səfərbərliyə cəlb edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təhvil verilmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli, N nömrəli nizami hissə üzrə əmrinə əsasən kiçik çavuş İddiaçı həmin tarixdən hərbi hissənin, hərbi uçot ixtisaslarına uyğun olaraq xüsusi təyinatlı kəşfiyyat bölüyünün 3-cü xüsusi təyinatlı qrupunun baş kəşfiyyatçısı vəzifəsinə təyin edilmiş, bütün növ təminatlara daxil edilmişdir. Həmin hərbi hissə komandirinin eyni tarixli və eyni nömrəli nizami hissə üzrə növbəti əmrinə əsasən kiçik çavuş İddiaçı xüsusi təyinatlı kəşfiyyat bölüyünün 3-cü xüsusi təyinatlı qrupunun baş kəşfiyyatçısı kimi N oktyabr 2020-ci il tarixdən 706 nömrəli (Füzuli rayonu) və N nömrəli (Ağcabədi) hərbi hissələrin müdafiə zolağına getmiş hesab edilmişdir. SHÇDX-nin Abşeron rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 247 nömrəli arayışına əsasən iddiaçı qismən səfərbərliklə hərbi xidmətə çağırılmış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissədə baş kəşfiyyatçı vəzifəsində hərbi xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli, 14254 nömrəli ”Xəstəlik haqqında Şəhadətnamə” yə əsasən iddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almış və onun xəsarət aldığı diaqnoz “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmişdir. Daha sonra iddiaçıya xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı 05 dekabr 2022-ci il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh 10 dekabr 2022-ci il tarixli, 15/2980 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müraciətlə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə müvafiq sorğu verilmiş və sorğuya cavab olaraq İddiaçı xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlara müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində cəlb olunduğu məlum olmuşdur. O, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab edilmir. Bu baxımdan, müraciətin icrasından imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə qismən səfərbərliklə hərbi xidmətə çağırılmış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissədə baş kəşfiyyatçı vəzifəsində hərbi xidmətdə olmuş, 44 günlük Vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qubadlı istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qubadlı istiqamətində gedən döyüşlərdə yaralandığına görə ona “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində nəzərdə tutulan kompensasiyanın ödənilməsini xahiş etmişdir. Lakin, cavabdeh müraciətinə imtina cavabı vermişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(1N)-1697/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı qismən səfərbərliklə bağlı hərbi xidmətə çağırılmış və 4 aya yaxın müddət ərzində baş kəşfiyyatçı kimi xidmət etmişdir. Lakin onun hərbi xidməti müddətdən artıq həqiqi hərbi xidmət hesab edilmədiyindən cavabdehin imtinası qanuni olmuşdur. Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” “Azərbaycan Respublikası Qanununun tələbləri baxımından iddiaçının tələb etdiyi müavinəti alması üçün onun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti olması gərəkdir hansı ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu normada istisna təşkil edir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır və əlavə olaraq qeyd etmişdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” “Azərbaycan Respublikası Qanununun 20.11 və 20.12-ci maddəsinin tələblərindən göründüyü kimi qanunverici müvafiq kompensasiyanın verilməsinin səfərbərliklə hərbi xidmətə çağrılmış şəxslərə şamil edilməməsini göstərməmişdir. Həmçinin, o, 44 günlük Vətən müharibəsinə qədər həm müddətli həqiqi hərbi xidmət keçmiş, həm də müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. Hesab edir ki, 44 günlük Vətən müharibəsində səfərbərliklə hərbi xidməti müddətdən artıq həqiqi hərbi xidmət kimi qiymətləndirilməli və ona müvafiq kompensasiya ödənilməlidir. Birinci instansiya məhkəməsi isə onun həmin dövrədək olan müddətli və müddətdən artıq hərbi xidmətdə olmasını nəzərə almamışdır. Hesab edir ki, məhkəmənin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; 2.0.3. ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir; (-) Maddə 24. Hərbi xidmətin növləri Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Maddə 28. Həqiqi hərbi xidmətin növləri 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.5. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunun 36.1.1-ci maddəsində müəyyən edilmiş şəxslər aiddirlər. Maddə 36. Həqiqi hərbi xidmətə daxilolma 36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; (-) “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. (-) 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. Maddə 14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. (-) 14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. 14.8. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu subyektlərdə həqiqi hərbi xidmətdən buraxılaraq öz ehtiyatlarına keçirilmiş hərbi vəzifəlilər, habelə öz razılığı ilə bu subyektlərin ehtiyatına qəbul olunmuş digər hərbi vəzifəli vətəndaşlar təşkil edirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (-) Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ehtiyatda olan kiçik çavuş kimi qismən səfərbərliyə cəlb edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissədə xüsusi təyinatlı kəşfiyyat bölüyünün 3-cü xüsusi təyinatlı qrupunun baş kəşfiyyatçısı vəzifəsində hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almış, bununla bağlı ona xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Hazırda iddiaçı tələbinin əsası “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə istinad edərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı kimi ona həmin maddədə nəzərdə tutulan kompensasiyanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı olmaması əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Hazırki halda araşdırılmalı olan məsələ iddiaçının “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından belə fəaliyyət subyektinin əməkdaşı, eləcə də ona münasibətdə müvafiq kompensasiyanın ödənilməli olub-olmamasının müəyyən edilməsidir. Bu baxımdan, həmin Qanuna diqqət yetirilməlidir. Qanunun: 6.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 14.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Qeyd olunan normaların qarşılıqlı təhlilindən müəyyən edilir ki, iddiaçıya 20.12-ci maddədə göstərilən kompensasiyanın ödənilməsi üçün iki şərt mövcud olmalıdır: 1) O, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı olmalıdır (hansı ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları belə şəxslərin dairəsindən istisna edilmişdir); 2) Xidməti vəzifələrin icrası zamanı xəsarət (yaralanma, travma, kontuziya) almalı və ya xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəyməlidir. Birinci və işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən şərtlə bağlı kollegiya qeyd edir ki, işdən göründüyü kimi iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında ehtiyatda olan kiçik çavuş - baş kəşfiyyatçı vəzifəsində iştirak etmiş, eləcə də döyüş əməliyyatları zamanı aldığı xəsarətlə əlaqədar əlil hesab edilmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının həmin dövrdə keçdiyi hərbi xidmətin növünün müəyyən edilməsi üçün sorğu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi müraciət etmişdir. Kollegiyanın sorğusuna cavab olaraq SHXÇDX-nin Abşeron rayon şöbəsi 27 noyabr 2023-cu il tarixli məktubundan və sorğuya cavaba əlavə edilən iddiaçının hərbi qeydiyyatda olduğu xidmətin Ağstafa rayon şöbəsinin 26 avqust 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı kiçik çavuş kimi xx.xx.2020-ci il tarixdə SHXÇDX-nin Ağstafa rayon şöbəsi tərəfindən qismən səfərbərliyə cəlb edilərək Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsinə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə səfərbərlik üzrə hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.2021-ci il tarixdə SHXÇDX-nin Ağstafa rayon şöbəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. Vətən müharibəsi dövründə iddiaçının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməməsi məlum olmuşdur. Həmçinin, iş materiallarında da iddiaçının həmin dövrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini təsdiq edən hər hansı sübut və ya dəlil mövcud deyildir, eləcə də iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə iddia etdiyi kimi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi deyil, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ehtiyatda olan çavuş kimi xidmət etmişdir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı sırasına aid edilmədiyindən iddiaçıya münasibətdə birinci şərt ödənilməmişdir. İkinci şərtə münasibətdə isə kollegiya bildirir ki, iddiaçı xidməti vəzifələrin icrası zamanı xəsarət – travma alsa, onun icra etdiyi həmin xidməti vəzifəsi məhz kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşının yox, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun olmuşdur. Odur ki, kollegiya hesab edir ki, iddiaçı, ümumiyyətlə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmadığından hazırki iddia sübuta yetirilmiş sayıla bilməz. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə isə iddiaçı ona xidməti vəzifələrin icrası zamanı xəsarət almış kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı kimi kompensasiya verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 33, 58 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(1N)-1697/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-116/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-116/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver