Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1160/2025 27.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2-1(118)-5846/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona İT-1 ******* saylı xx.xx.1991-ci il tarixli əmək kitabçasında qeyd edilmiş əmək stajının, 093563 saylı xx.xx.1988-ci il tarixli diplomda təhsil müddətinin və HZ ******* saylı xx.xx.1988-ci il tarixli hərbi biletdə qeyd edilmiş hərbi xidmət müddətinin də sosial sığorta stajına daxil olunaraq, ona 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən müddətdə aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilə kimi 92 saylı X3 məktəbini tornaçı ixtisası üzrə bitirmişdir. xx.xx.1988-ci il tarixdə hərbi xidmətə getmiş və xx.xx.1990-cı il tarixdə isə hərbi xidmətdən qayıtmışdır. Əmək fəaliyyətinə xx.xx.1991-ci ildə Xaçmaz rayon N.Nərimanov adına Sovxozun 4 saylı briqadasında fəhlə kimi başlamışdır. xx.xx.1991-ci il tarixdə Sovxozdan işdən azad olmuşdur. xx.xx.1991-ci ildən etibarən “Neft Daşları” Dəniz Qazma İdarəsində neft qaz üzə istismar və kəşfiyyat quyularının qazılmasında 3-cü dərəcəli qazma köməkçisi kimi işə başlamış və xx.xx.2014cü il tarixə kimi həmin idarədə işləmişdir. Əmək kitabçasından, diplomdan, hərbi biletdən və işəgötürən müəssisə tərəfindən verilmiş müvafiq arayışdan da görünür ki, xx.xx.1985- xx.xx.1988=N il 8 ay 17 gün; xx.xx.1988-xx.xx.1990=1 il 10 ay 23 gün; xx.xx.1991- xx.xx.1991=5 ay 26 gün; xx.xx.1991-xx.xx.2006=14 il 6 ay 2 gün; xx.xx.1994xx.xx.1996-cı il müddətində isə döyüşən hərbi hissənin tərkibində olub = N il + 17 il +(29 ay=N il 5 ay)=19 il 5 ay+(68 gün=2 ay 8 gün)=19 il 7 ay 8 gün = 21 il 7 ay mənim xx.xx.2006-cı il tarixinədək ümumilikdə 21 il əmək stajı var və bu stajın 10 il müddəti pensiya təyinatının tənzimləyən qanunun və qaydaların tələb etdiyi kimi güzəştli şərtlərlə pensiya təyinatı üçün hüquq verən peşə və sahələrə aiddir. Bu da o deməkdir ki, iddiaçının əmək fəaliyyəti və mövcud olan sığorta stajı imkan verir ki, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin. xx.xx.2025-ci il tarixdə iddiaçı cavabdeh DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına ərizə ilə rəsmi qaydada müraciət edərək güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir, lakin cavabdeh təşkilat xx.xx.2025-ci il tarixli cavabı ilə müraciətini təmin etməmişdir. Hesab edir ki, cavabdeh DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin bu imtina onun sosial təminat kimi konstitusion hüquqlarını kobud şəkildə pozur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı 29 01.1970-ci il təvəllüdlü İddiaçı 05.02 2025-ci il tarixində Mərkəzi Filiala müraciət edərək, təqdim etdiyi sənədlər əsasında ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə, əmək pensiyasının təyin edilməsim xahiş etmişdir. Mərkəzi Filial tərəfindən 10.04 2025-cı il tarixində iddiaçıya verilmiş cavab məktubunda iddiaçının qanunla tələb edilən ümumi iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Müdafiə Nazirliyinin 3 mart 2025- ci il tarixli, 4/2-1368 nömrəli arxiv arayışında hərbi xidmətdə olduğu xx.xx.1994- xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində döyüşən ordunun tərkibində xidmət və muzdla iş, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olub-olmamağı barədə hər hansı məlumat qeyd edilməmişdir. Buna görə də, həmin dövrü iki qat ölçüdə iş stajına əlavə etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 6 ay 23 gün (xx.xx.1985xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8ci maddəsinə uyğun olaraq, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddənin məzmunundan göründüyü kimi, əmək pensiyası həmin pensiya təyin olunmazdan öncə alınan əməkhaqlarının kompensasiyası hesabına təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 1N il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixədək Qanunun 9 1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunverıcililklə müəyyən edilmiş tələblərə əsasən bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş; Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 1N il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 24-cü maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüsən ordunun tərkibində xidmət və muzdla is dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən hazırlanmış arayışa əsasən müəyyən edilir Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanv/ar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü ış, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş. vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub- olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər Bu zaman nəzərə alınmalıdır ki. burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə. vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Eyni zamanda bildirilir ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını. X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qeyd edilənlərdən də göründüyü kimi İddiaçı ümumi iş stajı qanunla tələb edilən 20 ildən az təşkil edir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2-1(118)-5846/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu- Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-!i hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, 21.01 1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək və N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Həmçinin qeyd edir ki, sənədlərdə hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olması dəlilinə münasibətdə qeyd edir ki, texniki səhvə yol verilmişdir. Qeyd edilmiş texniki səhv iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 1N il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; (-) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD N°li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xx.xx.1970-ci il təvəllüdlü olmaqla tələb edilən əsaslarla pensiya yaşına çatmışdır. Eyni zamanda işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 19 il 6 ay 23 gün təşkil etdiyini qəbul edir. Belə ki, cavabdehin dəlili ondan ibarətdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Müdafiə Nazirliyinin 3 mart 2025-ci il tarixli 4/2-1368 nömrəli arxiv arayışında hərbi xidmətdə olduğu xx.xx.1994-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində döyüşən ordunun tərkibində xidmət və muzdla iş, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olub-olmamağı barədə hər hansı məlumat qeyd edilməmişdir. Buna görə də, həmin dövrü iki qat ölçüdə iş stajına əlavə etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 6 ay 23 gün (xx.xx.1985-xx.xx.1988ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 10 №-li əmrində (əsas: §-24, səh-26) həmin tarixdən etibarən bir qrup şəxsi heyətin 24 №-li Xaçmaz-Dəvəçi taborunun tərkibinə salınaraq, bütün növ təchizatlarla təmin edilməsi qeyd olunmuşdur. N №-li hərbi hissənin xx.xx.199411,01,1994-cü il tarixli “Adlı Siyahılar” qovluğunda (əsas: səh-21, sıra-41, siyahıda atasının adı “Yusib” yazılmışdır) xx.xx.1994-cü il tarixdə Xaçmaz RHK-dan hərbi hissəyə göndərilmiş, şəxsi heyətin siyahısında, 1970-ci il təvəllüdlü İddiaçı Yusib oğlunun adı qeyd olunmuş və adının üzərindən xətt (İddiaçı Yusib) çəkilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 123 №-li əmrində (əsas: §-1, səh-41, sıra403, əmr olduğu kimi köçürülmüşdür, atasının adı “İsib” yazılmışdır) hərbi hissəni özbaşına tərk etdiklərinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli müvafiq nömrəli Direktivnə əsasən, şəxsi heyətin siyahısından çıxarılmış, hərbi biletləri və müvəqqəti vəsiqələri, adlı siyahı tərtib olunaraq Respublika Hərbi Komissarlığına təhvil verilmiş əsgərlərin siyahısında İddiaçı İsib oğlunun adı qeyd edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il 10 №-li əmrində (əsas: §-2, səh-50, sıra-4, əmrdə atasının adı “Asif” yazılmışdır) Azərbaycan Respublikası Şəxsi Heyətin Qəbulu məntəqəsinin xx.xx.1994-cü il tarixli adlı siyahısına əsasən, İddiaçı Asif oğlunun hərbi hissənin şəxsi heyət üzvlüyünə və bütün növ təminatlara salınması barədə məlumat vardır. Sıravi İddiaçı xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N №-li hərbi hissə komandirinin 01,02.1994-cü il tarixli 19 №-li əmrilə (əsas: §-4, səh-70, sıra-68) hərbi hissənin şəxsi heyət üzvlüyündən azad edilərək bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, Xaçmaz RHK-nın çağırışçısı, 1970-ci il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 31.01 1994-cü il tarixli N №-li əmrilə (əsas: §-5, səh-81, sıra-67, əmrdə vəzifəsi göstərilməmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq xx.xx.1994cü il tarixdən bütün növ təminatlarla təmin olunaraq 3-cü MAT-a göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 87 №-li əmrilə (əsas: §-1, səh-43, sıra-7, əmrdə vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) 3-cü MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı 223 №-li hərbi hospitala stasionar müalicəyə göndərilərək xx.xx.1994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-95, sıra-152) xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, 1970-ci il təvəllüdlü, Xaçmaz RHK-nın çağırışçısı İddiaçı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması, Azərbaycan Respublikası Silahlı X1 İdarəsi rəisinin xx.xx.1996-cı il tarixli 44 №-li telefonoqrammasına əsasən, komandirin 110 №-li əmrilə (əmrin verilmə tarixi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat yazılmışdır. Qeyd edirik ki, Azərbaycan Respublikası Silahlı X1 İdarəsi rəisinin xx.xx.1996-cı il tarixli 44 №-li telefonoqrammasına əsasən verilmiş N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 110 №-li təşkilatı əmrində İddiaçı adı aşkar olunmamışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994cü il, yanvar-dekabr 1995-ci il və yanvar-mart 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması, tərxis olunması barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-!i hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, 21.01 1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək və N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. İnzibati İcraat haqqında qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında mövcud olan sənədlərdə hüquq sahibinin ata adına dair müəyyən uyğunsuzluqlar müşahidə edilsə də, bu hal texniki yazı səhvlərindən irəli gəlmişdir və faktiki şəxsiyyətin müəyyən edilməsinə, habelə iddiaçının həmin hərbi hissələrdə real xidmət keçməsi faktına təsir göstərmir. Qeyd edilən bu texniki uyğunsuzluqların mövcudluğu iddiaçının hüquqlarının məhdudlaşdırılması və ya onun sosial təminat hüququndan məhrum edilməsi üçün əsas sayıla bilməz. Bu baxımdan, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15.3-cü maddəsinə uyğun olaraq inzibati orqan fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz və bu cür texniki uyğunsuzluqlar hüquqi nəticələrin tətbiqinə mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, mövcud sübutlar iddiaçının 1994–1996-cı illər ərzində qeyd edilən hərbi hissələrin tərkibində xidmət keçdiyini, həmin hərbi hissələrin isə döyüş əməliyyatlarında iştirak etdiyini tam təsdiqləyir. Bu isə öz növbəsində “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə uyğun olaraq həmin xidmət müddətinin ikiqat hesablanmaqla sosial sığorta stajına daxil edilməsinə hüquqi əsas yaradır. Bu müddətin ikiqat hesablanması ilə iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının tələb olunan 20 ildən artıq olması tam aydın olur və buna görə də iddiaçı həmin tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinə uyğun olaraq 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etmişdir. Mövcud hüquqi vəziyyətin qiymətləndirilməsi onu göstərir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş imtina qərarı həm faktiki hallar, həm də tətbiq edilməli olan maddi hüquq normaları nəzərə alınmadan verildiyindən qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal xarakter daşıyır. Əlavə olaraq iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut iş materiallarında yoxdur. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. İşin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2-1(118)-5846/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.