Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1161/2025 29.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 2- 1(118)-548/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. O, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Əmək kitabçasında olan məlumatlara görə iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək DQ-201/-7 müəssisəinin təmir-mexaniki sexində mexanik, xx.xx.1988-ci il tarixdən həmin müəssisədə sex rəisi, xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək DQ-201/8 müəssisəsində baş energetik, xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək 5 saylı Təmir-tikinti idarəsində energetik işləmişdir. SSRİ DİN DQ-201/7 müəssisə (h/hissə) tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 231 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixdə DQ- 201/-8 saylı hərbi hissədə (bölükdə) usta, mühəndis, baş mühəndis, mexaniki sexin rəisi işləmiş, xx.xx.1983-cü il tarixdə yanğıdan sonra 201-8 saylı hissəyə köçürülmüş, 1985- 1990-cı illərdə RSFSR Ali Sovetinin deputatı olmuş, xx.xx.1996-cı il tarixdə öz xahişinə əsasən işdən azad edilmişdir. İddiaçı 65 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdehin 2.06.2024-cü il tarixli 3-17-1/2-N-133352/2/2023 nömrəli məktubla cavab verərək iddiaçının sığorta stajının (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 15 il 8 ay 12 gün təşkil etdiyini, eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15 il 8 ay 2 gün sığorta stajına uyğun 14514,98 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 83,42 manat olmaqla, ümumilikdə 14598,40 manat təşkil etdiyini və bu məbləğin pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə müvafiq göstərici üçün tələb olunan 40320 manatdan az olduğunu və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermədiyini bildirmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara Əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na Əsasən Əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmrinin tarixində düzəliş edilmiş, eyni zamanda məsul şəxsin soyadı qeyd olunmamışdır) həmin dövr sığorta stajına daxil edilməmişdir. Həmçinin, təqdim edilmiş Rusiya Federasiyasında xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əmək fəaliyyəti dövrlərini əks etdirən arayışda işə daxilolma və işdənçıxma əmrləri qeyd olunmadığından sözügedən dövrün də sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Dövlət Sosial Müdafiə X2 əlaqələr departamentinin xx.xx.2025-ci il tarixli 3-17-1/3-1- 102741/2025 nömrəli məktubuna əsasən İddiaçı 1978-1983-cü illər üzrə Rusiya Federasiyası ərazisində əmək fəaliyyətinin araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixli 3-17-1/2-248386/2024 nömrəli məktub ünvanlanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq baş idarəsi və Rusiya Federasiyasının Pensiya və Sosial Sığorta Fondunun Mərkəzi aparatı vasitəsi ilə alınmış Perm vilayəti üzrə Cəzaların İcrası Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ştat cədvəllərinə görə 8 saylı Kizel islah-əmək müəssisəsin mexaniki sex ümumiyyətlə mövcud olmamış, 201/7 və 201/8 saylı müəssisələr Daxili Qoşunların 201 saylı müəssisəsinin bölükləri olmuşdur. DQ-201/7 və DQ-201/8 saylı müəssisələrə aid 1978-1983-cü illərə aid əmək haqqı üzrə haqq-hesab cədvəllərində İddiaçı adı qeydə alınmamışdır. Məlumat-arxiv işi üzrə şöbə onun barəsində başqa məlumatlara malik deyildir. Həmin məktuba əlavə edilmiş İddiaçı şəxsi kartoçkalarından görünür ki, onun barəsində məlumatlar yalnız 1983-cü ildən başlayır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respubliksaının Milli Arxiv idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər 5 saylı Təmirtikinti idarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 65 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasına deputat kimi fəaliyyə göstərdiyi dövrün əlavənin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə Rusiya Federasiyasında başlayaraq, daha sonra Azərbaycanda davam etdirmişdir. xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana bir neçə dəfə müraciət etsə də, bundan imtina olunmuş və yaşa görə müavinət təyin edilmişdir. Hətta müraciətinə ilk dəfə baxılanda ondan şəxsiyyət vəsiqəsinin rus dilində tərcüməsinin notarial qaydada təsdiq olunmuş nüsxəsini tələb olundu ki, guya Rusiya Federasiyasındakı əmək fəaliyyəti araşdırılacaqdır. Ancaq heç bir araşdırma aparılmamış və müxtəlif qurumlara yazdığı şikayət ərizələrindən sonra ona 12 iyun 2023-cü il tarixdə rəsmi imtina cavabı verilmişdir. Cavabdeh təşkilat onun ümumi əmək stajını hərbi xidmət dövrü ilə birlikdə 15 il 8 ay 12 gün hesab edir. Rusiya Federasiyasındakı xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək işlədiyi dövrləri təqdim etdiyi arayışda işə daxil olma və işdən çıxma əmrlərinin qeyd olunmaması səbəbilə həmin dövr sığorta stajına daxil edilməmişdir. Halbuki, əmək kitabçasında həmin məlumatlar qeyd olunmuş və əlavə olaraq arxiv arayışı da həmin dövrü tam təsdiq edir. Həmin dövr üzrə sığorta stajı tam olaraq 4 il 7 ay 2 gündür. Cavabdeh təşkilat daha sonra onun xx.xx.1996-cı ildən xx.xx.2003-cü il tarixədək olan staj dövrünü də guya əmək kitabçasının doldurulma qaydasının pozulmasına görə hesablamamışdır. Halbuki, orada səhv və ya qeyri-dəqiq heç bir məlumat yoxdur. Həmin dövr üzrə siğorta stajım tam olaraq 6 il 10 ay 12 gündür. Cavabdeh təşkilatın ümumilikdə 11 il 5 ay 14 gün siğorta stajını nəzərə almaması ilə razı deyildir. Hesab edir ki, bu mövqe tam qanunsuz və əsassızdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Fondunun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı müraciətinə aidiyyəti üzrə Fondun 12 iyun 2023-cü il tarixli cavab məktubu ilə cavablandırlmışdır.Həmin məktuba əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanunun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Müvafiq qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 15 il 8 ay 2 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15 il 8 ay 2 gün sığorta stajına uyğun olaraq 14514,98 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 83,42 manat olmaqla, ümumilikdə 14598,40 manat təşkil edir və bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə müvafiq göstərici üçün tələb olunan 40320 manatdan azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir.Eyni zamanda, elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın tələblərinə əsasən iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmrinin tarixində düzəliş edilmiş və məsul şəxsin soyadı qeyd edilməmişdir) həmin dövr iddiaçının sığorta stajına daxil edilməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi Rusiya Federasiyasında xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əmək fəaliyyəti dövrlərini əks etdirən arayışda isə işə daxilolma və işdənçıxma əmrləri qeyd olunmadığı üçün müvafiq dövrün də sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edlməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamış və xx.xx.2023-cü il tarixdən iddiaçıya 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 2-1(118)-548/2025 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı aid əmək kitabçasında 1983-1988-ci illərdə işləməsi və 1985-1990-cı illərdə deputat kimi fəaliyyət göstərilməsi qeyd olunmuşdur. Halbuki, iddiaçı 1985-ci ildən deputat işləmişdirsə, əmək kitabçasındakı 1983-1985-ci illərə qədərki qeydlər də şübhəli sayılmalıdır. Belə ki, kitabçadakı qeyd 1983- 1988-ci illərə dair başqa müəssisəsdə işləməsini göstərir. Eyni zamanda onun xx.xx.1996cı il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün, işdənçıxma əmrinin tarixində düzəliş edilib və məsul şəxsin soyadı qeyd edilməmişdir. İddiaçının təqdim etdiyi Rusiya Federasiyasında xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əmək fəaliyyəti dövrlərini əks etdirən arayışda isə işə daxilolma və işdənçıxma əmrləri qeyd olunmadığı və həmin arayış 2006-cı ildə verilməsinə baxmayaraq SSRİ möhürü ilə möhürlənmişdir. Göründüyü kimi, iddiaçının müvafiq müəssisələrdə işləməsinə dair kifayət qədər şübhəli məqamlar olduğundan, onun həmin müəssisələrdə işlədiyi illərin iş stajına daxil edilməsi məqsədəmüvafiq deyildir. Belə olan halda iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. Ona görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olmağı, həmin müəssisədə işləməyi və əmək haqqı almağı, o cümlədən müəssisələrinin fəaliyyətinin olması tam sübuta yetirilir. Müəyyən olunur ki, onun işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisələr mövcud olmuş, o, həmin müəssisələrdə müvafiq əmrlərlə işə daxil olmuş və işdən xaric olmuş, o cümlədən əmək haqqı almışdır. xx.xx.1978-xx.xx.1983-cü ilə qədər olan dövrləri məhkəmə arayış təqdim etməsinə baxmayaraq sosial sığorta stajına qəbul etməmişdir. Məhkəmədə də bu barədə bildirmişdir ki, cavabdeh təşkilat onlara müraciət etdiyi vaxtdan həmin stajın Rusiya Federasiyasında sorğu ediləcəyi ona bildirilmişdir. Lakin bunu etməmiş, hətta məhkəmə araşdırması zamanı bu barədə aralıq qərardad qəbul olunsa da, bu məsələ icra edilməmiş, daha sonra cavabdehin bildirdiyinə görə 2024-cü ilin oktyabr ayında bu barədə Rusiya Federasiyasına sorğu göndərmişdir. Lakin həmin müddətdən 1 il müddət keçməsinə baxmayaraq məhkəmə qətnaməsi yekunlaşana qədər cababdeh təşkilat bu barədə heç bir məumat təqdim etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, İddiaçı məxsus əmək kitabçasında qeyd edilən: -xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlər üzrə əmək kitabçasının doldurulma qaydasına riayət edilmədiyindən (işdən çıxma rekvizitlərində düzəliş olduğu, səlahiyyətli şəxsin məlumatları olmadığı və möhür kiril qrafikalı olduğu üçün); -Rusiya Federasiyasında işlədiyinə dair təqdim edilmiş xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək olan dövrləri əhatə edən arayışda isə işə daxilolma və işdən çıxma əmrlərinin rekvizitləri barədə məlumatlar mövcud olmadığından, həmçinin sözügedən arayış 2006-cı il tarixə təsadüf etsə də, SSRİ möhürü olduğundan həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 22-1.1ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1 -dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1 -dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədədir. Cavabdeh inzibati orqan imtina əsası kimi, qanunvericiliklə tələb olunan pensiya kapitalının olmaması, əmək kitabçasında xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlə bağlı əmək kitabçasının doldurulma qaydasının pozulması (işdən azad edilməsi barədə əmrin tarixində düzəliş edilmiş və məsul şəxsin soyadı qeyd edilməmiş), xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əmək fəaliyyəti dövrlərini əks etdirən arayışda isə işə daxilolma və işdənçıxma əmrləri qeyd olunmamış, apellyasiya şikayətinə etirazda cavabdeh həmçinin qeyd etmişdir ki, həmin arayış 2006-cı ildə verilməsinə baxmayaraq SSRİ möhürü ilə möhürlənmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əmək fəaliyyəti dövrlərini əks etdirən DQ-201/7 saylı bölük tərəfindən verilmiş arayışda onun işə daxilolma və işdənçıxma əmrlərin nömrələri və tarixlə ümumiyətlə qeyd olunmamış, bundan başqa həmin arayış 2006-cı ilə aid olmasına baxmayaraq SSRİ DİN möhürü ilə möhürlənmişdir. Bu hallar arayışın mötəbərliyinə şübhə yaratmış və cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun araşdırma apararaq müvafiq sorğu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinə müraciət etmişdir. Həmin müraciətə əsasən Rusiya Federasiyasının Pensiya və Sosial Sığorta Fondunun Mərkəzi Aparatı vasitəsi ilə alınmış cavab məktubundan müəyyən edilir ki, iddiaçının 1978-1983-cü illərdə arayışda göstərilən Daxili Qoşunların 201/7 və ya 201/8 saylı müəssisələrində (bölüklərində) işləməsi öz təsdiqini tapmır. İstinad olunan arayışında iddiaçının həmin dövrə müəssisənin mexaniki təmir sexində işləməsi qeyd olunsa da, alınan cavabdan görünür ki, həmin illərdə göstərilən müəssisələrdə mexaniki təmir sexi mövcud olmamışdır. İddiaçıya aid şəxsi kartoçka məlumatlarına görə onun həmin müəssisədə yalnız 1983-cü ildən işləməsi barədə məlumatlar qeydə alınmışdır ki, həmin dövr cavabdeh tərəfindən onun sosial sığorta stajına daxil edilmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən ikinci dövr iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək 5 saylı Təmir tikinti idarəsində işlədiyi dövrdür ki, cavabdeh iddiaçıya aid əmək kitabçasında işdən çıxma barədə əmrdə düzəliş edilməsini və həmin qeydi aparan məsul şəxsin soyadının qeyd edilməməsinə istinad etmişdir. Həqiqətən də əmək kitabçasında xx.xx.1996-cı il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövr üzrə işdən çıxma əmrinə dair məlumatlarda sonradan düzəlişlərin aparıldığı aşkar edilmiş, lakin bu düzəlişlərin hansı səlahiyyətli şəxs tərəfindən edildiyi, habelə həmin şəxsin soyadının göstərilmədiyi müəyyən olunmuşdur. Halbuki, qanunvericiliyin tələblərinə əsasən əmək kitabçasına edilən hər bir dəyişiklik müvafiq qaydada rəsmiləşdirilməli, düzəlişlərin edilməsi üçün məsul vəzifəli şəxsin imzası və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu tələblərə riayət edilməməsi qeyd edilən dövr üzrə məlumatların sübut qüvvəsini əhəmiyyətli dərəcədə azaldır. Məhkəmə kollegiyası həmin müəssisə ilə bağlı Dövlət Arxivinin Sumqayıt filialına sorğu ilə müraciət etmiş və alınan cavabdan həmin idarənin sənədlərinin ümumiyyətlə, arxivə dövlət mühafizəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Eyni zamanda vurğulamaq lazımdır ki, mövcud məhkəmə praktikasına uyğun olaraq həmin illərin xx.xx.2006-cı ilə qədər olması və əmək kitabçasının mötəbərliyi qiymətləndirilərək göstərilən dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilərdi, lakin 1978-1983-cü illər daxil edilmədikdə 1996-2003-cü illər sosial sığorta stajına daxil edilsə belə iddiaçının tələb olunan 25 illik sosial sığorta stajı tamamlanmadığından məhkəmə kollegiyası iddianın bütövlükdə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaətini düzgün hesab edir. Yuxarıda sadalanan hallar məcmu halda qiymətləndirildikdə, iddiaçının müvafiq müəssisələrdə işləməsinə dair təqdim etdiyi sübutlarda ciddi uyğunsuzluqların və etibarlılığı şübhə doğuran məqamların olduğu qənaətinə gəlinir. Bu səbəbdən qeyd olunan dövrlərin onun əmək stajına daxil edilməsi üçün kifayət qədər hüquqi əsasların olmadığı hesab edilir. Beləliklə, mübahisəli dövrlər nəzərə alınmadan aparılmış hesablamalara əsasən iddiaçının ümumi əmək stajı 25 ildən az təşkil edir. Qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri minimum staj təmin edilmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması hüquqi baxımdan mümkün hesab edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 2-1(118)-548/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1161/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1161/2025
29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver