Məhkəmə qərarları › İş №2-1(105)-1163/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1163/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1163/2025 10.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X9 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)- 2460/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçıya aid İT-l N0435743 əmək kitabçasından görünür ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarxədək 44 saylı texniki orta peşə məktəbində təhsil almış, xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyi X1 İdarəsinin 1 saylı Trestində, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək həmin trestin 17 saylı Tikinti İdarəsində, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək xx.xx.2000-ci il tarixədək 2 saylı Trestin 26 saylı Tikinti İdarəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ATSC-də elektrik qaynaqçısı, xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC şirkətində sürücü işləmişdir. Cavabdehin 3-17-1/2-Ə-209163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.2004cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq yalnız xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində əmək haqqı hesablandığı bildirilmişdir. Buna görə də əmək haqqı ödənilməyən, işləmədiyi müddətləri iş stajına daxil etmək mümkün deyildir. Göstərilən səbəblərdən də, ümumi iş stajı 25 ildən az (12 il 1 ay 22 gün ( xx.xx.1980- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1985-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər və 2011-2017-ci illər üzrə 6 il 1 ay)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12490,71 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. 2-ci dərəcəli əlil olduğuna görə hərbi xidmətdə olmamışdır. 1981-ci ildə 44 saylı Texniki Peşə Məktəbini qaynaqçı ixtisası üzrə bitirəndən sonra 3-cü dərəcəli qaynaqçı kimi "xxxx" ASC-yə göndərilmiş və beləliklə, 1981-ci ildən 2004-cü ilə qədər qaynaqçı kimi zərərli iş şəraitində işləmişdir. Güzəştli şərtlərlə təqaüd təyin edilməsi barədə cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir, lakin müraciətinə cavab olaraq 3-17-1/2-Ə-209163/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilmədiyindən güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.2004- cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq yalnız xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində əmək haqqı hesablandığı bildirilmişdir. Buna görə də əmək haqqı ödənilməyən, işləmədiyi müddətləri iş stajına daxil etmək mümkün deyildir. Göstərilən səbəblərdən də, ümumi iş stajı 25 ildən az (12 il 1 ay 22 gün ( xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1985-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər və 2011-2017-ci illər üzrə 6 il 1 ay)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12490,71 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2460/2025 nömrəli nömrəli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC-nin 24 iyun 2025-ci il tarixli AZB 01/138 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı işlədiyi “elektrik qaynaqçısı” peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısının 33-cü “Ümumi peşələr” bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” - (23200000-19906) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci “Ümumi peşələr” bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşələri ilə eynilik təşkil edir. Göründüyü kimi iş materialları və məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçının 25 il ümumi, 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Bundan əlavə məhkəmə sorğusuna cavab olaraq iddiaçı ilə eyni müəssisədə işləmiş X5 və X3 pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin şəxslərin pensiya işinə dair sənədlərdən görünür ki, X5 xx.xx.1979-cu ildən xx.xx.2007-ci il tarixədək 2 saylı Sumqayıt Tikinti Quraşdırma müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmişdir, pensiya işinə əlavə edilmiş arayışa əsasən bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarının 35-ci bölməsi üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Bu halda iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onuna əsaslandırmışdır ki, “Azərboru" ASC tərəfindən təqdim olunmuş AZV 01/138 nömrəli 24 iyun 2025-ci il tarixli məktubda iddiaçının xx.xx.1985-xx.xx.2004-cü i tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi “elektrik qaynaqçısı” peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş ’’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısının 33-cü Ümumi peşələr bölməsinin” əl ilə qaynaq aparan elektrik qaynaqçıları”-(23200000-19906) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı” nın 35-ci “Ümum peşələr bölməsinin” əl ilə qaynaq aparan elektrik qaynaqçıları”peşələri ilə eynilik təşkil etdiyi qeyd olunmuşdur. Lakin sözügedən məktubda iddiaçının elektrik qaynaqçısı peşəsində işlədiyi müddətdə əl ilə elektrik qaynağı aparıb-aparmaması, əl ilə elektrik qaynağı apardığı təqdirdə hansı mühitdə və hansı fəaliyyət sahəsi üzrə işlərdə məşğul olması, habelə hansı funksional vəzifələri həyata keçirməsi barədə hər hansı məlumat göstərilməmişdir. Buna baxmayaraq məhkəmə “elektrik qaynaqçısı” və “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifələrinin tamamilə uyğun olduğunu nəzərə alaraq iddia tələbini təmin etmişdir. Lakin məhkəmənin bu mövqeyinə əks arqument olaraq bildirilir ki: Elektrik qaynaqçısı-elektrik enerjisindən istifadə etməklə metal hissələri əridib birləşdirən və ümumillikdə elektrik enerjisi ilə işləyən bütün qaynaq üsullarını-əl ilə, avtomatik və yarımavtomatik tətbiq edə bilən mütəxəssisdir. İnternet üzərində sadəcə axtarış etdikdə də qaynağın növləri barədə məlumatlar əldə etmək mümkündür. Əl ilə qaynaq aparan elektrik qaynaqçısı isə xüsusi olaraq əli ilə elektrik qövsü qaynağını işlədən mütəxəssisdir. Burada qaynaqçı elektrodu özü idarə edir.Yəni əl ilə elektrik qaynaqçısı elektrik qaynaqçısınını bir növüdür və hər elektrik qaynaqçısı mütləq əl ilə işləməyə ixtisaslaşmamışdır. Hazırki dövrdə qaynağın sadəcə əl ilə elektrik qaynağı və qaz qaynağı növlərində işləmiş şəxslər üçün güzəştli pensiya hüququ nəzərdə tutulmuşdur. "xxxx" ASC tərəfindən iddiaçının güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışının olmaması ilə bərabər birinci instansiya məhkəməsinin analoji vəzifələrin mövcud olduğu müəssisədən aldığı AZV 01/138 nömrəli 24 iyun 2025-ci il tarixli məktubda iddiaçının işlədiyi “elektrik qaynaqçısı” vəzifəsinin sənaye sahələrindən hansı birinə uyğun olması barədə məlumat qeyd olunmamışdır. Habelə “oxşar müəssisə” hesab edilən "xxxx" ASC və "xxxx" ASC-nin fəaliyyət istiqamətləri habelə, fəaliyyətt göstərdikləri sahələrin uyğun olub-olmaması məhkəmə tərəfindən müəyyən olunmamışdır. Lakin müəssisələrin adlarına nəzər yetirdikdə belə onların fərqli sahələr üzrə (tikinti və boru quraşdırma) formalaşdırılmış iki müəssisə olduğu aydın görünür. Buna baxmayaraq məhkəmə qeyd edilən sorğuya cavabı əsassız olaraq sübut qismində nəzərə almamış və əsaslandırma etmədən bu sübutu mötəbər hesab etməmişdir. Bu cavab məktubu birmənalı şəkildə işin faktiki və hüquqi tərəfini aydınlaşdırsa belə, məhkəmə qeyd olunan sübutun nəzərə alınmaması və ya bunun əksini sübut edəcək hər hansı halın mövcud olmasını qərarında əsaslandırmamışdır. Məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Lakin Sumqayıt İnzibati Məhkəməsi həmin vəzifə ilə bağlı vəzifə təlimatlarını, habelə bu vəzifədə işləməsi ilə əlaqədar ona tətbiq olunan güzəştlər (əlavə məzuniyyət, əlavə əməkhaqqı və s.) barədə məlumatları əldə etmədən, sadəcə oxşar müəssisənin məlumat xarakterli lakonik məktubu ilə iddia tələbini təmin etmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, iddiaçının “elektrik qaynaqçısı” peşəsində işlədiyi xx.xx.1985-xx.xx.2004-cü il tarixlərdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərlə məşğul olması barədə hər hansı mötəbər sübut təqdim edilməməsi, iş materiallarında olan sənədlərlə belə bir halın mövcudluğunun öz təsdiqini tapmaması İddiaçı güzəştli iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmədiyini və birinci instansiyası məhkəməsinin əsassız və qərəzli olaraq həmin dövləri güzəştli iş stajı olaraq qəbul edərək iddianı təmin etdiyini bir daha sübuta yetirir. İddiaçının ümumi iş stajına münasibətdə isə bildirilir ki, hazırki iş üzrə iddiaçının yalnız xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995- xx.xx.1995-ci il, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində əmək haqqı alması barədə məlumat əldə edilmiş və müəssisəsinin 1995-1998-ci illərinini şəxsi heyətinə dair əmrlər kitabına baxılaraq iddiaçı barəsində hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi özü də Dövlət Arxivinin Sumqayıt filialına sorğu vermiş və xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il, 2- 1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallar iddiaçının mübahisəli 1985-2004-cü illər üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçıya əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı

23. Ümumi peşələr 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: .... magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorlar;

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması; b) azı 25 ümumi iş stajına malik olması; c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. İndiki halda cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qanunla tələb olunan azı 25 il ümumi iş stajına və azı 12 il 6 ay güzəştli iş stajına malik olması halı mübahisələndirilmişdir. Cavabdeh inzibati orqan iddiaçıya münasibətdə ümumi iş stajının 25 ildən az (12 il 1 ay 22 gün (xx.xx.1980- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1985-ci il, xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1995- xx.xx.1995-ci il, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər və 2011-2017-ci illər üzrə 6 il 1 ay)) qəbul edir. Eyni zamanda qeyd edilməlidir ki, hazırki mübahisənin yaranmasının səbəbi iddiaçının çalışdığı müəssisənin sənədlərinin qorunub saxlanılmaması və güzəştli iş stajı barədə arayışın təqdim edilməməsi təşkil edir. Birinci instansiya məhkəməsi araşdırması zamanı "xxxx" ASC-nin 24 iyun 2025-ci il tarixli AZB 01/138 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı işlədiyi “elektrik qaynaqçısı” peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısının 33-cü Ümumi peşələr bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” - (23200000-19906) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci Ümumi peşələr bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşələri ilə eynilik təşkil edir. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə həmin müəssisədə işləməsi halı iş materiallarında olan sübutlar (əmək kitabçası) öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən həmin halı təkzib edən dəlil kimi müəssisənin Dövlət Arxivinin Sumqayıt filialında aşkar edilən əmək haqqı cədvəllərində iddiaçının yalnız xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-ci il-xx.xx.1995-ci il, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində əmək haqqı alması təqdim edilir. Bununla bağlı məhkəmə kollegiyası hesba edir ki, iddiaçının həmin müəssisədə işləməsi halı iş materialları əsasında təsdiq edildiyi halda, yalnız qeyd edilən əsasa istinad edilməklə, iddiaçının sosial təminat hüququnun məhdudlaşıdırlması ilk növbədə qanunvericiliyin norma prinsiplərinin tələbinə zidd olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, birinci instansiya məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 29 may 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2000-ci il tarixdə D-3093 nömrə ilə dövlət qeydiyyatından keçməsi və əsas fəaliyyətinin “Yaşayış və qeyri-yaşayış binalarının tikintisi” olması barədə məlumat mövcuddur. xx.xx.2000-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.4cü bəndinə əsasən Cəmiyyət "xxxx" Dövlət Şirkətinin Sumqayıt “Sənayekommunaltikinti” Birliyinin 1 saylı filialının bazasında yaradılır və onun hüquqi varisidir. Mövcud məlumat bazasına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2000-ci il tarixdən hazırkı dövrədək fəaliyyətinin olması barədə məlumat mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi (əmək haqqı cədvəlləri, əmrlər və s.) hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2-1(102)- 594/2021 saylı qərarı) Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, birinci instnasiya məhkəməsi araşdırması zamanı iddiaçı ilə eyni müəssisədə işləmiş X5 xx.xx.1979-cu ildən xx.xx.2007-ci il tarixədək və X2 xx.xx.1984-cü il tarixdən xx.xx.2009-cu il tarixədək 2 saylı Sumqayıt Tikinti Quraşdırma müəssisəsində elektrik qaynaqçısı peşəsində işlədikləri və həmin peşənin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarının 35-ci bölməsi üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verməsi halı müvafiq arayışla öz təsdiqini tapmışdır. Kollegiya cavabdehin "xxxx" ASC tərəfindən təqdim edilən arayışa münasibətdə dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 35-ci bəndində nəzərdə tutulmuş “Ümumi peşələr” siyahısında əl ilə qaynaq aparan elektrik qaynaqçıcı peşələri nəzərdə tutulmuşdur. Adından da göründüyü kimi bu bənddə nəzərdə tutulmuş peşələr “Ümumi peşələr” adı altında birləşdirilmişdir, bu isə o deməkdir ki, həmin peşələr digərlərindən fərqli olaraq şəxsin işlədiyi sahədən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir. Bu səbəbdən iddiaçının işlədiyi müəssisə ilə həmin arayışı verən müəssisənin ("xxxx" ASC) fəaliyyət istiqamətlərinin oxşar olub-olmamasının araşdırılmasına və həmin peşəyə aid vəzifə funksiyalarını müəyyən edən təlimatların tələb edilməsinə zərurət qalmamışdır. Eyni zamanda "xxxx"ASC təqdim etdiyi arayışda iddiaçının işlədiyi elektrik qaynaqçısı ilə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahısında nıəzərdə tutulmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşələrinin eynilik təşkil etməsi öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçının 60 yaşı tamam olduğu vaxtda (xx.xx.2023-cü ildə) qanunla tələb olunan hər üç şərt (yaş həddi, ümumi iş stajı və güzəştli iş stajı) tamamlandığından, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2460/2025 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar