Məhkəmə qərarları › İş №2-1(105)-1166/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1166/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1166/2025 12.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: Məmmədov Zaur İkram oğlu, Hakimlər Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7rşı “fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4040/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X4 şəhəri, Vaqif küçəsi, ev 6 ünvanında yerləşən ümumi sahəsi 116,1 kv.m fərdi yaşayış evini və 0,0531 ha torpaq sahəsini İddiaçı satmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0531 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2022ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X4 şəhəri, Vaqif küçəsi, ev 6 ünvanında yerləşən ümumi sahəsi 52,9 kv.m fərdi yaşayış evini və 0,0522 ha torpaq sahəsini İddiaçı satmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0522 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2024cü il tarixdə qeydiyyata alınmışdır. Quba şəhəri, M.Ə.Sabir küçəsi 28 və X10 6 küçələrinin kəsişməsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsi, layihəsi Arxproyekt MMC ilə razılaşdırılmışdır. İddiaçı tərəfindən Quba Rayon İcra Hakimiyyətinə göndərilmiş ərizədən görünür ki, Quba RİH ilə razılaşdırdığı fərdi yaşayış evinin tikintisi başa çatdırılmışdır. Ərizənin göndərilməsini təsdiq edən qəbz iş materiallarına əlavə olunmuşdur. Quba Rayon İcra Hakimiyyətinın başçısı tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli, 1890/1 nömrəli məktubda qeyd olunur ki, “X4 şəhəri Vaqif küçəsi ev 6 və ona bitişik Sabir küçəsi ev 28 ünvanında yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa (reyestr nömrəsi **********94-10301 və **********9610301) əsasən, mülkiyyətində olan 0.0522 ha və 0.0531 ha, ümumilikdə 0.105 ha torpaq sahəsində fərdi yaşayış evi tikintisi niyyəti ilə bağlı Rayon icra Hakimiyyətinə müraciət etmişdir. N.Əhmədovanın müraciətinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, məlumatlandırma icraatı qaydasında baxılmış və tikililərin köhnə olmaqla şəhərin mərkəzi küçələrindən biri olan M.P.Vaqif küçəsinin memarlıq ansamblına uyğun olmadığını nəzərə alaraq, qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində, eyni zamanda təsdiq olunmuş layihəyə uyğun olaraq, mövcud tikililəri sökmək şərti ilə tikinti işlərinin aparılmasına Rayon İcra Hakimiyyəti tərəfindən etiraz edilmədiyi bildirilmişdir. Sözügedən icraat barədə müvafiq sənədlər materiallaşdırılaraq aidiyyəti üzrə Sizə göndərilir.”. Quba Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-61/2- 459/2025 nömrəli məktubdan görünür ki, İddiaçı tərəfindən Quba şəhəri, M.Ə.Sabir küçəsi ilə M.P.Vaqif küçələrinin kəsişməsində fərdi yaşayış evinin tikintisi barədə Rayon İcra Hakimiyyətinin müvəqqəti mühafizə olunan arxivində məlumat aşkar edilməmişdir. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, sözügedən məktubla əlaqədar mübahisəli torpaq sahəsində olduq və həmin torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə həmsərhəddir. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçının iddia etdiyi torpaq sahəsi 0,1081 ha təşkil edir. Sözügedən torpaq sahəsi (iddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi) baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən X2 kateqoriyalı olub uqodiyası tikinti altında olan torpaqlar kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdir. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. İddia olunan torpaq sahəsi baza məlumatlarında olan xəritə materialları üzərində **********94 və **********96 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür və həmin torpaq sahələri ilə iddia olunan torpaq sahəsi eynilik təşkil edir. Bildiririk ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin daxilində faktiki olaraq zirzəmili 2 (iki) mərtəbəli və mansardlı fərdi yaşayı evi inşa edilmişdir. Həmin fərdi yaşayış evinin ümumi sahəsi 1557.0 kv.metr, zirzəmi sahəsi 375.0 kv.metr 1-ci (birinci) və 2-ci (ikinci) mərtəbənin cəmi sahəsi 885.0 kv.metrdir. Fərdi yaşayış evi 14 otaqdan ibarətdir. Fərdi yaşayış evində aşırım yoxdur, hündürlüyü 12.0 metrdən artıq deyil, lakin çoxmənzilli yaşayış binası tipində inşa edilmişdir. Lakin sözügedən fərdi yaşayış evinin məlumatlandırma icraatı qaydalarına uyğun olaraq “Dövət Şəhərsalma və Arxitektura Komitəsi” nin “Tikintilərin Dövlət Reyestri” bölməsinə daxil edilmədiyi müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin cənub-qərb istiqamətində olan torpaq sahələri üzərində **********21-10301 və **********92-10301 reyestr nömrəli çıxarışlara əsasən digər mülkiyyətçilərin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli torpaq sahəsinə dair tərəfimizdən sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-34/2-8869/2025 nömrəli məktubdan görünür ki, sözügedən imtina məktubunda tikilinin vahid sahibkarlıq memarlığı tərtibatında inşa edildiyi, tikinti işlərinin başa çatmadığı və təyinatının fərdi yaşayış evi olaraq müəyyənləşdirilmədiyi, həmçinin məlumatlandırma icraatı qaydalarına uyğun olaraq “Dövət Şəhərsalma və Arxitektura Komitəsi”nin “Tikintilərin Dövlət Reyestri” bölməsinə daxil edilmədiyi qeyd edilmişdir. Belə ki baxış və müayinə işləri zamanı tikilinin apartman tipində inşa edildiyi və tikinti işlərinin başa çatdırılmadığı, müayinə anında fərdi yaşayış evi olaraq istifadədə olmadığı müşahidə edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli 3-2-1-3-34/2-170/2025 saylı imtina bildirişindən görünür ki, müayinə və araşdırmalar zamanı sözügedən tikilinin vahid sahibkarlıq memarlığı tərtibatında inşa edildiyi, tikinti işlərinin başa çatmadığı və təyinatının fərdi yaşayış evi olaraq müəyyənləşdırilmədiyi aşkar edilmişdir. Həmçinin bildirilir ki, sözügedən fərdi yaşayış evinin məlumatlandırma icraatı qaydalarına uyğun olaraq “Dövət Şəhərsalma və Arxitektura Komitəsi” nin Tikintilərin Dövlət Reyestri” bölməsinə daxil edilmədiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Quba rayonu, M.Ə.Sabir küçəsi 28 və X10 6 küçələrinin kəsişməsində yerləşən fərdi yaşayış evinə çıxarışın və texniki pasportun verilməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, M.Ə.Sabir küçəsi 28 və X10 6 küçələrinin kəsişməsində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılması barədə Quba “ASAN Xidmət” vasitəsi ilə cavabdeh X1 Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Bundan sonra, cavabdeh X1 Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-2-1-3- 34/2-170/2025 nömrəli məktubla əsassız imtina verilmişdir. İddiaçı hesab edir ki, Quba rayonu, M.Ə.Sabir küçəsi 28 və X10 6 küçələrinin kəsişməsində yerləşən fərdi yaşayış evinin altında yerləşən torpaq sahələri xx.xx.2024-cü il və xx.xx.2022-ci il il tarixli çıxarışlar əsasında iddiaçıya məxsus olduğundan, cavabdehin üzərinə ona məxsus olan “fərdi yaşayış evinə” çıxarışın və texniki pasportun verilməsi vəzifəsi qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazı imtina ilə eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13-cü maddəsinə əsasən, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Belə ki, müayinə və araşdırmalar zamanı sözügedən tikilinin vahid sahibkarlıq memarlığı tərtibatında inşa edildiyi, tikinti işlərinin başa çatmadığı və təyinatının fərdi yaşayış evi olaraq müəyyənləşdirilmədiyi aşkar edilmişdir. Həmçinin bildiririk ki, sözügedən fərdi yaşayış evinin məlumatlandırma icraatı qaydalarına uyğun olaraq “Dövət Şəhərsalma və Arxitektura Komitəsi”nin “Tikintilərin Dövlət Reyestri” bölməsinə daxil edilmədiyi müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Müayinə zamanı obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar toplanaraq daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 8.0.10.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edilmədiyi, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə sənədləri sənəd-əsaslar olaraq müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, ərizənin icrasından xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-170/2025 nömrəli məktubla imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4040/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba şəhəri, M.Ə.Sabir küçəsi 28 və X10 6 küçələrinin kəsişməsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ortofoto görüntülərdən və iddaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, tikinti fərdi yaşayış evi olaraq istifadə olunur. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı tərəfindən Quba Rayon İcra Hakimiyyətinə göndərilmiş ərizədən görünür ki, Quba RİH ilə razılaşdırdığı fərdi yaşayış evinin tikintisi başa çatdırılmışdır. Ərizənin göndərilməsini təsdiq edən qəbz iş materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və formal olmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-34/2-8869/2025 nömrəli məktubdan görünür ki, sözügedən imtina məktubunda tikilinin vahid sahibkarlıq memarlığı tərtibatında inşa edildiyi, tikinti işlərinin başa çatmadığı və təyinatının fərdi yaşayış evi olaraq müəyyənləşdirilmədiyi, həmçinin məlumatlandırma icraatı qaydalarına uyğun olaraq “Dövət Şəhərsalma və Arxitektura Komitəsi”nin “Tikintilərin Dövlət Reyestri” bölməsinə daxil edilmədiyi qeyd edilmişdir. Belə ki baxış və müayinə işləri zamanı tikilinin apartman tipində inşa edildiyi və tikinti işlərinin başa çatdırılmadığı, müayinə anında fərdi yaşayış evi olaraq istifadədə olmadığı müşahidə edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat;... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki mübahisənin predmetini cavabdehin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Quba şəhəri, M.Ə.Sabir küçəsi 28 və X10 6 küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və fərdi yaşayış evinə dair onun adına çıxarışın və texniki pasportun verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, reyestr nömrəsi **********96- 10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.0531 ha torpaq sahəsi və reyestr nömrəsi **********94-10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0522 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir.Göründüyü kimi fərdi yaşayış evinə münasibətdə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasının hüquqi əsası mövcuddur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri 3 hissədən ibarətdir:

1. müayinə və araşdırmalar zamanı sözügedən tikilinin vahid sahibkarlıq memarlığı tərtibatında inşa edildiyi müəyyən edilmişdir;

2. tikinti işləri başa çatmamış və təyinatı fərdi yaşayış evi olaraq müəyyənləşdirilməmişdir;

3. sözügedən fərdi yaşayış evinin məlumatlandırma icraatı qaydalarına uyğun olaraq “Dövət Şəhərsalma və Arxitektura Komitəsi”nin “Tikintilərin Dövlət Reyestri” bölməsinə daxil edilmədiyi müəyyən edilmişdir. Cavabdehin apellyasiya şikayətinin birinci dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Quba şəhəri, M.Ə.Sabir küçəsi 28 və X10 6 küçələrinin kəsişməsində yerləşən tikintinin fərdi yaşayış evi təyinatlı layihəsi Quba Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilmişdir ki, bu hal cavabdehin tikilinin sahibkarlıq məqsədilə inşa edilməsi barədə irəli sürdüyü iddianı təkzib edir. Bundan əlavə, iş materiallarına əlavə olunmuş ortofoto görüntülərdən, eləcə də iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən tikilinin faktiki olaraq fərdi yaşayış evi kimi istifadə edildiyi aydın şəkildə görünür. Cavabdehin apellyasiya şikayətinin ikinci və üçüncü dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən Quba Rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizənin məzmunundan aydın olur ki, Quba Rayon İcra Hakimiyyəti ilə əvvəlcədən razılaşdırılmış layihəyə uyğun olaraq inşa edilmiş fərdi yaşayış evinin tikintisi faktiki olaraq tam başa çatdırılmışdır. Həmçinin, həmin ərizənin Quba Rayon İcra Hakimiyyətinə təqdim edildiyini təsdiq edən qəbz iş materiallarına əlavə edilmişdir. Bu hal, tikintinin başa çatmaması barədə cavabdeh tərəfindən irəli sürülən dəlilin reallığı əks etdirmədiyini və iş materialları ilə təkzib olunduğunu göstərir. Bundan əlavə, tikilinin məlumatlandırma icraatı qaydalarına uyğun olaraq “Dövət Şəhərsalma və Arxitektura Komitəsi”nin “Tikintilərin Dövlət Reyestri” bölməsinə daxil edilməməsi faktının özü-özlüyündə tikilinin hüquqi təyinatının müəyyən edilməməsi və ya tikintinin başa çatmaması anlamına gəlmədiyi nəzərə alınmalıdır. Çünki məlumatlandırma icraatı qaydaları texniki və qeydiyyat xarakteri daşıyır. Bu prosedurun icra olunmaması tikilinin faktiki mövcudluğunu, onun fərdi yaşayış evi kimi istifadə edilməsini və layihə üzrə tamamlanmasını inkar etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin tikintinin başa çatmaması və tikilinin təyinatının müəyyən edilməməsi ilə bağlı irəli sürdüyü dəlillər iş materiallarında olan sübutlarla təsdiqini tapmadığından, həmin dəlillər əsassızdır. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci madddəsində təsbit olunmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün tələb olunan müvafiq zəruri sənədlər iddiaçı tərəfindən təqdim edildiyindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas mövcud deyildir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4040/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar