Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1168/2024 26.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X, hakimlər X1 və X2 ibarət tərkibdə, XXX katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.1987-ci ildən xx.xx.1990-cı il tarixədək təhsil müddətinin sosial sığorta stajına daxil edilməklə, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2-1(118)-2118/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı 04 avqust 1966-cı il təvəllədlüdür.
2. Azərbaycan Boru Yayma zavodu tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Azərbaycan Boruyayma zavodunun X3 700 aqreqatının isti şöbəsində qara metal istehsalatının nəzarətçisi peşəsinə işə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə həmin şöbədə Boruyayma sexi üzrə qara metal istehsalatının nəzarətçisi, 08.1.2007-ci il tarixdə həmin şöbədə qara metal istehsalatının böyük nəzarətçisi keçirilmiş, xx.xx.2008-ci il tarixdə X3 Boruyayma sexinin Yivaçma sahəsi üzrə qara metallurgiya məhsulunun baş nəzarətçisi keçirilmiş və xx.xx.2017-ci il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İşlədiyi müddətdə xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək ödənişsiz məzuniyyətdə olmuşdur. “Metallurgiya" Dövlət Şirkətinin sərəncamına əsasən xx.xx.1993- cü ildə Azərbaycan Boruyayma zavodunun bazasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 998 saylı xx.xx.1998ci il tarixli sərəncamı ilə xx.xx.1998-ci il tarixdə "xxxx" İstehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. Qeyd edilmiş peşələr "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3-cü Yayma, çarxyayma, bandajyayma, vabayayma. tənəkəyayma, qalayçı, sinkləmə, qurğuşunlama istehsalatları. Rels bəndlərinin istehsalı. İsli metalın termik emalı, kəsilməsi və təmizlənməsi. Kalibrlənmiş metal istehsalı bəndinin (a) fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan qara metal istehsalının nəzarətçiləri” - (2040300a—12942). həmin Siyahının 4-cü Boru istehsalı: boruyayma. boruqaynağı. elektrik boru qaynağı, boruçəkınə, borutökmə. fıtinq. balon. termiki və sinkləmə; metalın hazırlanması və doğranması bəndinin (a) fəhlələr yarımbəndinin "isti iş sahələrində məşğul olan qara metal istehsalının nəzarətçiləri”1 - (2040400a-12942) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.7-ci Yayma, çarxyayma, bandajyayma. vabayayma, tənəkəyayma, qalayçı, sinkləmə. qurğuşunlama istehsalatları. Rels bəndlərinin istehsalı. İsti metalın termik emalı, kəsilməsi və təmizlənməsi. Kalibrlənmiş metal istehsalı bəndinin (a) fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan qara metal istehsalının nəzarətçiləri", həmin Siyahının 3.8-ci Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fıtinq. balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan qara metal istehsalının nəzarətçiləri” peşələri ilə eynilik təşkil edir.
3. НТ 557935 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1987xx.xx.1990-cı il tarixlərdə Sumqayıt Politexnik Texnikumunda təhsil almışdır.
4. Milli Arxiv İdarəsinin Sumqayıt filialı tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli məktubu ilə İddiaçı Sumqayıt Politexnik Texnikumunda 1987-ci və 1990-cı illərdə təhsil alması barədə tələbə əmrlər kitablarındakı məlumat məhkəməyə təqdim edilmişdir.
5. İddiaçının adına açılmış ИТ-l № ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Sinar boru zavodunun Texniki Nəzarət şöbəsində qara metal istehsalının nəzarətçisi işləmiş; xx.xx.1990-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Boruyayma zavodunun ("Azərboru” ASC) Texniki Nəzarət (Keyfiyyətə nəzarət) şöbəsində (Yayma və Boruyayma sexləri üzrə) qara metal istehsalatının nəzarətçisi işləmişdir. xx.xx.2017-ci il tarixdən halhazıradək "X5” QSC-nin (3-cü İstehsalat sahəsi - Azərboru) Keyfiyyətə nəzarət şöbəsində (Boruyayma sexi üzrə) qara metal istehsalatının nəzarətçisi işləyir.
6. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-H-205523/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli məktubla onun ərizəsinin icrasından imtina edilmişdir.
7. İmtina olunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2022-ci il tarixinə iddiaçıya münasibətdə 53760,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28830,79 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1987-ci il tarixindən xx.xx.1990-cı il tarixədək təhsil müddətinin ümumi sosial stajına daxil edilməklə ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1987-ci ildən xx.xx.1990-cı il tarixədək təhsil müddətinin sosial sığorta stajına daxil edilməklə, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1966-cı il təvəllüdlüdür, şəhid ailəsidir. Hal-hazırda “X5” QSC-də çalışır. xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Sumqayıt şəhər ASAN xidmət vasitəsilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-H-205523/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi göstərilmişdir. Əmək kitabçasından (HT-İ №2101661) da göründüyü kimi xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Sumqayıt Politexnik Texnikumunda təhsil almış; xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Sinar boru zavodunun Texniki Nəzarət şöbəsində qara metal istehsalatının nəzarətçisi, xx.xx.1990-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Boruyayma zavodunun ("Azərboru” ASC) Texniki Nəzarət (Keyfiyyətə Nəzarət) şöbəsində (Yayma və Boruyayma sexləri üzrə) qara metal istehsalatının nəzarətçisi işləmişdir. xx.xx.2017-ci il tarixdən hal-hazıradək "X5” QSC-nin (3-cü istehsalat sahəsi - Azərboru) Keyfiyyətə nəzarət şöbəsində (Boruyayma sexi üzrə) qara metal istehsalatının nəzarətçisi işləyir. "xxxx" ASC-də işlədiyi peşələr xx.xx.2023-cü il tarixli AZB01/181 saylı arayışa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.7-ci Yayma, çarxyayma, bandajyayma, yabayayma, tənəkəyayma, qalayçı, sinkləmə, qurğuşunlama istehsalatları, rels bəndlərinin istehsalı, isti metalın termik emalı, kəsilməsi və təmizlənməsi. Kalibrlənmiş metal istehsalı bəndinin (a) fəhlələr yarımbəndində “isti iş sahələrində məşğul olan qara metal istehsalının nəzarətçiləri”, həmin Siyahının 3.8-ci Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq. balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan qara metal istehsalının nəzarətçiləri” peşələri ilə eynilik təşkil edir. İddiaçının 55 yaşı tamam olan tarixədək, yəni xx.xx.2021-ci il tarixədək təhsil dövrü də nəzərə alınmaqla 29 ilədək ümumi əmək stajı və 26 ilədək güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
11. Cavabdehin iddiaya qarşı etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı bildirir ki, hal-hazırda müvafiq Qanunun 45ci maddəsinin 2-ci cümləsi çıxarıldığından həmin maddənin 2-ci cümləsi ona tətbiq edilməli deyil, belə ki, həmin cümlə Qanuna edilmiş 13 may 2022-ci il tarixli dəyişikliklə çıxarılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə əsasən 45-ci maddənin 2-ci cümləsinin çıxarılması bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Nəticə etibarilə, iddaçının hüququ xx.xx.2021-ci il tarixdə yarandığından ona münasibətdə Qanunun 45-ci maddəsinin 2-ci cümləsinin tətbiq edilməsi qanuni və əsaslıdır. Göründüyü kimi iddiaçının hüququnun yarandığı tarixə münasibətdə tələb olunan minimum pensiya kapitalının, yəni 53760,00 manatın olmaması ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan vermir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
12. Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2-1(118)- 2118/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
13. Daha sonra Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 2- 1(118)-2118/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2-1(118)-2118/2024 saylı qərarının nəticə hissəsinin ikinci abzasında “xx.xx.1987-ci ildən xx.xx.1990-cı il tarixədək təhsil müddətinin sosial sığorta stajına daxil edilməklə” ifadəsinin qeyd edilməməsi yanlışlıq hesab edilmiş və İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1990-cı il tarixədək təhsil müddətinin sosial sığorta stajına daxil edilməklə xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
14. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 28 il 3 ay 18 gün (xx.xx.2006-cı il tarixədək 12 il 2 ay 18 gün əmək stajı (xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1997-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 16 il 1 ay), güzəştli iş stajı isə 11 il 8 ay 21 gün (xx.xx.1990-xx.xx.1997-ci il, xx.xx.2001- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1987-ci ildən xx.xx.1990-cı il tarixədək təhsil müddətinin sosial sığorta stajına daxil edilməklə, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının 55 yaşı tamam olduğu tarixdə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün pensiya kapitalının tələb olunması barədə tələb qüvvədə olsa da, xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə görə həmin tələb ləğv olunmuşdur. Məhkəmə qüvvəyə minmiş sözügedən dəyişikliyin iddiaçıya münasibətdə tətbiq edilməsinin qeyri-mümkünlüyünə baxmayaraq, iddianı təmin etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının cavabeh orqana müraciət etdiyi vaxt, yəni xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan yaş həddi 58 il 06 ay idi. Həmin dövrdə iddiaçının 57 yaşı olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ cari qanunvericiliyə əsasən yaranmırdı. İddiaçı ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Buna əsasən Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək olan redaksiyasının tətbiq edilməsi zərurəti yaranmışdır. Həmin maddəyə əsasən pensiya təyin edilməsi üçün dörd tələb mövcud idi: 1. 55 yaşına çatmaq; 2. azı 20 il sığorta stajına malik olmaq; 3. yuxarıda göstərilən müddətin azı 10 ilini qanunvericiliklə müəyyən edilmiş işlərdə çalışmaq; 4. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmaması. İddiaçıya münasibətdə sonuncu tələbin mövcud olmaması ona Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək olan redaksiyası ilə pensiya təyin edilməsini istisna edir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2022-ci il tarixə iddiaçıya münasibətdə 53760,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28830,79 manat təşkil edir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə ərizəni və buna uyğun iddianı təmin edərkən Qanunun 9.1-ci maddəsinin cari redaksiyasını tətbiq etmişdir. Burada məqsəd yetərli olmayan pensiya kapitalı problemini aradan qaldırmaq olsa da, iddiaçının həmin dövrdə pensiya təyinatı üçün hüququ yaranmırdı. Belə ki xx.xx.2022-ci il tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qadınlar üçün tələb olunan yaş həddi 57 il 06 ay olsa da, həmin dövrdə iddiaçının 55 yaşı var idi. Nəticə etibarilə, birinci instansiya məhkəməsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmayan şəxsə pensiya təyin edilməsi öhdəliyini heç bir qanuni və faktiki əsas olmadan cavabdeh orqana həvalə etmişdir. Buradan da aydın olur ki, Sumqayıt İnzibati Məhkəməsi maddi hüquq normlarının tələblərini pozmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buradan da aydın olur ki, məhkəmə qərarında göstərilən arqumentlər nə fakt, nə də sübutlarla əsaslandırılmışdır.
16. Cavabdeh apellyasiya şikayətinə əlavə təqdim etmiş və bildirmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 30 il 11 ay 16 gün (xx.xx.2006-cı il tarixinədək 14 il 10 ay 16 gün (xx.xx.1987xx.xx.1990-cı il (təhsil aldığı dövr), xx.xx.1990-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 16 il 1 ay) təşkil edir. Göründüyü kimi iddiaçının təhsil aldığı dövr də cavabdeh orqan tərəfindən onun sosial sığorta stajına daxil edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
21. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda qüvvədə olan redaksiya). Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (29 iyun 2022-ci il tarixə qədər qüvvədə olan redaksiya). (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
22. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
25. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir.
27. Belə ki, hazırki mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir.
28. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 9.1-ci bəndinə xx.xx.2022-ci il tarixdə edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən, iddiaçının xx.xx.2022-ci il tarixədək tələb olunan 20 il ümumi sığorta stajı və 10 il güzəştli stajı toplandığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün pensiya kapitalı tələb olunmur. İddiaçının 55 yaşı tamam olduğu tarixdə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün pensiya kapitalının tələb olunması barədə tələb qüvvədə olsa da, xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə görə həmin tələb ləğv olunduğundan iddiaçının təhsil müddəti olnun sosial sığorta stajına daxil edilməklə xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə iddiası təmin olunmalıdır.
29. Cavabdeh isə həmin qərarla razılaşmamışdır.
30. Müvafiq qanunvericilik normalarına görə, 31 avqust 2023-cü il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 58 yaş 6 ay olması; 2) 10 il güzəştli iş stajın mövcud olması.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Sumqayıt Politexnik Texnikumunda təhsil almış; işlədiyi illər xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək; xx.xx.1990-cı il tarixdən xx.xx.2017-ci il tarixədək; xx.xx.2017-ci il tarixdən hal-hazıradək olan dövləri əhatə edir.
32. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının ümumi və güzəştli iş stajı mübahisələndirilməmiş, təhsil illəri də staja əlavə edilmişdir. Araşdırılmalı hal iddiaçının 55 yaşının tamam olduğu dövrdə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasının mümkünlüyü, bu mümkün olmadığı təqdirdə isə 29 iyun 2022-ci il tarixdən sonra qanunvericiliklə tələb olunan 58 il 6 ayın tamam olub-olmamasıdır.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin etmək barədə gəldiyi hüquqi nəticə ilə razılaşmır və cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir.
34. İşdən görünür ki, iddiaçı və cavabdeh orqan arasında ilkin mübahisə pensiya kapitalı ilə bağlı olmuş, daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək ona 30 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyası təyin olunmasını xahiş etmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya təyin edilməsi üçün dörd tələb mövcud idi: 1.55 yaşına çatmaq; 2.azı 20 il ümumi iş stajına malik olmaq; 3.10 il güzəştli iş stajına malik olmaq; 4.fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmaması.
36. Hazırkı halda isə iddiaçıya münasibətdə 53760,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28830,79 manat təşkil edir.
37. Beləliklə, kollegiya araşdırması ilə müəyyən olunur ki, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı kifayət qədər olmadığından həmin şərtlər çərçivəsində iddia tələbi təmin edilə bilməz. Cavabdeh orqan iddiaçıya Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək olan redaksiyası ilə pensiya təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
38. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan redaksiyasının 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
39. Həmin qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 5ci bəndində göstərilən cədvələ əsasən Əmək pensiyalarının təyin edilməsi və hesablanması üçün yaş həddi 1 iyul 2023 - 30 iyun 2024-ci tarixlərində qadınlar üçün 63 il 6 ay müəyyən edilmişdir. Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının yaşı 58 il 6 ay olmalı idi. Lakin həmin dövrdə iddiaçının 57 yaşı var idi.
41. Belə olduğu halda birinci instansiya məhkəməsi pensiya kapitalı tələbinin aradan qaldırılması üçün qanuna edilmiş dəyişikliyə müvafiq olaraq ona 30 iyun 2022-ci il tarixdən güzətşli şərtlərlə yaşa görə pensiya təyin edilməsi barədə iddiaçıya hüquqi yardım etməkdə haqlı olmamış, qanunazidd olaraq iddianı təmin etmişdir.
42. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2-1(118)-2118/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.