Məhkəmə qərarları › İş №2-1(105)-1173/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1173/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1173/2025 02.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi, yaşa görə əmək pensiyasının yenidən hesablanması, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayənəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5560/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seryalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx xxxxx 1966cı il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 6 iyun 2024-cü il tarixli, 3-17-1/3-3- 7927/2024 nömrəli qərarından görünür ki, İddiaçı 16 aprel 2018-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 363,86 manat, yenidən hesablanmış pensiya məbləği 479,50 manat, yenidən hesablamanın səbəbi “6 illik” olaraq göstərilmişdir. Cavabdehin 9 iyul 2024-cü il tarixli, 3-17-1/2-S-158958/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 29 iyun 2022-ci il tarixdən əvvəl pensiya təyin olunması ilə əlaqədar, əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 156 aya (18.039,84:156 ay (65 il - 58 il = 84 ay+(144 ay - 72 ay))) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüşdür. Göstərilənlərlə əlaqədar, əmək pensiyası cari ilin iyun ayından etibarən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 479,50 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, əmək pensiyası üzrə ödənilməli olan ümumilikdə 173,46 manat pul vəsaiti hesablanıb. Həmin 173,46 manat pul vəsaitinin cari ilin iyul və avqust aylarında hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının 156 aya (18.039,84:156 ay (65 il-58 il = 84 aya (144 ay-72 ay))) bölünməklə yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, iddiaçının fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının 72 aya bölünməklə yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 6 iyun 2024-cü il tarixli, 3-17-1/3-3-7927/2024 nömrəli qərarın ləğv edilməsi, pensiyanın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 72-yə bölünməklə (45-ci maddə tətbiq edilmədən) yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh əmək pensiyasının hesablanmasından imtina etmişdir. Hesablanma qaydası və qərar ona təqdim edilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçıya 16 aprel 2018-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya 29 iyun 2022-ci il tarixdən əvvəl pensiya təyin olunması ilə əlaqədar, iddiaçının əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 156 aya (18.039,84:156 ay (65 il - 58 il = 84 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüşdür. Göstərilənlərlə əlaqədar, iddiaçının əmək pensiyası cari ilin iyun ayından etibarən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 479,50 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyası üzrə ödənilməli olan ümumilikdə 173,46 manat pul vəsaiti hesablanmışdır. Həmin 173,46 manat pul vəsaitinin cari ilin iyul və avqust aylarında hissə-hissə iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, iddiaçı barəsində inzibati icraat başlamışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında əmək pensiyası cavabdehin 6 iyun 2024-cü il tarixli, 3-17-1/3-3-7927/2024 nömrəli qərarı ilə yenidən hesablanaraq 479,50 manat məbləğində müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ 29 iyun 2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödəniş müddəti aylarının sayı artırılmalıdır. Göstərilənlərlə əlaqədar, iddiaçıya təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 6 iyun 2024-cü il tarixli, 3-17-1/3-3-7927/2024 nömrəli qərar ilə “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 479,50 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5560/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 6 iyun 2024-cü il tarixli, 3-17-1/3-3- 7927/2024 nömrəli qərarın ləğv edilməsi, İddiaçı yaşa görə əmək pensiyasının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 72-yə bölünməklə (45-ci maddə tətbiq edilmədən) yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan qanunvericilik normasının məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün iki şərt nəzərdə tutulmuşdur - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də iki hal müəyyən olunmuşdur - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir. Bu səbəbdən iddiaçı barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmalı idi (Qanunun 45-ci maddəsi tətbiq edilmədən). Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-5560/2025 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İşin faktiki hallarından məlum olur ki, iddiaçıya 16 aprel 2018-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya məxsus əmək kitabçasına və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, iddiaçı pensiya təyin olunduqdan sonra da əmək fəaliyyətini davam etdirmiş və qeyd edilən dövrdə ona münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, iddiaçı barəsində inzibati icraat başlamışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-7927/2024 nömrəli qərarı ilə yenidən hesablanaraq 479,50 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun2.2ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli2-1(118)-5560/2025 nömrəli qərarında hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı normanın şamil edilməli olduğunu, bu səbəbdən iddiaçı barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmalı olduğunu (Qanunun 45-ci maddəsi tətbiq edilmədən) göstərmişdir. Bununla bağlı bildiririk ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsinin çıxarılmasının mahiyyəti güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin vəziyyətini yaxşılaşdırmaqla əlaqədardır və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Lakin birinci instansiya məhkəməsi bir maddi normanı tətbiq edərkən digər normanın, yəni keçid müddəanın da tətbiqini nəzərə almalı idi. Halbuki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5560/2025 nömrəli qərarında Qanunun 45-ci maddəsinin ikinci cümləsinin çıxarılmasının məqsədlə nömrəli qərarından da göründüyü kimi keçid müddəa birinci instansiya məhkəməsi tərəfindən təhrif olunmuş şəkildə təfsir edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, aşağıdakı hallarda tətbiq edilməlidir: ü bu Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması; ü həmin günədək, yəni xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi; ü həmin günədək, yəni xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması. Birinci instansiya məhkəməsi isə qərarında qeyd edir ki, “iddiaçıya əmək pensiyası 01 iyul 2017-ci il tarixədək təyin edilmiş, mübahisələndirilən hesablama qaydasının tətbiq olunduğu, yəni pensiya kapitalının 72 aya bölünməsinə dair qaydaya dair hesablama isə xx.xx.2022-ci il tarixdən olmuşdur. Göründüyü kimi istər pensiya təyinatının aparıldığı dövrdə, istərsə də mübahisələndirilən hesablamanın aparıldığı dövrdə pensiyaçılara münasibətdə ağırlaşdırıcı norma kimi 45-ci maddənin ikinci cümləsi qüvvədə olmamışdır ki, göstərilən normanın iddiaçıya münasibətdə tətbiqini zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur.” Başqa sözlə desək,məhkəmə dolayısı ilə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, bu Qanunun qüvvəyə mindiyi günədək, yənixx.xx.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının xx.xx.2022-ci il tarixədək yenidən hesablanması zamanı tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyinə münasibətdə bildiririk ki, keçid müddəada “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına” ifadəsi qeyd olunmuşdur və bu norma birmənalı şərh edilməlidir. Məhkəmə isə normanı “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının Qanunun qüvvəyə mindiyi günədək yenidən hesablanması” kimi təfsir etmiş, başqa sözlə öz səlahiyyətinə zidd şəkildə normanın tətbiq dairəsini məhdudlaşdırmışdır. Qanunvericiliyə edilmiş dəyişiklikdən də göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakıayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə aslı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilikdə aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən Keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Əlavə olaraq bildiririk ki, hüquq normasının düzgün, dəqiq və eyni cür başa düşülməsi və tətbiq edilməsi üçün normanın hərfi mənası ilə yanaşı, mahiyyəti və qəbul edilmə məqsədi də aşkar olunmalıdır. Bu zaman qanunverici orqanın niyyəti təhrif edilməməlidir. Belə ki, normanın məzmununu və təyinatını obyektiv şəkildə aydınlaşdırmaq üçün onun qəbul edildiyi konkret şəraiti və qəbul edilməsini zəruri edən halları nəzərə almaq lazımdır. “Əmək pensiyaları haqqında” Qanuna bu vaxtadək edilmiş dəyişiklikləri nəzərdən keçirdikdə görünür ki, qanunverici hər hansı dəyişikliyin həmin dəyişikliyin qüvvəyə mindiyi tarixədək və həmin tarixdən sonrakı hallara necə tətbiq ediləcəyini keçid müddəalarda açıq-aydın ifadə edir. Nümunə olaraq qeyd edirik ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 05 noyabr 2022-ci il tarixli Qanunun Keçid müddəaları adlanan 2.1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi 2023-cü il yanvarın 1-dək həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə də tətbiq edilir. Göründüyü kimi qanunverici yeni tənzimetməni həmin dəyişikliyin qüvvəyə mindiyi tarixədək pensiya təyin edilmiş şəxslərə də aid etmiş və bunu elə həmin dəyişiklik edilməsi barədə qanunun keçid müddəalarında təsbit etmişdir. Analoji qaydada əgər qanunverici hazırkı iş üzrə mübahisələndirilən yeni tənzimetməni həmin dəyişikliyin qüvvəyə mindiyi tarixədək pensiya təyin edilmiş şəxslərə də aid etsə idi, bu elə həmin qanunda öz əksini tapmış olardı. Lakin bunun əksinə olaraq, 13 may 2022-ci il tarixli Qanunda yeni dəyişikliyin həmin qanunun qüvvəyə mindiyi günədək pensiya təyin edilmiş şəxslərə şamil edilməyəcəyi birbaşa göstərilmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçıya xx.xx.2022-ci il tarixindən əvvəl, xx.xx.2018-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına baxmayaraq iddiaçının əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 156 aya (18039,84:156 ay (65 il-58 il=84 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüşdür. Göstərilənlərlə əlaqədar, iddiaçının əmək pensiyası cari ilin iyun ayından etibarən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 479,50 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyası üzrə ödənilməli olan ümumilikdə 173,46 manat pul vəsaiti hesablanmışdır. Həmin 173,46 manat pul vəsaitinin cari ilin iyul və avqust aylarında hissə-hissə iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin qeyd olunanlardan görünür ki, Sumqayıt İnzibati Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işi ətraflı araşdırmamışdır. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ..... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı onun barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanmasından ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində 29 iyun 2022-ci il tarixdən əvvəl pensiya təyin edildiyindən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 156 aya (18.039,84:156 ay (65 il - 58 il = 84 ay+(144 ay - 72 ay))) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüşdür, bu səbəbdən də iddiaçı barəsində səhv hesablanma aparılması halın aistinad edərək, əmək pensiay məbləğini azaltmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmaqla, ona 16 aprel 2018-ci il tarixdə güzəştli şərtlərlə şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdeh tərəfindən “Əmək pensiyalar haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən əmək pensiya məbləği yenidən hesablanaraq, pensiya məbləği 363,86 manat məbləğdən artıralaraq, 605,65 manat məbləğində müəyyən edilmiş, bu barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Daha sonra cavabdeh tərəfindən “Əmək pensiyalar haqqında” Qanunun 37.3.1-ci maddəsi və 45-ci maddəsinə əsasən əmək pensiya məbləği yenidən hesablanaraq, iddiaçı barəsində xx.xx.2024-cü il tarixdə qərar qəbul edərək, pensiya məbləğinin 363,86 manat məbləğdən artıraraq, 479,50 maat məbləğində müəyyən etmiş, nəticə olaraq, pensiya məbləğinin 605 manat müəyyən edilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qüvvədən düşmüşdür. Cavabdeh inzibati orqan tərəfindən sonuncu qəbul edilmiş həmin qərar əsasında müvafiq Qanunun 45-ci maddəsi tətbiq edilməklə, iddiaçı barəsində əmək pensiya məbləğinin azladılması müəyyən edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas olan hal isə iddiaçı barəsində əmək pensiyasının yenidən hesbalanması zamanı səhvə yol verilməsi-pensiya kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya bölünməli olduğu halda, 72 aya bölünməklə hesablandığından, yanlış hesablanma tətbiq edildiyindən, Qanunun 45-ci maddə tətbiq edilməklə yenidən hesbalanma aparılaraq, pensiya məbləği azaldılmışdır. İndiki halda iddiaçının iddia tələbinin əsasını məhz cavabdehin Qanunun Qanunun 45-ci maddəsini tətbiq etməklə, aparılmış hesablanma ilə bağlı hərəkətlərinin qanunauyğun olmaması ilə bağlı hallar təşkil edir. Kollegiya işin mübahisəli halı ilə bağlı onu qeyd edir ki, müvafiq Qanunun 37.3.1-ci maddəsinin dispozitv şərtləri işləyən əmək pensiyaçısının pensiya təyin olunduqdan sonra fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən pensiya məbləğinin yenidən hesablanması əsasları müəyyən etməklə, bunun üçün şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonra fərdi hesbaın sığorta hissəsində pensiya kapitalının toplanması, habelə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləməsi halının mövcudluğu zəruri şərt kimi ehtiva edilmişdir. İndiki halda iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, işlədiyi 6 il müddətində fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması qaydasında aparılmalıdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçıya münasibətdə iddia tələbinin qanuni əsası qismində məhz Qanunun 37.3.1-ci maddəsinin dispoztiv şərtləri çıxış etmişdir. Başqa sözlə desək, iddiaçının tələbi məhz Qanunun 37.3.1-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşır. Nəticə etibarilə cavabdehin iddiaçı barəsində məhz bu normanın şərtlərini tətbiq etməklə apardığı, əmək pensiyasının yenidən hesbalanması ilə bağlı hərəkətləri və ona dair qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı qanunauyğun olmuş, daha sonra isə 45-ci maddəni tətbiq etməklə, pensiya məbləğinin azaldılması ilə bağlı hərəkətləri və buna dair qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı qanunun normasının dispoztiv şərtinə uyğun olmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, oxşar işlər üzrə formlaşadırılmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq hazırki iddia tələbinin qanuni əsası qismində məhz sözügedən Qanunun 37.3.1-ci maddəsində nəzərdə tutulan norma çıxış etmişdir. Bu baxımından kollegiya hesab edir ki. birinci instansiya məhkəməsi haqlı olaraq oxşar işlər üzrə vahid məhkəmə təcrbüəsini müəyyən edən məhkəmə qərarlarına istinad etmişdir, təkarən həmin halların qeyd edilməsi zəruri olmamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan Qanunun 45-ci maddəsini tətbiq etməklə əmək pensiyasının yenidən hesablamasını aparmaqla, pensiya məbləğini azaltmaqda haqlı olmamış, bu barədə qəbul etdiyi qərarı qanunauyğun olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi əmək pensiya məbləğinin yenidən hesablanmasına dair qərarı və onunla bağlı həyata keçirdiyi hərəkətləri qanunazidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətin təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5560/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar