Məhkəmə qərarları › İş №2-1(105)-1176/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1176/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1176/2025 04.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2- 1(118)-1279/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “cavabdehin üzərinə ona 20 avqust 2023-cü il tarixdən pensiya təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq “ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı tərəf cavabdeh inzibati orqanın imtinasına istinad edir və qeyd edir ki, cavabdeh tərəfindən onun ümumi iş stajının “25 ildən az (23 il 3 ay 14 gün (xx.xx.1981xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər və 2006-2023-cü illər üzrə cəmi 2 il 1 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur.” mövqeyi xx.xx.2003-dən xx.xx.2005-ci ilədək işlədiyi dövrün nəzərə alınmamasını göstərir. Daha sonra qanun normalarını sadalayaraq iddianın təmin olunmasını xahiş edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1984-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin təqdim etdiyi sənədlərdə qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Buna görə də həmin dövrü güzəştli iş stajına aid etmək mümkün deyil. Eyni zamanda, sözügedən əmək kitabçasının 6-8-ci səhifələrinin 14-15-ci qeydlərində xx.xx.2003xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində İnşaatçı-XXİ Tikinti Müəssisəsində işlədiyi göstərilmişdir. Bununla əlaqədar həmin dövr üzrə məlumatların dəqiqləşdirilməsi üçün “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq sözügedən müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi xx.xx.2006-cı il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçının əmək kitabçasındakı həmin qeydin iş stajının artırılması məqsədilə sonradan yazıldığı aydın görünür. Buna görə də həmin dövrü iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də, iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 3 ay 14 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1984- xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər və 2006-2023-cü illər üzrə cəmi 2 il 1 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24117,54 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İnşaatçı-XXİ Tikinti Müəssisəsinin arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixindən xx.xx.2005-ci il tarixədək qaynaqçı vəzifəsində işləmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2-1(85)- 594/2018 saylı qərarı ilə iddiaçının Sumqayıt Tikinti Quraşdırma 2 MMC-də işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 02 iyul 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində İnşaatçı-XXİ Tikinti Müəssisəsinin xx.xx.1999-cu il tarixdə F-2552 nömrə ilə dövlət qeydiyyatından keçməsi, hüquqi ünvanının AZ1119, ünvan 1 və rəhbərinin X3 alması barədə məlumat mövcuddur. Dövlət Vergi Xidmətinin məlumat bazasında İnşaatçı-XXİ Tikinti Müəssisəsinin xx.xx.2003cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 29 may 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2000-ci il tarixdə D-3093 nömrə ilə dövlət qeydiyyatından keçməsi və əsas fəaliyyətinin “Yaşayış və qeyri-yaşayış binalarının tikintisi” olması barədə məlumat mövcuddur. xx.xx.2000-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.4-cü bəndinə əsasən Cəmiyyət "xxxx" Dövlət Şirkətinin Sumqayıt “Sənayekommunaltikinti” Birliyinin 1 saylı filialının bazasında yaradılır və onun hüquqi varisidir. Mövcud məlumat bazasına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2000-ci il tarixdən hazırkı dövrədək fəaliyyətinin olması barədə məlumat mövcuddur Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 30 may 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 12 dekabr 2000-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Sözügedən müəssisənin adının “Sənayekommunaltikinti” birliyinin 2 saylı filialı olması ilə bağlı reyestrdə məlumat mövcud deyildir. Bununla yanaşı nəzərə çatdırılır ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. “X9” QSC-nin 18 iyun 2025-ci il tarixli, BSC-X-25-0527/001 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı işlədiyi elektrik qaynaqçısı peşəsi "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı" nın 33-cü Ümumi peşələr bölməsinin "əl ilə qaynaq aparan elektrik qaynaqçıları" (23200000 — 19906), eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 35-ci Ümumi peşələr bölməsinin "əl ilə qaynaq aparan elektrik qaynaqçıları" peşələri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2-1(118)-1279/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştil şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2-1(118)- 1279/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. .... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-).

"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):

35. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları

“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələbinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2O27-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən qanunun 9.1-ci maddəsinin tələbinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuş, bununla da qanunla tələb olunan pensiya yaş həddi ilə bağlı şərt ödənilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının həm ümumi iş stajı, həm də güzəştli iş stajına malik olması halı mübahisələndirilir. Belə ki, inzibati orqan iddiaçının 23 il, 3 ay, 14 gün ümumi iş stajını qəbul etməklə, güzəştli iş stajının olmadığını bildirir. Kollegiya ilk öncə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında olan xx.xx.2003–xx.xx.2005-ci il dövrlərin həqiqiliyinə şübhə yaranması əsası ilə həmin dövr sosial sığorta stajı kimi nəzərə alınmamış, digər dövrlər nəzərə alınmaqla iddiaçının 23 il, 3 ay, 14 gün ümumi iş stajı olduğu göstərilmişdir. İddiaçının əmək kitabçasında olan xx.xx.2003–xx.xx.2005-ci il dövrlər sosial sığorta stajı kimi nəzərə alındığı təqdirdə onun ümumi iş stajı 25 ildən artıq təşkil edir. Bununla bağlı kollegiya qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab olunurdu. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Belə ki, iddiaçının iş fəaliyyətini təsdiq edən İT-İ ******* nömrəli əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdehin iddiaçının əmək kitabçasında qeyd edilən dövrləri onun sosial sığorta stajı kimi nəzərə alınmamasının əsası kimi göstərdiyi dəlil iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. Əlavə olaraq inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmçinin cavabdeh inzibati orqan imtina məktubunda, iddia ərizəsinə etirazında və apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının 6–8-ci səhifələrinin 14–15-ci qeydlərində onun xx.xx.2003–xx.xx.2005-ci il tarixləri arasında "xxxx" Tikinti Müəssisəsində çalışdığı göstərilsə də, həmin dövrün həqiqiliyini dəqiqləşdirmək məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında aparılan araşdırma zamanı müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi yalnız xx.xx.2006-cı il tarixdən etibarən qeydiyyata alındığı müəyyən edilmişdir. Cavabdeh orqan bu uyğunsuzluğu əsas götürərək əmək kitabçasındakı həmin qeydin iş stajını süni şəkildə artırmaq məqsədilə sonradan daxil edildiyini, buna görə də göstərilən dövrün sosial sığorta stajı kimi tanınmasının mümkün olmadığını bildirmiş, nəticə etibarilə yalnız digər dövrləri nəzərə almaqla iddiaçının ümumi iş stajının 23 il 3 ay 14 gün təşkil etdiyini və güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi staja malik olmadığını irəli sürmüşdür. Lakin birinci instansiya məhkəməsinin sorğusu nəticəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş cavab məktubu ilə qeyd edilən dəlillər tamamilə təkzib edilmişdir. Belə ki, əldə edilmiş məlumatlara əsasən, "xxxx" Tikinti Müəssisəsinin dövlət reyestrinə xx.xx.1999-cu il tarixdə F-2552 nömrəsi ilə daxil edildiyi, hüquqi ünvanının AZ1119, ünvan 2 habelə müəssisənin həmin dövrdə X5 tərəfindən idarə edildiyi təsdiq edilmişdir. Bundan əlavə, Dövlət Vergi Xidmətinin məlumat bazasında müəssisənin məhz iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.2003– xx.xx.2005-ci il tarixləri arasında aktiv fəaliyyət göstərməsi barədə məlumatların mövcudluğu müəyyən edilmişdir. Bu hallar birlikdə sənədlərin mötəbərliyini şübhə altına alan cavabdehin arqumentlərini təkzib etməklə yanaşı, həmçinin göstərir ki, iddiaçının həmin dövrdə adıçəkilən müəssisədə işləməsi hüquqi baxımdan təsdiq olunmuşdur və bu dövrün iş stajından çıxarılması üçün heç bir maddi-hüquqi əsas mövcud deyil. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus əmək kitabçasının surəti və iş materiallarında olan digər sənədlər ilə iddiaçının tələb olunan 25 ildən artıq iş stajına malik olması müəyyən olundu. Əlavə olaraq cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının olmamasına istinad etməklə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1984-xx.xx.2003cü il tarixləri arasındakı dövr ərzində qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin təqdim etdiyi sənədlərdə qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Buna görə də həmin dövrü güzəştli iş stajına aid etmək mümkün deyil. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın dəlilini əsassız hesab etməklə qeyd ki, oxşar müəssisə kimi birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq X9 18 iyun 2025-ci il tarixli, BSC-X-25-0527/001 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı işlədiyi elektrik qaynaqçısı peşəsi "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı"nın 33-cü Ümumi peşələr bölməsinin "əl ilə qaynaq aparan elektrik qaynaqçıları" (23200000 — 19906), eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 35-ci Ümumi peşələr bölməsinin "əl ilə qaynaq aparan elektrik qaynaqçıları" peşələri ilə eynilik təşkil edir. Həmçinin məhkəmə kollegiyası məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, elektrik qaynaqçısı peşəsində işləyənlərin əl ilə deyil, digər formada qaynaq aparması məhkəmə təcrübəsində rast gəlinmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının qaynağı əl ilə yox, digər texnologiyaların tətbiqi vasitəsi ilə qaynaq aparmasına şübhəsi olduğu təqdirdə, bunu sübut etmək onun vəzifəsidir. Lakin hazırkı işdə təqdim edilən sənədlərlə belə bir halın olması müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iş materiallarında olan əmək kitabçası qeydləri iddiaçının 1981-ci ildən etibarən müxtəlif dövrlərdə əmək münasibətlərində olduğunu təsdiq edir. 2003-2005-ci illər üzrə "xxxx" Tikinti Müəssisəsinin təqdim etdiyi arayışlar, Dövlət Vergi Xidmətinin həmin müəssisənin həmin dövrdə faktiki fəaliyyət göstərməsi barədə məlumatları, "xxxx" ASC-nin hüquqi varisliyi ilə bağlı məlumatlar, həmçinin “X9” tərəfindən iddiaçının elektrik qaynaqçısı vəzifəsini, yəni güzəştli şərtlərlə pensiya hüququ verən peşəni icra etməsi barədə təqdim edilmiş rəsmi məlumatlar birlikdə qiymətləndirildikdə, iddiaçının ümumi iş stajının 25 ildən artıq olması və bu stajın tərkibində qanunvericiliyin tələb etdiyi 12 il 6 ay həcmində güzəştli şərtlərlə pensiya hüququ verən peşədə çalışma müddətinin mövcudluğu tam sübut edilmiş hesab olunur. Bu hallar cavabdeh inzibati orqanın imtinasının əsassız olduğunu və iddiaçının pensiya hüququnun qanunsuz olaraq məhdudlaşdırıldığını təsdiq edir. Qeyd olunan qanunvericilik normalarını ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 60 yaşına çatması, azı 25 il iş stajının olması və bu müddətin 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətrinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2-1(118)-1279/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar