Məhkəmə qərarları › İş №2-1(105)-118/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-118/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-118/2021 09.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu, Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-80/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Ordu Korpusu komandirinin şəxsi heyət üzrə müavinin köməkçisi polkovnik leytenant Kamal Əliyevin xx.xx.2017-ci il tarixli, 40KK-051/ƏÇ nömrəli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündən-xx.xx.2017-ci ildən məhkəmə qərarı çıxanadək olan müddətin onun xidməti illərinə hesablanması, həmin müddət ərzində ona ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, həqiqi hərbi xidməti bitirdikdən sonra N saylı hərbi hissənin rəhbərliyi tərəfindən xx.xx.2016-cı il tarixdə rabitəradio-telefonçu kursuna göndərilmişdir. Kursu bitirdikdən sonra N saylı hərbi hissədə xx.xx.2017-ci il tarixdən rabitə-radio-telefonçu kimi müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işə qəbul edilmiş və bu barədə ona AD seriyalı, №0033709 saylı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun şəxsi vəsiqəsi verilmişdir. Hərbi hissədə çalışdığı dövrdə ona hər hansı intizam tənbehi elan edilməmiş, işinə vicdanla yanaşmış, tapşırıqları vaxtından və düzgün yerinə yetirmişdir. xx.xx.2017-ci il tarixdə məzuniyyətə çıxmış, xx.xx.2017-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra ondan müvafiq jurnala xx.xx.2017-ci il tarixi üçün imza atması istənilmiş, lakin bu barədə ona heç nə bildirilməmişdir. Bu günə kimi rəsmi şəkildə İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıb buraxılmaması, ehtiyata buraxılmışsa bunun səbəbləri, onun əsası, əgər mövcuddursa buraxılma əmri barədə məlumat verilməmiş, şəxs hər hansı bu tipli rəsmi sənədlə tanış etdirilməmişdir. Dəfələrlə N saylı hərbi hissə komandanlığına müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Üstəlik iddiaçı qeyd etmişdir ki, ona təhkim edilmiş silah bu günə kimi onun adından çıxarılmamış, onun Şəxsi vəsiqəsində bu barədə qeydiyyat aparılmamış, ümumiyyətlə ona məxsus həqiqi hərbi xidmət hərbi qulluqçusunun şəxsi vəsiqəsi özündə qalmış, ona hərbi bilet verilməmişdir. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, orada bildirilmişdir ki, o rəsmi olaraq ehtiyata buraxılmamış və mütləq şəkildə hərbi hissəyə, xidmətinin başına qayıtmalıdır. İddiaçı bir daha hərbi hissəyə qayıtsa da, o hərbi hissəyə buraxılmamışdır. İddiaçı ərizələrinə bu günə qədər rəsmi cavab verilməmişdir. Halbuki, Azərbaycan Respublikası "Hərbi qulluqçuların statusu haqqında" Qanununun 22-ci maddəsinin 1-ci bəndində deyilir ki, hərbi qulluqçular dövlət orqanlarına, ictimai təşkilatlara və birliklərə, hərbi idarəetmə orqanlarına təkliflər göndərmək, ərizələr vermək, habelə vəzifəli şəxslərin, dövlət orqanlarının, ictimai təşkilatların və birliklərin, hərbi idarəetmə orqanlarının, habelə vətəndaşların (o cümlədən hərbi qulluqçuların) hüquqa zidd hərəkətləri barəsində müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdirlər. Həmin maddənin 4-cü bəndində deyilir ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. İddiaçı bugünə qədər qanunsuz şəkildə hərbi hissəyə buraxmamaqla onun "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş əmək hüququ, pul təminatı, maddi təminat hüququ, istirahət hüququ və digər hüquqları kobud şəkildə pozulmuşdur. Həmin Qanunun 3-cü maddəsində deyilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Göründüyü kimi İddiaçı hərbi qulluqçu statusunu qanuni şəkildə əldə etsə də, bu statusu itirməsi barədə ona rəsmi şəkildə hər hansı sənəd təqdim edilmədiyindən o hələ də hərbi qulluqçu hesab edilir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(118)-80/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev) Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsini, iddia tələbinə baxılması üçün işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddia ərizəsindən göründüyü kimi iddiaçının həqiqətən işdən azad edilməyi və ya edilməməyi barədə dəqiq məlumat heç bir zaman ona rəsmi şəkildə bildirilməmiş, əksinə, Nazirlik, o cümlədən Korpusun özü hər zaman belə bir əmrin olmadığını bildirirək, ona xidmət etmək üçün iş yerinə getməli olduğunu bildirmişlər. Məhz bu səbəbdən onda heç bir zaman belə bir əmrin verilməsi təəssüratı olmamış, həmişə düşünmüşdür ki, ortada anlaşılmazlıq vardır. Üstəlik nəzərə alınmaılıdır ki, onun şikayəti əsasında hərbi polisdə bu müddətdə araşdırılma aparılmış, yekun qərar ona təqdim edilməsə də, dəfərlərlə müstəntiqin qəbulunda olmuş, izahatlar vermişdir. Bu məhz həmin dövrü əhatə etdiyindən hüquqlarının pozulmadığına əminlik yaranmışdır. Yalnız nəticə əldə edə bilmədiyi üçün vəkilə müraciət edərkən, sonuncu işlədiyi hərbi hissəyə və Nazirliyə sorğu göndərmiş, həmin sorğuya cavabda belə sözügedən əmrin mövcudluğu sadəcə ehtimal edilmişdir. Hətta məhkəmə gedişində belə sözügedən əmr yalnız uzun müddət proseslər gedəndən sonra təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən onun hərbi qulluqçu kimi işdən çıxarılmağı üçün onunla iki dəfə rəsmi söhbət aparılmalı və barəsində şərəf məhkəməsində müvafiq qərar çıxarılmalıydı. Lakin mövcud fakt belədir ki, onunla bir dəfə söhbət aparılmış, şərəf məhkəməsində onunla bərabər bir neçə şəxsin barəsində də işdən azad edilmə barədə qərar qəbul edilməmişdir. Bütün bu hallar da onda əminlik yaratmışdır ki, onun işdən çıxarılmağı barədə hər hansı əmr mövcud deyildir. Məhkəməyə də dərhal müraciət etməməyinin səbəbləri bunlar olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin nümayəndəsi məhkəmədə izahat verərkən özü də göstərmişdir ki, onlara məxfi poçtla bildiriş göndərilsə də, ona məxsus olan hərbi bilet göndərilməmişdir və yalnız həmin iki sənəd birlikdə göndərildikdə əhəmiyyət kəsb edir, əks halda qulluqçu sadəcə müvəqqəti qeydiyyata alınır və onun hərbi biletinin təqdim edilməsi gözlənilir. Onun hərbi biletinin indiyə kimi verilməməsi də bir daha təsdiq edir ki, onun işdən çıxarılmağı barədə əmr mövcud olmamış, yalnız sonradan bu sənədləşdirilmiş, bu səbəbdən də ona qəti şəkildə işdən çıxarılmağı barədə konkret fikir bildirilməmişdir. Belə olan halda iddiasının hansı əsasla mümkünsüz hesab edilməsi ona aydın deyildir. Üstəlik hərbi hissənin nümayəndəsi məhkəmədə etiraf etmişdir ki, ona işdən çıxarılma barədə dolğun məlumat verilməmiş və həmin sənədlər ona rəsmi şəkildə təqdim edilməmişdir. Ondan sadəcə hansısa jurnala imza atmaq tələb edilmiş, səbəbi barədə dolğun məlumat verilməmiş, həmin zaman birbaşa hərbi hissə komandirinə müraciət etmişdir və ona belə bir əmrin olmadığı bildirilmiş və qulluq etmək üçün xidmətini davam etdirməyini tələb etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apelyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etdi və əlavə olaraq verilən suallara cavab olaraq izahatında bildirdi ki, iddiaçının ehtiyata buraxılması barədə əmr iddiaçıya elan edilməmiş, o cümlədən rəsmi olaraq ünvanına göndərilməmiş, hərbi bileti iddiaçıya təqdim edilməmişdir. Əmrlə tanış olmaq üçün şifahi şəkildə dəfələrlə əlaqə saxlasa da, iddiaçı hərbi hissəyə gəlməmişdir. Bu səbəbdən əmrin təqdim edilməsi mümkün olmamışdır. Lakin bununla bağlı tərəflərindən akt tərtib edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx xxxxxx 2021-ci il tarixli, 123 saylı məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinə dair qərar verilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-80/2020 saylı qərardadı ləğv edilməli, iddia mümkün sayılmalı, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli, 051/ƏÇ nömrəli əmri ilə N nömrəli hərbi hissənin əməliyyat imkanları konsepsiyası taboru qərargah bölüyü rabitə taqımı radiorabitə manqası radiotelefonçusu İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq ehtiyata buraxılmışdır. Həmçinin, N nömrəli hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli 240 nömrəli əmri ilə N saylı hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli, 051/ƏÇ nömrəli əmri əsas götürülməklə iddiaçı xx.xx.2017-ci il tarixdən şəxsi heyyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsinə göndərilmişdir. Hazırda iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət edərək, N saylı hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli, 051/ƏÇ nömrəli əmrinin ləğv edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə iddianı mümkün saymamış və hesab etmişdir ki, iddiaçı xx xxxxxx 2017-ci il tarixli əmrin ləğv olunması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə öz qərarında qeyd etmişdir ki, iddiaçının ərizəsində bildirdiyinə görə xx.xx.2017-ci il tarixdə, məzuniyyətdən qayıtdıqdan sonra hərbi xidmətə buraxılmamışdır. Lakin iddiaçı iki ilə yaxın bir müddətdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir: İnzibati Prosessual Məcəllənin: 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisələndirilən əmr iddiaçıya birbaşa elan edilməmiş, poçt rabitəsi vasitəsilə onun ünvanına göndərilməmiş, eləcə də, ehtiyata buraxılmasına baxmayaraq bu gunə kimi hərbi bilet iddiaçıya təqdim edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsi tərəfindən vəkil sorğusuna cavab olaraq yazdığı xx.xx.2021-ci il tarixli 175 saylı məktubdan görünür ki, iddiaçının şəxsi işi xx.xx.2017-ci tarixdə N saylı hərbi hissədən Xidmətin Şamaxı rayon Şöbəsinə daxil olmuş, lakin iddiaçının təyinat vərəqəsi və hərbi bileti daxil olmadığı üçün müvəqqəti qeydiyyata götürülmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3-cü maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi və ya elan edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Hazırkı iş üzrə, iddiaçı ehtiyata buraxılma barədə əmrin ona rəsmi olaraq təqdim edilmədiyini və elan edilmədiyini iddia etdiyindən, 62.3-cü maddənin tələbinə görə, sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşsə də, sonuncu bu vəzifəni icra edə bilməmişdir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə müddətin ötürülməsi səbəbi ilə iddianı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkün sayılmalı, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-80/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “xx.xx.2017-ci il tarixli 40KK-051/ƏÇ nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündənxx.xx.2017-ci ildən məhkəmə qərarı çıxanadək olan müddətin onun xidməti illərinə hesablanmasına, həmin müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar