Məhkəmə qərarları › İş №2-1(105)-1183/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1183/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1183/2025 17.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh orqanın 31 yanvar 2025-ci il tarixli, 3-17-1/3-3-1915/2025 nömrəli qərarının ləğv edilməsi və həmin tarixdən əlillik dərəcəsinin təyin edilməsinə səbəb olan diaqnozun anadangəlmə xəstəliklə bağlı olması səbəbindən ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5085/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Xaçmaz Mərkəzi rayon Xəstəxanasının 7 noyabr 2000-ci il tarixli 1083 nömrəli Bakı şəhəri X4 İnstitutuna göndərilmiş məktubundan görünür ki, Xaçmaz Mərkəzi rayon Xəstəxanası tərəfindən 1976-cı il təvəllüdlü Xaçmaz rayon, Xudat kənd sakini İddiaçı anadangəlmə “nistaqm tapetoretinal abiotrofiya” diaqnozu ilə müayinə olunmaq üçün göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-0 seriyalı, 266435 nömrəli arayışından görünür ki, İddiaçı 30 noyabr 2000-ci il tarixdən 1 dekabr 2001-ci il tarixədək “uşaqlıqdan xəstə” səbəbilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-02 seriyalı, 007775 nömrəli arayışından görünür ki, İddiaçı 2 fevral 2011-ci il tarixdə “ümumi xəstəlik göz ilə” səbəb əlaqəsi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 31 yanvar 2025-ci il tarixli “Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsi barədə Akt”dan görünür ki, 31 may 2025-ci il tarixində iddiaçı Mərkəzi Filiala dəvət olunmuş, pensiya işinə dair sənədlərin araşdırılması zamanı onun 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs olmadığı barədə ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 22 yanvar 2025-ci il tarixli, 3-17-1/2-1-14062/2025 nömrəli İddiaçı göndərilmiş “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” məktubundan görünür ki, vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1.2-ci maddəsinə əsasən barəsində inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində pensiya hüququna yenidən baxılması zamanı, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs olmadığı müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 28 yanvar 2025-ci il tarixədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyi xahiş olunmuşdur. İV-ЖГ seriyalı, 302465 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 3 may 1976-cı il təvəllüdlü İddiaçı atası – X10, anası X5r. AZ seriyalı, 049163 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X10 15 sentyabr 2000-ci il tarixdə vəfat etmişdir. DİN seriyalı, 99754 nömrəli “Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsi”ndən görünür ki, 14 oktyabr 2000-ci il tarixdə ölüm səbəbi ilə tərxis olunmuş X6 himayənəsində olan X8 pensiya almaq hüququ olan şəxs olaraq göstərilmişdir. AZ-İİ seriyalı, 467553 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X8 2 dekabr 2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 1 iyul 2020-ci il tarixli 012868 nömrəli qərarından görünür ki, X7 1 oktyabr 2000-ci il tarixdə təyin edilmiş hazırki pensiya məbləği 495,57 manat, yenidən hesablanmış pensiya 566,36 manat məbləğində, yenidən hesablanmanın səbəbi “80 faizə çatdırılma”, təminat xərcliyinin cəmi 707,95 manat məbləğində olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20 dekabr 2024-cü il tarixli, 3-17-1/3-3-23397/2024 nömrəli “Pensiyaçının vəfatı ilə bağlı pensiya ödənişin dayandırılması haqqında” qərarından görünür ki, 2 dekabr 2024-cü il tarixdə vəfat etmiş X1 pensiya məbləği 397,30 manat məbləğində, ödəniş ediləcək vətəndaş İddiaçı olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 31 yanvar 2025-ci il tarixli, 3-17-1/3-3-1915/2025 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” qərarından görünür ki, İddiaçı 1 oktyabr 2000-ci il tarixdə təyin edilmiş hazırkı pensiya məbləği 397,30 manat məbləğində, dayandırılmanın səbəbi “ilkin əlilliyin 18 yaşdan sonra təyin edilməsi” olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 29 iyul 2025-ci il tarixli, 3-17- 4/2- 19310/2025 nömrəli məktubundan görünür ki, Xaçmaz rayon sakini xx xxx 1976-cı il təvəllüdlü İddiaçı əlillik məlumatlarının X12 daxil edilməsi ilə əlaqədər edilmiş müraciət əsasında vətəndaşa aid məlumatlar müvafiq protokolda tapılmadığından əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinəyə gələrkən şikayəti görmə qabiliyyətinin zəifliyindən olmuşdur. Arxiv sənədlərini təhlil edərkən vətəndaşın “Anadangəlmə nistaqım, tapetoretinal ambiotrofiya, Albinizm. VİS OD=0,08 (yüzdə səkkiz) korreksiya etmir; VİS OS=0,08 (yüzdə səkkiz) korreksiya etmir” diaqnozu ilə 30 noyabr 2000-ci il tarixdən 30 noyabr 2001-ci il tarixədək ümumi xəstəlik (uşaqlıqdan) səbəbindən 1 il müddətinə ikinci dərəcə “ilkin”, 2 fevral 2011-ci il tarixdən ümumi xəstəlik – “Gözdən əlil olan şəxs” səbəbindən müddətsiz ikinci dərəcə “təkrar” əlillik təyinatı barədə məlumatların yer aldığı TSEK arayışları aşkar edilmişdir. 29 may 2025-ci il tarixdə DTSERA-da aparılmış həkim-oftalmoloq müayinəsinin nəticəsi “VİS OU = 0,05 (yüzdə beş) korreksiya ilə 0,1 (onda bir)” kimi göstərilərək, diaqnoz “OU – Albinizm, rotator nistaqm, xorioretinal distrofiya” kimi qeyd edilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlərə, obyektiv və instrumental muayinələrə əsasən Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə diaqnoz “Anadangəlmə nistaqım, tapetoretinal ambiotrofiya, Albinizm, VİS OD=0,08 (yüzdə səkkiz) korreksiya etmir; VİS OS=0,08 (yüzdə səkkiz) korreksiya etmir” kimi göstərilməklə 30 noyabr 2000-ci il tarixdən 30 noyabr 2001-ci il tarixədək ümumi xəstəlik (uşaqlıqdan) səbəbindən 1 il müddətinə ikinci dərəcə “ilkin”; 2 fevral 2011-ci il tarixdən ümumi xəstəlik –“Gözdən əlil olan şəxs” səbəbindən müddətsiz ikinci dərəcə “təkrar” əlillik təyinatına dair məlumatların “Əlillik Altsistemi”nə daxil edilməsi və 2 fevral 2011-ci il tarixdən ümumi xəstəlik – “Gözdən əlil olan şəxs” səbəbindən müddətsiz ikinci dərəcə “təkrar” əlillik təyinatı barədə qərarın qüvvədə saxlanılması, əmək zəmanətinin “Görmə gərginliyi tələb olunmayan işlərdə işləyə bilər” kimi qeyd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, imtinanın qanunsuz hesab edilməsi və iddiaçının pensiyasının yenidən verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh orqanın 31 yanvar 2025-ci il tarixli, 3-17-1/3-3-1915/2025 nömrəli qərarının ləğv edilməsi və həmin tarixdən əlillik dərəcəsinin təyin edilməsinə səbəb olan diaqnozun anadangəlmə xəstəliklə bağlı olması səbəbindən ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 23 sentyabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının uşaq vaxtından gözləri zəif görmüşdür. Lakin əlilliyi vaxtında sənədələşdirilməmişdir. 1994-cü il tarixdə iddiaçını Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsi çağırdığı vaxt tibb müayinələrdən keçdikdən sonra hərbi bileti təqdim edilərək hərbi qulluğa yararsız, heç bir halda ordu sıralarına daxil edilə bilməyəcəyi bildirilmişdir. 2000-ci il tarixdə pensiya almaq üçün cavabdeh orqana müraciət etmiş və müayinədən keçirilməklə ona pensiya təyin edilmişdir. İddiaçının mərhum atası polis əməkdaşı olmuş, anası vəfat etdikdən sonra anasına və ona ailə başçısını itirməyə görə əmək pensiyası almışdır. Anası vəfat etdikdən sonra ailə başçısını itirməyə görə əmək pensiyası iddiaçıya təyin edilmiş, 2024-cü ildə anaı vəfat etdikdən sonra o, əmək pensiyasının yenidən hesablanması üçün müraciət etdikdə ümumiyyətlə, əmək pensiyası dayandırımışdır. Cavabdeh onun əlilliyinin 18 yaşından sonra müəyyən edilməsinə istinad edir. Halbuki, o, anadangəlmə xəstədir və bu hal bütün tibbi sənədləri ilə təsdiq edilir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 1 oktyabr 2000-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006cı il tarixli, 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və onların ailə üzvlərinə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən, əmək pensiyası həmin tarixdən cavabdeh tərəfindən ödənilmişdir. İddiaçının əmək pensiyasının yenidən hesablanması üçün 18 dekabr 2024-cü il tarixdə cavabdeh orqana müraciəti daxil olmuşdur. Bununla əlaqədar cavabdeh tərəfindən aparılmış araşdırma zamanı pensiya işinə dair sənədlərdə uşaqlıqdan əlillik təyin edildiyinə dair, yəni ilkin əlilliyini təsdiq edən sənədin mövcud olmadığı müəyyən edilmişdir. Buna görə də, cavabdeh tərəfindən aidiyyəti üzrə verilmiş sorğuya cavab olaraq təqdim edilən sənədlərdə (təvəllüdüd: xx xxx 1976-cı il) ilkin olaraq 30 noyabr 2000-ci il tarixdən (ilkin əlillik təyin edildiyi günə yaşı 24 olmuşdur) əlilliyin təyin edildiyi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçıya əlillik 18 yaşına çatanadək deyil, 18 yaşından sonra təyin edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılmışdır, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçıya 22 yanvar 2025-ci il tarixli, 3-17-1 /2-İ-14062/2025 nömrəli məktub göndərilməklə 28 yanvar 2025-ci il tarixədək Mərkəzi Filiala gəlməyi xahiş edilmiş, lakin qeyd edilən tarixədək iddiaçı Mərkəzi Filiala gəlməmişdir. Bundan sonra, iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilərək pensiya ödənişi dayandırılmışdır. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 29, prosessual hüquqi əsası kimi isə İPM-in 11.1, 21-ci maddələrinə istinad olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5085/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 31 yanvar 2025-ci il tarixli, 3-17-1/3-3-1915/2025 nömrəli qərarının ləğv edilməsi və həmin tarixdən İddiaçı əlillik dərəcəsinin təyin edilməsinə səbəb olan diaqnozun anadangəlmə xəstəliklə bağlı olması səbəbindən ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatanadək əlilliyin müəyyən edilməsidir. Ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsində həm fərdi, həm də ictimai maraq baxımından həlledici olan əlilliyin 18 yaşına çatanadək meydana gəlməsinin müəyyən olunması halıdır. Belə olan halda, prosesin hər iki iştirakçısına münasibətdə ədalətli yanaşma məhz bu məqam nəzərə alınmaqla təmin olunmalıdır. Məhkəmə hesab etmişdir ki, xəstəliyin anadangəlmə olduğuna, yəni əlilliyin 18 yaşına çatanadək mövcud olmasına və mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı. O da nəzərə alınmalıdır ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onların təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Qərarla razılaşmayan cavabdeh qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırmış əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102 195/2021 nömrəli xx.xx.2021-ci il tarixli (sədrlik edən hakim: Nigar Rəsulbəyova) və 2-1(102)-630/2021 nömrəli xx.xx.2021-ci il tarixli (sədrlik edə hakim: İspəndiyar Şəfiyev) oxşar qərarlarında (18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslərə ailə başçısını itirməyə görə pensiya təyini) haqlı olaraq müvafiq qanunvericilik normalarına istinad edilməklə ədalətli yekun nəticəyə gəlinmişdir. Belə ki, göstərilən qərarlarda qeyd olunur. Buna görə də, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə" yaxud “uşaqlıq əlili” sözləri ilə ifadə olunması avtomatik olaraq həmi şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Azərbaycan Respublikası Konstitusiyada təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə özü həm qiymətləndirməni inzibati orqanın əvəzinə apara bilməz. Məhkəmə yalnız həmin qiymətləndirməni aparmış inzibati orqanın gəldiyi nəticəni qanuniliyini və əsaslılığını diskresion səlahiyyətlərin həyata keçirilməsinin yoxlanılması qaydasında qiymətləndirə bilər. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, 18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslər əgər əlilliyi (sağlamlıq imkanlarını məhdudluğunu) 18 yaşınadək əldə etdiklərini güman edərək “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə uyğun olaraq ail başçısının itirməyə görə pensiya təyin edilməsinə nail olmaq istəyirlərsə, bu halda, əlilliyin təyin edilməsinə dair qərarı mübahisələndirməkli həmin qərarda əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) yaranma tarixinin 18 yaşından əvvəlki tarix kimi göstərilməsini tələb ed bilərlər. Bundan başqa, həmin şəxslər həm də inzibati orqana yeni bir tələblə müraciət edərək əlilliyin və ya 18 yaşınadək uşaqların sağlamlı imkanlarının məhdudluğunun bununla bağlı qərarın qəbul edildiyi tarixdən əvvəl yarandığına dair qərar qəbul edilməsini də tələb edə eləcə də inzibati orqanın həmin müraciətlə bağlı qərar və ya hərəkətini (hərəkətsizliyini) yenə də məhkəmədə mübahisələndirə bilərlər.” Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. 14.3. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır. 14.4. Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1 - 7.0.3-cü, 7.0.5-ci və ya 7.0.6-cı maddələrində nəzərdə tutulmuş sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir. Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq (22 iyun 2021-ci il tarixli 346-VİQD nömrəli Azərbaycan Respublikasının ilə 1.0.2-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri çıxarılmışdır.) (-) Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi ailə başçısının itirməyə görə əmək pensiyanın bərpa edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İndiki halda iddiaçının hüquqi marağı cavabdeh orqanın 31 yanvar 2025-ci il tarixli, 3-17- 1/3-3-1915/2025 nömrəli qərarının ləğv edilməsi və həmin tarixdən əlillik dərəcəsinin təyin edilməsinə səbəb olan diaqnozun anadangəlmə xəstəliklə bağlı olması səbəbindən ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilərək ödənilməsindən ibarətdir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərə əsasən iddiaçıya 30 noyabr 2000-ci il tarixindən, yəni 24 yaşından etibarən əlillik təyin edildiyi üçün ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranmadığı iddia edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Xaçmaz Mərkəzi Rayon Xəstəxanası tərəfindən iddiaçı anadangəlmə “nistaqm, tapetoretinal abiotrofiya” diaqnozu ilə müayinədən keçməsi üçün Bakı şəhəri X4 İnstitutuna göndərilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 12 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə 30 noyabr 2000-ci il tarixdə “uşaqlıqdan xəstə” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin 1 iyul 2020-ci il tarixli 012868 nömrəli qərarı ilə iddiaçının anası X7 1 oktyabr 2000-ci il tarixdən ailə başçısını itirməyə görə təyin olunmuş pensiyanın məbləği 566,36 manata çatdırılmış, cavabdehin 20 dekabr 2024-cü il tarixli qərarı ilə pensiyaçının vəfatı ilə əlaqədar pensiya ödənişi dayandırılmış və ödəniş ediləcək şəxs qismində iddiaçı göstərilmişdir. Sonradan isə cavabdehin 31 yanvar 2025-ci il tarixli, 3-17-1/3-3-1915/2025 nömrəli qərarı ilə iddiaçının əlilliyinin ilkin olaraq 18 yaşdan sonra təyin edildiyi qənaətinə gəlinərək əmək pensiyası ödənişinin dayandırılması barədə qərar qəbul edilmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, anamnestik məlumatlara, təqdim edilmiş tibbi sənədlərə, habelə obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya “anadangəlmə nistaqm, tapetoretinal abiotrofiya, albinizm, VİS OD=0,08 (yüzdə səkkiz), VİS OS=0,08 (yüzdə səkkiz), korreksiya etmir” diaqnozu ilə 30 noyabr 2000-ci il tarixdən 30 noyabr 2001-ci il tarixədək ümumi xəstəlik (uşaqlıqdan) səbəbindən bir il müddətinə ikinci dərəcəli “ilkin” əlillik, 2 fevral 2011-ci il tarixdən isə ümumi xəstəlik – “gözdən əlil olan şəxs” səbəbindən müddətsiz ikinci dərəcəli “təkrar” əlillik təyin edilmiş, müvafiq məlumatlar “Əlillik Altsistemi”nə daxil edilmiş və qeyd olunan əlillik təyinatı qüvvədə saxlanılmışdır. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının barəsində əlilliyin təyin edilməsinə əsas olan xəstəliyin “uşaqlıqdan” (anadangəlmə) yaranması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Başqa sözlə desək, iddiaçı barəsində əlillik təyinatının daha sonrakı tarixdə aparılsa da, əlilliyin təyin edilməsinə əsas olan xəstəliyin başlanma tarixi məhz “anadangəlmə”, “uşaqlıqdan” baş vermişdir. Belə olan halda, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə formal yanaşma tətbiq etməklə, yalnız əlilliyin təyin edilməsi ilə bağlı hallara istinad etmiş, əlilliyin yaranma səbəbləri, əlilliyin əsası kimi çıxış edən xəstəliyin anadangəlmə olması halını nəzərə almamışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin hərəkətləri qanunvericiliyin tələbinə və mahiyyətinə uyğun olmamışdır. Bundan əlavə kollegiya hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə qəbul etdiyi qərarı inzibati icraat haqqında qanunvericiliyin müddətlə bağlı tələblərinə də uyğun olmamışdır. Belə ki, indiki halda cavabdeh tərəfindən iddiaçı barəsində 2000-ci il tarixdə əmək pensiyası təyin edilmiş, təyinatın aparıldığı vaxtda isə cavabdehin hazırda istinad etdiyi halın (əlilliyin yaranma tarixi barədə məlumatın) mövcudluğu aşkar olmuşdur. İndiki halda isə cavabdeh həmin vaxtda ona məlum olan hala 25 il keçdikdən sonra istinad etməklə, iddiaçıya münasibətdə əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul etsə də, istinad edilən halın məhz qanunla müəyyən edilmiş müddətdə ona məlum olması, habelə həmin halın 2000-ci ildə mövcudluğunun aşkar olmasını təkzib edən heç bir dəlilə istinad etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin hərəkətləri inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən cavabdehin (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı). Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi əmək pensiya məbləğinin dayandırılmasına dair qərarı və onunla bağlı həyata keçirdiyi hərəkətləri qanunazidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5085/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar