Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1184/2025 17.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə İcbari Tibbi Sığorta Fonduna 9978,75 manat borcuna görə 10000 manat dəyərində siyahıya alınmış əmlakının Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-1330/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli **********2 saylı qərar çıxarmış, qərar əsasında cavabdehin 10000 manat manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2024-cü il tarixli **********2 saylı protokol tərtib edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda “KAVZ 3271 Avtobus Microavtobus” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.1998-ci il tarixdən Sumqayıt Aşqarlar Zavodunun adına qeydiyyatda olması qeyd edilmiş, kompüter çıxarışın təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 16 sentyabr 2025-ci il tarixli 3-21-2-9/2-180056/2025 saylı məktubunda qeyd edilmişdir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli **********2 nömrəli qərarı üzrə siyahıya alınmış 50AC173 dövlət nömrə nişanlı KAVZ 3271 avtobusdan başqa X4 məlumatına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində 50AA114 dövlət nömrə nişanlı QAZ 3102 minik, 50AC759 dövlət nömrə nişanlı MMZ 4502 yük, 50AC269 dövlət nömrə nişanlı MAZ 5334 yük avtonəqliyyat vasitələri də mövcuddur. Əlavə olaraq baza məlumatlarına əsasən vergi ödəyicisinin xx.xx.2025-ci il tarixə müvafiq fondlara İcbari tibbi sığorta haqları üzrə 36836,74 manat (o cümlədən; 30654,48 manat əsas, 10503,83 manat faiz borcu) siyahıya alınmış əmlakla bağlı qaldırılmış iddia ərizəsi üzrə isə 7970,73 manat borcu mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 17 dekabr 2025-ci il tarixli 3-21-2-9/2-232055/2025 saylı məktubunda qeyd edilmişdir ki, cavabdeh vergi ödəyicisi "xxxx" ASC-nin (VÖEN:**********) vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən borc məbləği vergilər üzrə 405331,17 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə İcbari Tibbi Sığorta Fonduna 9978,75 manat borcuna görə 10000 manat dəyərində siyahıya alınmış əmlakının Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tarixi səhv qeyd edilən xx.xx.2024-cü il tarixli “Qərar” sözlərini xx.xx.2024-cü il tarixli Qərar kimi başa düşülməsi və qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vergi ödəyicisi "xxxx" ASC (bundan sonracavabdeh) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədilə cavabdehə bildirişlər verilmişdir. Lakin cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən öhdəliyin yerinə yetirilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli qərarlar çıxarılmışdır. Qərarlar əsasında cavabdehin xx.xx.2024-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 23101,33 manat borcuna görə 10000 manat manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2024-cü il tarixli **********2 saylı protokol tərtib edilmişdir. Siyahıya alınmış əmlakın siyahısı protokollara əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc məbləği ödənilmədiyi halda siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 9978,75 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-1330/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə İcbari Tibbi Sığorta Fonduna 9978,75 manat borcuna görə 10000 manat dəyərində siyahıya alınmış əmlakı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada satılsın. Satışdan əldə edilən vəsait hesabına borc çıxıldıqdan sonra yerdə qalan vəsait Sumqayıt Aşqarlar Açıq Səhmdar Cəmiyyətinə qaytarılması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli, **********2 saylı qərar çıxarmışdır. Cavabdeh vergi borcunun tam şəkildə ödənilməsini təmin etmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, satılması qət edilmiş nəqliyyat vasitələrinin satıldığı halda cəmiyyətin fəaliyyət göstərməsinə mənfi təsir göstərəcəkdir. Həmçinin nəzərə almaq lazımdır ki, satılması nəzərdə tutulan avtomaşının birinin dəyəri mübahisə predmetinin (vergi borcunun) dəyərindən bir neçə dəfə yüksəkdir. Belə olduğu halda 4 avtomaşının satılmasına heç bir lüzum yoxdur. Bir daha qeyd edilir ki, satılması nəzərdə tutulan avtomaşınlar bilavasitə istehsalla bağlıdır və həmin maşınların satılması müəssisənin fəaliyyətində problemlər yaradacaqdır. Hesab edilir ki, Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2-1(118)-1330/2025 saylı qərar ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən , cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarınn ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi müəssisənin adının dəyişdiyini və "xxxx" ASC adlandırıldığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir:nağd pul vəsaitləri;bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair);hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər;istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir.Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir.Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 89.14.2. Vergi ödəyicisinin bu qaydaları pozaraq siyahıya alınmış mallara dair bağladığı əqdlər qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilir. 89.14.3. Vergi ödəyicisi siyahıya alınmış malları məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, vergi orqanının vəzifəli şəxslərinin (şəxsinin), vergi ödəyicisinin (və ya onun nümayəndəsinin), iki müşahidəçinin və obyektin məsul şəxsinin iştirakı ilə edilən hərəkətlər protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq ücün götürülür. ..... Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Maddə 90.3-1. Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydaları: 6.10. siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Daşınar əmlakların operativ şəkildə müəyyən edilməsi məqsədilə vergi ödəyicisi barədə əlaqəli məlumatlar, hesabatlar, bəyannamə və keçirilmiş səyyar vergi yoxlaması məlumatları, dövlət orqanları və digər şəxslərdən əldə edilmiş məlumatlar, habelə digər mənbəyi bəlli məlumatlar əsas götürülür və bunun üçün aşağıdakı məlumatlardan (lakin bunlarla məhdudlaşmayan) istifadə edilir: ... 6.10.5. Vergi orqanında vergi ödəyicisinin mülkiyyətində olan əmlakları barədə məlumatlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiyanin mümkünlüyü, apellyasiya baxişinin hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki iş üzrə iddia tələbi vergi ödəyicisi qismində çıxış edən cavabdehin vergi borcunun ödənilməməsi ilə əlaqədar ona məxsus olan müvafiq əmlakın satılması ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən edilir ki, vergi orqanı cavabdehin barəsində əmlakın siyahıya alınması barədə qərar qəbul etmiş və qeyd edilən qərarın qəbul edilməsi əsaslı olmuşdur. İş materiallarından müəyyən edilir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə vergi öhdəliklərinin icra edilməməsi nəticəsində İcbari Tibbi Sığorta Fonduna borc yaranmışdır. Vergi orqanı tərəfindən yaranmış borcun könüllü qaydada aradan qaldırılması məqsədilə cavabdehə qanunla müəyyən edilmiş qaydada müvafiq bildirişlər təqdim edilmiş, borcun beş gün müddətində ödənilməsi tələb olunmuşdur. Bununla belə, cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Mövcud borcun tutulmasını təmin etmək məqsədilə Vergi Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli qərarlar qəbul edilmişdir. Həmin qərarlar əsasında cavabdehin xx.xx.2024-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna olan 23.101,33 manat məbləğində borcunun təminatı üçün 10.000 manat dəyərində əmlakı siyahıya alınmış və bu hal xx.xx.2024-cü il tarixli, **********2 nömrəli protokolla rəsmiləşdirilmişdir. Siyahıya alınmış əmlakların ətraflı siyahısı protokola əlavə edilmişdir. Həmin protokola görə cavabdehin mülkiyyətində olan 10000 manat dəyərində KAVZ-3271 avtobus markalı 50AC173 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi siyahıya alınmışdır. Bununla da cavabdehin iddiaçının 4 ədəd nəqliyyat vasitələrinin siyahıya alınması barədə dəlili təkzib edilmişdir. Cavabdehin nümlkiyyətində 4 ədəd nəqliyyat vasitəsinin olması onun siyahıya alınmış əmlakın satılması ilə müəssisənin fəaliyyətində problemlərin yaranacağı dəlili ilə bağlı qeyd edilmişdir. Eyni zamanda, siyahıya alınma tarixindən sonra otuz gün ərzində borcun ödənilmədiyi təqdirdə həmin əmlakların satılması üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq yazılı xəbərdarlıq göndərilmişdir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin sorğusuna əsasən cavabdeh vergi ödəyicisi "xxxx" ASC-nin (VÖEN:**********) vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən borc məbləği vergilər üzrə 405331,17 manat təşkil edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2-1(102)-1617/2024 nömrəli qərarı ilə əmlakın siyahıya alınması barədə tələblərlə əlaqəli yeni məhkəmə təcrübəsi formalaşdırılmışdır. “...Belə ki, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, dəyərindən asılı olmayaraq ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin məhkəmə həm də nəzərə almalıdır ki, hər bir konkret işin xüsusi halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Nəzərə almaq lazımdır ki, siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması imkanı vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin siyahıya alınma mərhələsindən sonra gələn təminat üsulu kimi çıxış edir. Qanunvericilikdə bu hüquqi imkandan istifadə edilməsinin qayda və şərtləri dəqiq tənzimlənmişdir. Buna görə, əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, vergi orqanı tərəfindən belə iddia verilənədək siyahıya alınma barədə qərar qəbul edilməli, həmin qərarın qəbul edilməsindən 30 gün keçməsinə baxmayaraq büdcə qarşısında olan öhdəlik yenə də yerinə yetirilməmiş olmalıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2019-cu il tarixli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydalarının 6.10.5-ci bəndinə əsasən, 6.10 və 6.10.1-ci bəndlərinə əsasən siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Qaydaların 6.19-cu bəndinə görə daşınmaz əmlak və nəqliyyat vasitəsi siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir”. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən və iş üzrə gəldiyi nəticə düzgün olduğundan, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında müəssisənin adının "xxxx" ASC dəyişdirildiyi müəyyən edilmiş və bu hal iş materialları ilə öz təsdiqini tapmışdır. Kollegiya protokol qərardadı ilə cavabdeh qismində həmin müəssisəni tanımışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı cavabdeh müəssisənin adı "xxxx" ASC kimi oxunmaqla dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-1330/2025 nömrəli qərarı cavabdehin adı "xxxx" ASC kimi oxunmaqla dəyişidirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.