Məhkəmə qərarları › İş №2-1(105)-1185/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1185/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1185/2025 02.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (Açar sözlər: mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilmə, hüquqmüəyyənedici sənədin mötəbərliyi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7212/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, nömrəli məktubdan görünür ki, daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş qaydada hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlərin əsli, dövlət rüsumu və xidmət haqqının ödənilməsi haqqında sənəd rəsmi olaraq ərazi idarəsinə müraciət edərək təqdim edəcəyiniz təqdirdə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, aşağıda imza edənlər: 1. Xaçmaz MKTİ-nin rəisi: X2,

2. Xaçmaz MKTİ-nin evlər müdiri: X8, 3. Xaçmaz şəhər S.Mehmandarov küçəsi, ev 30, mənzil 2 yaşayan X4, 4. Xaçmaz şəhər S.Mehandarov küçəsi, ev 38 yaşayan X11, 5. Xaçmaz şəhər Dağıstan küçəsi, ev 30, m 1 yaşayan X1 həmin aktı tərtib edirik ondan ötrü ki, İddiaçı, ünvan 1 ünvanında xx.xx.1965-ci ildə doğulub və hal-hazırda həmin ünvanda yaşayır. Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 265 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanda yaşayır. 1965-ci il tarixdən göstərilən ünvanda yaşayır, kommunal pulu ödəyir və mənzilin özəlləşdirilməsinə etirazları yoxdur. Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışından görünür ki, Quba rayon ZDS İcraiyyə Komitəsinin 1963-1964, Xaçmaz rayon ZDS İcraiyyə Komitəsinin 1965-1966-cı illərə aid, Xaçmaz rayon Kommunal Təsərrüfatı şöbəsinin sənədlərində vətəndaş Yusifov Hüseyn Abdulla oğluna kommunal mənzil verilməsi haqqında heç bir məlumat aşkar edilmədi. Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışından görünür ki, Xaçmaz şəhər Kommunal Təsərrüfatı Şöbəsinin 1963-1966-cı (ümumilikdə heç bir il üzrə) illərə aid sənədləri arxivə təhvil verilməmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-12307/2025 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən 1 nömrəli mənzilin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin Xaçmaz şəhəri, S.Mehmandarov küçəsi, 32 saylı binada yerləşən 2 nömrəli mənzilin onun adına özəlləşdirilməsindən imtinanın qanunsuz hesab edilməsi və həmin mənzili adına özəlləşdirilib dövlət reyestrindən mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasprotun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1965-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. Doğulduğu gündən Xaçmaz şəhəri, S.Mehmandarov küçəsi, ev 32, mənzil ünvanda yaşayır. Həmin mənzil Xaçmaz Kommunal Təsərrüfatı idarəsinin balansında olmaqla 1965-ci ilin əvvələrində X19 Abdulla oğluna idarə tərəfindən verilmiş orderə əsasən təhkim edilmişdir. X19 Abdulla oğlu xx.xx.1991-ci il tarixdə, anası X13 isə xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Evin bütün kommunal xərclərini (işıq, qaz və su) evə quraşdırılmış sayğacların göstəricilərinə uyğun olaraq mərhum anası X7 adından ödəyir. 60 ilə yaxındır ki, ünvan 6 ünvanda yerləşən mənzilində yaşayır. Özünün və ailə üzvlərinin pasport qeydiyyatı bu mənzilədir. Yaşadığı mənzil çoxmənzilli binada yerləşir. Digər mənzil sahiblərin əksəriyyəti yaşadıqları mənzilləri özəlləşdiriblər və dövlət reyestrindən müvafiq çıxarışlar alıblar. Yaşadığı ünvan 6 ünvanda yerləşən mənzilin adına özəlləşdirilməsi üçün xx.xx.2025-ci il tarixdə rəsmi ərizə ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin xx.xx.2025-ci il tarixli, 3- 21-3-34/2-Y-0023/2025 saylı məktubla imtina cavabı verilmişdir. Hesab edir ki, qeyd olunan imtina əsassızdır, bu səbəbdən də cavabdehin üzərinə ünvan 6 ünvanda yerləşən mənzilin adına özəlləşdirilməsi öhdəliyi qoyulmalıdır. Belə ki, ünvan 6 ünvanda yerləşən mənzil mərhum valideynlərinin dediyinə görə, 1965-ci ilin əvvəllərində Xaçmaz Kommunal Təsərrüfatı İdarəsindən atası Hüseyn Yusifova verilmişdir. Həmin mənzilə dair atasının adına Kommunal Təsərrüfat İdarəsinin verdiyi order olmuş, lakin order naməlum şəraitdə itmişdir. 60 ilə yaxın müddətdir ki, ailə həmin mənzildə yaşayır. Sözsüz ki, həmin mənzilə dair adına order verilməsəydi, Kommunal Təsərrüfat İdarəsi mənzildə yaşamağa qoymazdı. Əksinə Xaçmaz Kommunal Təsərrüfat İdarəsi həmin mənzilin tərəfindən özəlləşdirilməsinə etiraz etmir və bu barədə rəsmi arayış verilmişdir. Bundan da əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə-mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. Müraciətə cavab olaraq bildirilib ki, daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş qaydada hüquqlar dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlərin əsli, dövlət rüsumu və xidmət haqqının ödənilməsi haqqında sənəd rəsmi olaraq Əraz İdarəsinə müraciət edərək təqdim edəcəyi təqdirdə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, ərizənin icrasından xx.xx.2025-ci il tarixli, 3-21- 3-34/2-Y-0023/2025 nömrəli məktubla imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7212/2025 nömrəli, xx.xx.2025-ci il qərarı ilə iddia təmin edilməmişdir. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Lakin iddiaçı mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi mənzilə dair normada göstərilən hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olmuş sənədlərlə bağlı digər bir normativ sənəd Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısıdır ki, iddiaçı həmin Siyahıda sadalanan sənədlərdən hər hansı birini də təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı mənzilə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədlərə malik deyil..Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur.İnzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması hallarını müəyyən etməmişdir. Odur ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir. İddiaçının sahibliyində olduğunu iddia etdiyi mənzil üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İddiaçı sosial kirayə müqaviləsinin bağlanması üçün müraciət edə və bundan sonra mənzilin özəlləşdirilməsi məsələsini qaldıra bilər. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iş üzrə qəbul etdiyi qərar qanunsuz və əsassızdır. belə ki, mübahisəli mənzilə dair orderin özü onda olsaydı heç bir problem olmadan həmin mənzili reyestr idarəsində özəlləşdirə bilərdi. İddia ərizəsində qeyd etmiş ki, 60 ilə yaxın müddətdir ki, mübahisəli mənzildə yaşayır, həmin mənzildə doğulub boya-başa çatmış, həmin mənzil X17 iştirakçısı olmuş (müvafiq sənədlər birinci instansiya məhkəməsinə təqdim edilmişdir) atası Hüseyn Yusifova 1965-ci ildə X10 İdarəsi tərəfindən order verilməklə istifadəyə verilmişdir. Valideynləri bu mənzildə yaşamış və iddia ərizəsində göstərilən tarixlərdə vəfat etmişlər. Hal-hazırda mənzildə ailsi ilə birlikdə yaşayır. O və bütün ailə üzvləri bu mənzildə pasport qeydiyyatındadır. İddia ərizəmdə onu da qeyd etmişəm ki, mənzil çoxmənzilli binada yerləşir, digər mənzil sahibləri öz mənzillərini çoxdandır özəlləşdiriblər. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə istinad etmiş ki, mübahisəli mənzilə 60 ilə yaxındır fasiləsiz və etirazsız sahiblik edir. Bu hal iddia ərizəsində əlavə edilmiş Xaçmaz Mənzil İstismarı sahəsinin vermiş olduğu rəsmi arayışla və qonşuların iştirakı ilə tərtib edilmiş aktla təsdiq olunur. Mənzilə su, elektrik və qaz sayğacları quraşdırılmış, həmin sayğaclar mərhum anasının adına rəsmiləşdirilmişdir. Məhkəmənin qərarında ümumiyyətlə bu hal araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsini mübahisənin həll edilməsində tətbiq etməklə iddia tələbini təmin etməli idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;... Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. (-) Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunalməişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddia tələbi mənzilin özəlləşdirilməsi, mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan mənzilə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı sözügedən mənzilin order əsasında atasına işlədiyi idarə tərəfindən verilməsi, atasının 1991-ci ildə vəfat etməsi, anasının 2018-ci ildə vəfat etməsi, ailəsi ilə birlikdə həmin evdə yaşaması, kommunal xərclərin onun tərəfindən ödənilməsi, 60 ilə yaxındır orada yaşaması, həmin mənzildə pasport qeydiyyatında olması kimi hallara istinad edərək, onun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının atası barəsində mənzil verilməsi haqqında arxiv məlumatları aşkar edilməmişdir. İş materiallarından görünür ki, iddiaçının həin mənzildə doğulması və orada yaşaması barədə akt tərtib edilmişdir. İş materiallarından görünür ki, müvafiq Mənzil Kommunal Təsərrüfat İdarəsi tərəfindən iddiaçının 1965-cildən həmin evdə yaşaması, kommunal ödənişləri ödəməsi, mənzilin özəlləşdiirlməsinə etirazının olmadığı barədə arayış təqdim etmişdir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, indiki mərhələdə prosessual qanunvericiliyin tələbi baxımından iddianın mümkün sayılmaması üçün əsaslar müəyyən edilməmişdir. Kollegiya iddianın əsaslılığı ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtlərinin tələbinə əsasən hazırki iddia tələbinin əsaslılığı baxımından hüquqmüəyyənedici sənəd qismində çıxış edən orderin mövcudluğu müəyyən edilməlidir. İndiki halda isə iddiaçının mərhum atasının adına sözügedən mənzilin verilməsinə dair order və onun verilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Bu hal isə iddianının əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Başqa sözlə desək, iddiaçının mərhum atasının adına mənzilin verilməsinə və onun adına orderin tərtib edilməsinə dair halların mövcudluğu müəyyən edilməmişdir. Nəticə etibarilə işin müəyyən edilmiş həmin halları iddianının əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Bundan əlavə, kollegiya iddiaçının istinad etdiyi hallarla bağlı onu qeyd edir ki, iddiaçı həmin mənzildə 1965-ci ildən yaşaması, kommunal xərcləri ödəməsi kimi hallara istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtinə əsasən mənzildən uzun müddət faktiki istifadə etməsi, pasport qeydiyyatında olması və ya kommunal xərclərin ödənilməsi halı müstəqil əsas kimi mənzilin özəlləşdirilməsi əsası kimi nəzərdə tutulmadığından (normanın dispoztiv şərtində orderin olması zəruri şərt kimi nəzərdə tutulduğundan), hazırki iddia tələbinin əsaslılığını müəyyən edən hallar kimi çıxış etməmişdir. Bu baxımında kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi həmin arqumenti də əsassız olmuşdur. Nəticə etibarilə işin müəyyən edilmiş həmin halları iddianının əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları iddianının əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə halqı olmamış, cavabdehin imtinasının dəlillləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7212/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar