Məhkəmə qərarları › İş №2-1(105)-1195/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1195/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1195/2025 11.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı “X7” markalı, buraxılış ili-2007, mühərrik həcmi 2402 sm3, WF0XXXTTFX7Y85204 şassi/ban nömrəli nəqliyyat vasitəsinə dair onun adına müvafiq qeydiyyat hərəkətləri aparılmaqla həmin nəqliyyat vasitəsinə dair onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4150/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsinin surətindən görünür ki, “X7” markalı, buraxılış ili 2007-ci il tarixli, mühərrik həcmi 2402sm3, WF0XXXTTFX7Y852O4 ban nömrəli nəqliyyat vasitəsi İddiaçı tərəfindən Bolqarıstan Respublikasından Azərbaycan Respublikasına gətirilmişdir. İş materiallarına əlavə edilmiş X1nin surətindən görünür ki, kateqoriyası N2-8704, dizel mühərrikli, mühərrik həcmi 2402sm3, buraxılışı ili 2007-ci il olan VİN: WF0XXXTTFX7Y852O4, “X7” markalı AZS ***-**** ekoloji sinif 4 normativ sənədlərin tələbinə uyğundur. Cavabdehin 06 noyabr 2024-cü il tarixli, 3-13-16/2-M-184308 nömrəli imtina məktubunun surətindən görünür ki, nəqliyyat vasitəsinə aid sənədlərin itməsi səbəbindən xahişin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X6 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “X7” markalı, buraxılış ili-2007, mühərrik həcmi 2402 sm3, WF0XXXTTFX7Y85204 şassi/ban nömrəli nəqliyyat vasitəsinə dair onun adına müvafiq qeydiyyat hərəkətləri aparılmaqla həmin nəqliyyat vasitəsinə dair onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2021-ci ildə Bolqarıstan Respublikasının Varna şəhərində “Elit SM” LTD şirkətindən 750 evroya işlək vəziyyətdə olmayan, yəni demək olar ki, yarasız vəziyyətdə olan “X7” markalı, WF0XXXTTFX7Y852O4 ban nömrəli nəqliyyat vəsitəsi almış və həmin nəqliyyat vasitəsi TİR ilə Azərbaycan Respublikasının dövlət səhədinə qədər gətirilmişdir. 2021-ci ildə müvafiq gömrük sənədləşmələrindən keçdikdən və həmin nəqliyyat vasitəsinə görə gömrük rüsumlarım ödədikdən sonra o, həmin nəqliyyat vasitəsinə ilkin olaraq tranzit nömrə (MP790AZTR 21) almış, sonradan həmin nəqliyyat vasitəsi təmirdə olduğu zaman həmin nəqliyyat vasitəsinə dair bütün sənədlərin əsillərini itirmiş və buna görə də nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini ala bilməmişdir. Bununla bağlı nəqliyyat vasitəsinin qeydiyyatının aparılması üçün cavabdehə müraciə etmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin ona ünvanlanmış 06 noyabr 2024-cü il tarixli, 3- 13-16/2-M-184308 nömrəli məktubu ilə imtina cavabı almışdır. Göründüyü kimi, qeyd edilən nəqliyyat vasitəsinə dair sənədlərin əsilləri itdiyi həmin nəqliyyat vasitəsinin mənim adıma qeydiyyata alınmasından və həmin nəqliyyat vasitəsinə dair şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəyə əlavə edilən nəqliyyat vasitəsinə dair sənədlərin (Qeydiyyat Şəhadətnaməsi; xx.xx.2021-ci il tarixli, ********** nömrəli Kommersiya İnvoysu; Gömrük Bəyannaməsi, CMR; X1; Etibarnamə) məhz əsillərinin müvafiq dövlət orqanlarına təqdim edilməsinə əsasən, həmin nəqliyyat vasitəsinin ölkə xaricindən onun adına olan sənədlərə əsasən Azərbaycan Respublikasına gətirildiyi, Gömrük Bəyannaməsinə əsasən gömrük sərhədindən qanunvericiliyə uyğun olaraq onun adına keçirildiyi (idxal edildiyi) və onun tərəfimdən gömrük rüsumlarının ödənildiyi təsdiq olunur.Ərizəyə əlavə edilən sənədlər mötəbər şəkildə onu təsdiq edir ki, adları qeyd edilən sənədlərin məhz əsilləri mövcud olmuş, həmin sənədlərin məhz əsilləri əsasında həmin nəqliyyat vasitəsi Azərbaycan Respublikasının dövlət sərhədinə qədər gətirilmiş, məhz həmin sənədlərin əsilləri müvafiq dövlət orqanlarına (DSX-nin və DGK-nin müvafiq qurumlarına) təqdim olunmuş və məhz həmin sənədlərin əsillərinin əsasında müvafiq sənədləşləşmələr həyata keçirilməklə həmin nəqliyyat vasitəsi Azərbaycan Respublikasının dövlət səhədindən və gömrük nəzarətindən keçirilmiş və ona müvafiq sənədlər tərtib edilərək verilmişdir. Beləliklə, o qeyd edilən nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi əsasında dəyərini ödəməklə əldə etmiş və müvafiq gömrük bəyannaməsi əsasında gömrük rüsumunu ödəmiş və həmin nəqliyyat vasitəsinə dair onun adına X1 verilmişdir və həmin nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanında onun adına qeydiyyatı üçün bütün sənədləri mövcud olmuşdur, lakin həmin sənədlərin əsillərini itirdiyinə görə bunu həyata keçirmək mümkün olmamışdır. Buna görə də o, mülki mühakimə icraatı qaydasında cavabdeh Baş Dövlət Yol Polis İdarəsinin qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması və müvafiq qeydiyyat hərəkətləri aparılmaqla nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən “X7” markalı, buraxılış ili2007, mühərrik həcmi: 2402sm3, WF0XXXTTFX7Y85204 Şassi/ban nömrəli nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması, həmin nəqliyyat vasitəsinə dair müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi, həmin nəqliyyat vasitəsinə dair onun adma “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsininüzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin e-2(001)-1567/2025) xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsinin qəbul edilməsindən imtina olunması, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərinin geri qaytarılması, iddiaçıya hazırki iddia tələbi ilə bağlı inzibati məhkəməyə müraciət etməli olmasının izah olunması qərara alınmışdır. Buna görə də o Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2-1(118)-4150/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin hərəkətləri qanunidir. Belə ki, sözügedən nəqliyyat vasitəsinə dair iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi cavabdehə müvafiq imtinanın verilməsi üçün əsasdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin müvafiq qərarının əsaslandırıcı hissəsi ilə nəticə arasında tam kəskin və ciddi ziddiyyət vardır. Belə ki, məhkəmə cavabdehin imtinasını qanunsuz, əsassız və sübuta yetirilməmiş hesab etdiyi halda, iddianı təmin etməmişdir. Başqa sözlə, məhkəmənin əslində hansı qərarı qəbul etdiyi məlum deyildir. Belə ki, bəhs edilən inzibati mübahisə üzrə keçirilən bütün məhkəmə iclaslarında hakim iddiaçı tərəfdən irəli sürülən iddia ilə bağlı hər hansı bir əlavə sənəd və ya digər sübut tələb etməmiş, yalnız qeyd edilən nəqliyyat vasitəsinin axtarışda olubolmaması ilə bağlı məlumatın əldə edilməsi məqsədilə məhkəmənin özü tərəfindən miivafıq inzibati orqanlara verilmiş sorğular üzrə əldə olunmuş sənədlərdə (cavab məktublarında) həmin nəqliyyat vasitəsinin axtarışda olmadığı müəyyən edilmişdir. Bütün məhkəmə prosesi ərzində məhkəmə tərəfindən iddiaçı tərəfə iddia tələbi ilə bağlı hər hansı bir qeyri-müəyyənliyin və çatışmazlığın mövcud olduğu barədə hər hansı bir dəlil irəli sürülməmiş və ya hər hansı bir məlumat verilməmiş, hər hansı bir xəbərdarlıq edilməmiş, hər hansı bir əlavə sübut tələb edilməmiş və buna görə də məhkəmə tərəfindən iddiaçı tərəfə yardım etmək təklif edilməmişdir. Halbuki, qeyd edilmiş hallardan hər hansı biri iddia ərizəsinə baxıldığı zaman mövcud olmuş olsaydı, məhkəmə İPM-nin tələblərinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa və müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borclu olduğu və proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb etməli və proses iştirakçılarına yardım etməli olduğu üçün, əgər həqiqətən də belə hallar var idisə iddiaçı tərəfə yardım etməli və iddiaçı tərəfindən qeyd edilən məsələlərə (qeyrimüəyyənliklərə) aydınlıq gətirilməsini, çatışmazlıqların aradan qaldırılmasını və əlavə sübutlar təqdim edilməsini tələb etməli idi. Lakin bütün məlikəmə iclasları cəmi bir neçə dəqiqə davam etmiş, hakim bir neçə suallar vermiş və iddiaçı tərəf də həmin suallara sübutlara istinad etməklə cavab vermişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair hər hansı bir etiraz olmamış, əksinə iddia tələbini ən mötəbər şəkildə təsdiq edən əsas mötəbər sübutlardan biri (nəqliyyat vasitəsinin axtarışda olmamasına dair cavab məktubu) təqdim olunmuşdur. Cəmi bir məhkəmə iclasında, məhkəmənin ilk iclasında iddia mümkün sayılmışdır. Bu da onu təsdiq edir ki, bəhs edilən inzibati mübahisə üzrə iddia tələbi və onu təsdiq edən sübutlar ilə bağlı heç bir qeyri- müəyyənlik, çatışmazlıq və digər hər hansı bir problem olmamışdır ki, iddia tələbi cəmi bir məhkəmə iclasında mümkün sayılmışdır. İddiaçı tərəf bundan sonra inanmışdır və əmin olmuşdur ki, iddia tələbi qanuni, əsaslı olduğu və mötəbər sübutların məcmusu ilə tam və qəti şəkildə təsdiq olunduğu üçün təmin olunacaqdır. Lakin məhkmə qanunsuz və əsassız olaraq iddiamı təmin etməmişdir. İddiaçı tərəfin mövqeyinə əsasən, iddiaçı tərəf məhkəməyə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etdiyi, işin bütün faktiki halları düzgün müəyyən edildiyi və cavabdeh tərəfindən heç bir etiraz olmadığı və məhkəmə tərəfindən hər hansı bir əlavə sübut tələb edilmədiyi üçün bu vəzifələrin icra edilməsinə heç bir ehtiyac olmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanun Maddə 27 : İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. ....İV-İ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 1) nəqliyyat vasitəsinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi; 2) nəqliyyat vasitəsinin dövlət qeydiyyatını və daimi uçota alınmasını, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı həmin fəaliyyəti həyata keçirən dövlət orqanında “bir pəncərə” prinsipinin təşkili; 3) nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi və texniki baxışı ilə bağlı hərəkətlərin fasiləsiz olaraq həyata keçirilməsi; 4) nəqliyyat vasitəsinin müayinəsinin və texniki baxışının növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə aparılması; 5) dövlət rüsumunun, bu Qanunun 27-ci maddəsinin V hissəsində nəzərdə tutulan inzibati cərimənin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi; 5-1) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1 - 57.4-cü və 97.4cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması; 6) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin, dövlət qeydiyyat nişanlarının verilməsinin elektron idarəetmə sistemi; 7) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (bu Qanunun 27-ci maddəsinin Vİ-İİ hissəsinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. V-İİ. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. .....Vİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını..... XİV. Təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri, habelə rəngi dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxanılmalıdır. Hazırkı iş üzrə iddiaçının iddia tələbi “X7” markalı, Buraxılış ili-2007, mühərrik həcmi 2402 sm3 , WF0XXXTTFX7Y85204 Şassi/ban nömrəli nəqliyyat vasitəsinə dair onun adına müvafiq qeydiyyat hərəkətləri aparılmaqla həmin nəqliyyat vasitəsinə dair onun adına nəqliyyat vasitəsinini qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Cavabdeh inzibati orqan həmin nəqliyyat vasitəsinə aid sənədlərin təqdim edilməməsi (itməsi) səbəbindən müraciətin icrasından imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, “X7” markalı, buraxılış ili 2007-ci il tarixli, mühərrik həcmi 2402sm3, WF0XXXTTFX7Y852O4 ban nömrəli nəqliyyat vasitəsini Mustafayeva X3 Respublikasından Azərbaycan Respublikasına gətirmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş gömrük bəyannaməsi ilə təsdiqlənir. Daha sonra iddiaçı qeyd olunan nəqliyyat vasitəsinə aid hüquqmüəyyənedici sənədlərin əsillərini itirmişdir. Bu səbəbdən də, iddiaçı həmin nəqliyyat vasitəsinin rəsmişlədirilməsi üçün cavabdeh inzbati orqana müraciət etmiş, bu zaman nəqliyyat vasitəsinə aid hüquqmüəyyənedici sənədləri itirməsi səbəbilə cavabdeh inzibati orqana təqdim edə bilməmişdir. Nəticədə cavabdeh inzibati orqan iddiaçının müraciətini müsbət həll etməmişdir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələbinə uyğun olmaqla, əsaslı olmuşdur. Belə ki, nəqliyyaat vasitəsinin rəsmiləşdirilməsi zamanı həmin nəqliyyat vasitəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. 1.4-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda: 1) əldə edildiyi vaxtdan on gün ərzində; 2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; 3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində: 4) xarici dövlətlərdən gətirildikdə gömrük rəsmiləşdirilməsi keçdiyi vaxtdan on gün ərzində; 5) Nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan nəqliyyat vasitəsini qeydiyyata aldırmalıdırlar. 1.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində: 1) dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə gömrük öhdəçiliyi olmayan; 2) dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsi qəti qadağandır. 2.6-ci bəndinə əsasən nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. 2.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.

16. Nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması zamanı süründürməçiliyə yol verilməsindən və yaxud onlardan imtina olunmasından inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan Əsasnamənin 2.8-ci bəndində nəqliyyat vasitəsinin barəsində qeydiyyat hərəkətlərinin həyata keçirilməsi üçün təqdim olunmalı sənədlər sadalanmışdır. Xarici ölkədən Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri üçün nəqliyyat vasitəsinin gətirildiyi ölkədə qeydiyyatdan çıxarılmasını təsdiq edən sənədin təqdim olunması tələb olunur ki, iddiaçı tərəfindən həmin sənəd təqdim edilməmişdir. İddiaçı idida ərizəsinə kserosurət və xarici dildə olan bir sənəd təqdim etmişdir ki, həmin sənədin məzmununu anlamaq və mötəbər sübut kimi qiymətləndirmək mümkün deyildir. Bundan başqa nəqliyyat vasitələri xarici ölkədən Azərbaycan Respublikasına gətirildikdən və gömrük rəsmiləşdirilməsi keçdiyi vaxtdan 10 gün ərzində onların qeydiyyat alınması üçün müvafiq quruma müraicət edilməlidir. Hazırki işdən görünür ki, mübahisəli nəqliyyat vasitəsinə dair gömrük bəyannaməsi xx.xx.2021-ci il tarixdə verilməsinə baxmayaraq qeydiyyatın aparılması ilə bağlı müraciət 2024-cü ilin noyabr ayında, yəni 4 ildən çox müddət keçdikdən sonra edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4150/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar