Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1197/2025 10.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X7 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçının l dərəcəli Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin xx.xx.2024-cü il tarixdən elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-4020/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İş materiallarına əlavə edilmiş Tibbi-Sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, xx.xx.2004-cü ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3- 8163/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qərarı ilə iddiaçının tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 22 №li Zona Tibbi-Sosial Ekspert Komissiayısının 2391 saylı xx.xx.2004-cü il tarixli təkrar müayinə aktına əsasən, İ qrup müddətsiz təyin olunmuş əlillik dərəcəsinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 22 №li Zona TSEK-nın 2391 saylı xx.xx.2004-cü il tarixli təkrar müayinə aktına əsasən, İ qrup müddətsiz təyin olunmuş əlillik dərəcəsinin bərpa olunması məqəsdilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qəbul etdiyi, İddiaçı xx.xx.2024-cü il tarixindən Tam reabilitasiya olması barədə qərarının ləğv olunması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci ildən İİ qrup əlillik dərəcəsi ilə təqaüdə çıxmışdır. 1996-cı ildən səhhətində yaranmış daha ciddi fəsadlara görə, həkim ekspert komissiyası tərəfindən ona İ qrup əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 22 №li Zona tibbi-sosial ekspert komissiayısının 2391 saylı xx.xx.2004-cü il tarixli təkrar müayinə aktına əsasən, iddiaçıya İ dərəcəli müddətsiz əlillik dərəcəsi təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-H-32669/2024 saylı məktubu ilə bildirilmişdir ki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyi müəyyən edilmiş şəxslər əyani müayinəyə cəlb edilir. Buna əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən xx.xx.2004-cü il tarixində təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul olunması haqqında məktubla məlumat verilmiş, lakin həmin qərar məktuba əlavə edilməmişdir. Bildirir ki, iddiaçıya təyin olunmuş əlillik dərəcəsi Agentliyin məktubunda qeyd olunan səbəblərə görə deyil, döyüşdə aldığı xəsarətlərə və sonradan yaranmış xəstəliklərinə görə qanuni olaraq, ekspert komissiyalarının müəyyən etdiyi əsaslarla təyin edilmişdir, lakin 2024-cü ilin dekabr ayından xx.xx.2004-cü il tarixində təyin olunmuş müddətsiz birinci əlillik dərəcəsi ləğv edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi formal mülahizələrə əsaslanan, qeyri-qanuni mövqeyini bildirən məktubu və orada qeyd olunan qərarı ilə tamamilə razı deyil. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mövqeyi ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə ziddiyyət təşkil edir. Cavabdehin iddiaçının barəsində qəbul etdiyi inzibati aktın İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada qanunla qorunan hüquqlarımı pozduğunu hesab edir. Məhkəməyə iddia ərizəsi ilə müraciət etməkdə hüquqi marağı xəstəlikləri ilə bağlı təyin olunmuş müddətsiz əlillik dərəcəsinin bərpa edilməsinə yönəlmişdir. Belə ki, əlillik dərəcəsi ilə pensiya təminatı hüququ müvafiq normativ hüquqi aktlarla tanınır. Tərəfindən iddianın xüsusi mümkünlük şərtinə riayət olunmuşdur, lakin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Azərbaycan Respublikası NK-nin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na qanunsuz olaraq istinad etdiyindən hazırki mübahisə yaranmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildiririk ki, vətəndaşın əlillik vəziyyəti xx.xx.2004-cü il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir (TSEK arayışının nömrəsi: 840554). Vətəndaş 3-17-4/2-K-21746/2024 nömrəli bildiriş əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 199 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Odlu qəlpə yaralanması nəticəsində sağ diz nahiyəsinin arttrogen kontrakturası, mülayim dərəcədə ifadə olunan hərəkət pozğunluğu ilə. Əməliyyat (20.04.95) arttrotomiya, diz altı nahiyənin trepanasiya, qəlpələr çıxarılması. Sağ əldə və sağ ənsə-təpə nahiyəsində bərkimiş dəri çapıqları, odlu qəlpə yaralanmasından sonra təpə nahiyəsində metal qəlpənin çıxarılması (xx.xx.1992)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı otağa təkərli oturacaqda daxil olmuş, danışmamış, özünü təqdim edə bilməmiş, başı və əllərində tremor izlənilmiş (simulyativ xarakterli), anlaqlı olması müəyyənləşdirilmiş, vətəndaş eşitdiyini, lakin cavab verə bilmədiyini izah etməyə çalışmışdır. Müayinə gedişatına dəvət olunmuş həyat yoldaşının (X9) verdiyi anamnestik məlumatlar “Yoldaşım müharibədə yaralanıb və bir tərəfi işləmir, 44 günlük Vətən müharibəsindən sonra hərəkətləri daha da məhdudlaşıb, qəbul etdiyi dərmanların adlarını özüm də xatırlamıram, dərmanların qutuları evdə qalıb. Gündə üç dəfə ağrıkəsici və iynə vururuq, Maştağa və Quba psixiatrik dispanserlərdə yatmış, dizindən və qolundan əməliyyat olunmuş, hal-hazırda danışa bilmir, insult keçirib” kimi olmuşdur. Anamnestik məlumatlara əsasən, çoxsaylı şikayətlər və keçirilmiş insult haqqında məlumat verilsə də, təsdiqləyici heç bir tibbi müayinə və müalicə sənədləri təqdim edilməmişdir. Müayinə zamanı sağ təpə nahiyəsində kiçik ölçülü yad cisim qeyd edilmiş, sağ diz önü nahiyəsində dəri çapığı izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji statusunda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış D=S, patoloji reflekslər alınmamış, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, yerişində aqravasiya etmişdir. X14 xx.xx.2024- xx.xx.2024-cü il tarixli 51175 nömrəli Çıxarışında diaqnoz “Vertebrobazilyar arterial sistem sindromu. Beyin infarktının nəticələri. Beyinin xroniki işemiyası. Aşağı spastik paraparez. Posttravmatik ensefalopatiya. Özünə xidmət zamanı köməyə ehtiyacı var. Hipertoniya xəstəliyi İİİ mərhələ” kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq, “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-4020/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2024-cü il tarixdən birinci dərəcəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2004-cü ildə qiymətləndirilmiş və ona birinci dərəcəli əlillik müddətsiz təyin edilmişdir. Cavabdeh 2004-cü il tarixli inzibati aktın ləğvi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə, həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. İşin faktiki hallarından məlumdur ki, cavabdeh tərəfindən belə icraat aparılmamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, etirazları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq müvafiq tibbi-ekspertiza və ya əyani müayinəyinin keçirilməsi barədə qərardad qəbul etməmişdir. Bu isə işin nəticələrinin “Tam reabilitasiya olması” barədə qərar iddiaçının mövcud tibbi sənədləri əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Qeyd olunan diaqnoz “Tam reabilitasiya olması” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçının 1ci dərəcəli Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin xx.xx.2024-cü il tarixdən elektron alt sistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi və eyni zamanda izah etdi ki, xx.xx.2024-cü il tarixli qərar barədə 2024-cü ilin dekabr ayında məlumat almışlar və 1 aylıq iddia müddətini ötürmədən inzibati məhkəmədə müvafiq iddianı qaldırmışlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. .....
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); https://e-qanun.az/framework/44218 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçının 1-ci dərəcəli Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin xx.xx.2024-cü il tarixdən elektron alt sistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli qərar əsasında əlilliyin təyin edilməsindən imtina olunmuş, imtina əsası kimi “Tam reabilitasiya olması” göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Əvvəla, iddianın mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin özünün təqdim etdiyi materiallardan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli qərar elektron məlumat sisteminə xx.xx.2024-cü il tarixdə yerləçdirilmişdir. Bundan sonra həmin qərarın hər hansı şəkildə (poçt və ya SMS vasitəsi ilə) iddiaçıya göndərilməsini təsdiq edən sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi mübahisələndirilən qərardan 2024-cü ilin dekabr ayında məlumat alan kimi hazırki ididanı qaldırdıqlarını bildirir ki, iddianın məhkəməyə xx.xx.2025-ci il tarixdı daxil olması bu halı təsdiq edir. Bununla bağlı məhkəmə kollegiyasl hesab edir ki, hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2004-cü ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra cavabdeh 2024-cü ildə əlavə müayinənin aparılması üçün iddiaçını əyani müayinəyə dəvət etmiş, iddiaçı əyani müayinəyə getmişdir. Nəticədə cavabdeh inzibati orqan iddiaçı barəsində “Tam reabilitasiya olması” barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində birinci dərəcə müddətsiz əlillik təyin edilməsi ilə bağlı qərar qəbul etdiyi halda, həmin qərarın mötəbərliyinin şübhə altına alan əsaslı sübutlar mövcud olmadığı halda, əlavə əyani müayinə aparılaraq onun barəsində “Tam reabilitasiya olması” barədə qərar qəbul etməklə və nəticə olaraq əlilliyi ləğv etməklə bağlı qənaətə gəlməsi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa ziddir. Başqa sözlə desək, cavabdehin istinad etdiyi hal ümumi söz şəklində ifadə edildiyindən, formalaşdırılmış məhkəmə təcrübəsinə uyğun olaraq inzibati icraatın təzələnməsinə əsas olan halın “əsaslı şübhə” kimi qiymətləndirilməsinə əsas vermir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqan “müxtəlif risk qrupuna daxil olması” ümumi söz şəklində istinad etməklə, özünün qəbul etdiyi qərarı şübhə altına almaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikasının məhkəmələrinə ünvanlanmış 15 may 2024-cü il tarixli, 1-8-10/2-824/2024 saylı icmal məktubunda qeyd edilmişdir ki, “İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünülüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Həmçinin bu kateqoriyadan olan işlərə baxılarkən əlilliyi müddətli müəyyən edilmiş şəxslərin əyani müayinəsinin nəticələrinin ona əlilliyin müəyyən edildiyi vaxta uyğun sağlamlıq vəziyyətini qiymətləndirməyə imkan verərək müddətdə aparılmalı olması da nəzərə alınmalıdır. Cavabdeh inzibati orqanın vətəndaş X8 tərəfindən xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş məktub əsasında inzibati icraat başlamasına münasibətdə məhkəmə qeyd edir ki, həmin şəxsin kimliyi cavabdeh inzibati orqan tərəfindən araşdırılmadan və məktubda qeyd edilən hallarla bağlı müvafiq təsdiqedici sənəd və sübutlar tələb edilmədən yalnız şəxsiyyəti təsdiq edilməmiş şəxs tərəfindən verilmiş məktub “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut” kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, X2 barəsində inzibati orqan tərəfindən hər hansı araşdırma aparılmamışdır. Həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi iddiaçının X4 tanımadığı və hansı əsasla belə məlumat verməsindən xəbərdar olmadığı bildirilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 199 nömrəli xəstəlik haqqında Şəhadətnamədə diaqnozu “Odlu qəlpə yaralanması nəticəsində sağ diz nahiyəsinin arttrogen kontrakturası, mülayim dərəcədə ifadə olunan hərəkət pozğunluğu ilə. xx.xx.1995-ci il tarixdə arttrotomiya, diz altı nahiyənin trepanasiya, qəlpələr çıxarılması əməliyyatı olunmuş. Sağ əldə və sağ ənsə-təpə nahiyəsində bərkimiş dəri çapıqları, odlu qəlpə yaralanmasından sonra təpə nahiyəsində metal qəlpənin çıxarılması (xx.xx.1992)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçıya 1995-ci ildə İİ qrup əlillik, 1996-cı ildən isə İ qrup əlillik dərəcəsi təyin edilmişdir. 2391 saylı xx.xx.2004-cü il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 22 №li Zona tibbi-sosial ekspert komissiyasının təkrar müayinə aktına əsasən, iddiaçıya İ qrup müddətsiz əlillik dərəcəsi təyin olunmuşdur. Bu hal özlüyündə cavabdeh inzibati orqanın “tam reabilitasiya olması” barədə qəbul etdiyi qərarın qanunazidd olduğunu deməyə əsas verir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir. Bununla bağlı kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddiaçının nümayəndəsinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-4020/2025 nömrəli nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və İddiaçı xx.xx.2024-cü il tarixdən birinci dərəcəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.