Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-12/2022 11.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2- 1(118)-133/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Şamaxı rayon Çıraqlı Bələdiyyəsi Başçısının 25 fevral 2007-cı il tarixli, 02 saylı qərarına əsasən, bələdiyyənin perpektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı/şərti yararsız torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı tikinti məqsədi üçün 40 kv.m, kənd təsərüfatı məqsədi üçün 10 kv.m, cəmi 50 kv.m torpaq sahəsinin satılması qərara alınmış və Şamaxı Bələdiyyəsinin nümayəndəsi ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 337 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı rayon Torpaq Şöbəsi tərəfindən təsdiq edilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 28 mart 2007-cı il tarixli, 54 saylı sərəncamına əsasən iddiaçıya Acıdərə ərazisi yaxınlığında, Bakı-Qazax magistral yolunun şərq hissəsində yolun mühafizə zonası (60 metr) gözlənilməklə fərdi layihə əsasında heyvandarlıq məhsullarının satışı məqsədi ilə 8,0x5,0 metr ölçüdə mağaza tikilməsinə icazə verilmişdir. İddiaçı cavabdeh Azərbaycan X7 Agentliyinə ərizə ilə müraciət edərək M4 Bakı- Şamaxı-Yevlax avtomobil yolunun dörd zolağa genişləndirilməsi zamanı ət dükanının torpaq yatağının altında qalması ilə bağlı ona kompensasiya ödənilməsini xahiş etmişdir. Cavabdeh 04 fevral 2020-ci il tarixli, A-3/13-869 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, magistral avtomobil yolunda tikinti-quraşdırma işləri aparılan zaman müəyyən edilmişdir ki, iddiaçıya məxsus ət dükanı yolun təhkim zolağından kənarda yerləşir. Bu səbəbdən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sözügedən obyektə kompensasiya hesablanmamış və buna uyğun olaraq da Maliyyə Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsait ayrılmamışdır. İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 20000 manat kompensasiyanın, 15000 manat maddi və 12000 manat mənəvi ziyanın birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək, mülkiyyətində olmuş torpaq sahəsi üçün 1000 manat, mağaza üçün 13000 manat məbləğində kompensasiya məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Çıraqlı Bələdiyyəsinin (hal-hazırda Sabir Bələdiyyəsi adlanır) 25 fevral 2007-cı il tarixli 02 saylı qərarı ilə ona ayrılmış 50 kv.m torpaq sahəsində Şamaxı rayon İcra Hakimiyyət Başçısının 28 mart 2007-cı il tarixli, 54 saylı sərəncamına əsasən, ət və heyvandarlıq məhsullarının satışı məqsədi ilə 8,0x5,0 metr ölçüdə mağaza tikmişdir. Cavabdeh tərəfindən Bakı-Qazax magistral yolunun genişləndirilməsi ilə bağlı onun mağazasına gedən yol tamamilə kəsilmiş, 10 metrdən yuxarı sədd qoyulmuş, bununla da ona maddi və mənəvi ziyan dəymişdir. Yolun genişləndirilməsi ilə bağlı ona məxsus ət mağazası plana düşərək, 10 m torpaq altında qalmışdır. 6 nəfər ailə üzvləri ilə birlikdə həmin mağazadan əldə olunan gəlirlə dolanırdılar. Cavabdeh iddiaçıya nə kompensasiya ödəyir, nə də digər yerlə təmin edir. Cavabdeh orqan iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi tikili cavabdeh tərəfindən sökülməmişdir. Bu barədə iddiaçının cavabdehə ünvanladığı müraciətinə cəmiyyətdə aidiyyəti üzrə baxılmış və rəsmi qaydada iddiaçıya bildirilmişdir ki, sahəyə baxış keçirilən zaman ət dükanının magistral yola girişçıxışla bağlı heç bir problemi aşkar olunmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2-1(118)-847/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (hakim C.Məmmədov). Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2-1(118)-133/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı-Qazax magistral yolunun şərq hissəsində yerləşən 50 kv.m torpaq sahəsi və üzərində mövcud olmuş qeyri-yaşayış obyektinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq iddiaçıya 14000 (on dörd min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov). Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(105)-12/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2-1(118)-847/2020 nömrəli qərardadı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(105)-12/2022 nömrəli qərardadı ilə “X11 Sanayi ve Ticaret A.Ş” üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı halda iddiaçı ona vurulan zərərin məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsinə, həmçinin, cavabdehin təqsirli hərəkətləri nəticəsində daşınmaz əmlakın tam məhv olması ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçının iddiada göstərdiyi daşınmaz əmlakın yerləşdiyi yolun hissəsində heç bir işlər aparılmayıb. Eyni zamanda Bakı-Qazax magistral avtomobil yolunun tikinti işləri aparıldığı zaman yolun altına düşən vətəndaşların torpaq sahələrini, əkililəri və tikintilərini siyahıya almaq məqsədilə müxtəlif icra orqanlarının nümayəndəlilərindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan X7 Agentliyi, ƏMDK, "xxxx" MMC, Maliyyə Nazirliyi, notarius, və s.) ibarət komissiya təşkil olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlanmış və mövcud olan hər bir əmlak qeydə alınmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Şamaxı rayon İcra Hakimiyyətinin 54 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamına və Çıraqlı Bələdiyyəsinin 02 nömrəli xx.xx.2007-ci il tarixli qərarında da vurğulanmışdır ki, iddiaçıya obyekt tikilməsinə Bakı-Qazax magistral avtomobil yolunun mühafizə zolağı (60 metr) gözənilməklə icazə verilmişdir. Bununla yanaşı, avtomobil yolunun tikintisi layihə çərçivəsində aparılan siyahıyaalma zamanı iddiada göstərilən torpaq sahəsi və obyekt faktiki olaraq avtomobil yolunun tikintisi altına düşmədiyindən və mühafizə zolağından kənar yerləşdiyindən həmin əmlakın dövlət ehtiyacları üçün alınması zərurəti yaranmamış və Agentlik tərəfindən həmin obyektin sökülməsi həyata keçirilməmişdir. Bundan əlavə Bakı-Qazax magistral yolunun layihəsi çərçivəsində aparıldığı işlər zamanı tikinti altına düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahını dəqiqləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda Azərbaycan X7 Agentliyi tərəfindən həyata keçirilən Bakı-Qazax magistral yolunun layihəsi altına düşən maneələrin siyahısında iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bununla yanaşı məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, iddiada qeyd edilən obyektin həqiqətən tikinti altına düşübdüşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) düşdüyü müəyyənləşdirilməmiş, araşdırma aparılmamış və bununla bağlı ziddiyətlər aradan qaldırılmamışdır. Cavabdeh eyni zamanda sonradan apellyasiya şikayətinə əlavə təqdim etmişdir. Əlavə onunla əsaslandırılmışdır ki, 03 noyabr 2017-ci il tarixində Azərbaycan X7 Agentliyi ilə “X11 Sanayi ve Ticaret A.Ş” arasında müqavilə bağlanmış və müqavilə üzrə sifarişçi X7 Agentliyi, podratçı isə “X11 Sanayi ve Ticaret A.Ş” adlandırılmışdır. Tərəflər arasında bağlanmış müqavilə predmetinə əsasən Bakı-Şamaxı 4 zolağlı avtomobil yolunun 91-107 km hissəsinin genişləndirilməsini, həyata keçirilməsini və tamamlanmasını podratçı “X11 Sanayi ve Ticaret A.Ş” öhdəsinə götürmüşdür. 03 noyabr 2017-ci il tarixli müqavilənin 17-ci bəndində qeyd olunub ki, podratçı şifarişçini, sifarişçinin işçi heyətini və onların müvafiq agentlərini aşağıdakılarla bağlı bütün iddialar, zərərlər, itkilər və xərclərə (hüquqi rüsumlar və xərclər də daxil olmaqla) qarşı hallardan qorumalı və belə hal baş verdiyi halda təzminat ödəməlidir: a) Podratçının layihəsi (əgər varsa), işlərin yerinə yetirilməsi və tamamlanması və hər hansı qüsurların aradan qaldırılması nəticəsində və ya səbəbindən və ya ona görə hər hansı bir şəxsin bədən xəsarəti, xəstəliyi, xəstələnməsi və ya ölümü (əgər belə hal sifarişçinin işçi heyətinin və ya onların hər hansı bir agentinin səhlənkarlığı, qəsd hərəkəti və ya sifarişçinin müqavilənin şərtlərini pozması səbəbindən baş verməyibsə); b) Podratçının layihəsi (əgər varsa), işlərin yerinə yetirilməsi və tamamlanması və hər hansı qüsurların aradan qaldırılması nəticəsində hər hansı daşınmaz və ya şəxsi (işlərdən başqa) əmlaka dəyən ziyan və ya itki (əgər belə hal sifarişçinin işçi heyətinin və ya onların hər hansı bir agentinin birbaşa və ya dolayı yolla onlar tərəfindən işə götürülənlərin səhlənkarlığı, qəsd hərəkəti və ya sifarişçinin müqavilənin şərtlərini pozması səbəbindən baş verməyibsə). Həmin müqavilənin 23-cü bəndində qeyd olunub ki, podratçı öz fəaliyyətini iş sahəsində və podratçı tərəfindən əldə edilə bilən və mühəndis tərəfindən əlavə iş sahələri kimi razılaşdırıla bilən hər hansı əlavə sahələrlə hüdudlaşdırmalıdır. Podratçı podratçının avadanlıqlarını və podratçının personalını iş sahəsində və bu əlavə ərazilərdə saxlamaq və onları yaxın torpaqdan uzaq tutmaq üçün bütün zəruri tədbirləri görməlidir. İşlərin icrası zamanı podratçı iş sahəsini bütün lazımsız maneələrdən azad etməli və podratçının hər hansı avadanlıqlarını və ya artıq materiallarını saxlamalı və ya utilitizasiya etməlidir. Podratçı artıq tələb olunmayan hər hansı söküntü qalıqlarını, tullantıları və müvəqqəti işləri iş sahəsindən təmizləməli və kənarlaşdırmalıdır. iddiaçının Bakı-Şamaxı avtomobil yolunun kənarında mağazasının yerləşdiyi hissəsinin təmir-tikinti işləri X7 Agentliyi tərəfindən həyata keçirilməyib. Hesab edir ki, iddiaya cavab verməli olan cavabdeh Agentlik deyil, bu baxımdan, iddia mümkün sayılmamalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən Maliyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə torpaq sahəsinin və üzərində yerləşmiş mağazanın dəyəri ilə bağlı ekspertiza təyin edilmiş və “X9” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, CEG-M169 nömrəli Qiymətləndirmə hesabatına əsasən iddiaçının sahibliyində olan yolun tikinti altına düşən 50 kv.m torpaq sahəsinin dəyəri 1000 manat, torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış obyektinin bazar dəyəri isə 13000 manat müəyyən edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti və şikayətə əlavəyə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etdi ki, o, cavabdeh tərəfindən Bakı-Qazax magistral yolunun genişləndirilməsi zamanı ona məxsus ət mağazasının torpağın altında qalması ilə bağlı vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş edir. İddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında bildirdi ki, Azərbaycan X7 Agentliyi ilə “X11 Sanayi ve Ticaret A.Ş” arasında bağlanmış 03 noyabr 2017-ci il tarixli podrat müqaviləsi üzrə sifarişçinin istəyinə əsasən Bakı-Şamaxı-Muğanlı 4 zolaqlı avtomobil yolunun 91-ci kilometrindən 107-ci kilometrədək olan hissəsinə asfalt yolun çəkilməsi tərəflərindən həyata keçirilmiş, podrat müqaviləsinə heç bir əlavə olmamışdır. Yolun 108-ci km hissəsində təmir-tikinti işləri onlar tərəfindən aparılmamışdır. Bu səbəbdən hesab edir ki, apelyasiya şikayətinə əlavənin dəlilləri əsassızdır. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. (-) V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Vİ. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Maddə 59. Azad sahibkarlıq hüququ İ. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 210. Mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokol. Maddə 1. Mülkiyyət hüququ. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi Şamaxı rayon Çıraqlı Bələdiyyəsi Başçısının 25 fevral 2007-cı il tarixli, 02 saylı qərarı ilə iddiaçıya tikinti məqsədi üçün 40 kv.m, kənd təsərüfatı məqsədi üçün 10 kv.m, cəmi 50 kv.m torpaq sahəsinin satılması qərara alınmış, Şamaxı rayon İHB-nın 28 mart 2007-cı il tarixli, 54 saylı sərəncamına əsasən iddiaçıya Acıdərə ərazisi yaxınlığında, Bakı-Qazax magistral yolunun şərq hissəsində yolun mühafizə zonası (60 metr) gözlənilməklə fərdi layihə əsasında heyvandarlıq məhsullarının satışı məqsədi ilə 8,0x5,0 metr ölçüdə mağaza tikilməsinə icazə verilmişdir. Bundan sonra iddiaçı tərəfindən sözügedən ünvanda ət mağazası inşa edilmişdir. Hazırkı mübahisə predmeti cavabdeh tərəfindən iddiaçının əmlakına vurulmuş ziyana görə torpaq sahəsi üçün 1000 manat, mağaza üçün 13000 manat, ümumilikdə, 14000 manat məbləğində kompensasiya məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədədir. Belə ki, iddiaçı cavabdeh orqan tərəfindən Bakı-Qazax magistral yolunun genişləndirilməsi ilə bağlı onun mağazasına gedən yolun tamamilə kəsildiyi, 10 metrdən yuxarı sədd qoyulduğu və mağazanın plana düşərək 10 m torpaq altında qaldığını iddia edir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardır: 1) Mübahisələndirilən torpaq sahəsi və qeyri-yaşayış obyekti faktiki olaraq avtomobil yolunun tikintisi altına düşmədiyindən və mühafizə zolağından kənar yerləşdiyindən həmin əmlakın dövlət ehtiyacları üçün alınması zərurəti yaranmamış və Agentlik tərəfindən həmin obyekt sökülməmişdir; 2) Birinci instansiya məhkəməsi mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, iddiada qeyd etdiyi obyektin həqiqətən tikinti altına düşübdüşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) düşdüyü müəyyənləşdirilməmiş, araşdırma aparılmamış və bununla bağlı ziddiyətlər aradan qaldırılmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bu zaman ona əsaslanmışdır ki, iddiaçının sahibliyində olan torpaq sahəsi və üzərində mövcud olmuş qeyri-yaşayış obyekti M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun dörd zolağa genişləndirilməsi zamanı tikinti altına düşdüyündən həmin əmlakların dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Hazırkı iddia tələbi iki hissədən ibarətdir: 1) Cavabdeh tərəfindən iddiaçının əmlakına vurulmuş ziyana görə torpaq sahəsi üçün 1000 manat məbləğində kompensasiya ödənilməsi; 2) mağaza üçün 13000 manat məbləğində kompensasiya ödənilməsi. Məhkəmə kollegiyası iddia tələbinin 1-ci hissəsinə münasibətdə qeyd edir ki, işə baxan məhkəmə “X9” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, CEG-M169 nömrəli mütəxəssis rəyinə istinad edərək torpaq sahəsinin Bakı-Qazax yolunun mühafizə zolağında yerləşdiyini və istifadə üçün tam yararsız olmasını nəzərə alaraq həm torpaq sahəsi, həm də mağaza üçün iddiaçıya kompensasiya ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin yolun mühafizə zolağına düşməsini müəyyən etmək üçün “X9” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi rəy vermək səlahiyyətinə malik olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nəzdində "xxxx" MMC-dən mübahisəli torpaq sahəsi ilə bağlı rəy verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" MMC-nin Ağsu Layihə- Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçıya 50 kv.m torpaq sahəsinin tikinti məqsədilə ilə satılması barədə Şamaxı rayon Çıraqlı Bələdiyyəsinin 25 fevral 2007-cı il tarixli qərarına əsasən iddiaçının naturada iddia etdiyi və göstərdiyi torpaq sahəsi Bakı-Qazax magistral yolunun cənub hissəsində yerləşməklə Bakı-Qazax magistral yolunun layihəsi çərçivəsində tikinti altına düşmür. Çıraqlı Bələdiyyəsinin 25 fevral 2007-cı il tarixli qərarına əsasən iddiaçının naturada iddia etdiyi və göstərdiyi torpaq sahəsi Bakı-Qazax magistral yolunun bir hərəkət istiqaməti (Şamaxı- Bakı istiqaməti) üzrə hərəkət hissəsinin mərkəzindən 30.0 m məsafədə yerləşməklə qorunma zolağına düşmür. İddiaçı bələdiyyə qərarı ilə ayrılmış 50.0 kv.m torpaq sahəsinin sxemi yerquruluşu qaydasında (koordinatlar və dəqiq ölçülər olmadığından) hazırlanmadığından həmin torpaq sahəsinin dəqiq yerini naturada müəyyən etmək mümkün deyildir. Mütəxəssis rəyindən göründüyü kimi bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış 50 kv.m torpaq sahəsi və üzərində tikilmiş mağaza Bakı-Qazax magistral yolunun mühafizə zolağına düşməmişdir. Həmçinin, məhkəmə kollegiyası tərəfindən iş üzrə tərəflərin və cavabdeh Azərbaycan X7 Agentliyinin 2 saylı Layihə İşçi qrupunun mühəndisi X4 iştirakı ilə Şamaxı şəhəri Bakı- Qazax magistral yolunun 108-ci kilometrliyində yerləşən mübahisələndirilən 50 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi yerində müayinə edilmişdir. Yerində müayinə nəticəsində də torpaq sahəsinin yolun mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin faktiki olaraq təhkim zolağına və ya qorunma (mühafizə) zolağına düşmədiyi müəyyən olunduqda ödənilməli kompensasiyanın məbləğini müəyyən etmək üçün həyata keçirilmiş işlərin sahəyə hansı qaydada təsir etdiyi məsələsi aydınlaşdırılmalıdır. Məhkəmə müəyyən etməlidir ki, həyata keçirilmiş işlər sahənin dəyərinin və ya faydalılığının müəyyən qədər azalmasına səbəb olmuşdur, yoxsa, görülmüş işlər sahəni ümumiyyətlə istifadəyə yararsız hala gətirmişdir, bərpa mümkün deyil və ya həddən artıq çox xərc tələb edir, yaxud torpağa vurulmuş zərər iddiaçının sahədən bundan sonra istifadəsinə olan marağının tamamilə itirilməsinə gətirib çıxarmışdır. Hazırkı halda isə, işin müəyyən edilmiş hallarından göründüyü kimi, torpaq sahəsi iddiaçının mülkiyyətindən alınmamış, torpaq sahəsinə hər hansı ziyan vurulmamış, onun dəyəri və ya faydalılığı azalmamışdır. Hətta iddiaçı həmin ərazidə ikinci dəfə mağaza tikmiş, lakin sonradan həmin mağaza da sökülmüşdür. Başqa sözlə iddiaçı ona ayrılmış torpaq sahəsindən ikinci dəfə təyinatı üzrə istifadə edə bilmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi hissəsində iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Ona görə də, bu hissədə iddia tələbi rədd edilməlidir. Kollegiya iddia tələbinin 2-ci hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun genişləndirilməsi zamanı ona məxsus ət mağazasının torpağın altında qalması ilə bağlı vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş edir. İş materiallarında olan iddiaçıya məxsus mübahisələndirilən torpaq sahəsi və ət mağazasının foto-şəkillərindən görünür ki, Bakı-Qazax magistral yolunun çəkilməsi zamanı iddiaçıya məxsus ət mağazası torpağın altında qalmışdır. Məhkəmə kollegiyası tərəfindən tərəflərin iştirakı ilə mübahisəsi gedən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, yerli baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən də, iddiaçıya məxsus ət mağazası Bakı-Şamaxı- Muğanlı avtomobil yolunun genişləndirilməsi zamanı yolun asfalt örtüyü salınarkən torpağın altında qalmış, hazırda istifadəyə tam yararsızdır. Həmçinin, yerli baxış iclasında şahid qismində dindirilən Azərbaycan X7 Agentliyinin 2 saylı Layihə İşçi qrupunun mühəndisi X6 ifadəsində bildirmişdir ki, iddiaçıya məxsus obyektin yerləşdiyi Bakı-Şamaxı-Muğanlı avtomobil yolunda sürüşmə olduğundan həmin yolda tikinti-quraşdırma işlərinin aparılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Yol əyri olduğundan yola viraj verilərək mərkəzdənqaçma qüvvəsinə görə cəmi, 30-40 sm qaldırılmışdır. Əgər yol belə qaldırılmazsa, yolun üzərində hərəkət etmək mümkün olmazdı. Yol 30 metr mühafizə zolağı hissəsində torpaqla doldurulmuşdur. İddiaçının mağazası isə yolun mühafizə zolağından 30 metr aralıda yerləşdiyindən həmin hissə cavabdeh tərəfindən torpaqla doldurulmamışdır. Yəni, iddiaçıya məxsus mağazanın olduğu hissə deyil, yalnız aşağı hissə yamaca görə yolun dayanıqlığı üçün torpaqla doldurulmuşdur. Əvvəllər mağaza hazırda olduğu kimi 7 metr torpaq sahəsi altında qalmamışdır. Lakin, yol çəkilərkən cavabdeh tərəfindən iddiaçının obyektinə heç bir ziyan vurulmamışdır. Şamaxı Rayon İcra Hakimiyyətinin qərarı ilə iddiaçıya məxsus ət mağazasının yerləşdiyi ərazidə olan mağazaların sökülməsi qərara alınmış, bundan sonra obyekt sahibləri tərəfindən mağazalar sökülmüş və yerində yeniləri inşa edilmişdir. Şamaxı Rayon İH Qobustanda və Şamaxıda həmin ərazidə olan obyektlərin sahiblərinə yolun hər iki tərəfində yerləşən ümumi bazar tikilməsini təklif etmiş, lakin onlar buna razı olmamışdırlar. Daha sonra Şamaxı Rayon İH tərəfindən həmin mağazalar da sökülmüşdür, cavabdeh orqanın buna aidiyyatı olmamışdır. Beləliklə, mübahisəsi gedən ərazinin yerində müayinəsi zamanı müəyyən edildi ki, iddiaçıya məxsus ət mağazası Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun çəkilişi zamanı yolun altında və mühafizə zolağında yerləşməsə də, mühəndisin də bildirdiyi kimi, mübahisəsi gedən ərazidə (108-ci km) yol əyri olduğundan, keyfiyyətli və dayanıqlı yolun çəkilməsi üçün qaldırılması zəruri olmuşdur. Şahid yalnız yolun 30 metr mühafizə zolağınadək hissəsinin torpaqla doldurulduğunu bildirsə də, yerli baxış zamanı müəyyən edildi ki, həm mühafizə zolağı, həm də iddiaçıya məxsus ət mağazasının yerləşdiyi ərazi torpaqla doldururulmuş, nəticədə mağaza bilavasiyə yolun tikini altına və mühafizə zolağına düşməsə də, Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsinin icrası zamanı yolun asfalt örtüyü salınarkən torpağın altında qalmış və istifadəsi yararsız olmuşdur. Məhkəmə kollegiyası tərəfindən işin halları araşdırılarkən həmçinin müəyyən edildi ki, iddiaçıya məxsus ət mağazası cavabdeh tərəfindən yolun asfalt örtüyü salınarkən torpağın altında qalmış, daha sonra iddiaçı tərəfindən həmin yerdə ikinci dəfə öz vəsaiti hesabına mağaza inşa edilsə də, həmin mağaza iddiaçının bildirdiyinə İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Hazırda iddiaçı Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsinin icrası zamanı ona məxsus mağazanın torpağın altında qalması ilə əlaqədar vurulmuş zərərin ödənilməsini tələb edir. İkinci dəfə inşa edilən mağazanın sökülməsi ilə əlaqədar vurulmuş zərər hazırkı mübahisənin predmeti deyildir. Kollegiya hesab edir ki, cavabdehin Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun genişləndirilməsi layihəsinin icrası ilə bağlı hərəkətləri nəticəsində iddiaçının mülkiyyətinə ayrılmış torpaq sahəsində icra hakimiyyəti orqanın icazəsi ilə inşa etdiyi mağazası torpaq altında qalmış və bununla da onun qeyri-yaşayış obyekti üzərində gözlənilən mülkiyyət hüququna müdaxilə edilmişdir. “İnzibati icraat haqqında” Qanun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (maddə 1100). Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi cavabdehin iddiaçının mülkiyyət hüququnun pozuntusuna görə məsuliyyətinin müəyyən olunması üçün üç əsas şərtin məcmu halda mövcudluğu tələb olunur: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Hazırkı halda da cavabdeh orqanın Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun genişləndirilməsi layihəsinin icrası zamanı təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus mağaza torpaq altında qalmış və bu hal da iddiaçının qeyri-yaşayış obyektinə münasibətdə gözlənilən mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Göründüyü kimi hazırkı işdə cavabdehin məsuliyyətinin müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər üç şərtin mövcudluğu müəyyən olunur. Cavabdeh apellyasiya şikayətinə əlavədə, Bakı-Şamaxı avtomobil yolunun iddiaçının mağazasının yerləşdiyi hissəsinin təmir-tikinti işlərinin Agentlik tərəfindən deyil, 03 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən, “X11 Sanayi ve Ticaret A.Ş” tərəfindən aparıldığını və vurulmuş zərərə görə məsuliyyəti məhz həmin şirkətin daşıdığını qeyd etsə də, məhkəmə araşdırması zamanı qeyd edilən xüsusat öz təsdiqini tapmadı. Belə ki, Azərbaycan X7 Agentliyi ilə “X11 Sanayi ve Ticaret A.Ş” arasında bağlanmış 03 noyabr 2017-ci il tarixli podrat müqaviləsindən görünür ki, Bakı-Şamaxı 4 zolağlı avtomobil yolunun 91-ci kilometrindən 107 –ci kilometrədək olan hissəsi kimi tanınan işlərin icra olunmasını podratçı “X11 Sanayi ve Ticaret A.Ş” öhdəsinə götürmüşdür. İşin müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış obyekti Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində yerləşir. Belə ki, iş materiallarında olan cavabdeh orqanın özü tərəfindən verilmiş mübahisələndirilən obyektə giriş-çıxış yolunun Tikinti Norma və Qaydalarına uyğun təhlükəsiz tikintisinə dair texniki şərtlə bağlı 03 dekabr 2018-ci il tarixli məktubda mağazanın Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 108-ci kilometrliyində, yolun sol tərəfində yerləşdiyi qeyd edilmişdir. Məhkəmə kollegiyasının bununla bağlı sorğusuna cavab olaraq cavabdeh orqan 05 avqust 2022-ci il tarixli məktubla layihələndirmə işlərinin “Bakı-Şamaxı-Muğanlı-Yevlax” avtomobil yolunun 10-cu km-dən başlayaraq həyata keçirildiyini, buna uyğun olaraq 10-cu km-in layihənin başlanğıcı, yəni 0.0-cı km kimi götürüldüyünü, müvafiq olaraq magistral avtomobil yolunun 108-ci kilometrinin layihənin 98-ci kilometri ilə eynilik təşkil etdiyini və layihə üzrə başqa podrat müqaviləsi olmadığını qeyd etsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin, üçüncü şəxsin nümayəndəsi də məhkəmə iclasında izahatında cavabdehlə üçüncü şəxs arasında bağlanmış 03 noyabr 2017-ci il tarixli podrat müqaviləsi üzrə sifarişçi Agentliyin istəyinə əsasən Bakı-Şamaxı-Muğanlı 4 zolaqlı avtomobil yolunun 91-ci kilometrindən 107-ci kilometrədək olan hissəsinə asfalt yolun çəkilməsinin tərəflərindən həyata keçirildiyini, podrat müqaviləsinə heç bir əlavə olmadığını və yolun 108-ci kilometr hissəsində təmir-tikinti işlərinin onlar tərəfindən aparılmadığı bildirmişdir. Beləliklə, kollegiya hesab edir ki, işin yuxarıda sadalanan xüsusatları iddiaçıya məxsus qeyri-yaşayış obyektinin yerləşdiyi avtomobil yolunun 108-ci km hissəsində cavabdeh tərəfindən təmir-tikinti işləri aparıldığını sübut edir.Bu baxımdan, cavabdehin həmin dəlili əsassızdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının gözləniləm mülkiyyətinə vurulan zərərin əvəzini ödənilməlidir. İddiaçıya ödənilməli olan kompensasiyanın məbləğinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi (km 91.0 - km 107.0) çərçivəsində yolun təhkim sahəsinə düşən maneələrin qiymətləndirilməsi smetasından çıxarışdan görünür ki, cavabdeh orqan tərəfindən ayrı-ayrı fiziki şəxslərə yolun təhkim və mühafizə zolağına düşən qeyri-yaşayış sahəsinin bir kv.m hissəsinə görə 250 manat kompensasiya ödənilmişdir. Qeyri-yaşayış sahələri tikinti altına düşən mülkiyyətçilərə cavabdeh tərəfindən bir kv.m-nə 250 manatdan hesablanmaqla kompensasiya ödənildiyini nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği 10000 manat (40 kv.m x 250 = 10000) müəyyən edilməlidir. Beləliklə, qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, cavabdeh tərəfindən Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində iddiaçıya məxsus qeyri-yaşayış obyektinə vurulmuş ziyana görə 10000 (on min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2-1(118)-133/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində X5 məxsus qeyri-yaşayış obyektinə vurulmuş ziyana görə 10000 (on min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-12/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-12/2022
11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver