Məhkəmə qərarları › İş №2-1(105)-12/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-12/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-12/2025 09.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: XXX, X1 və X2 ibarət tərkibdə, X katibliyi, İddiaçı nümayəndələri Nümayəndə1, Nümayəndə3, Cavabdehin nümayəndələri Nümayəndə2, X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2018-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2- 1(118)-2304/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı əlillik vəziyyəti Quba Rayon Mərkəzi Xəstəxanasının 0244003AAHLQ nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır.

2. İş materiallarında olan TSEK-in 29 oktyabr 2018-ci il yarixli xxxxxxx0010 nömrəli müayinə aktından çıxarışdan görünür ki, iddiaçıya Ümumi xəstəlik; “X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Paranoid şizofreniya, paranoid şizofreniya davamlı hallüsinator - paranoid sindromla; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi təyin edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının 26 may 2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya əlillik verilməsindən imtina edilmiş, imtina səbəbi kimi, diaqnoz əlillik əlaməti təyin etməməsi göstərilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 11 avqust 2023-cü tarixli, 3-171/2-181510/2023 saylı məktubundan görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2018-ci il tarixindən İİ dərəcə əlilliyə görə müavinət təyin edilmiş və xx.xx.2022-ci il tarixinədək (2022-ci ilin may-dekabr ayları daxil olmaqla) ödənilmişdir.

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia qaldıraraq “xx.xx.2018-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikası, Quba rayonunda anadan olmuşdur. xx.xx.2018-ci ildən ona 2-cı dərəcə “Ümumi xəstəliklə əlaqədar” müddətsiz əlillik təyin edilmişdir. 2022-ci ilin dekabr ayında elektron altsistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə onun əlillik təyinatından imtina edilmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin iddiaçının müddətsiz əlillik təyinatını əsassız ləğv edərək imtina etməsi qanunsuzdur. Belə ki, iddiaçı müddətsiz əlildir, bu səbəbdən də cavabdeh tərəfindən xx.xx.2018-ci ildə ona 2ci dərəcə “ümumi xəstəliklə əlaqədar” müddətsiz təyin edilmiş əlillik bərpa edilməlidir. Ali Məhkəmənin 2-1(102)-2004/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-996/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-188/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4867/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1426/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarını nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o, 2018-ci ildə qiymətləndirilmişdir və müddətsiz əlildir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun əlilliyi bərpa edilməlidir.

7. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “X2: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ05İ09 Ürəyin xroniki revmatik xəstəlikləri => İ09-Ürəyin digər revmatik xəstəlikləri => İ09.0 Revmatik miokardit; Diaqnozun mətni: REVMATİZM REVMOKARDİT: Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.2 - Kəskin revmatik miokardit; Diaqnozun mətni: Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması” səbəbi ilə imtina verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 Şizofreniya => F20.0-Paranoid şizofreniya; Diaqnozun mətni: Paranoid şizofreniya, fasiləsiz gedişli, dərin psixi qüsur halı, kəkələmə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Bundan əvvəl xəstəyə qan dövranı sistemi xəstəliklərindən imtina yazılmasına baxmayaraq, psixi xəstəlik haqda heç bir qeydiyyat aparılmamışdır. 1 saylı Psixiatriya Xəstəxanasında müalicədən sonra TSEK-ə müraciət edə bilər” səbəbi ilə imtina verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20- F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 Şizofreniya --> F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Paranoid şizofreniya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması Səbəb: İxtisaslaşdırılmış müalicə almaq məsləhət görülür. Psixiostatusu xəstəliyin ağırlaşmasını təsdiq etmir” səbəbi ilə imtina verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018ci il tarixli göndərişi əsasında baxılmış və “X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Paranoid şizofreniya, şizofreniya paronoid forması, fasiləsiz gedişli, tez-tez baş verən dekompensasiyalarla, psixotik davranış pozuntuları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstəlik 2013-cu ildən başlanmasına baxmayaraq, epikriz son illərədir.” səbəbi ilə imtina verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 - Şizofreniya => F20.0 - Paranoid şizofreniya; Diaqnozun mətni: Paranoid şizofreniya, paranoid şizofreniya davamlı hallüsinator - paranoid sindromla; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29- Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları=>F20 Şizofreniya => F20.0-Paranoid şizofreniya; Diaqnozun mətni: Paranoid şizofreniya, paranoid şizofreniya davamli hallüsinator-paranoid sindromla; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə İddiaçı Agentlikdə əyani müayinəyə dəvət olunmuş və əyani müayinə nəticəsində “Diaqnoz əlillik əlaməti təyinetməməsi” barədə qərar qəbul olunmuşdur.

8. Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2-1(118)- 2304/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il təyin edilmiş müddətsiz əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur (hakim İ.Quliyev).

9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və ekspertiza təyin etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, bildirmək istəyirlər ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-cİ il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etirazə iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər və izahatlarında apellyasiya şikayətinə əlavə olaraq bildirdilər ki, xx.xx.2018-ci il tarixdə iddiaçıya müddətsiz əlillik təyin edilmiş, əlilliyin 2013-cü ildən başlamasına baxmayaraq, iddiaçı 2017-ci ilə qədər ixtisaslaşmış müalicə almamış, müayinə olunmamışdır. İddiaçı müayinəyə çağırılmış, gəlmədiyinə görə xidməti məruzə olunmuş, tərəflərindən inzibati icraat aparılmışdır. Sistemdə iddiaçıya aid məlumatlarda ziddiyət olduğuna görə araşdırma aparılmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, iddiaçının xəstəliyi psixi və davranış pozuntuları olduğuna görə, fərdi reabilitasiya üçün məktub ünvanlanmışdır. İddiaçıya əyani müayinə barədə məlumat verilmişdir, lakin müayinəyə gəlməmişdir. İnzibati icraatla bağlı xidməti məruzə vardır. İdarələrdə monitorinq aparılan zaman iddiaçıya təyin edilmiş müddətsiz əlilliklə bağlı yenidən araşdırma aparmaq zərurəti yaranmışdır. İddiaçıya 2-ci dərəcə müddətsiz əlillik təyin edilməsi ilə bağlı TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar yəgin ki, yoxdur, bu səbəbdən məhkəmənin sorğusuna müvafiq cavab verilməmişdir. İnzibati icraat aparılmamışdır. İddiaçıya əlillik təyin edilməsinə şübhə yaranmışdır. İddiaçının ad, soyad, ata adı ilə oxşar vətəndaşın məlumatları qarışmışdır. Keçən məhkəmə iclasından sonra təkrarən araşdırmışdırlar, iddiaçı əyani müayinə edilməmişdir. Daha sonra məhkəmə iclaslarında iştirak edən nümayəndə X5 bildirdi ki, cavabdeh orqanın sonuncu mövqeyinə əsasən iddiaçının əlilliyi dayandırılan zaman inzibati icraat aparılmış, əyani müayinə edilmişdir. Daha öncə texniki səhvlik olduğuna görə əyani müəyinə edilmədiyini bildirmişdirlər.

13. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndələri şikayətin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-)

16. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7.Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 2022-ci ilin may ayında əyani müayinəyə cəlb edilməsi və xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim edilməməsi və “İddiaçı xx.xx.2018-ci il tarixindən İİ dərəcə əlilliyə görə müavinət təyin edilmiş və xx.xx.2022-ci il tarixinədək (2022-ci ilin may-dekabr ayları daxil olmaqla) ödənilmişdir” formasında rəsmi qurumun məlumatının təqdim edilməsi iddiaçının iştirakı ilə inzibati icraatın aparılmadığını sübut edir. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixinədək müavinət ödənildiyi halda xx.xx.2022-ci il tarixində inzibati orqan tərəfindən real vaxt rejiminə uyğun qərarın qəbul edilməsi ciddi şübhələr doğurur. xx.xx.2022-ci il tarixdə müvafiq qərarın qəbul edildiyi halda müavinətin xx.xx.2022-ci il tarixinədək ödənilməsinin davam edilməsi ağlabatan hesab edilmir. Əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyü ilə bağlı hər hansı əsaslı şübhələrin mövcudluğu həmin qərarın birbaşa ləğvinə və ya etibarsızlığına səbəb olmur. Bununla əlaqədar olaraq mövcud şübhəli hallarla bağlı müvafiq araşdırma aparılmalı, şəxs əyani müayinəyə cəlb edilməli, bundan sonra isə qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməlidir. Lakin işin hallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın aparılması, iddiaçının əyani müayinəyə cəlb edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə əlilliyin etibarsızlığı inzibati icraatın prinsiplərinin pozulması ilə aparılarsa, inzibati orqanın əlilliyin etibarsızlığı ilə bağlı hərəkətləri qanunsuz hesab olunur və əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsini şərtləndirir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

25. İşdə olan, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə göndərilmiş 24 avqust 2023-cü il tarixli 3-17-1/2-23321/2023 nömrəli məktubda qeyd edilmişdir ki, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

26. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili, İddiaçı Agentlikdə əyani müayinəyə dəvət olunması və əyani müayinə nəticəsində “Diaqnoz əlillik əlaməti təyinetməməsi” barədə qərar qəbul olunmasıdır.

27. Cavabdeh öz hərəkətlərinin qanuniliyini iddiaçının 28 aprel 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək təyin olunmuş günlərdə əyani müayinəyə dəvət olunması barədə 28 aprel 2022-ci il tarixli **********5 nömrəli məktub, Quba və Qusar rayonları üzrə əlillərin əyani müayinə olunması haqqında xidməti məruzə və 07 iyul 2022-ci il tarixli protokol ilə əsaslandırmışdır.

28. Belə ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş 28 aprel 2022-ci il tarixli **********5 nömrəli məktubdan iddiaçının əyani müayinəyə dəvət olunduğu görünsə də, sözügedən məktubun rəsmi olaraq iddiaçıya çatması barədə heç bir sənəd məhkəməyə təqdim edilməmişdir.

29. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş Fondun 1 saylı Quba-Xaçmaz regional filialı (Quba) üzrə əlillərin əyani müayinələri barədə məlumat cədvəlindən iddiaçının əyani müayinədə iştirak etmədiyi görünür.

30. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş xidməti məruzədə qeyd edilmişdir ki, vətəndaşların əyani müayinəyə çağrılmalarına baxmayaraq, üzrlü səbəb olmadan gəlməməsi sözügedən şəxslərin əlilliklərinə əsas verən diaqnozların düzgün olmamasına dair əsaslı şübhələr yaradır.

31. Məhkəmə kollegiyası cavabdeh orqana sorğu ünvanlayaraq iddiaçının əyani müayinə olunmasına dair TSEK-in müayinə aktını, Agentliyin bununla bağlı müvafiq iclas qərarını, həmçinin iddiaçıya 2-ci dərəcə müddətsiz əlillik təyin edilməsi ilə bağlı TSEK-in xx.xx.2018-ci il tarixli qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutları məhkəməyə təqdim etməsini xahiş etsə də, müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir.

32. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclaslarında iştirak edən cavabdeh orqanın nümayəndələri tərəfindən iddiaçının əyani müayinə edilib-edilməməsi, müvafiq olaraq inzibati icraatın aparılıb-aparılmaması barədə suallara ziddiyyətli izahatlar verilmişdir. Belə ki, 11 yanvar 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaçının müayinəyə çağırıldığını, gəlmədiyinə görə xidməti məruzə olunduğunu və inzibati icraatın aparıldığını bildirmişdir. Növbəti iclaslarında eyni nümayəndə idarələrdə monitorinq aparılan zaman iddiaçıya təyin edilmiş müddətsiz əlilliklə bağlı yenidən araşdırma aparmaq zərurəti yarandığını, iddiaçıya 2-ci dərəcə müddətsiz əlillik təyin edilməsi ilə bağlı TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olmadığına görə məhkəməyə təqdim edilmədiyini, inzibati icraat aparılmadığını, iddiaçının ad, soyad, ata adı ilə oxşar vətəndaşın məlumatların qarışdığını, iddiaçının əyani müayinə edilmədiyini bildirmişdir. Lakin daha sonra cavabdeh orqan yenidən müvqeyini dəyişərək sonuncu mövqeyinə əsasən iddiaçının əlilliyi dayandırılan zaman əyani müayinə edildiyini, daha öncə texniki səhvlik olduğuna görə əyani müəyinə edilmədiyini bildirdiklərini qeyd etmişdir.

33. Məhkəmə kollegiyası cavabdeh inzibati orqana sorğu ünvanlayaraq tərəflərindən iddiaçının əyani müayinə edilib-edilməməsi (əyani müayinəyə çağrılıbçağrılmaması) barədə məhkəməyə ətraflı məlumat verilməsini, əyani müayinə edildiyi, müayinəyə dəvət olunduğu təqdirdə buna dair bütün sübutları (qərar, poçt xəbərnaməsi, video görüntülər və s.) və inzibati icraat materiallarının təqdim edilməsini xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq 12 dekabr 2024-cü il tarixli 3-17-4/2-32463/2024 nömrəli məktubla bildirilmişdir ki, 2017-2021-ci illər üzrə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında əlillik təyinatı aparılmış vətəndaşlara dair məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təhlil edilmiş və əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktub əsasında əyani müayinəyə dəvət edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edirlər ki, məhkəməyə göndərilən xx.xx.2023-cü il tarixli, 3-17-4/2-23321/2023 nömrəli cavab məktubunda texniki səhvə yol verilmişdir.

34. Cavabdeh orqan qeyd olunanları sübut edən hal kimi təkrarən 28 aprel 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək iddiaçının əyani müayinəyə dəvət olunması barədə 28 aprel 2022-ci il tarixli məktuba, 07 iyul 2022-ci il tarixli protokola istinad etmişdir.

35. Beləliklə, qeyd olunan hallar cavabdehə hər hansı icraat aparmadan iddiaçıya təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Cavabdeh iddiaçının iştirakı ilə aparılmış inzibati araşdırmanın nəticəsi olaraq ona ikinci dərəcə əlillik təyin edildiyi halda, əvvəlki praktikasına zidd olaraq onun həmin əlilliyini, ona heç bir məlumat verilmədən, dayandırmaqla qanunsuzluğa yol vermişdir.

36. Həmçinin, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlil olmaması ilə bağlı cavabdeh inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini dayandırmışdır. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan iddiaçının əlilliyini dayandırmışdır.

37. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

38. Həmçinin, nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

39. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan əlillik dərəcəsini ləğv etməkdə cavabdeh haqlı sayıla bilməz.

40. Qeyd olunmalıdır ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraata başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

41. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.

42. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı iddiaçının əlilliyi etibarsız hesab edilərkən yuxarıda qeyd olunan qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır.

43. Kollegiya, həmçinin qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 07 iyul 2022-ci il tarixli protokolda qeyd edilmişdir ki, rəsmiləşdirilən göndərişlərdə əlillik təyinatına əsas verən Respublika Eşitmə, Səs və X6 tibbi rəyinin təhrif edilməsi halları müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq, rəsmiləşdirilən göndərişlərdə qeyd olunan və qiymətləndirmə zamanı əlillik təyinatı üçün əsas götürülmüş tibbi rəylərin həqiqətən Respublika Eşitmə, Səs və X10 tərəfindən verilib-verilməməsini müəyyən etmək məqsədilə qoşmada adları qeyd olunmuş 1406 nəfərin müayinədə olması faktının araşdırılması məqsədəuyğundur. Araşdırma üzrə əsassız olması müəyyən edilmiş göndərişlərin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ləğv edilməsi və nəticəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilməsini xahiş edirlər. İddiaçının adına rəsmiləşdirilən tibbi göndərişdən görünür ki, R47.1-Dizartriya və anartriya, kəkələmə yanaşı xəstəlikdir. Halbuki, iddiaçıya ll dərəcə əlillik təyin edilməsinə əsas verən diaqnoz F20.0 - Paranoid şizofreniya, paranoid şizofreniya davamlı hallüsinator - paranoid sindromla diaqnozu olmuşdur. Yəni, qeyd olunan hal da, idiaçının əlilliyinin ləğv edilməsi üçün əsas ola bilməz.

44. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur.

45. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2-1(118)-2304/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar