Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-120/2021 27.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı artıq ödənilmiş vergi borcunun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-1(118)-825/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 21 avqust 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, artıq ödənilmiş 3333.58 manat məbləğində vergi borcunun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ildə taksi fəaliyyəti ilə məşğul olaraq vergi ödəyicisi kimi 2 saylı Ərazi Vergilər Departamentində qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. Sonradan o, şadlıq evini icarəyə götürərək ictimai iaşə fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bu müddət ərzində vergi borclarını vaxtında və lazımi qaydada ödəmiş və 2012-ci ildə fəaliyyətini dayandırmışdır. 2018-ci ildə o, heyvandarlıqla məşğul olmaq məqsədi ilə sənədlər toplayarkən Məşğulluq Mərkəzinə müraciət etmiş, vergi idarəsindən borcunun olmaması barədə arayış tələb olunduğundan cavabdeh vergi orqanına müraciət etmiş və həmin vaxt onun 3333.58 manat məbləğində artıq vəsait ödədiyi məlum olmuşdur. Bununla bağlı o, cavabdehə müraciət edərək artıq ödədiyi vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Əvvəlcə cavabdeh artıq ödənilən pulun qaytarılacağını vəd etmiş və hətta buna görə ona bank hesabı açdırmış, lakin sonra müddətin ötürülməsi səbəbindən ona imtina cavabı vermişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 03.09.2019-cu il tarixli 2-1(085)-1315/ 2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim Z.Pirverdiyev) Məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, iddiaçı artıq ödəmiş olduğu vergini tələb etmək üçün Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə nəzərdə tutulmuş 3 illik müddəti ötürmüşdür. Həmin qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddiasının təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollergiyasının 10.12.2019-cu il tarixli, 2-1(1050-740/2019 saylı qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 03.09.2019-cu il tarixli 2-1(085)-1315/ 2019 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Apelyasiya məhkəməsi qərarı ləğv edərkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən yalnız müddətin ötürülməsi faktını əsas götürmüş, müddətin ötürülməsi səbəblərini araşdırmamış, artıq ödəmələrin mövcudluğunun iddiaçıya nə vaxt məlum olduğunu aydınlaşdırmamış və nəticədə işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etmişdir. İşə yenidən baxılarkən Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-1(118)-825/ 2020 saylı qərarı ilə iddia təmin edilərək İddiaçı tərəfindən artıq ödənilmiş 3333,58 manat pul vəsaitinin geri qaytarılması öhdəliyinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim V.Əzizova) Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hesab etmişdir ki, iddiaçı artıq ödəmə barədə 2018-ci il tarixdə xəbər tutduğundan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsində göstərilən müddət həmin vaxtdan hesablanmalıdır. Bununla bağlı bildirmişdir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi artıq ödəməsi 20.10.2010-cu il tarixdən yaranmışdır. Buna görə də Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən artıq ödəmənin tələb etmək müddəti bitdiyindən fiziki şəxs İddiaçı artıq ödənilmiş vergi borcunun iddiaçıya qaytarılması tələbinə dair iddiası əsassızdır. TƏRƏFLƏRİN İZAHATLAR Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iclasında iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. İşin hallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş 3333.58 manat məbləğində vergi borcunun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İşə baxan məhkəmə iddianı təmin etmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iddiaçının artıq ödənilmiş vəsaitdən vaxtında xəbərdar olduğu halda həmin vəsaitin geri qaytarılması üçün müraciət etməməsini inandırıcı hesab etmir. Bununla yanaşı məhkəmə hazırki iddianın öhdəliyin icrası növünə aid olduğunu və iddianın cavabdeh inzibati orqanın imtina cavabından sonra vaxtında qaldırıldığını nəzərə alaraq hesab etmişdir ki, iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəlmiş olduğu bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı 26 yanvar 2007-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, fəaliyyəti taksi fəaliyyəti olmuşdur. Sənəd qəbulu barədə bildirişdən görünür ki, iddiaçı artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyasının qaytarılması barədə ərizə ilə 16 may 2019-cu il tarixdə cavabdeh vergi orqanına müraciət etmiş, cavabdeh Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən artıq ödəmənin tələb etmək müddəti bitdiyindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 15.1 və 15.1.4-cü maddələrinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. 87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 1.1-ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Qaydaların 2.1-ci bəndinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Cavabdehin istinad etdiyi Vergi Məcəlləsinin 85.5-ci maddəsinə görə, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İşin hallarından görünür ki, iddiaçı şəxsi vərəqəsində artıq ödəmə kimi qeyd olunmuş pul vəsaitini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olduğu halda belə davranmamış, müddəti ötürdükdən sonra hazırkı tələblə vergi orqanına müraciət etmişdir. Kollegiya cavabdehin müddətlə bağlı dəlilini əsaslı hesab edərək qeyd edir ki, şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı sahibkar kimi fəaliyyət göstərdiyi müddət ərzində özünün təqdim etdiyi cari bəyannamələrə, eləcə də vergi orqanı tərəfindən kameral qaydada aparılmış yoxlamalara əsasən iddiaçıya 2008-2010-cu illər ərzində ümumilikdə 7116.68 manat vergi hesablansa da, iddiaçı tərəfindən vergi orqanına 29.03.2008-ci il tarixdən başlayaraq mütəmadi olaraq hesablanan vergi məbləğindən bir neçə dəfə artıq məbləğdə ödəmələr edilmiş, ümumilikdə isə 10702.26 manat ödəniş edilmişdir. 20.10.2009 və 20.10.2010-cu il tarixlərdə kameral vergi yoxlaması nəticəsində 4000 manat vergi hesablanaraq şəxsi hesab vərəqəsindən silindikdən sonra, 20.10.2010-cu il tarixdən etibarən iddiaçının şəxsi vərəqəsində 3333.58 manat məbləğində artıq ödəmə yaranmışdır. Beləliklə, 20.10.2010-cu il tarixdən etibarən iddiaçının şəxsi vərəqəsində artıq ödəmə yarandığı halda, iddiaçı cavabdehə 9 ilə yaxın müddət keçdikdən sonra 16.05.2019-cu il tarixdə müraciət etmişdir. Kollegiya hesab edir ki, 85.5-ci maddəsinin tələbləri baxımdan mübahisələndirilən məbləğ üzrə müddətin axımı vergi orqanı tərəfindən aparılan son əməliyyat vaxtından, yəni 2010-cu ilin oktyabr ayından ayının 20-dən sonrakı gündən başlanmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. (maddə 68.1, 68.2) Həmin müddət nəzərə alındıqda isə müəyyən olunur ki, vergi ödəyici hesabatı dövrü qurtardıqdan sonra artıq ödənilmiş vergilərin qaytarılmasını 5 il ərzində tələb etmək hüququna malik olduğu halda, 05 illik müddəti ötürdükdən sonra cavabdehə müraciət etmiş və cavabdeh inzibati orqan haqlı olaraq tələb etmə müddətinin keçməsi əsası ilə iddiaçıya imtina cavabı vermişdir. İş materiallarından həmçinin görünür ki, Qeydiyyat və uçot şöbəsinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı vergi ödəyicilərinin fəaliyyətlərinin dayandırılması barədə xidməti məlumatına əsasən , 2 saylı Ərazi Vergilər İdarəsinin nəzarət əhatəsinə daxil olan Sumqayıt şəhəri üzrə “taksi fəaliyyət” növü üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 2012-ci il ərzində fəaliyyət göstərmələrinin müəyyənləşdirilməsi məqsədilə Bəyannamələrin kameral yoxlanılması şöbəsinə **********566900 nömrəli 23.11.2012-ci il tarixli xidməti məlumat ilə müraciət edilmişdir. Bəyannamələrin kameral yoxlanılması şöbəsindən daxil olmuş **********566900 nömrəli 23.11.2012-ci il tarixli xidməti məlumata əsasən müəyyən olunmuşdur ki, qeydiyyatdan keçmiş, fəaliyyəti aktiv olan 780 vergi ödəyicisindən 610-u tərəfindən 2012-ci il ərzində dövlət büdcəsinə heç bir vergi ödənişi həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən həmin vergi ödəyicilərinin dövlət büdcəsinə heç bir ödəmə aparmamalarını nəzərə alaraq fəaliyyətlərinin 5 il müddətinə müvəqqəti olaraq dayandırılması üçün göstəriş verilməsi xahiş olunmuşdur. Həmin xidməli məlumata əsasən, 2012-2017-ci illərdə iddiaçının fəaliyyəti 05 il müddətinə dayandırılmışdır. İddiaçı ərizəsində artıq ödəmədən xəbərsiz olduğunu, 2018-ci ildə vergi borcunun olmaması barədə arayış almaq məqsədilə vergi orqanına müraciət edərkən xəbər tutduğunu bildirsə də, kollegiya həmin dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçı fərdi sahibkar olmuş, şəxsi hesab vərəqəsindən göründüyü kimi mütəmadi olaraq vergi orqanına hesablanmış vergidən də artıq məbləğdə ödənişlər etmiş və məhz bu səbəbdən onun artıq ödəməsi yaranmışdır. Yəni, artıq ödəmənin yaranma səbəbi iddiaçının özü tərəfindən 2008-2009-cu illərdə hesablanan vergiyə nisbətdə yüksək məbləğdə ödənişlər etməsi olmuşdur. Belə olan halda iddiaçının bundan xəbərsiz olması kollegiyaya inandırıcı görünmür. Digər tərəfdən kollegiya qeyd edir ki, iddiaçı vergi ödəyicisi olaraq mütəmadi olaraq öz şəxsi hesab vərəqəsinə nəzarət etmək, şəxsi hesab vərəqəsindəki məlumatlarla tanış olmaq məqsədilə cavabdeh inzibati orqana mürcaiət etmək hüququ olmuşdur. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən işin hallarını tam araşdırmadan iddia tələbini təmin etmişdir. Kollegiya vergi orqanının apellyasiya şikayətində gətirdiyi dəlilləri birinci instansiya məhkəməsinin qərarına ləğv olunması üçün əsas hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-1(118)-825/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-1(118)-825/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-120/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-120/2021
27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver