Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-120/2022 14.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “onunla mərhum atası Şıxəliyev Abduləhəd Əlişah oğlu arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış 01 noyabr 2017-ci il tarixli 3M 856 nömrəli "torpağın icarə hüququnun bağışlama müqaviləsi" əsasında atası Şıxəliyev Abduləhəd Əlişah oğlunun Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007-ci il tarixli 15 nömrəli qərarı ilə icarəsinə verilmiş və Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kv.metr olan torpaq sahəsi üzərindəki yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iş üzrə Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində icarə hüququnun qeydiyyata alınması Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), hakimlər Dəmirov İlqar Kamal oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və 3-cü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “onunla mərhum atası Şıxəliyev Abduləhəd Əlişah oğlu arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış 01 noyabr 2017-ci il tarixli 3M 856 nömrəli "torpağın icarə hüququnun bağışlama müqaviləsi" əsasında atası Şıxəliyev Abduləhəd Əlişah oğlunun Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007-ci il tarixli 15 nömrəli qərarı ilə icarəsinə verilmiş və Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kv.metr olan torpaq sahəsi üzərindəki yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-291/2021 saylı 18 fevral 2021ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı onunla mərhum atası Şıxəliyev Abduləhəd Əlişah oğlu arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış 01 noyabr 2017-ci il tarixli 3M 856 nömrəli "torpağın icarə hüququnun bağışlama müqaviləsi" əsasında atası Şıxəliyev Abduləhəd Əlişah oğlunun Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007-ci il tarixli 15 nömrəli qərarı ilə icarəsinə verilmiş və Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kv.metr olan torpaq sahəsi üzərindəki yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007 ci il tarixli, 15 nömrəli qərarı ilə mərhum atası Qarabağ müharibəsi iştirakçısı Şıxəliyev Abduləhəd Əlişah oğluna Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 300 kv.metr olan torpaq sahəsi ayrılmış və mərhum atası Şıxəliyev Abduləhəd Əlişah oğlu ilə onun arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış 01 noyabr 2017-ci il tarixli 3M 856 nömrəli "torpağın icarə hüququnun bağışlama müqaviləsi"nə əsasən Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kv.metr olan torpaq sahəsi üzərindəki yaranmış icarə hüququ onun adına keçmiş və icarənin müddəti 2019-cu ilin sonunadək müəyyən olunmuşdur. Onun müraciəti əsasında Sumqayıt şəhər Bələdiyyəsi sözügedən torpaq sahəsinə dair onunla 17.12.2019-cu il tarixli 134 saylı yeni icarə müqaviləsi bağlayaraq icarə müddəti 31.12.2024-cü il tarixədək müəyyən edilmişdir. Çerkassı küçəsində yerləşən sahəsi 232 kv.metr olan torpaq sahəsi üzərindəki yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 29 dekabr 2019-cu il tarixli, **********555 saylı məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmiş və imtinanın əsası kimi qeyd edilmişdir ki, müraciətə əlavə edilmiş **********81 reyestr nömrəli, 22.11.2017-ci il tarixli dövlət reyestrindən əldə edilmiş çıxarışdan göründüyü kimi torpaq sahəsi üzərində icarə müddətini 31.12.2019-cu il tarixdə bitmişdir. Hesab edir ki, daşınmaz əmlak üzərindəki yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinaya əsas kimi həmin torpaq sahəsi üzərində yaranmış icarə hüququnun müddətinin uzadılmasına münasibətdə 2007-ci ilin dekabr ayinin 1-dən sonra müəyyən edilmiş bələdiyyə torpaqlarının ayrılmasına dair normalar tətbiq edilə bilməz. Bu müvafiq qanunvericilik aktında da oz əksini tapmışdır. Belə ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir sey deyildir. Cavabdehin imtina məktubunda istinad etdiyi normalar 28 oktyabr 2008-ci ildə qəbul edilmiş qanunvericilik aktı ilə müəyyən edilmiş, lakin buna baxmayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən 22 noyabr 2017-ci il tarixdə sözügedən torpaq sahəsi üzərində onun icarə hüququ dövlət qeydiyyatından keçirilmiş və bu barədə ona Seriya RX saylı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakin dövlət reyestrindən Çıxarış” verilmişdir. Əgər qanun torpaq üzərində onun hüququnun dövlət qeydiyyatını istisna edirdisə, 2017-ci ildə eyni əsaslarla həmin torpaq üzərində hüququnun dövlət qeydiyyatı necə həyata keçirilmişdir? Cavabdeh bu hərəkəti ilə qanunsuzluğa yol verməklə yanaşı, torpaq qanunvericiliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarının müddəalarını da heçə saymışdır. Cavabdeh əsassız və qanunsuz olaraq onun müraciətini təmin etməkdən imtina etmiş, ona görə də mülkiyyət hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Cavabdehin etirazları:
3. İddiaya qarşı cavabdeh İdarə tərəfindən verilmiş etirazda qeyd edilir ki, İddiaçı Sumqayıt şəhəri, Çerkassı küçəsi ərazisində yerləşən 0,0232 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar 26 dekabr 2019-cu il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və müraciəti ilə əlaqədar İddiaçı bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1 -ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracı və ya müsabiqələri vasitəsilə əldə edə bilər. Müraciətə əlavə edilmiş 22 noyabr 2017-ci il tarixli **********81 reyestr nömrəli dövlət reyestrindən çıxarışdan göründüyü kimi torpaq sahəsi üzərində icarə müddəti 31 dekabr 2019-cu il tarixdə bitmişdir. Odur ki, həmin torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona 29 dekabr 2019-cu il tarixli **********55 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1305/2020 saylı 07 oktyabr 2020-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-291/2021 saylı 18 fevral 2021-ci il tarixli qərarı ilə (hakim İ.R.Quliyev) iddia rədd edilmişdir.
6. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-291/2021 saylı 18 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Z.İ.Məmmədov - sədrlik edən və məruzəçi, F.Ə.Məmmədov və H.Ç.Babayeva, 2-1(105)- 293/2021 saylı iş) 26 may 2021-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-291/2021 saylı 18 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2021-ci il tarixli 2-1(105)-293/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.Kərimov – sədrlik edən və məruzəçi, R.Nəbizadə və Z.Quliyev, 2-1(102)-1487/2021 saylı iş) 06 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-293/2021 saylı, 26 may 2021-ci il tarixli qərarı ləğv edilməklə işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
10. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır birinci instansiya məhkəməsinin qərarını əsassız və qanunsuz hesab edir ona görə ki, torpağın faktiki istifadəçisi və icarəçisi olmaqla onun hüquqlarının pozulmasına göz yumulmuşdur. Belə ki, Sumqayıt şəhər Bələdiyyəsi ilə torpaq sahəsinə dair 17 may 2007-ci ildə müharibə veteranı olan mərhum atası ilə icarə müqaviləsi bağlanılmış, həmin icarə müqaviləsi üzrə hüquqlar atası tərəfindən notarial qayda ona bağışlanmış, icarə müqaviləsi müvafiq qaydada dövlət qeydiyyatına alınmış və müddəti 2019-cu il tarixədək müəyyən olunmuşdur. Onun müraciətinə əasən bələdiyyə tərəfindən 17 dekabr 2019-cu il tarixli, 134 nömrəli yeni torpaq icarə müqaviləsi bağlanmış və torpağın icarə müddəti 31 dekabr 2024cü il tarixədək müəyyən olunmuşdur. Bundan sonra torpaq üzərində hüququnun dövlət qeydiyyatı üçün yenidən ərizə ilə cavabdehə müraciət etsə də, bu dəfə cavabdeh hüququnun dövlət qeydiyyatından imtina etmişdir. Cavabdeh İdarənin imtinası əsassızdır ona görə ki, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 15 nömrəli qərarı ilə mərhum atası Şıxəliyev Abduləhəd Əlişah oğlunun icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində yaranmış icarə hüququnun müddətinin uzadılmasına münasibətdə 2007-ci ilin dekabr ayının 1-dən sonra müəyyən edilmiş bələdiyyə torpaqlarının ayrılmasına dair normalar tətbiq edilə bilməz. Bu müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Cavabdehin imtina məktubunda istinad etdiyi normalar 28 oktyabr 2008-ci ildə qəbul edilmiş qanunvericilik aktı ilə müəyyən edimişdir, lakin məhkəmənin istinad etdiyi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi sadalanan mübahisəyə tətbiq edilməsi düzgün deyil və həmin maddə ilə sözügedən qanun norması qüvvəyə mindikdən sonra bələdiyyələr tərəfindən ayrılan torpaq sahələri üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsi tənzimlənir, həmin qanun norması qüvvəyə minməmişdən əvvəl ayrılmış torpaq sahələrinin icarə müqavilələrinin uzadılmasına münasibətdə isə bu qanun norması tətbiq oluna bilməz. Sözügedən qanun norması isə “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanunu qəbul edildikdən sonra qüvvəyə minmişdir. Hazırki icarə müqaviləsinin müddətinin uzadılmasına sözügedən qanun norması şamil edilə bilməz. Bu müddəa “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununda da aşkar şəkildə nəzərdə tutulmuşdur. Belə ki, həmin Qanunun 9-cu bəndində birbaşa qeyd olumuşdur ki, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Məhkəmə bələdiyyə torpaqlarının ayrılması ilə artıq bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin icarə müqaviləsinin müddətinin uzadılması məsələlərinə münasibətdə yanlışlığa yol verərək qanun normasını səhv təfsir etmişdir. Nəticədə, məhkəmənin gəldiyi nəticə qanunsuz olmaqla yanaşı, torpaq qanunvericliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarının, habelə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına da ziddir. Məhkəmə öz qərarını 2007-ci ilin 01 dekabr tarixindən sonra bələdiyyə torpaqları üzərində hüquqların yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri vasitəsi ilə əldə edilə bilinəcəyi ilə əsaslandırsa da, icarəsində olan torpaq sahəsinin 2007ci ilin dekabr ayının 1-dən əvvəl ayrıldığını, bu səbəbdən də həmin tarixdən sonra qəbul edilmiş qanun normasının bu torpağa münasibətdə şamil edilmədiyini nəzərə almamışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh bağlanılmış icarə müqaviləsinin formasına deyil, onun ümumiyyətlə bağlana bilinməməsinə irad bildirmiş və müqavilənin torpaq müsabiqəsi və ya hərracı vasitəsi ilə bağlanmadığına görə icarə hüququnun qeydiyyatından imtina etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apelyasiya şikayətinə qarşı cavabdeh İdarə tərəfindən etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının əsassız olmasının geniş şəkildə qeyd edildiyini vurğulayaraq onu da əlavə etdi ki, atası müharibə veteranı olmuş və mübahisələndirilən torpaq sahəsi mərhum atasına 2007-ci ilin may ayında verilmiş, torpaq sahəsində tikinti işləri aparılaraq çayxana-kafe tikilmiş, atasının adına olan icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və 2019-cu ilədək atasının adına çıxarışda verilmiş, atası vəfat edəndən sonra vərəsəlik şəhadətnaməsi alaraq icarə müqaviləsinin müddətinin bitməsilə əlaqədar bələdiyyə tərəfindən icarə müqaviləsinin müddəti uzadılsa da, həmin müqaviləni qeydiyyatdan keçirilməsi üçün cavabdeh İdarəyə müraciət etsə də, xahişi əsassız olaraq təmin edilməmiş və cavabdeh ona əsaslanmış ki, guya 2007-ci ildən sonra ancaq hərrac vasitəsilə bağlanılmış icarə müqavilələri qeydiyyata alına bilər. Belə bir cavabla razılaşmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Düzdür nə birinci instansiya məhkəməsi, nə də ki, əvvəlki apelyasiya baxışı zamanı iddiası təmin edilməsə də, Ali Məhkəməyə müraciəti müsbət həllini taparaq işin yenidən araşdırılması üçün apelyasiya məhkəməsinə göndərildiyindən xahiş edir ki, iddiasının əsaslı olması təsdiq edilməklə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilsin.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 qeyd etdi ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracı və ya müsabiqələri vasitəsilə əldə edə bilər. İş materiallarından aydın olur ki, iddiaçının adına olan 22 noyabr 2017-ci il tarixli **********81 reyestr nömrəli dövlət reyestrindən çıxarışda torpaq sahəsi üzərində icarə müddətinin sonu 31 dekabr 2019-cu il tarix müəyyən olunmuşdiur. İddiaçı ilə bağlanan yeni icarə müqaviləsi 2019-cu ildə hərracdan kənar bağlandığından həmin torpaq sahəsinə fair icarə hüququnun qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə müvafiq olaraq mümkün olmayaraq İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Ona görə də qeyd edilənlərin nəzərə alınmasını və apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X4 qeyd etdi ki, iddiaçı 2019-cu ilin sonlarında Sumqayıt Bələdiyyəsinə müraciət edərək mərhum atası ilə bağlanılmış torpağın icarə müddətinin başa çatması səbəbindən icarə müddətinin uzadılmasını xahiş etmiş və onun müraciəti əsasında Sumqayıt Bələdiyyəsi ilə torpaq sahəsinə dair 17 dekabr 2019-cu il tarixli,134 nömrəli yeni torpaq icarə müqaviləsi bağlanılmış və yeni icarə müqaviləsi ilə torpağın icarə müddəti 31 dekabr 2024-cü il tarixədək müəyyən olunmuşdur. İddiaçının həmin hüququnun cavabdeh İdarə tərəfindən qeydə alınmasından imtina edilməsini əsaslı hesab edə bilmərik, yəni bələdiyyə hesab edir ki, cavabdehin iddiaçının torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının həyata keçirilməsindən imtinası üçün hər hansı qanuni əsas mövcud deyildir. Cavabdehin hüququn dövlət qeydiyyatından imtinasının əsasını təkil edən qanun norması 28 oktyabr 2008-cı il tarixində qəbul olunmuş Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilmişdir. Belə olan halda sual oluna bilər ki, cavabdeh həmin qanun norması mövcud olduğu halda, hansı səbəbdən əvvəlcə mərhum Şıxəliyev Abduləhəd Əlişah oğlunun, 22 noyabr 2017-ci il tarixdə isə İddiaçı icarə hüququnu dövlət qeydiyyatından keçirmiş və bu barədə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” müvafiq Çıxarışlar verilmışdir. Həqıqətən də, cavabdehin bildirdiyi kimi, qüvvədə olan qanun normaları torpaq üzərində iddiaçının hüququnun dövlət qeydiyyatını istisna edirsə, hansı səbəbdən 2017-ci ildə eyni əsaslarla həmin torpaq üzərində iddiaçının hüququnun dövlət qeydiyyatı aparılmışdır? Hesab edirlər ki, iddia tələbinə dair Ali Məhkəmənin qərarında qeyd edilən hallar nəzərə alınaraq iddiaçının haqlı tələbinin təmin edilməsinə dair məhkəmə qərarı qəbul edilməlidir. Xahiş edirlər ki, apelyasiya şikayəti təmin edilsin.
Tədbiq edilən hüquq
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
16. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
17. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
18. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
19. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
20. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
21. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
22. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
23. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
24. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
25. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
27. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
28. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
29. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
30. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
31. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
32. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
33. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
34. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28.10.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (-). 9-cu bənd: Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
35. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (-). Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-); Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (-).
36. Daşınmaz əmlakın dövlət reyestri haqqındaAzərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (-). Apellyasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hazırkı qərarın 15-28-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilən hüquqi mövqeyini əsas tutaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
38. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-2-ci bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 5-ci bəndində şərh edilən nəticəyə gəlinmişdir.
39. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin tələblərinə, habelə “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 28.10.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Lakin qeyd edilən qanun qüvvəyə minənə qədər icarəyə ayrılmış torpaqların isə hamısı yox, qanunla müəyyən edilmiş müəyyən hissəsinin icarə müqaviləsi açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən uzadıla bilər. Cavabdeh inzibati orqana təqdim edilən sənədlər qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edildiyi üçün inzibati orqanın imtinası əsaslı olmuş, ona görə də iddia rədd edilməlidir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmayaraq işdəki sübutları apelyasiya şikayətinin dəlillərilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsaslıdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır.
41. Belə ki, məhkəmə qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını kollegiya zəruri hesab edirək qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli və iş üzrə obyektiv qanunauyğun qərarın qəbulu üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
42. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
43. Belə ki, hazırkı qərarın 34-cü bəndində istinad olunan normaya görə, bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
44. İstinad olunan həmin normanın məzmunundan görünür ki, həmin qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlara münasibətdə qanunverici tərəfindən istisna nəzərdə tutulmuş və icarə müddətinin açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən uzadılmasının mümkünlüyü birbaşa təsbit olunmuşdur. İcarə müddətinin açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə uzadılması qaydası həmin qanun qüvvəyə minənədək qeyd olunan məqsədlərlə icarəyə verilmiş torpaqlara deyil, digər torpaqlara münasibətdə tətbiq oluna bilər.
45. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı qərarın 34-cü bəndində istinad edilən qanun normasına əsaslanaraq iddia tələbini rədd edərkən konkret olaraq hazırkı mübahisəyə münasibətdə həmin normanın tətbiqinə imkan yaradan və açıq torpaq hərracını və ya müsabiqəsini istisna edən halların (həmin normada nəzərdə tutulmuş dispozisiya şərtlərinin) iddiaçıya və hazırkı mübahisəyə münasibətdə mövcud olub-olmamasını araşdırmamış, başqa sözlə desək torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinin məqsədi və istifadə təyinatı, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə zəruri tikililərin inşası üçün ayrılıb-ayrılmadığı halı yoxlanılmamışdır.
46. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qoyulan göstərişlərin icrası ilə əlaqədar məhkəmə tərəfindən bələdiyyəyə edilmiş sorğuya cavab olaraq Sumqayıt Bələdiyyəsinin 29.11.2021-ci il tarixli 3810 saylı cavab məktubunda vurğulanır ki, Sumqayıt Bələdiyyəsi 17.05.2007-ci il tarixli 15 saylı qərarı ilə Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində istehsalat sahəsi yaratmaq məqsədilə Qarabağ müharibəsi veteranı Şıxəliyev Abduləhəd Əlişah oğluna torpaq sahəsi ayırmış, sonuncu Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış 01.11.2017-ci il tarixdə təsdiq edilmiş 3M 856 nömrəli "Torpağın icarə hüququnun bağışlama müqaviləsi" əsasında icarə hüququnu oğlu İddiaçı bağışlamış və sonuncunun icarə hüququ Daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı ******* saylı çıxarışla ********** saylı qeydiyyat nömrəsilə dövlət qeydiyyatına alınmışdır. Sumqayıt Bələdiyyəsi 17.05.2007-ci il tarixli 15 saylı qərara və Daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı ******* saylı çıxarışına əsaslanaraq İddiaçı ilə 17.12.2019-cu il tarixdə 134 saylı torpaq icarə müqaviləsi bağlamışdır.
47. Bələdiyyənin qeyd edilən münasibətilə müəyyən edilir ki, İddiaçı ilə bağlanılmış 17.12.2019-cu il tarixli 134 saylı torpaq icarə müqaviləsi heç də müstəqil müqavilə olmayıb mərhum Şıxəliyev Abduləhəd Əlişah oğlu ilə bələdiyyə arasında 17.05.2007-ci il tarixdə bağlanılmış müqavilənin davamı olaraq bələdiyyə ilə əvvəlki icarədarın hüquqi varisi arasında əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir. Yəni, hazırkı qərarın 34-cü bəndində istinad edilən qanun norması da onu özündə ehtiva edir ki, qanunvericinin məqsədi qəbul etdiyi yeni tənzimləmənin tətbiqi zamanı hüquqi sabitlik məqsədləri baxımından əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir.
48. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “...inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 20 aprel tarixli Qərarı). Digər tərəfdən, inzibati məhkəmələrin “təyinatı” bununla məhdudlaşmayaraq, həmçinin inzibati orqanların qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərmələrinə “nəzarətin” həyata keçirilməsini ehtiva edir. Bu baxımdan inzibati məhkəmə icraatında mülki məhkəmə icraatı ilə nisbətdə dövlətin daha yüksək publik marağı mövcud olur. Belə ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində yaranır və bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyribərabər hüquqi vəziyyətdə olurlar. Tərəflərdən biri suverenlik daşıyıcısı olaraq digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. Bununla yanaşı, öz maraqlarının müdafiəsi üçün inzibati orqanlar həm təşkilati, həm də əmək resurslarına malikdir ki, əksər hallarda belə resurslar fiziki və ya hüquqi şəxslər üçün əlçatmazdır. Məhz bu səbəbdən inzibati prosesdə mülki prosesdən fərqli olaraq, inkvizisiya prinsipi tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Qeyd edilməlidir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir (İnzibati Prosessual Məcəllənin 68.2 və 69.4-cü maddələri). İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir...”.
49. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarın 34-36-cı bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından cavabdeh İdarə tərəfindən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair təqdim etdiyi sənədlərə əsasən torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni hesab edilə bilməz, bu səbəbdən də, apelyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-291/2021 saylı 18 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “onunla mərhum atası Şıxəliyev Abduləhəd Əlişah oğlu arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış 01 noyabr 2017-ci il tarixli 3M 856 nömrəli "torpağın icarə hüququnun bağışlama müqaviləsi" əsasında atası Şıxəliyev Abduləhəd Əlişah oğlunun Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007-ci il tarixli 15 nömrəli qərarı ilə icarəsinə verilmiş və Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kv.metr olan torpaq sahəsi üzərindəki yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının verilməsi” öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.