Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1201/2025 24.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə 16 dekabr 2024-cü il tarixli əmrin ləğv edilərək iddiaçının eyni tarixdən xidmətə bərpa olunması üçün yeni əmrin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-5139/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin iddiaçı barəsində verdiyi “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması barədə 16 dekabr 2024-cü il tarixli əmrin ləğv edilərək eyni tarixdən xidmətə bərpa olunması üçün yeni əmrin verilməsi” tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-5139/2025 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək, iddianın mümkün sayılmasını və mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, əmr elan olunduqdan sonra imzalatdırılsa da, hüquqları və həmin əmrdən şikayətvermə qaydası barədə bildiriş, habelə həmin əmrdən çıxarış verilmədiyindən, İddiaçı tərəfindən“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinin tələblərinə əsasən otuz gün müddətində, yəni 28 dekabr 2024-cü il tarixdə həmin inzibati aktdan (əmrdən) şikayət verilmişdir. Şikayətə cavab verilmədiyindən, iddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan konstitusion hüququndan və İnzibati Prosessual Məcəllənin 38.1cimaddəsində qeyd olunan prosessual hüquqlarından istifadə edərək xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən inzibati aktda həmçinin həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. İddia ərizəsindən də göründüyü kimi, əmr şifahi şəkildə iddiaçıya elan olunmuş, bu zaman ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat verilməmiş, əmr iddiaçının özünə oxutdurulmadan imzalanması tələb olunmuşdur. Elə bu səbəbdən iddiaçı heç əmrin tarixini də dəqiq bilmədiyindən, iddia ərizəsində onu səhv qeyd etmişdir. Həmin əmr məhkəməyə təqdim olunsa da, məhkəmə tərəfindən tanış olmaq üçün iddiaçıya və onun nümayəndəsinə təqdim olunmadan qaytarılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz iddiaya dair etirazla eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya instansiya məhkəməsində keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək, iddianın mümkün sayılmasını və mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Maddə 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, e- 2-1(118)-5139/2025 nömrəli inzibati iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə 16 dekabr 2024-cü il tarixli əmrin ləğv edilərək iddiaçının eyni tarixdən xidmətə bərpa olunması üçün yeni əmrin verilməsi” barədə qərar qəbul edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə ərazi aidiyyətini pozmaqla baxaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Belə ki, İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi hazırki iş üzrə aidiyyəti tənzimləyən maddi hüquq norması qismində çıxış edən İPM-nin 8.1.3-cü maddəsinin tələblərinə görə inzibati orqanla hərbi qulluqçu arasımnda mövcud olan və ya mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara 1) iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı tədqidrdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xidmət zamanı Xaçmaz rayonunda xidməti mənzildə yaşasa da, mübahisələndiurilən əmr verildikdən (yəni ehtiyata buraxıldıqdan) həmin mənzili boşaldaraq təhvil vermiş və artıq Abşeron rayonunda kirayə mənzildə yaşayır. Kirayə yaşadığı mənzilin sahibi ilə hər hansı mənzil kirayə müqaviləsi bağlanmamışdır. Bununla da iddiaçının Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyası altında olan ərazidə yaşamasını təsdiq edən hər hansı əsas müəyyən edilməmişdir. Yuxarlda göstərilən normanın ikinci tələbi isə mübahisənin iddiaçının yaşayış yerin məhkəməsi tərəfindən baxılmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçının yaşayış yeri (qeydiyyat ünvanı) Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Məmmədrza Dizə ərazi dairəsi, Məmmədrza Dizə kəndidir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının qeydiyyat ünvanı ərazi vahidi olaraq Naxçıvan Muxtar Respublikası ərazisində yerləşdiyindən, prosessual qanunvericiliyin tələbinə əsasən inzibati ərazi vahidi üzrə ərazi aidiyyətinə görə səlahiyyətli məhkəmə orqanı qismində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi çıxış edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən ərazi aidiyyəti qaydalarına əməl edilmədən (aidiyyət qaydlarına uyğun olaraq səlahiyyətli məhkəmə olmadığı halda) hazırki iddia tələbinə mahiyyəti üzrə olmasa da baxmış, bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Bu baxımından kollegiya hesab edir ki, prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbinə məhz aidiyyəti üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalı olduğundan, indiki halda isə aidiyyət qaydaları pozulduğundan, birinci instansiya məhkəməsinin qəraradı ləğv edilməli, apellyasiya şikayəti həmin hissədə təmin edilməli, inzibati iş baxılması üçün müvafiq aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərildiyindən, qalan hissədə (iddia tələbinin təmin edilməməsi hissəsində) şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası prosessual qanunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və e- 2-1(118)-5139/2025 nömrəli inzibati iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-5139/2025 nömrəli qərardadı ləğv edilsin və müvafiq inzibati iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1201/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1201/2025
24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver