Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1202/2025 09.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (Açar sözlər: plan və ölçü sənədinə düzəliş edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə “cavabdehin onun müraciətinə verdiyi imtinasını qanunsuz hesab edərək, “torpaq sahəsinin planı və ölçülərinin verilməsi zamanı yazılarda texniki səhvlərin düzəldilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-543/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən 1.0 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehin imtina məktubundan görünür ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, “torpaq sahəsinin planı və ölçüsündə hər hansı düzəlişin edilməsi üçün heç bir əsas təqdim edilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən göstərilən ərazi dövlət əmlakı kimi işlənilmiş Vəlvələ çay qumçınqıl karxanasıdır. Mütəxəssis rəyindən görünür ki, “iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları sənəd üzrə -RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********834, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, torpaq sahəsinin planı və ölçüsünə uyğun deyil. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası, torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial təyinatlı torpaqlara aid olmaqla, uqodiyası Sənaye və istehsalat. İddiaçının faktiki naturada istifadəsində olan torpaq sahəsi dəmir yolu, su kəməri, yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşmür. İddiaçının sənəd üzrə (RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********834, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, torpaq sahəsinin planı və ölçüsü) torpaq sahəsinin koordinatları sürüşmə ilə olduğundan naturada dəmir yolunun üzərinə düşür”. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin onun müraciətinə verdiyi imtinasını qanunsuz hesab edərək, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən 1 ha torpaq sahəsinin planı və ölçülərinin verilməsi zamanı yazılarda texniki səhvlərin düzəldilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən 1 ha torpaq sahəsi tanı mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus olmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Lakin sonradan torpaq sahəsinin planı və ölçülərinin verilməsi zamanı yazılarda texniki səhvlər müəyyən edildiyindən bu səhvlərin düzəldilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh təşkilata müraciət olunmuşdur. Cavabdeh təşkilat isə əsassız olaraq texniki səhvlərin düzəldilməsinin mümkünsüz olduğunu bildirərək 3-21-3-34/2-13087/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla müraciətin icra edilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən verilmiş imtina əsassız olmaqla hüquqi şəxsin öz əmlakı üzərində mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Verilmiş imtina məktubunun məzmunundan da göründüyü kimi sözü gedən düzəlişlərin edilməsindən imtina edilməsinə əsaslı dəlil gətirilməmiş, imtinanın verilməsi isə mülkiyyət üzərində hüquqların həyata keçirilməsinə maneə yaratmaqdan ibarət olmuşdur. Halbuki texniki səhvlər məhz cavabdehin özü tərəfindən buraxılmış və səhvlərin nəticəsində torpaq sahəsinin bir hissəsi dəmir yolunun üzərinə düşür. Belə olan halda qeyd olunan texniki səhvlərin düzəliş edilməsindən imtina edilməsi əsassız hesab olunmaqla aradan qaldırılmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazda qeyd etmişdir ki, İddiaçı MMC-ti Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən 1 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi zamanı yazılarda buraxılmış texniki səhvlərin düzəldilməsi haqqında 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, “torpaq sahəsinin planı və ölçüsündə hər hansı düzəlişin edilməsi üçün heç bir əsas təqdim edilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən göstərilən ərazi dövlət əmlakı kimi işlənilmiş Vəlvələ çay qumçınqıl karxanasıdır.” Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-543/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən 1 ha torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında MMC-nin mülkiyyətinə keçmişdir. İddiaçı xx.xx.2015-ci il tarixli **********34 reyestr nömrəli çıxarışın plan və ölçü sənədində yanlışlığın aradan qaldırılması üçün cavabdehə müraciət etsə də onun müraciəti müsbət həll edilməmişdir. Yəni iddiaçının hüquqi marağı adına tərtib edilmiş plan və ölçü sənədinin faktiki istifadəsində olan əmlaka uyğun verilməsi niyyətindədir. Cavabdehin imtinası qanuni olmuşdur. İşin ədalətli araşdırılması məqsədilə daşınmaz əmlaka baxış keçirilmiş və mütəxəssis rəyi alınmışdır. Təqdim edilən mütəxəssis rəyindən görünür ki, “iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları sənəd üzrə -RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********834, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, torpaq sahəsinin planı və ölçüsünə uyğun deyil. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üstüstə düşmür.İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası, torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial təyinatlı torpaqlara aid olmaqla, uqodiyası Sənaye və istehsalat. İddiaçının faktiki naturada istifadəsində olan torpaq sahəsi dəmir yolu, su kəməri, yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşmür.İddiaçının sənəd üzrə (RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********834, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05.08.20,17-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, torpaq sahəsinin planı və ölçüsü) torpaq sahəsinin koordinatları sürüşmə ilə olduğundan naturada dəmir yolunun üzərinə düşür”. Yəni, iddiaçıya məxsus daşınmaz əmlak faktiki elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial təyinatlı torpaqlara aid olmaqla, uqodiyası Sənaye və istehsalat təyinatlı olmasına baxmayaraq, iddiaçıya təqdim edilmiş çıxarışda ehtiyyat fondu torpaqlara aid olması göstərilmişdir ölçülərinə uyğundur. Belə olan halda texniki sənədlərin yenidən dəyişdirilməsinə zərurət yoxdur. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçının tələbinin qanuniliyi öz təsdiqini tapmamışdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun inzibati icraat aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən əmlaka daşınmaz əmlakın dövlət reyestrindən yeni plan və ölçü sənədinin verilməsindən imtinası qanuni olmuşdur. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh orqan tərəfindən cəmiyyətə məxsus torpaq sahəsinə dair plan və ölçülərin verilməsi zamanı yazılarda buraxılmış texniki səhvlər nəticəsində torpaq sahəsinin koordinatları naturada açıq aşkar dəmir yolunun üzərinə düşür. Məhkəmənin qeyri-obyektiv verilmiş mütəxəssis rəyinə istinadən iddianı əsassız hesab etməsi cəmiyyətin birmənalı olaraq mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Mübahisənin düzgün həlli üçün birinci instansiya məhkəməsi ən azından iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edərək cəmiyyətin mülkiyyətində olan Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən 1 ha torpaq sahəsinin texniki pasportun göstəricilərinə uyğun olub olmadığını, həmçinin plan və ölçülərinin verilməsi zamanı yazılarda texniki səhvlərin mövcud olub olmadığını müəyyən etdikdən sonra müvafiq nəticəyə gəlməli idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. ....
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi ....
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. Maddə 16.Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır..... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının tələbi torpaq sahəsinin planı və ölçülərinin verilməsi zamanı yazılarda texniki səhvlərin düzəldilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sənədlərin ekspertizası zamanı “torpaq sahəsinin planı və ölçüsündə hər hansı düzəlişin edilməsi üçün heç bir əsas təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq onun adına dövlət qeydiyyatına alınmış, plan və ölçü sənədi tərtib edilmişdir. İddiaçı sözügedən torpaq sahəsini notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd qismində JN-0296 nömrəli “ Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı çıxış etmiş, həmin X3 rayonu Çarxı Bələdiyyəsinin 06 aprel 2004-cü il tarixli 02 saylı qərarı əsasında tərtib edilmişdir. Torpaq sahəsinə dair tərtib edilmiş ilkin hüquqmüəyyənedici sənədlərdə torpaq shaəsinin yerləşmə vəziyyəti və koordinatları öz əksini tapmışdır. İş materiallarında olan və tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi onun adına tərtib edilmiş plan və ölçü sənədində əks olunmuş koordinatlara uyğun deyil, faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, dəmir yolu, su kəməri, yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşmür, sənəd üzrə torpaq sahəsinin koordinatları sürüşmə olduğundan naturada dəmiryolunun üzərinə düşür. Həmçinin, məhkəmə araşdırması zamnaı mütəxəssis rəyinin məzmununa aydınlıq gətirilməsi məqədilə mütəxəssisin məhkəmə iclasında dinlənilməsi təmin edilmişdir. Mütəxəssisin mhkəmə iclasında rəylə bağlı verdiyi izahatından aydın olur ki, iddiaçının adına tərtib edilmiş plan ölçü sənədində əks olunan koordinatlar üzrə torpaq sahəsiin dəmir yoluna düşməsi halı həmin ərazidə sürüşmə olması ilə bağlıdır, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı həm sürüşmə halı var, hə də yerinin dəyişdirilməsi, bu səbəbdən də konfiqurasiya fərqinin olması halı mövcuddur, iddiaçının adına tərtib edilmiş plan ölçü sənədi torpaq sahəsinə dair ilkin torpaqayırma sənədi olan müvafiq Dövlət Aktında əks olunmuş koordinatlara uyğundur. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın mümkün sayılmaması əsasları aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki,indiki halda iddiaçı torpaq sahəsinin koordinatlarının texniki sənəddə düzgün işlənilmədiyindən, həmin səhvin aradan qaldırılmasını, düzgün işlənilməsini istəyir. Məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, iddiaçının adına tərtib edilmiş müvafiq texniki sənədlər torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlər (Dövlət Aktında) əks olunmuş koordinatlara uyğundur, cavabdeh tərəfindən tərtib edilmiş plan ölçü sənədi məhz həmin koordinatlara uyğun tərtib edilmişdir. İndiki halda isə iddiaçının torpaq sahəsindən faktiki istifadə vəziyyəti ilə sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluq var və bu uyğunsuzluğun yaranması səbəbi yalnız həmin ərazidə baş vermiş sürüşmə halı ilə bağlı olmamaqla, torpaq sahəsinin yerinin dəyişdirilməsi, bu səbəbdən də konfiqurasiya fərqinin (artıq torpaq sahəsi olmaqla, ilkin hüquqmüəyyənedici sənəd üzrə olan konfiqurasiyaya uyğun olmadığından) yaranması ilə bağlı ortaya çıxmışdır. Qeyd edilməlidir ki, torpaq sahəsinin plan və ölçü sənədi şəxsə mülkiyyət hüququ əsasında məxsus olan əmlakın texniki göstəricilərini, yerləmşmə vəziyyətini müəyyən edən sənəd olmaqla, özü hüquqmüəyyənedici sənəd qismində çıxış etmir. Həmin sənəd də məhz mülkiyyətçiyə qanuni əsaslarla məxsus olan torpaq sahəsinin yerləşmə mövqeyini və koordinatlarını əks etdirir. İndiki halda isə iddiaçının adına tərtib edilmiş plan ölçü sənədi məhz mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinin texniki göstəricilərini ehtiva etməklə, ilkin hüquqmüəyyənedici sənədlərə uyğun olmuşdur. Başqa sözlə desək, indiki halda iddiaçı torpaq sahəsinə dair tərtib edilmiş plan və ölçü sənədinin ilkin sənədlərə uyğun olaraq düzgün tərtib edilməməsi halına istinad etsə də, işin müəyyən edilmiş həmin halları əsasında istinad edilən hallar təkzib edilmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları iddianının əsaslılığını müəyyən etməyə imkan vermədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya onu da qeyd edir ki, iddiaçının faktiki istifadə vəziyyəti ilə torpaq sahəsinin sənəd üzrə olan DWJ və TEKUİS-də olan məlumatları arasında uyğunsuzluğun yaranması səbəbi yalnız sürüşmə ilə bağlı ortaya çıxmadığından, yerinin dəyişdirilməsi və konfiqurasiya fərqinin olması halı mövcud olduğundan, bu hallar isə iddiaçının təqsiri ilə bağlı olduğundan (təqsirli hərəkətləri nəticəsində yarandığından) cavabdehin iddiaçının adına tərtib etdiyi plan və ölçü sənədlərində dəyişiklik etmək onun öhdəliyi kimi ortaya çıxmamışdır. Həmçinin, kollegiya iddiaçının diqqətinə onu çatdırır ki, torpaq sahəsinin yerləşmə mövqeyi ilə bağlı uyğunsuzluğun yaranma səbəbi yalnız sürüşmə və ya ərazidə uçot işlərinin tamamlanmaması ilə bağlı ortaya çıxdığı halda, bu halı aradan qaldırmaq cavabdehin öhdəliyi kimi çıxış edir. İndiki halda isə iddiaçıya münasibətdə yerdəyişmə halı və ona dair ilkin hüquqmüəyyənedici sənədə uyğun artıq tərtib edilmiş texniki sənəd mövcud olduğundan, sürüşmə ilə bağlı yaranmış uyğunsuzluğa aid hissədə TEKUİS-də olan məlumatların yenidən işlənilməsi məhz həmin prosedur çərçivəsində icra edilə bilər. Nəticə etibarilə kollegiya hesab edir ki, indiki halda işin müəyyən edilmiş halları (plan və ölçü sənədi ilkin hüquqmüəyyənedici sənədə uyğun tərtib edildiyindən, plan və ölçü sənədi mövcud olduğundan, torpaq sahəsinin yerinin dəyişdirilməsi və bu səbəbdən də konfiqurasiya fərqi mövcud olduğundan) cavabdehin imtina ilə bağlı hərəkətlərinin qanunauyğun olduğunu deməyə əsas verir. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları əsasında iddiaçının iddia tələbinin əsaslılığı müəyyən edilmədiyindən, həmin hallar apellyasiya şikayətinin dəlillərini təkzib etdiyindən, apellyasiya şikayəti əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-543/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.