Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1203/2025 17.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, kənd təsərrüfatı təyinatlı örüş torpaqları) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4408/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Şamaxı rayon Əngəxaran Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 saylı qərarının surətində görünür ki, bələdiyyənin perspektiv inkişafı ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı/şərti yararsız torpaq sahəsindən tikinti məqsədli 0,10 ha, kənd təsərrüfatı məqsədi üçün 0,90 ha olmaqla, cəmi 1,00 torpaq sahəsinin satılması qərara alınmışdır. Torpağın alqı-satqısına dair aktın surətindən görünür ki, Şamaxı rayon Əngəxaran Bələdiyyəsi tərəfindən İddiaçı Şamaxı rayon Əngəxaran Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 saylı qərarına əsasən 1,00 ha torpaq sahəsi satılmışdır. xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı Şamaxı rayon Əngəxaran Bələdiyyəsinin hesabına torpağın alqı-satqısı üçün 633 manat pul ödəmişdir. Cavabdehin 16 yanvar 2025-ci il tarixli, 3-21-3-41/2-S-0029-8/2024 nömrəli imtina məktubundan görünür ki, Şamaxı rayonu, Əngəxaran Bələdiyyəsinin 20 iyul 2007-ci il tarixli 08 saylı qərarında iddiaçının mülkiyyətinə satılmış tikinti məqsədi ilə 0.10 ha, və 0.90 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi elektron baza xəritəsində kənd təssərüfatı təyinatlı örüş sahəsidir. Cavabdehin 3-21-3-41/2-1194/2025 nömrəli, 25 aprel 2025-ci il tarixli məktubundan görünür ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezdentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırma aparılmışdır. İddiaçının naturada faktiki istifadəsində torpaq sahəsi mövcud deyildir. Naturada göstərdiyi torpaq sahəsi 0.94 ha təşkil edir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına (TEKUİS məlumatları) əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsi Şamaxı rayonu Məlhəm kəndi ərazisində yerləşməklə, 0,24 ha hissəsi JN-59 nömrəli, 0,70 ha hissəsi JN-60 nömrəli Dövlət aktına əsasən xüsusi mülkiyyətə verilmiş pay torpaqları ilə üst-üstə düşür. İddiaçının naturada göstərdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə çıxarışlar verilməmişdir. Cavabdehin 3-21-3-41/2-2008/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezdentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırma aparılmışdır. İddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi 1,0 ha təşkil edir. 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsi Şamaxı rayonu Məlhəm bələdiyyəsinin Əngəxaran kəndi ərazisində yerləşməklə, qonşuluğunda yerləşən torpaq sahələri kənd təsərrüfatı təyinatlı (əkin, örüş) torpaqlar kateqoriyasına aiddir. Cavabdehin 3-21-3-41/2-2362/2025 nömrəli, 14 avqust 2025-ci il tarixli məktubundan görünür ki, 14 saylı Şamaxl Ərazi İdarəsində mövcud olan elektron kadastr baza məlumatlarına əsasən İddiaçı ayrılmış 1,00 ha torpaq sahəsinin 0.90 ha hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Cavabdehin 3-21-3-41/2-2529/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli məktubundan görünür ki, 14 saylı Şamaxl Ərazi İdarəsində mövcud olan elektron kadastr baza məlumatlarına əsasən İddiaçı ayrılmış 1,00 ha torpaq sahəsinin 0.90 ha hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Cavabdehin 3-21-3-41/2-3824/2025 nömrəli, 8 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi 1.0 ha təşkil edir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına (TEKUİS məlumatları) əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsi Şamaxı rayonu Əngəxaran kəndi ərazisində yerləşir, qonşuluğunda yerləşən torpaq sahələri kənd təsərrüfatı təyinatlı (əkin,örüş) torpaqlar kateqoriyasına aiddir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən iddiaçı tərəfindən naturada göstərilən 1.0 ha torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə reyestrdən çıxarışlar verilməmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçının torpaq sahəsinə Ərazi İdarəsinin əməkdaşları tərəfindən iki dəfə baxış keçirilmişdir. İddiaçı tərəfindən əvvəl naturada göstərilən torpaq sahəsi Şamaxı rayonu Məlhəm kəndi ərazisində vətəndaşların əkin (pay) torpaqları( JN 59 və JN 60 nömrəli dövlət aktları) ilə üst-üstə düşmüşdür. İddiaçı tərəfindən ikinci dəfə naturada göstərilən torpaq sahəsi elektron baza xəritəsinə əsasən Şamaxı rayonu Əngəxaran kəndi ərazisində kənd təsərrüfatı təyinatlı örüş torpaqlarda yerləşir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Şamaxı rayonu Əngəxaran Bələdiyyəsinin 20 iyul 2007-ci il tarixli 08 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişafı ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı/şərti yararsız torpaq sahəsindən tikinti məqsədli 0,10 ha, kənd təsərrüfatı məqsədli 0,90 ha olmaqla, cəmi 1,00 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, ona çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Şamaxı rayonu Əngəxaran Bələdiyyəsinin 20 iyul 2007-ci il tarixli 08 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişafı ehtiyat fondunun alqısatqı predmeti olan kənd təsərrüfatına az yararlı/şərti yararsız torpaq sahəsindən tikinti məqsədli 0,10 ha, kənd təsərrüfatı məqsədi üçün 0,90 ha olmaqla, cəmi 1,00 torpaq sahəsinin satılması qərara alınmışdır. Həmçinin, qərarın 3-cü hissəsinin icrası məqsədilə tərəfindən bələdiyyənin bank hesabına 633 manat ödənilmişdir. Göstərilən xüsusatlara müvafiq olaraq, Əngəxaran bələdiyyəsinin nümayəndəsinin, onun və X3 Komitəsinin Şamaxı rayon şöbəsinin müdirinin iştirakı və imzaları ilə tərtib edilmiş torpaqların alqı-satqısına dair akt şəhər torpaq şöbəsində xx.xx.2007ci il tarixdə 17-7/19 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd edilən torpaq sahəsinin ona məxsusluğu barədə həmçinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdirinin imzası ilə təsdiq edilən arayışda da göstərilir. Eyni zamanda rayon torpaq şöbəsinin müdiri tərəfindən satılan torpağa kadastr planı hazırlanması üçün X5 Kadastr Mərkəzinin rəisinə eskiz əlavə edilməklə, məktub ünvanlanmışdır. Qeyd edilənlər əsasında, Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən tikinti məqsədli 0,10 ha və kənd təsərrüfatı məqsədli 0,90 ha torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə 14 saylı Şamaxı Ərazi idarəsinə müvafiq ərizə ilə müraciət etmişdir. Lakin, 14 saylı Şamaxı Ərazi İdarəsinin 16 yanvar 2025-ci il tarixli, 3-21-3-41/2-S-0029-8/2024 nömrəli məktubu ilə qeyd edilən daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı imtina bilirişinə uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4408/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud mübahisənin ədalətli həll edilməsi məqsədilə məhkəmə tərəfindən mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpa sahəsi 1 hektar təşkil edir və torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aiddir. Göründüyü kimi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən olunmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının qonşuluqda yerləşən torpaq sahələrinə dair digər şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin təyinatı örüş torpaqlarına aid olmaqla kənd təsərrüfatı torpaqlarında olması müəyyən olmuşdur. Ona görə də müvafiq torpaq sahəsi alqı-satqı predmeti ola bilməz. Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, sözügedən bələdiyyə qərarı qanunvericilik aktlarına zidd olaraq qəbul edilmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, torpaq sahəsinin bir hissəsində əkinçilik təsərrüfatı yaradıb, əkin apardığı ərazidə hal-hazırda əkinçiliklə məşğul olur. Torpaq sahənin xüsusi mülkiyyət kimi qeydiyyata alınması barədə ərizə ilə cavabdehə müraciət etsə də cavabdeh həmin ərizəni təmin etməyib. Birinci instansiya məhkəməsi iddia tələbini araşdırdıqdan sonra həmin iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarıb və bunu: - təhrif olunmuş sənədlər qeyri dəqiq nəticələr və hüquqa zidd qiymətləndirmə üzərində qurmuşdur. Təqdim edilmiş ekspert rəyi məhkəmə tərəfindən təhrif edilmiş və yanlış qiymətləndirilmişdir. Qərarın 4-cü səhifəsində göstərilir: “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 1 hektar təşkil edir və torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aiddir.” Halbuki Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda torpağın “kənd təsərrüfatı təyinatlı (əkin, örüş) torpaqlar” kateqoriyasına aid olduğu açıq şəkildə göstərilmişdir. Məhkəmə sübut sənədinin məzmununu birtərəfli və natamam şəkildə təqdim etmiş, nəticədə torpaq sahəsinin təyinatı barədə səhv hüquqi qənaətə gəlmişdir. Bu fərq prinsipialdır. “Əkin” ifadəsinin çıxarılması nəticəsində məhkəmə sənədi birtərəfli şərh etmiş və torpaq sahəsini yalnız örüş torpağı kimi qiymətləndirərək yanlış hüquqi nəticəyə gəlmişdir. Bu, İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin pozulmasıdır, məhkəmə qərarı yalnız tam və düzgün tədqiq olunmuş sübutlara əsaslana bilər. Birinci instansiya məhkəməsi hazırkı inzibati işin 1 ilə yaxın icraatda olmasına baxmayaq, İPM-nin 12.1.-ci maddəsinin tələbini pozub və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmayıb. Məhkəmə “mülkiyyət hüququnun qeydiyyata alınmaması” faktını əsas kimi götürüb, lakin bu, hüquqa ziddir. Məhkəmə qərarının bir hissəsində qeyd olunub ki, “ona qonşuluqda yerləşən torpaq sahələri reyestrdə qeydiyyata alınmayıb, buna görə də onun torpaq sahəsi də alqı-satqı predmeti ola bilməz.” Bu arqument qanunsuzdur, çünki bir vətəndaşın torpaq hüququnun tanınması digər şəxslərin qeydiyyat vəziyyətindən asılı ola bilməz. Hər bir torpaq sahəsi öz hüquqi sənədləri və qərarları əsasında ayrıca qiymətləndirilməlidir. Dövlət qurumlarının hərəkətsizliyinə görə vətəndaş məsuliyyət daşımamalıdır. Əgər bələdiyyə 2007-ci ildə torpağı ona satıb, ödənişi rəsmi qaydada həyata keçirmişəmsə, bu əməliyyatın dövlət qeydiyyatında tamamlanmaması və ya məlumatların bazaya daxil edilməməsi artıq dövlət orqanlarının məsuliyyətidir. Məhkəmə isə bu vacib hüquqi fərqi nəzərə almamış, sanki onun üzərimə düşən öhdəlikləri yerinə yetirməmişəm kimi yanaşmışdır. Əgər hansısa qurumun fəaliyyətsizliyi nəticəsində sənədləşmə gecikibsə, bu, vətəndaşın mülkiyyət hüququnun rədd edilməsi üçün əsas ola bilməz. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər bir şəxs öz hüquqlarının dövlət orqanları tərəfindən qorunacağına ümid bəsləyə bilər. Məhkəmə isə bu prinsipi nəzərə almamışdır. Məhkəmə subyektiv mülahizə ilə “bələdiyyə qərarı qanuna zidd qəbul olunub” nəticəsinə gəlib Qərarda deyilir: “Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, sözügedən bələdiyyə qərarı qanunvericilik aktlarına zidd olaraq qəbul edilmişdir.” Lakin məhkəmə bu nəticəyə gəlmək üçün nə konkret qanun pozuntusuna, nə də dövlət orqanının rəsmi aktına istinad edib. Əgər doğrudan da bələdiyyə qanunsuz qərar qəbul etmişdisə, o zaman həmin bələdiyyə məsuliyyətə cəlb olunmalı idi. Bu addım atılmadığı halda, vətəndaşın 18 il əvvəl rəsmi şəkildə aldığı torpağın hüququnu ləğv etmək nə hüquqa, nə də ədalət prinsipinə uyğundur. Əgər qərar qanunsuz hesab olunurdusa, məhkəmə “qanun pozuntusuna yol vermiş orqanın məsuliyyətinin araşdırılması” barədə qərar qəbul etməli, məsuliyyəti vətəndaşın üzərinə yükləməməli idi. İddiaçı apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci it tarixli mütəxəssis rəyini və torpaq sahəsinə qonşu ərazilərdə yerləşən sahələrə də çıxarış verilməməsini əsas gətirərək, iddianı rədd etmişdir, İlk növbədə bildirilir ki, mütəxəssis rəyi cavabdeh qurum tərəfindən verildiyi üçün həmin rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı iddiaçıya məxsus olan torpaq sahələrinə qonşu olan çıxarışlar verilmişdir və təbii sual yaranır ki, iddiaçıya verilmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlarına aiddirsə, həmin torpaq sahələri ilə qonşuluqda yerləşən torpaq sahələrinə hansı əsasla çıxarış verilmişdir? “İnzibati icraat haqqında” Qanunun 13,1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika İlə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Təqdim edilmiş çıxarışlardan göründüyü kimi cavabdeh inzibati orqan ona münasibətdə mövcud inzibati praktikadan kənara çıxaraq ona torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrinə dair çıxarış verməkdən imtina etmiş və “İnzibati icraat haqqında” Qanunun istinad edilən maddəsinin tələblərini pozmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; ... Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibatiərazi vahidləri arasında bölüşdürülür.
2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.
3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıqsanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4-cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (xx.xx.2007-ci il tarixə qədər olan redaksiya). Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Maddə 3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Maddə 12. Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edilməsi hallarına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı ilə iddiaçıya satılmış, ona dair alqı-satqı aktı, ödəniş qəbzi mövcud olmuşdur. Sözügedən bələdiyyə qərarında torpaq sahəsinin bələdiyyənin inkişaf perspektivi fonduna aid olduğu, alqı-satqı predmeti olduğu, habelə DTXK tərəfindən verilmiş rəyin məzmununda da sözügedən torpaq sahəsinin alqı-satqı predmeti olması qeyd edilmişdir. Bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin yerləşmə mövqeyinə aid yeruquruluşu layihəsindən çıxarış tərtib edilmiş, həmin layihədə isə sözügedən torpaq sahəsinin yerini müəyyən edən hər hansı şərti işarə və koordinatlar öz əksini tapmamışdır. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının faktiki istifadəsində torpaq sahəsi mövcud olmamışdır. Bunun nəticəsində iddiaçı tərəfindən naturada iki dəfə ayrı-ayrı torpaq sahəsi ona satılmış torpaq sahəsi kimi tanıdılmışdır. Cavabdehin mütəxəssiləri tərəfindən iddiaçı tərəfindən birinci halda tanıdılan torpaq sahəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin torpaq sahəsi başqa şəxslərin adına tərtib edilmiş JN-59 və JN-60 nömrəli Dövlət aktlarında əks olunmuş pay torpaqları ilə üst-üstə düşür, Məlhəm kəndi ərazisində yerləşir və onun ətrafında mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış torpaq sahəsi mövcud olmamışdır. İddiaçı tərəfindən ikinci halda tanıdılan torpaq sahəsi isə Əngəxaran kəndi ərazisində yerləşir, təyinatına görə kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir, mərz çəkilməmiş, faktiki sərhədləri mövcud deyil, ətrafında yerləşən torpaq sahələri kənd təsərrüfatı təyinatlı əkin (örüş) torpaq sahələridir. Kollegiya qeyd edir ki, işin müəyyən edilmiş həmin halları (iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin olmaması, tanıtdığı torpaq sahəsinin yerini müəyyən edən sənədin mövcud olmaması, özünün belə torpaq sahəsinin harada yerləşməsi barədə tam məlumatlı olmaması və s.) özlüyündə ilkin mərhələdə iddianın əsaslılığını təkzib edən hallar kimi çıxış edir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının hüquqi marağı dəqiqləşdirilmiş, iddiaçının məhz sonuncu göstərdiyi torpaq sahəsinin onun adına satılan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Bundan əlavə, kollegiya hesab edir ki, hətta iddiaçının tanıtdığı torpaq sahəsinin məhz müvafiq bələdiyyə qərarı ilə ona satılan torpaq sahəsi olduğunu qəbul etmiş olsaq belə, həmin torpaq sahəsinin təyinatı DWJ və TEKUİS məlumatına əsasən təyinatı kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Hansı ki, yuxarıda istinad edilən həm torpaq ayrılan vaxtda qüvvədə olan, həm də hazırda qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən örüş torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi yolverilməzdir, yalnız icarəyə (müvəqqəti istifadəyə) verilə bilər. Həmçinin, kollegiya onu qeyd edir ki, torpaq sahəsinin məqsədli təyinatı, hüquqi rejimi, kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri (yararlılıq əlaməti) ilə bağlı məlumatlar məhz dövlət kadastr məlumatları əsasında müəyyən edilir ki, həmin məlumatlar da məhz qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə həyata keçirilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir:torpaq sahələrinin hüquqi statusu;torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ;torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri;torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi;torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Nəticə etibarilə həmin torpaq sahəsinin kənd təsərrüfatı örüş torpaq sahəsi olması həmin torpaq sahəsinin ayrıldığı vaxtda mövcud olan DWJ məlumatları və hazırda mövcud olan TEKUİS məlumatları əsasında öz təsdiqini tapmışdır. Bu hal isə iddiaçının iddia etdiyi torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi halının mümkünlüyünü təkzib etmişdir. Bundan əlavə, kollegiya iddianın əsaslılığının bərabərlik prinsipinin tələbləri baxımından dəyərləndirilməsi hissəsində onu qeyd edir ki, iddiaçı şikayətin dəlili kimi məhz ətrafında yerləşən qonşu torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, habelə təyinatı yalnız örüş kimi deyil, əkin kimi qeyd edilməsi, bu halın nəzərə alınmasının zəruri olması kimi hallara istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ikinci halda tanıdılan torpaq sahəsinin yaxın ətrafında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadığı, dövlət qeydiyyatına alınmış torpaq sahələri mübahisə predmeti olan torpaq sahəsindən aralı məsafədə yerləşməklə, əkin pay torpaq sahələri (aqrar islahat zamanı ayrılmış) olduğu müəyyən edilmişdir. Eyni zamanda kollegiya iddiaçının “çıxarışın məzmununda ümumi olaraq kənd təsərrüfatı təyinatlı kimi qeyd edilməsi, onun əkin və ya örüş olmasının məlum olmaması və s.” hissədə istinad etdiyi arqumentlə bağlı qeyd edir ki, sözügedən çıxarışın verilməsinə əsas olmuş sənədlər tələb edilərək, tədqiq edilmişdir. Sənədlərin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əkin pay torpaq sahələri olmaqla, aqrar islahatı zamanı ayrılmış, habelə iddiaçının qonşuluğunda yerləşməmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları (qonşuluğunda yerləşən mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış torpaq sahəsinin olmaması, mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahələrinin aralı məsafədə yerləşməsi, əkin pay torpaq sahələri olması, aqrar islahat zamanı ayrılması) iddia tələbinin əsaslılığının bərabərlik prinsipinin tələbləri baxımından da dəyərləndirilməsinə imkan verməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları iddianının və şikayətin dəlillərinin əsaslılığını müəyyən etməyə imkan vermədiyindən, iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, cavabdehin imtina və etirazının dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4408/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər. qn