Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-121/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (əvvəlki adı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) ünvan 1 ünvanında yerləşən 18,1 kv. m. yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin və həmin evin yerləşdiyi 3960.0 kv. m. torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24.09.2020-ci il tarixli, 2-1(118)-1118/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin imtina məktubunun qanunsuz hesab edilməklə ünvan 2 ünvanında yerləşən 18,1 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətində olan 3960.0 kv. m. torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh kimi DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin cəlb edilməsini, ünvan 1 ünvanında yerləşən 18,1 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin və həmin evin yerləşdiyi 3960.0 kv.m. torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən 18,1 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Evin texniki pasportunda da evin yerləşdiyi torpaq sahəsinin 3960,0 kv.m olduğu qeyd olunmuşdur. İddiaçı həmin 3960,0 kv.m. torpaq sahəsi ilə birlikdə evin vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh 08 aprel 2019-cu il tarixdə imtina cavabı vermişdir. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2-1(120)-1570 saylı qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elvin Əliyev). Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1118/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 18,1 kv. m. yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin və həmin evin yerləşdiyi 3960.0 kv. m. torpaq sahəsi üzərində vahid əmlak kimi İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Həmin qərardan Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-102/2021 saylı 02 mart 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1118/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad, hakimlər Babayeva Hökümə və Məmmədov Zaur). Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (105)-102/2021 saylı 02 mart 2021-ci il tarixli qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1135/ 2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (105)-102/2021 saylı 02 mart 2021-ci il tarixli qərarın lıəğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim Bədəlov Kəmaləddin, hakimlər Rəsulbəyova Nigar və Hüseynov İlqar). APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəllər Abşeron rayonunun idarəçiliyində olmuş Bilgəh Zəfəran sovxozunun istifadəsindəki torpaq sahələrində xüsusi hallar nəzərə alınmaqla islahat aparılmış və Abşeron rayonunun idarəçiliyində olan Zəfəran sovxozunun torpaq sahələri bələdiyyə mülkiyyətinə verilməmişdir. Lakin, arxiv əsaslarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, sözügedən 0.3960 ha torpaq sahəsi səlahiyyətsiz şəxs - Bakı şəhəri X2 qərarından 02 yanvar 2002-ci il tarixli çıxarışa əsasən İddiaçı satılmışdır. Torpaq sahəsinin satışı qanunvericiliyin tələblərinə zidd həyata keçirilmiş, sözügedən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas ərizəyə əlavə edilməmişdir. Aparılan araşdırma zamanı, torpaq sahəsinin satışının qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyi, torpaq sahəsinin satışı həyata keçirilərkən xüsusi mülkiyyətə verilən torpaqların normalarına əməl edilmədiyi, mübahisəli 0.3960 ha torpaq sahəsinin ümumiyyətlə Bilgəh bələdiyyəsinin mülkiyyətinə verilmədiyi, həmin torpaq sahəsinə bələdiyyənin sərəncam hüququnun qanunla təsbit edilmədiyi müəyyən edilmişdir. Abşeron rayonunun idarəçiliyində olan Zəfəran sovxozunun torpaq sahələri Bilgəh bələdiyyəsinin mülkiyyətinə verilmədiyindən, iddiaçının istinad etdiyi bələdiyyənin 02 yanvar 2002-ci il tarixli qərarı həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun əldə edilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, bələdiyyənin həmin torpağa sərəncam hüququ olmamışdır. Habelə, bələdiyyə tərəfindən aparılmış “sənədləşmə” də müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməmiş, torpaq sahəsi ayrılan zaman xüsusi mülkiyyətə verilən torpaqların normalarına əməl edilməmişdir. Həmçinin, İddiaçı eyni tələb ilə 2019-cu ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və Sumqayıt İnzibati-lqtisadi Məhkəməsinin 2-1(85)-871/2019 saylı, 20 may 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Ona görədə həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNƏ İDDİAÇİNİN ETİRAZİ İddiaçı apelyasiya şikayətinə etiraz edərək göstərilmişdir ki, torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasını müəyyən etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reystri” publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-yə sorğu ilə müraciət etmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi həmin torpaq sahəsinin mülkiyyətçisi barədə cavab verməyərək, torpaq sahəsinin Abşeron rayonunun idarəçiliyində saxlanılmış keçmiş Bilgəh Zəfəran sovxozunun hüdudları daxilində yerləşməsini bildirmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reystri” publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-dən bildirilmişdir ki, qeyd edilən həmin torpaq sahəsi Bİlgəh bələdiyyəsinə aid torpaqların hüdudlari daxilində yerləşir. Torpaq sahələri bir hasar daxilinidə, cəmi bir eyni giriş qapısı olan, eyni ünvanda yerləşirlər və vahid ilkin hüquqmüəyyənedici sənəd əsasinda veriliblər. Cavabdeh inzibati orqanın bu məsələdə tutduğu mövqe anlaşılan deyil, tam qanunsuz və əsassizdir. İddiaçı şikayətə etirazında apelyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin dəlillərini əssasız hesab edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və iddia tələbinin dəqiqləşdirilməsi barədə vermiş olduğu ərizəni müdafiə edərək ünvan 4 ünvanında yerləşən 18.1 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinə aid hissədə tələbinin çoxdan tikilmiş 1 otaqlı evin divarlarının aşınması ilə əlaqədar azaldılmasını bildirərək cavabdehin imtinasını qanunsuz hesab etməklə mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 3960.0 kv.m. torpaq sahəsinə İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 24.09.2020-ci il tarixli, 2- 1(118)-1118/2020 saylı qərarı dəyişdirilməli, iddianın dəqiqləşdirilməsinə dair ərizə nəzərə alınmaqla iddianın təmin olunmasına dair qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin birinci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 24.06.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 9-cu bəndinə görə Xidmətin əsas vəzifəri, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etməkdən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmə məqsədilə dövlət reyestrindən çıxarış verməkdən, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan müvafiq texniki sənədlərin tərtib edilməsini, torpaq sahələrinin planını və ölçüsünün çəkilməsini təmin etməkdən ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli 2-1(102)-1135/2021 nömrəli qərarında qeyd olunmuşdur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasının müəyyən edilməsi ilə bağlı səlahiyyət orqana - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ilə müraciət etməli, həmin sorğuya aldığı cavab əsasında işin hallarına müvafiq hüquq normaları baxımından qiymət verməlidir. Kassasiya instansiya məhkəməsinin qərarında həmçinin qeyd olunmuşdur ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsində xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müəyyən edilmişdir. Həmin maddəyə əsasən müvafiq inzibati - ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla hədləri bələdiyyələr tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhərində fərdi yaşayış evlərinin tikintisi üçün orta torpaq norması zonalardan asılı olaraq 0.04 ha-dan 0.06 ha-dək müəyyən edilmişdir. Buna görə işə yenidən baxılarkən iddiaçıya verilən torpaq sahəsinin bu ölçülərdən dəfələrlə çox olmasının səbəbləri müəyyən edilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reystri” publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyətli Cəmiyyətinin iş materiallarında olan 09.02.2022-ci il tarixli **********73 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin Bilgəh bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinin hüdudları daxilində olubolmaması ilə bağlı məlumatın verilməsi barədə müraciətə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən Bilgəh bələdiyyəsinin xəritəsi tərtib edilmişdir. Nəzərinizə çatdırırıq ki, sözügedən xəritə əsasında qeyd edilən torpaq sahəsi Bilgəh bələdiyyəsinə aid torpaqların hüdudları daxilində yerləşir. Bundan əlavə hazırki, inzibati işin 31-ci vərəqində olan Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsinin sədri T.M.İbadov tərəfindən ünvan 6 ünvanlanmış 29 oktyabr 2019cu il tarixli 057 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: “ Sizin 2-1(82)- 3546/2019 saylı iş üzrə 08 oktyabr 2019 cu il tarixli Bilgəh Bələdiyyəsinə ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, Bilgəh bələdiyyəsinin 2000-2008 ci il tarixlərində aid olan arxiv sənədlər oxunması mümkün olmadığı üçün müvafiq akta əsasən məhv edildiyindən tələb etdiyiniz sənədlərin sürətlərini təqdim etmək imkanımız yoxdur. Eyni zamanda bildiririk ki, X1 Baza məlumatlarına əsasən X2 02.01.2002 ci il tarixli 14 saylı Qərarına əsasən Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsi döngə 9, dalan 3, ev. 4 ünvanında yerləşən torpaq sahəsi həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı mülkiyyətinə verilmişdir və 02 may 2005 ci il tarixində müvafiq İcra orqanı tərəfindən vətəndaş İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd - 24735 reestr nömrəli qeydiyyat vəsiqəsi və 815 nömrəli inventar işi (texniki pasport) verilmişdir. Bu şaxımdan 02 may 2005 ci il tarixindən həmin torpaq sahəsi vətəndaş İddiaçı tam mülkiyyətinə keçmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun (160-İİQ 29.06.2001-ci il tarixli qanun, maddə 2) tələblərinə uyğun olaraq Bələdiyyələri yerləşdiyi inzibati ərazi üzrə torpaqlar Bələdiyyələrin mülkiyyəti sayılır. Bu mənada vətəndaş İddiaçı X2 02.01.2002 ci il tarixli 14 nömrəli qərarı ilə ayrılmış və qüvvədə olan qeydiyyat vəsiqəsi əsasında ona məxsus Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsi döngə 9, dalan 3,ev.4 ünvanında yerləşən torpaq sahəsinin Bilgəh bələdiyyəsinin inzibati ərazi hüdudlarında yerləşməklə, Bələdiyyənin xüsusi mülkiyyətində olmuşdur”. Yuxarıda qeyd olunanlarda göründüyü mübahisələndirilən torpaq sahəsi X1 Baza məlumatlarına əsasən 20 il bundan əvvəl, yəni X2 02.01.2002-ci il tarixli 14 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Bununla əlaqədar həmin vaxt bələdiyyə tərəfindən torpaq normasından artıq sahənin iddiaçıya verilməsi hazırkı inzabati mübahisənin pridmeti deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsi döngə 9, dalan 3, 4 ünvanında yerləşən yaşayış evi X2 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarı əsas götürülməklə İddiaçı adına qeydə alınmışıdır. Apellyasiya instansiya məhkəməsində işə baxılarkən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirdi ki, ünvan 4 ünvanında yerləşən 18.1 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evi çoxdan tikilmiş tikili olmaqla artıq divarları aşındığından həmin yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinə dair hissədə iddia tələbini azaldılır və ona görə də cavabdehin imtinasını qanunsuz hesab etməklə mülkiyyətdə olan Bilgəh qəsəbəsi, A.Salahzadə döngə 9 küçəsində dalan 3, ev 4 ünvanında yerləşən 3960.0 kv.m. torpaq sahəsinə İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən torpaq sahəsi Bilgəh bələdiyyəsi tərəfindən 20 il əvvəl iddiaçının mülkiyyətinə verildiyindən və həmin torpaq sahəsinin mülkiyyətə verilməsi əvvəlki mülkiyyətçi tərəfindən mübahisələndirilmədiyindən cavabdeh iddiaçının hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 24.09.2020-ci il tarixli, 2-1(118)-1118/2020 saylı qərarı dəyişdirilməli, dəqiqləşdirilmiş iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24.09.2020-ci il tarixli, 2-1(118)-1118/2020 saylı qərarı dəyişdirilsin. İddiaçı iddiası təmin edilsin. ünvan 7 ünvanında yerləşən 3960.0 kv.m. torpaq sahəsinə İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi cavabdehin öhdəsinə qoyulsun. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-121/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-121/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver