Məhkəmə qərarları › İş №2-1(105)-1212/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1212/2025

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1212/2025 12.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2025-cü il tarixli, 2-1(118)-3430/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, əmək pensiyasının azaldılması və 8599,83 manat pulun tutulması barədə cavabdehin qərarının ləğv olunması, 2024-cü ildə xidmətdən buraxılarkən sonuncu təminat xərcliyi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması (təminat xərcliyinin 80%-dən az olmamaq şərti ilə) vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, əvvəlki pensiyanın bərpa edilməsi və tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçıya 2014-cü il tarixdə Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən, yaşa görə xx.xx.2014-cü il tarixdən əmək pensiyası təyin edilmişdir (Təminat xərcliyinin 80%-i miqdarında, ümumi xidmət müddəti 25 il, 06 ay, 17 gün olmaqla, ali təhsil-2 il 06 ay, təqvim xidmət illəri-20 il 11 ay 14 gün, güzəştli xidmət illəri 2 il, 1 ay, 3 gün). Daha sonra, iddiaçı xx.xx.2018-ci il tarixdə yenidən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə isə son yaş həddinə görə xidmətdən buraxılmışdır. Bundan sonra, iddiaçının 2-ci dəfə xidmətdən buraxılarkən aldığı pul təminatı nəzərə alınmaqla barəsində yeni məlumat vərəqi tərtib olunaraq pensiyasının yenidən hesablanması üçün cavabdehə göndərilmişdir. Nəticədə, iddiaçının əmək pensiyasının məbləği artırılmaq əvəzinə azaldılmışdır. Bundan əlavə, iddiaçıdan guya artıq ödənilmiş 8599,83 manat pul vəsaitinin tutulması qərara alınmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, pensiyasının azalması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir inzibati icraatın (araşdırmanın) aparılması iddiaçıya məlum deyil, aparılmış icraatda onun iştirakı təmin edilməmişdir. Hesab edir ki, onun əmək pensiyası 2024-cü il ildəki təminat xərcliyinə əsasən yenidən hesablanaraq artırılmalı, ona guya artıq hesablanmış 8599,83 manat pulun tutulması barədə qərar isə ləğv edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçıya dair vaxtilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən son 24 ay üzrə ödənilmiş orta aylıq əməkhaqqı barədə göndərilən məlumatlarda təqvimi xidmət illəri Qanunun 9.7-2-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, tələb edilən 25 ildən az - 20 il 11 ay 14 gün təşkil edir. Qanunun 20.28-ci maddəsinə əsasən, Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)) əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, əmək pensiyası təyin edilir. Göründüyü kimi, iddiaçıya əmək pensiyasının təyin edildiyi tarixə (21 fevral 2014-cü il) qanunla müəyyən edilmiş yaş həddinə (həmin tarixə kişilər üçün yaş həddi 63 yaş idi, lakin iddiaçının həmin dövrə 45 yaşı (təvəllüdü: xx.xx.1969-cu il) var idi) çatmadığı və əmək pensiyası hüququnun yarandığı dövrdə tələb olunan 25 il xidmət müddəti olmadığı üçün ona Qanunun sözügedən maddəsinə uyğun əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildi, lakin yuxarıda qeyd olunan hallar nəzərə alınmadan təqdim olunmuş 13 mart 2014-cü il tarixli 12/xx-xx/01382 nömrəli məktuba və ona əlavə edilmiş son 24 ay üzrə orta aylıq əmək haqqı barədə sənədlərə əsasən iddiaçıya 21 fevral 2014cü il tarixdən 25 il 6 ay 17 gün (ali təhsil 2 il 6 ay, təqvimi xidmət illəri 20 il 11 ay 14 gün, güzəştli xidmət illəri 2 il 1 ay 3 gün) xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda, bildirilir ki, iddiaçının müraciəti ilə əlaqədar verilmiş sorğuya cavab olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya dair təqdim olunmuş yeni məlumat vərəqinə əsasən iddiaçının əmək pensiyası Qanunun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, təminat xərcliyinin 65 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixdən sonrakı müvafiq artımlar (iddiaçıya münasibətdə 1 mart 2018-ci il, 1 mart 2019-cu il, 1 may 2019-cu il və 1 sentyabr 2019-cu il tarixdən) isə 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 61 faiz miqdarında hesablanmaqla həmin tarixdən əvvəlki təminat xərcliyinin 65 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə olunmaqla, həmçinin işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına əsasən hesablanmaqla pensiyası 835,94 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin müvafiq indeksləşdırilmələr nəzərə alınmaqla 1 yanvar 2024-cü il tarixdən 1172,83 manat) məbləğində müəyyən edilmişdir. Bundan başqa, Qanunun 9.6.1-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. Sonuncu xidmət keçdiyi orqan tərəfindən iddiaçıya dair təqdim olunmuş yeni məlumat vərəqinə əsasən iddiaçının əmək pensiyası cari ayda 32 il 12 gün (ali təhsil 2 il 6 ay, təqvimi xidmət illəri 27 il 5 ay 9 gün, güzəştli xidmət illəri 2 il 1 ay 3 gün) xidmət müddətinə görə, yenidən hesablanaraq 1287,04 manat məbləğində müəyyən edilmiş və yenidən tərxis olunduğu 10 iyul 2024-cü il tarixdən hesablanmışdır. Bildirilir ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bır halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibatı aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluqunu müəyyən etməyə borcludur. Eyni zamanda, bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Bununla əlaqədar Mərkəzi Filialın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-17856/2024 nömrəli qərarı qəbul edilmişdir. “İnzibati icraat” haqqında Qanunun 67.12-ci maddəsinə uyğun əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Bununla əlaqədar olaraq bildiririk ki, “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 17856/2024 nömrəli qərarı cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə baxılan zaman Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya dair yeni məlumat vərəqi təqdim olunduqda, yəni xx.xx.2014-cü il tarixdə aparılmış müvafiq pensiya təyinatının qanunsuz olduğunu və dəyişdirilərək yenidən hesablanmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində qəbul edilmişdir. Qeyd olunanlar iş materialları ilə öz təsdiqini tapır. Göründüyü kimi, 1 illik həmin müddət tərəflərindən ötürülməmiş, həmçinin Qanunun digər prosedur tələblərinə riayət edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar iddiaçının əmək pensiyası son üç il üzrə yenidən hesablanaraq ona 8599,83 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2025-cü il tarixli, 2-1(118)-3430/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-17856/2024 nömrəli qərarı ləğv edilmiş, İddiaçı xx.xx.2014-cü il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən ödənilməmiş pensiya fərqinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2025-cü il tarixli, 2- 1(118)-3430/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq qeyd etmişdir ki, apellyasiya şikayəti ilə razı deyil. Birinci instansiya məhkəməsini qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (-) Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-) Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. (-) Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması (-) 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, əvvəlki pensiyanın bərpa edilməsi və tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, iddiaçıya 21 fevral 2014-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra, iddiaçı 15 yanvar 2018-ci il tarixdə yenidən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətə qəbul olunmuşdur. 10 iyul 2024-cü il tarixdə isə son yaş həddinə çatdığından xidmətkeçməsinə xitam verilmişdir. Bundan sonra, iddiaçının ikinci dəfə xidmətdən buraxılarkən aldığı pul təminatı nəzərə alınmaqla barəsində yeni məlumat vərəqi tərtib olunaraq, pensiyasının yenidən hesablanması üçün cavabdeh inzibati orqana ünvanlanmışdır. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 17 oktyabr 2024-cü il tarixli, 3-17-1/3-3-17856/2024 nömrəli qərardan görünür ki, iddiaçıya təyin olunmuş hazırki pensiya məbləği 1417.05 manat, yenidən hesablanmış pensiya məbləği isə 1287,04 manat olmuşdur. Göründüyü kimi yenidən hesablama zamanı iddiaçının pensiya məbləği azaldılmışdır. Eləcə də iş materiallarına əlavə olunmuş iddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 20 fevral 2014-cü il tarixində “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikası Qanunu”nun 33.1.1ci maddəsinə əsasən iddiaçının xidmətkeçməsinə xitam verilmiş, 15 yanvar 2018-ci il tarixində fövqəladə hallar orqanlarında xidmətə yenidən qəbul olunmuş, 10 iyul 2024-cü il tarixində “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikası Qanunu”nun 33.1.11-ci maddəsinə əsasən son yaş həddinə çatdığına görə xidmətkeçməsinə xitam verilmişdir. Cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya əmək pensiyasının təyin edildiyi tarixə (21 fevral 2014-cü il) qanunla müəyyən edilmiş yaş həddinə (həmin tarixə kişilər üçün yaş həddi 63 yaş idi, lakin iddiaçının həmin dövrə 45 yaşı (təvəllüdü: xx.xx.1969-cu il) var idi) çatmadığı və əmək pensiyası hüququnun yarandığı dövrdə tələb olunan 25 il xidmət müddəti olmadığı üçün ona Qanunun sözügedən maddəsinə uyğun əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildi, lakin yuxarıda qeyd olunan hallar nəzərə alınmadan təqdim olunmuş 13 mart 2014-cü il tarixli 12/xx-xx/01382 nömrəli məktuba və ona əlavə edilmiş son 24 ay üzrə orta aylıq əmək haqqı barədə sənədlərə əsasən iddiaçıya 21 fevral 2014-cü il tarixdən 25 il 6 ay 17 gün (ali təhsil 2 il 6 ay, təqvimi xidmət illəri 20 il 11 ay 14 gün, güzəştli xidmət illəri 2 il 1 ay 3 gün) xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Kollegiya inzibati orqanın dəlillərini əsassız hesab etməklə qeyd edir ki, iddiaçıya pensiya təyin olunan zaman qüvvədə olan qanunvericilik normalarının tələbləri nəzərə alınmışdır. İddiaçı yenidən əmək fəaliyyətinə başladığı dövrdə isə qanunvericilikdə dəyişiklik olmuş, hesablama əsasları dəyişdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 21 fevral 2014-cü ildə təyin olunmuş pensiya qazanılmış pensiya hüququ kimi qəbul eddilməlidir. Belə ki, iddiaçıya pensiya təyin olunarkən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7-2-ci maddəsinin tələbinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ var idi. Eyni zamanda iddiaçının 2014-cü ildə pensiyaya çıxması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş məlumat vərəqindən görünür ki, xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət stajı 25 il 06 ay 17 gün olmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqanın dəlilləri əsaslı deyil. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 15 yanvar 2018-ci il tarixdə yenidən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətə başlamasaydı, onun 21 fevral 2014-cü il tarixində təyin edilmiş pensiyası öz qüvvəsini saxlayacaqdı. Kollegiya hesab edir ki, iddiaçı əlavə olaraq işlədiyi müvafiq olaraq sosial sığorta ödənişləri etdiyi halda, onun pensiyasının azaldılması yolverilməzdir və ona 21 fevral 2014-cü il tarixində təyin edilmiş pensiya onun qazanılmış hüququ hesab edilməlidir. Məhkəmə kollegiyası vurğulayır ki, “İnzibati icraat haqqında” Qanunda qeyd olunan qaydada aparılmalı olan inzibati icraat zamanı həmin Qanunun 13-cü, 68-ci maddələrinə əsasən şəxsin etimad hüququnun qorunmağa layiq olduğu hallarda, şəxsin hüquqi və ya əmlak vəziyyəti qorunmalı və yeni inzibati aktın geriyə qüvvəsi istisna edilməlidir. Kollegiya qeyd edir ki, hüquqi dövlətdə idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlərdən başqa müddət tətbiqi baxımından da iddiaçının hüquqları qorunmalıdır. Cavabdeh orqan apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 17856/2024 nömrəli qərarı cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə baxılan zaman, Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya dair yeni məlumat vərəqi təqdim olunduqda, yəni xx.xx.2014-cü il tarixdə aparılmış müvafiq pensiya təyinatının qanunsuz olduğunu və dəyişdirilərək yenidən hesablanmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində qəbul edilmişdir. Qeyd olunanlar iş materialları ilə öz təsdiqini tapır. Göründüyü kimi, 1 illik həmin müddət tərəflərindən ötürülməmiş, həmçinin Qanunun digər prosedur tələblərinə riayət edilmişdir. Kollegiya həmin dəlilə münasibətdə xüsusi vurğulayır ki, cavabdeh orqan tərəfindən xx.xx.2024-cü ilin “qanunsuzluğun məlum olduğu tarix” kimi təqdim edilməsini əsaslı hesab etmir. Qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Onu da nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, bu an yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirilməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya və ya sosial müavinət təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi həmin təminatı həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın bu qədər müddətdən sonra “qanunsuz hal” müəyyən etməsi əsaslı hesab edilə bilməz. Bu hallar onun ilkin əlverişli inzibati aktı qəbul edən zaman bilməli olduğu hallara aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2025-cü il tarixli, 2-1(118)-3430/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar