Məhkəmə qərarları › İş №2-1(105)-1214/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1214/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1214/2025 02.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “3-21-3/2- G-00xx-xx/2024 saylı, 05 aprel 2024-cü il tarixli imtina qərarının ləğv olunmaqla ona verilmiş 0,15 ha torpaq sahəsinin təyinatının düzgün müəyyən olunması - onun əkin üçün yararlı olmaması ilə bağlı lazımi tədbir görülməsinə dair iddia tələbinin təmin olunması və bu öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(118)-1432/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “3-21-3/2- G-00xx-xx/2024 saylı, 05 aprel 2024-cü il tarixli imtina qərarının ləğv olunmaqla ona verilmiş 0,15 ha torpaq sahəsinin təyinatının düzgün müəyyən olunması - onun əkin üçün yararlı olmaması ilə bağlı lazımi tədbir görülməsinə dair iddia tələbinin təmin olunması və bu öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-1432/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva) Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadını tamamilə ləğv edərək iddia tələbinin mümkün sayılması haqqında qərar qəbul edilməsini, bu əsasda iddia tələbinin təmin olunmasını, ona verilmiş 0,15 ha torpaq sahəsinin təyinatının düzgün müəyyən olunması – onun əkin üçün yararlı olmaması ilə bağlı lazımi tədbir görülməsinə dair iddia tələbinin təmin olunmasını və bu öhdəliyin cavabdehin üzərinə qoyulmasının təmin olunmasını xahiş etmişdir. Eyni zamanda vəsatətlə məhkəməyə müraciət edərək, qərardaddan apellyasiya şikayəti üzrə ötürülmüş prosessual müddət onun təqsiri olmadan baş verdiyinə görə üzürlü hesab olunaraq bərpa edilməsi və apellyasiya şikayətinin məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1432/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ona göndərilməmişdir. Əgər göndərilibsə belə ona çatmamışdır. Ona görə də Sumqayıt İnzibati Məhkəməsinə telefonla zəng etmiş və oradan ona bildirdilər ki, Sumqayıt İnzibati Məhkəməsinə gəlib qərardadı şəxsən götürə bilər. O, 07 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə gəlib 2-1(118)-1432/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı almışdır. Ona görə də ötürülmüş prosessual müddət üzürlü sayılaraq bərpa olunmalıdır ki, apellyasiya şikayəti icraata götürülsün. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar Məhkəmə iclasında İddiaçı iştirak edərək, öz izahatında apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. .... Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. ..... Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. ..... Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. ..... Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(118)-1432/2025 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. İş materiallarından görünür ki, hazırki iş üzrə xx.xx.2025-ci il tarixdə tarixdə məhkəmə aktı qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə həmin məhkəmə aktı elektron kabinet vasitəsilə iddiaçıya göndərilmişdir. Həmçinin, elektron məhkəmə informasiya sistemində əks olunmuş məlumatdan görünür ki, iddiaçıya məxsus şəxsi elektron kabineti mövcud olmuşdur (xx.xx.2025-ci il tarixdən). Göründüyü kimi iddiaçının xx.xx.2025-ci il tarixdən elektron kabinet vasitəsilə müvafiq məhkəmə qərardadı barədə məlumatlı olması halı işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən isə iş üzrə qəbul edilmiş məhkəmə aktından apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Nəticə etibarilə iddiaçı tərəf müvafiq məhkəmə qərardadını elektron kabinet vasitəsilə təhvil aldığı vaxtdan, qanunla müəyyən edilmiş qaydada 10 gün müddətində (xx.xx.2025-ci il tarixədək) şikayət verməli olduğu halda, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edildiyindən, məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İndiki halda iddiaçı qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsini qərardadı ona göndərilməməsini, əgər göndərilibsə belə ona çatmamasını, qərardadı 07 noyabr 2025-ci il tarixdə məhkəməyə gələrək, alması kimi hallarla əsaslandırmışdır. Kollegiya iddiaçının istinad etdiyi hallarla bağlı onu qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda sənədlərin, o cümlədən şikayətlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin çatdırılması məhz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir, bu qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə aktından şikayət verilmə müddətinin axımı məhz məhkəmə aktının rəsmi qaydada çatdırıldığı andan (elektron kabinetə yerləşdiyi andan), başqa sözlə desək, təhvil aldığı andan hesablanır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adına elektron məhkəmə informasiya sistemində şəxsi elektron kabineti xx.xx.2025-ci il tarixdən mövcud olmuş, məhkəmə aktı məhz elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə iddiaçıya göndərilmişdir. Belə olan halda kollegiya hesab edir ki, prosessual qanunvericiliyin tələbinə əsasən qanunla müəyyən edilmiş prosessual müddətin axımı məhz həmin tarixdən (xx.xx.2025-ci il tarixdən) hesablanır. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının müvafiq məhkəmə qərardadını qəbzə imza etməklə təhvil alması halının mövcudluğu iş materiaları əsasında təkzib edilir. Nəticə etibarilə məhkəmə araşdırması zamnaı iddiaçı tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin onun təqsiri olmadan (obyektiv səbəbdlərdən) ötürülməsi halı, habelə apellyasiya şikayəti vermək imkanının məhdudaşdırılmasına səbəb olan obyektv halın mövcudluğu müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətin əsası kimi istinad etdiyi hallar əsassız olmaqla, qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilməsinə dəlalət etmir. Bununla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə məhkəmə qərardadından apellyasiya şikayəti verilməsi üçün qanuna müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən buraxılması və müddətin bərpa olunması üçün əsaslar müəyyən edildiyindən, iddiaçı tərəfindən verilmiş vəsatət əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iş üzrə məhkəmə aktından verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, habelə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təmin edilmədiyindən, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair” vəsatət təmin edilməməli, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22, 24 85, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-1432/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair” vəsatət təmin edilməsin. Apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar