Məhkəmə qərarları › İş №2-1(105)-122/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-122/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-122/2021 24.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-1152/2020 saylı qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ Quba rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 08 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.91 ha torpaq sahəsinə dair İddiaçı1, İddiaçı2 və X1 adına xx xxx 1999-cu il tarixdə JN00xx xxx 30323018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir. İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmişlər . Cavabdeh tərəfindən iddiaçıların müraciətinə **********67 saylı, xx.xx.2020-ci il tarixli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə əlavə olunmuş JN-00xx xxx 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 41B nömrə ilə göstərilən torpaq sahəsinin sərhədləri təyin edilmədiyindən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdır. Həmçinin, bildirilmişdir ki, faktiki istifadə edilən həmin torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir. Verilmiş imtina cavabı ilə razılaşmayan iddiaçılar cavabdehə qarşı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, dövlət aktı ilə mülkiyyətlərində olan 1,91 ha torpaq sahəsinə çıxarışın verilməsisi vəzifəsinin cavabdhein üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)- 1152/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev) Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, JN-00xx xxx 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları dəqiq göstərilməmiş, iddiaçılarnın faktiki istifadəsində olan torpaq sahəsinin dövlət reyestrindən çıxarış əsasında digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişdiyi müəyyən edilmişdir və torpaqdan faktiki istifadə ilə bağlı mübahisə vardır. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Məhkəmə AR İPM-nin 12.1 və 12.2-ci maddələrinin tələbinə əməl etməmişdir. Məhkəmə proses iştirakçılarının, ərizə və təklifləri ilə, onların təqdim etdiyi sübutlarla və işdə olan digər mareriallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları tələb edə bilər. Lakin bunun əksinə olaraq məhkəmə imtinaya etirazdakı halları qərarında qeyd edərək işdə olan dövlət qeydiyyatı üçün imtinaya səbəb kimi göstərilən sənədləri tələb etməmiş, yalnız sözlə ifədə olunan etiraza əsasən qərar qəbul etmişdir. AR İPM-nin 14.3-cü maddəsində deyilir ki, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu subut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin maddənin tələbinə görə məhkəmə cavabdeh orqanın imtinasını əsaslandırdığı halların olub-olmamasını araşdırmağa borclu idi. İmtinada və qərarda göstərilir ki, Dövlət Aktında 41B nömrə ilə göstərilən torpaq sahəsinin sərhədləri təyin edilmədiyindən torpaq sahəsinin yerini müəyyən etmək olmamışdır. Dövlət Aktlarında koordinatlar var və onlar həmin koordinatlar çərçivəsində qonşu mülkiyyətçilərlə sərhədləri müəyyən olunması səbəbi ilə 1997ci ildən torpaq sahəsindən K/T-ı malları - kartof məhsulunu əkərək istifadə edirlər. Azından məhkəmə imtinaya səbəb kimi göstərilən sübutların olub-olmadığını müəyyən etməli və torpaq sahəsinin mühəndis texniki ekspertizasını təyin etməklə həqiqəti üzə çıxartmalı idi. Qərardan onlara məlum olur ki, onlara məxsus torpaq sahəsinin bir hissəsinə Xaçmaz Ərazi İdarəsinin elektron bazasında olan xəritəyə əsasən digər şəxslərin X2 və Fərzəliyev Müsənnif adlı şəxslərin dövlət reyestrindən çıxarış əsasında mülkiyyətlərində olan torpaq sahəsi ilə kəsişir. Həmin şəxslər onların kənd sakinləridir və yaxın qohumluq münasibətləri var, lakin həmin şəxslər bir neçə il bundan qabaq öz mülkiyyətlərində olan torpaq sahələrini satmışlar. Lakin buna baxmayaraq yenidən həmin torpaq sahəsinə çıxarış almışlar. Belə ki, AR İPM-nin 14.3-cü maddəsində deyilir ki, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu subut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Lakin məhkəmə cavabdeh orqanın şifahi etirazında yazmış sözlərə əsasən imtinaya səbəb kimi göstərilən istinad edilən halları, sübutları tələb etmədən qərar qəbul etmişdir. Əslində məhkəmə həmin sübutları tələb etməli, qanuniliyini yoxlamalı idi. Ən azından məhkəmə torpaq sahəsi ilə kəsişən şəxslərin çıxarışlarını tələb etməli, çıxarışa səbəb olan sübutları araşdırdıqdan sonra həqiqəti üzə çıxartmaqla qərar qəbul etməli idi. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddiaçıların müraciətinə imtina ilə eyni məzmunda izahat verərək, in təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, işin hallarından görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 08 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.91 ha torpaq sahəsinə dair İddiaçı1, İddiaçı2 və X1 adına xx xxx 1999-cu il tarixdə JN00xx xxx 30323018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir. İlk öncə kollegiya qeyd edir ki, Dövlət Aktında iddiaçılarla yanaşı torpaq sahəsinin ayrıldığı ailə üzvlərinin siyahısında X1 da adı qeyd edilsə də, işə baxan məhkəmə həmin şəxsin üçüncü şəxs qismində prosesə cəlb edilməsi məsələsini müzakirə etməmişdir. Bundan əlavə, Dövlət aktına əsasən, iddiaçılara ayrılmış torpaq sahəsi 41, 41 A və 41 B nömrəsi ilə göstərilən 3 sahədən ibarətdir. Dövlət aktında hər üç torpaq sahəsinin koordinatları dəqiq qeyd edilmişdir. Cavabdeh isə imtinasında Dövlət Aktında 41B nömrə ilə göstərilən torpaq sahəsinin sərhədləri təyin edilmədiyindən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmadığını, həmçinin, faktiki istifadə edilən həmin torpaq sahəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsi ilə kəsişdiyini bildirmişdir. Deməli, cavabdeh yalnız bir hissədə 41B nömrə ilə göstərilən torpaq sahəsi ilə bağlı hüquqların qeydə alınmasında çatışmazlıq yarandığını bildirmişdir. Lakin buna baxmayaraq, məhkəmə Dövlət Aktında 41 və 41A nömrəsi ilə qeydə alınan torpaq sahələrinə dair hissədə iddia tələbinə ümumiyyətlə qiymət verməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi cavabdehin imtinasında qeyd edilən xüsusatlarla bağlı araşdırma aparmamış, həqiqətən də Dövlət Aktında 41B nömrə ilə göstərilən torpaq sahəsinin koordinatlarının elektron məlumat bazasında digər şəxsə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşübdüşməməsini, eləcə də, 41 B nömrəli torpaq sahəsinin faktiki istifadədə olan vəziyyətinin Dövlət Aktındakı koordinatlara uyğunluğunu müəyyən etmək üçün Əmak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə xidməti tapşırıq verərək mütəxəssis rəyi almamışdır. Qeyd olunan hallar araşdırılmadan isə iddiaya qiymət vermək və iş üzrə yekun nəticəyə gəlmək mümkün deyil. Lakin işə baxan məhkəmə bu istiqamətdə heç bir araşdırma aparmamış, cavabdehin imtina dəlillərini araşdırmadan cavabdehin imtinasını haqlı saymışdır. Halbuki İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin pozulduğu müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)- 1152/2020 saylı qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə çıxarışın verilməsi tələbinə dair iş, yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar