Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1225/2025 17.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1350/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında (bundan sonra – “TSEK”) sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı (bundan sonra – “iddiaçı”) 27 aprel 2024-cü il tarixdə qiymətləndirilmiş, “Ağırlaşma G81.1 - Spastik hemiplegiya. Sol tərəfli spastik hemiparez. Əsas diaqnoz - G35-Dağınıq skleroz. Dağınıq skleroz serebrospinal forma ikincili proqrodient tip gedişli. Ağırlaşma R27-Digər koordinasiya pozğunluğu, müvazinət və çanaq orqanlarının funksiyasına pozulması” diaqnozu ilə 30 aprel 2025-ci il tarixədək ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi TSEK-in 27 aprel 2024- cü il tarixli, xxxxxxx0003 nömrəli qərarından görünür ki, iddiaçıya 27 aprel 2024-cü il tarixdən 30 aprel 2025-ci il tarixədək ümumi xəstəlik səbəbi ilə orqanizmin funksiyalarının 35% pozulması ilə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 10 dekabr 2024-cü il tarixli, 3-17-4/3-1-26720/2024 nömrəli qərarından görünür ki, anamnestik məlumatlar, obyektiv və instrumental müayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədi əsasında iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş, təqdim edilmiş MRT müayinə nəticələri də nəzərə alınaraq TSEK-in qərarı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.10.1-ci bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 35% pozulması barədə qərar qüvvədə saxlanılmışdır. Quba Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli, 1(027)-25/2024 nömrəli hökmündən görünür ki, X10 (iddiaçının keçmiş əri) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 6 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, məhkəmənin 5 oktyabr 2023-cü il tarixli, 7(027)- 68/2023 saylı qərarı ilə təyin edilmiş 1 il 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, qəti olaraq 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 1 may 2024-cü il tarixdən hesablanması və cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, zərərçəkmiş şəxsin (hazırki iş üzrə iddiaçı) mülki iddiasının qismən təmin edilməsi, maddi ziyanın əvəzi olaraq 479,72 manat və mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pulun mülki cavabdeh X5 alınaraq verilməsi, qalan hissədə mülki iddianın təmin edilməməsi hökm edilmiş, cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsinin 13 fevral 2024-cü il tarixli, 220/KEŞ nömrəli Quba Rayon Məhkəməsinə göndərilmiş “Ekspert rəyi”ndən görünür ki, 2000-ci il təvəllüdlü iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: - 29 iyun 2023-cü il tarixdə Quba Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə (bundan sonra - “Quba RMX PHŞ”) müraciət etmiş və ona “Baş beyin silkələnməsi” diaqnozu təyin edilmişdir. Təyin olunan diaqnozda göstərilən xəsarət küt yaranma mexanizminə malikdir, qərarda göstərilən müddətdə, yəni 29 iyun 2023-cü il tarixdə əmələ gələ bilməsi inkar edilməmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda hal-hazırda “dağınıq skleroz serebrospinal forma” kimi xəstəliyin olduğu müəyyən edilmişdir. “Dağınıq skleroz” xəstəliyi sinir sisteminin iltihabı xəstəliyi olmuş, baş beynin və onurğa beyninin sinir hüceyrələrinin örtük qişasının autoimmun mexanizmli zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur, bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır. Xəstəlik xarici mühit amillərlə (viruslar, ekoloji, irsi meyllilik, infeksion və qeyriinfeksion risk faktorları, orqanizmin metabolik xüsusiyyətləri və s.) şərtlənir, lakin halhazıradək konkret olaraq xəstəliyin yaranma səbəbi məlum deyildir. Qeyd olunanları nəzərə alaraq, 29 iyun 2023-cü il tarixdə almış olduğu xəsarətlərlə onda olan “dağınıq skleroz” xəstəliyinin yaranması və ya mövcud xəstəliyin kəskinləşməsi arasında səbəbli əlaqənin olması istisna edilmişdir. Quba Rayon Məhkəməsinin 6 mart 2025-ci il tarixli, 1(027)-25/2024 nömrəli məktubundan görünür ki, məhkəmənin 1(027)-25/2024 nömrəli, 1 may 2024-cü il tarixli hökmü 22 may 2024cü il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə hökmün icrasına dair göstəriş göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona üçüncü dərəcə, bir illik sağlamlığın 35% pozulması ilə əlillik deyil, ikinci dərəcə, ömürlük, sağlamlığın 61-80% pozulması ilə əlillik pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun xəstəliyini nəzərə alınaraq müddətsiz 65-80% əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2000-ci il tarixdə Quba rayonu, Amsar kəndində anadan olmuş, 2015-2019-cu illərdə Şəki şəhərində pedaqoji təhsil almış, müəllimlik ixtisasına yiyələnmişdir. Lakin xəstəliyi ilə əlaqədar peşəsini icra edə bilmir. 2023-cü ilin yayından ağır dağınıq skleroz xəstəliyinə tutulmuş, sol qulağında eşitmə, sol gözündə görmənin itməsi, başgicəllənmə, yerişin çətinləşməsi, sol ətrafların zəifləməsi əmələ gəlmişdir. Bu halda Quba və Qusar rayon həkimlərinə müraciət etsə də, faydası az olmuşdur. 16 iyul 2023-cü il tarixdə Qusar rayonundakı OKİ hospitalında MRT (maqnit rezonans tomoqrafiyası) olunan zaman aydın olmuşdur ki, beynində hiperintens ocaqlar əmələ gəlmişdir, yəni demielinizəedici xəstəlik baxımından klinik korrelyasiya olunmalıdır. Bununla əlaqədar, Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 14 avqust 2023-cü il tarixdən 19 avqust 2023-cü il tarixədək dağınıq ensefolomielit diaqnozu ilə stasionar müalicə olunmuşdur. Növbəti aylarda da həkimin nəzarəti ilə müalicələr almaqda davam etmişdir. Lakin dekabr ayında xəstəliyi güclənmiş, başgicəllənmə, yerişin çətinləşməsi, sol ətraflarında və başında ağrılar, barmaqlarının işləməməsi meydana gəlmişdir. 13 dekabr 2023-cü il tarixdə yenidən Qusar rayonundakı OKİ hospitalında MRT olunmuş, beynində çoxlu sayda hiperintens, demielinizasiya ocaqlarının əmələ gəlməsi, xəstəliyinin proqressivləşməsi müəyyən olunmuşdur. Bununla əlaqədar, Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yenidən 20 dekabr 2023-cü il tarixdən 25 dekabr 2023-cü il tarixədək dağınıq skleroz (G 35) diaqnozu ilə stasionar müalicə almışdır. Ömürlük əlildir, ona daimi müalicə lazımdır. Başqa dərmanlarla yanaşı, hər həftə ona avanexs iynəsi vurulur. Bu iynə ona vurulmasa baş ağrıları, elə bil ki, tok vurmalar, sol tərəfli daxili istidən yanmalar, yerişin itməsi, müvazinət və çanaq orqanlarının funksiyasının pozulması baş verir ki, nəticədə gündəlik ehtiyaclarını qarşılamaqda belə çətinlik çəkir. Onun boynundakı ağrılarla əlaqədar Qusar rayon OKİ hospitalında 16 mart 2024-cü il tarixdə MRT olunmuş, bu zaman onurğanın boyun hissəsində hiperintens ocaqlarının olması müəyyən olmuşdur. Dağınıq skleroz (G 35) xəstəsi olduğu üçün Quba RMX PHŞ-dən forma-88 almış, 28 mart 2024-cü il tarixdə TSEK-ə göndərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin qiymətləndirilməsi meyarlarının” G35 6.2.1.3-cü bəndinə əsasən, ona ömürlük İİ dərəcə (61- 80%) əlillik təyin olunmalıdır. Çünki, onda EDSS şkalası 5,0 baldır. Meyarlarda yazılır ki, EDSS şkalası 5-7 bal olduqda İİ dərəcə, 61-80% ömürlük verilir. EDSS şkalası 5-7 bal olduqda İİ dərəcə əlillik ömürlük təyin olunur. Bütün bunların hamısı iddiaçıda var və sənədlərlə də sübut olunur. Xəstəlik tarixçələrindən görünür ki, EDSS şkalası 5-7 baldır. Ona görə də ona İİ dərəcə əlillik, sağlamlığın pozulması 61-80%-lə ömürlük təyin olunmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, məhkəmənin 15 oktyabr 2024cü il tarixli, 2-1(118)-4438/2024 nömrəli qərardadının icrası ilə əlaqədar keçirilmiş iddiaçının canlı müayinəsi nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq ümumi xəstəlik səbəbindən bir il müddətinə (30 aprel 2025-ci il tarixədək) orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1350/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 aprel 2024-cü il tarixli, xxxxxxx0004 saylı qərarı İddiaçı 27 aprel 2024-cü il tarixdən 30 aprel 2025-ci il tarixədək orqanizmin funksiyalarının 35% pozulması ilə əlillik təyin edilməsi hissəsində dəyişdirilməsi, İddiaçı ümumi xəstəlik səbəbi ilə müddətsiz 65-80% əlillik dərəcəsi təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halı iddiaçının dağınıq skleroz xəstəliyindən əziyyət çəkməsidir. Dağınıq skleroz xəstəliyi EDSS şkalası ilə müəyyən olunur. Beləliklə, hazırki vəziyyətdə məhkəmə tərəfindən həll edilməli olan məsələ dağınıq skleroz xəstəliyindən əziyyət çəkən iddiaçının orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətidir. İş materialına əlavə edilən ilkin sənədlərdə EDSS=5,0 bal kimi qeyd edilmişdir. Lakin məhkəmə prosesi dövründə 2 iyun 2025-ci il tarixə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışda (TQS №027) olan məlumatlara əsasən, iddiaçıda EDSS=6,0 bal müəyyən edilmişdir. İddiaçının tələbi ona müddətsiz 65-80% əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən olunur ki, iddiaçı dağınıq skleroz xəstəsidir və onda EDSS=6,0 baldır, bu isə 65-80 faiz müddətsiz əllillik təyinatı üçün əsasdır.
67. Nəticə olaraq məhkəmə belə hesab edir ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmiş, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 35% (otuz beş faiz) ilə əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı. Bu isə işin nəticələrinin “ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 35%” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 35%” pozulması halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının apellyasiya şikayətinə dair etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. Bənd 6.2.Mərkəzi sinir sisteminin miеlinsizləşmə ilə gеdən xəstəlikləri-XBT kodu G35- G37 6.2.1. dağınıq skleroz-XBT kodu G35 Qiymətləndirmə üzrə əlamətləri: 6.2.1.1.başgicəllənmə, koordinasiyanın və tarazlığın, kiçik çanaq orqanlarının funksiyalarının, iradi motorikanın mülayim pozuntusu, o cümlədən yürüşün və durmanın pozuntuları, EDSS şkalası üzrə 3-4.5 bal- orqanizmin funksiyasının pozulmasının 35-60 faiz dərəcəsi, müddətsiz 6.2.1.2. başgicəllənmə, koordinasiyanın və tarazlığın, kiçik çanaq orqanlarının funksiyalarının, iradi motorikanın əhəmiyyətli pozuntusu, o cümlədən yürüşün və durmanın pozuntuları, EDSS şkalası üzrə 5-7 bal- orqanizmin funksiyasının pozulmasının 65-80 faiz dərəcəsi, müddətsiz 6.2.1.3. başgicəllənmə, koordinasiyanın və tarazlığın, kiçik çanaq orqanlarının funksiyalarının, iradi motorikanın ağır dərəcədə pozuntusu, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi, EDSS şkalası üzrə 7,5-9,5 bal- orqanizmin funksiyasının pozulmasının 85- 100 faiz dərəcəsi, müddətsiz 6.5. Serebral iflic və digər paralitik sindromlar 6.5.1. serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya)-XBT kodu G81-G83 Qiymətləndirmə üzrə əlamətləri: 6.5.1.1. ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə);cüzi statodinamik pozuntular-orqanizmin funksiyasının pozulmasının 40 faiz dərəcəsi, 1 il müddətinə 6.5.1.2. mülayim hemiparez (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması);mülayim statodinamik pozuntular- orqanizmin funksiyasının pozulmasının 40-60 faiz dərəcəsi, iki il müddətinə 6.5.1.3. cüzi tetraparez (əzələ gücünün 4 bala qədər enməsi, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, aşağı və yuxarı ətraf oynaqlarının aktiv hərəkətlərinin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə);mülayim statodinamik pozuntular - orqanizmin funksiyasının pozulmasının 40-60 faiz dərəcəsi, müddətsiz 6.5.1.4 təzahür edən hemiparez (əzələ gücünün 2 bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyri-mümkünlüyü (barmaqların distal falanqalarının 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (bud-çanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıq-baldır oynağının 6-7 dərəcəyə qədər) ilə);əhəmiyyətli təzahür edən statodinamik pozuntular - orqanizmin funksiyasının pozulmasının 65-80 dərəcəsi, müddətsiz 6.5.1.5. mülayim tetraparez (əzələ gücünün 3 bala qədər azalması, yuxarı və (və ya) aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsək oynağında 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi (baş barmağın distal falanqasının 4-cü barmağın əsası səviyyəsində olması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması) ilə);əhəmiyyətli təzahür edən statodinamik pozuntular- orqanizmin funksiyasının pozulmasının 65-80 faiz dərəcəsi, müddətsiz 6.5.1.6- əhəmiyyətli təzahür edən tetraparez, əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyri-mümkünlüyü, yatağa məhkum olma);əhəmiyyətli təzahür edən statodinamik pozuntular- orqanizmin funksiyasının pozulmasının 85-100 faiz dərəcəsi, müddətsiz Bənd 6.1.10. sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr- XBT kodu R25-R29 6.1.10.1. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntularıorqanizmin funksiyasının pozulmasının 35-60 faiz dərəcəsi, 1 il müddətinə 6.1.10.2. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntularıorqanizmin funksiyasının pozulmasının 65-80 faiz dərəcəsi, iki il müddətinə 6.1.10.3. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır dərəcədə pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsiorqanizmin funksiyasının pozulmasının 85-100 faiz dərəcəsi, müddətsiz “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı onun barəsində təyin edilmiş orqanizmin funskiyasının pozulmasının faiz dərəcəsinin və müddətinin dəyişdirilərək, ona orqanizmin funskiyasının 65-80 faiz dərəcə pozulması və müddətsiz əlilliyinin müəyyən edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən qəbul olunmuş qərardan görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə orqanizmin funksiyalarının 35% pozulması ilə (XBT kodu R27 əsasında) əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş, həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi Dağınıq skeloroz,serebronispal forma ikincili proqrodient tip gedişli (XBT kodu G35),ağırlaşmaları Digər koordinasiya pozğunluğu, müvazinət və çanaq orqanlarının pozulması (XBT kodu R27); Spastik hemiplegiya, sol tərəfli spastik hemiparez (XBT koduG81.1.) kimi qeyd edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən həmin tibbi göndəriş əsasında iddiaçının əlilliyi qiymətləndirilərək, iddiaçı barəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək orqanizmin funksiyasının pozulmasının 35 faiz dərəcəsi ilə 1 il müddətinə ümumi xəstəlik səbəbindən əlilliyin müəyyən edilməsinə dair qərar qəbul edilmiş, əlillik XBT kodu R27 olan diaqnoz xəstəlik üzrə müvafiq Meyarların 6.1.10.1 bəndinə əsasən müəyyən edilmişdir. İşin materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün məzmunundan görünür ki, “....məhkəmə istintaqında təyin olunmuş və iş materiallarına əlavə edilmiş AZərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X11-Təcrübi və Tədris bİrliyinin xx.xx.2024-cü il tarixli 220/KEŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Quba Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə müraciət etmiş, və na “Baş beyin silkələnməsi” diaqnozu qoyulmuşdur. Təyin olunan diaqnozdə göstərilən xəsarət küt yaranma mexanizminə malikdir, qərarda göstərilən müddtdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilməsi inkar edilmi və dərcəsinə görə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan saölamlığa yüngül zərər vurmaya aiddir.İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda hal-hazırda “Dağınıq skleroz” xəstəliyi sinir sisteminin iltihabi xəstəliyi olub, baş beynin və onurğa beyninin sinir hüceyrələrinin örtük qişasının autoimun mexanizmli zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur, bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır. Xəstəlik xarici mühit amillərilə (viruslar,ekoloji,irsi meylilik,infeksion və qeyri-infeksion risk faktorları, orqanizmin metabolik xüsusiyyətləri və s.) şərtlənir, lakin hal-hazıradək konkret olaraq xəstəliyin yaranma səbəbi məlum deyil. Qeyd olunanları nəzərə alınaraq, İddiaçı xx.xx.2023-cü il tarixdə almış olduğu xəsarətlərlə onda olan “Dağınıq skleroz” xəstəliyinin yaranması və ya mövcud xəstəliyin kəskinləşməsi arasında səbəbli əlaqənin olması istisna edilir...... ”. İşin müəyyən edilmiş hallarından görünür ki, ixtisaslamış müvafiq tibb müəssisəsinin həkim-nervoloqu tərəfindən iddiaçının əyani müayinəsi həyata keçirilərək, onun nəticəsinə dair tibbi rəy verilmiş, həmin rəyin məzmununda iddiaçıda “Dağınıq skleroz” xəstəliyinin və əlamətlərinin aşkar olunması İş materiallarından görünür ki, iddiaçı qeyd edilən diaqnoz xəstəliklərlə bağlı müalicələr alır (ambulator kartadan çıxarış və s. tibbi sənədlər əsasında müəyyən edilmişdir), daimi nəzarətdə olmaqla, ambulator müalicə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müvafiq ixtisaslaşmış tibbi müəssisəsinə ambulator müalicə üçün xx.xx.2025-ci il tarixdə daxil olmuş, onun barəsində diaqnoz xəstəlik və onun aşkar edilən əlamətləri ətraflı qeyd edilmiş, habelə EDSS=6,0 bal kimi dəyərləndirilmişdir (əvvəlki məlumatlarda bu 5,0 bal olmuşdur), həmin tibbi müəssisəsi özü iddiaçının daimi olaraq həmin müəssisədə nəzarətdə olması və daimi müalicə alması halını təsdiq edir. Kollegiya hesab edir ki, indiki halda iş materiallarında olan ekspert rəyi, həkim-mütəxəsis rəyləri, amulator kartadan çıxarış və digər tibbi sənədlər əsasında iddiaçıda məhz XBT kodu G35 olan diaqnoz xəstəliyin müvafiq Meyarların 6.2.1.2-ci bəndinə əks olunmuş qiymətləndirmə üzrə əlaamətlərinin (başgicəllənmə, koordinasiyanın və tarazlığın, kiçik çanaq orqanlarının funksiyalarının, iradi motorikanın əhəmiyyətli pozuntusu, o cümlədən yürüşün və durmanın pozuntuları, EDSS şkalası üzrə 5-7 bal) mövcudluğu öz təsdiqini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, müvafiq Meyarlara əsasən həmin XBT kodu olan diaqnoz xəstəliyi və onun qiymətləndirmə əlamətləri orqanizmin funksiyasının pozulmasının 65-80 faiz dərəcə və müddətsiz əlilliyin müəyyən edilməsi üçün əsasdır. İndiki halda isə cavabdeh tərəfindən həmin halları təkzib edən heç bir sübut təqdim edilməmiş,imtina və şikayətin dəlili kimi istinad etdiyi hallara dair heç bir tibbi sənəd təqdim edilməmiş, iddiaçıda aşkar edilən xəstəliyin əlamətlərinin məhz orqanizmin funskiyasının pozulmasının 35 faiz dərəcəsinə və 1 il müddətinə uyğun olduğunu formal olaraq müəyyən etmişdir. İşin yuxarıda müəyyən edilmiş halları əsasında isə cavabdehin iddiaçı barəsində qəbul etdiyi qərarın əsaslılığı və qanuniliyi təkzib edilmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, kollegiya qeyd edir ki,birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verildiyindən, işin halları ətraflı araşdırılaraq, iddiaçıda aşkar edilmiş diaqnoz xəstəliyin əlamətlərinin tibbi sənədlərə istinad etməklə,müvafiq qanunvericilik normasının tələbləri, işin faktiki və hüquqi halları baxımından ətraflı şəkildə qeyd edildiyindən (“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018- 2022-ci illər üçün Dövlət Proqramı”,EDSS şkalası üzrə qaydalara uyğun dəyərləndirmə), həmin halların təkrarən qeyd edilməsi zərurəti mövcud olmamışdır. Bundan əlavə, kollegiya cavabdehin müalicə müddəti ilə bağlı istinad etdiyi arqumentinə aid hissədə onu qeyd etməyi zəruri hesab edir ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydaların 1 nömrəli Əlavəsində müalicə müddəti gözlənilmədən tibbi göndərişin verilməsinə əsas olan xəstəliklərin Siyahısı qeyd edilmiş, həmin Siyahıda XBT kodu G35 olan diaqnoz xəstəlik əks olunmuşdur (hansı ki hazırki halda iddia tələbinin əsasını məhz həmin xəstəlik və onun əlamətləri təşkil etmişdir). Nəticə etibarilə iddiaçıya münasibətdə müalicə müddətinə aid şərtin ödənilməsi zəruri olmamışdır. Bu hal isə özlüyündə cavabdehin istinad etdiyi arqumenti təkzib etmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının sözügdən xəstəliklə bağlı daimi həkim nəzarətində olması və daimi müalicə alması halı da iş materiallarında olan sənədlər (ambulator kartadan çıxarış, müvafiq ixtisaslaşmış tibbi müəssisəsi tərəfindən həmin halın təsdiq edilməsi və s.) əsasında da öz təsdiqini tapmışdır. Eyni zamanda kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçı barəsində əlillik təyinat tarixi xx.xx.2024-cü il tarixdən müəyyən edilmiş, əlilliyin təyinat tarixi isə mübahisə predmeti olmadığından, iddiaçıya məhz xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının pzoulmasının 65-80 faiz dərəcəsi ilə müddətsiz əlilliyin müəyyən edilməlidir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki,indiki halda iddianının əsaslılığı işin yuxarıda müəyyən edilmiş halları əsasında öz təsdiqini tapdığından, habelə həmin halla əsasında cavabdehin apellyasiya şikayətinin dəlilləri təkzib edildiyindən, apellyasiya şikayəti əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1350/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.