Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1226/2025 17.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa olunması və ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 4125/2025 nömrəli,xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair tarixli məlumat vərəqindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli, 615 nömrəli qərarına əsasən İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi X4 və qeyrilərinin barəsində ********* nömrəli cinayət işinin istintaqı aparılır. İstintaqla müəyyən edilmişdir ki. Rauf İsfəndiyarov və digər vəzifəli şəxslər müəyyən vətəndaşlara saxta əlillik dərəcəsinin təyin edilməsi üçün rəhbərlik etdikləri xəstəxanalar vasitəsilə elektron göndərişlərə təhrif olunmuş məlumatların daxil edilməsinə nail olduqlarından həmin vətəndaşlara qanunsuz əmək pensiyası ödənişləri aparılmışdır. Göstərilənlərə əsasən istintaqın hazırkı mərhələsi üzrə məktuba əlavə edilmiş siyahıda qeyd olunmaqla əlillik dərəcəsinin təyin edilməsi nəticəsində hazıradək əmək pensiyası (sosial müavinət, pensiya təminatı) alan şəxslərin müavinətlərinin dayandırtmasına göstəriş verilməsi xahiş olunur. Həmin məktuba əlavə edilmiş siyahıda 92-ci sırada İddiaçı adı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin xx.xx.2018-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, pensiyanın ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Müraciətlə bağlı bilidirilmişdir ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən pensiya işi ilə bağlı araşdırma aparılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin xx.xx.2018-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, pensiyanın ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Təkrar müraciətlə bağlı bilidirilmişdir ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən pensiya işi ilə bağlı araşdırma aparılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17- 4/2-12276/2025 nömrəli məktubda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumata əsasən İddiaçı xx.xx.2018-ci il tarixindən ümumi xəstəlik gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X2 Azərbaycan Respublikası CM-in 178.3.2, 179.2.3, 308.2, 32.4,308.2, 311.3.2, 311.3.3, 312-1.1, 313, 32.4,313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 20 dekabr 2023-cü il tarixdə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, iş üzrə vətəndaş İddiaçı şahid qismində dindirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “14 mart 2018-ci il tarixdən əlilliyə görə təyin edilmiş və 01 noyabr 2023-cü li tarixdən ödənişi dayandırılmış əmək pensiyanın ödənilməsinin bərpa olunması və 01 noyabr 2023-cü il tarixdən bərpa olunan tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2023-cü il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının bərpa olunması və xx.xx.2023-cü il tarixdən bərpa olunan tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 3-cü qrup gözdən əlildir. 2018-ci ildə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinədən keçirildikdən sonra ona gözdən əlil kimi müddətsiz olaraq üçüncü qrup əlillik dərəcəsi verilmişdir. Həmin əlilliyi lə əlaqədar olaraq ona əlilliyə görə əmək pensiyası da təyin edilmişdir. 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan baş həkim Rauf İsfəndiyarovun cinayət işi ilə əlaqədar həkim haqqında araşdırma aparılan cinayət işi ilə əlaqədər olaraq həmin idarəyə çağırılmış və işi aparan müstəntiq tərəfindən ifadəsi alınmışdır Məlum olmuşdur ki, həmin dövrdə əlilliklə bağlı rəylərin verilməsində iştirak edən həkimlərdən biri haqqında cinayət işi başlanılmışdır və bu səbəbdən həmin dövrdə əlillik dərəcəsi verilmiş şəxslərin sənədləri yoxlanılır. Həmin araşdırma ilə bağlı təkrarən müayinədən keçmək üçün müstəntiqin göndərişi ilə X8 adına Milli Oftalmologiya Mərkəzinə göndərilmiş və təkrar müayinədən keçirilmişdi. Müayinənin nəticəsi olaraq ona 2018-ci ildə təyin edilmiş diaqnoz bir daha öz təsdiqini tapmış və onun əlillik sənədlərində hər hansı qanun pozuntusunun olmadığı müəyyən edilmişdir. Nəticədə həmin cinayət işi üzrə nə tərəf, nə zərərçəkmiş, nə də şahid kimi cəlb edilməmiş və iddiaçının bu cinayət işi ilə əlaqənin olmadığı aşkar edilmişdir. Lakin buna baxmayaraq 2023-cü ilin oktyabr ayından etibarən onun əmək pensiyasının ödənilməsi cavabdeh qurum tərəfindən dayandırılmışdır. Bunun səbəbini soruşduqda cavabdeh tərəfindən bildirilmişdir ki, onun əmək pensiyası kəsilməmiş, yaxud ləvğ edilməmişdir, sadəcə olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparan müstəntiqin şifahi göstərişi ilə pensiyanın ödənilməsi istintaq müddətinə müvəqqəti olaraq dayandırılmışdır. Ancaq istintaq başa çatdırılaraq cinayət işi məhkəməyə verilsə də, onun pensiyasının ödənilməsi nədənsə bərpa olunmamışdır. Nəticədə ikinci ildir ki, əmək pensiyası ala bilmir, halbuki bu pulu müalicəsi üçün xərcləyirdi. İndi isə bu pul ödənilmədiyindən əlil olaraq lazımi müalicəni ala bilmir, maddi cəhətdən korluq çəkir. Yuxarıda adı çəkilən vəfizəli şəxsin cinayət işi ilə bağlı məhkəmə işində iddiaçının adı keçmir və onun əlilliyi ləğv olunmamışdır, çünki onun əlillik sənədlərində hər hansı qanunsuzluq aşkar edilməmişdir. Buna baxmayaraq pensiyasının ödənilməsi bu günədək əsassız olaraq dayandırılmışdır. Halbuki, qeyd etdiyi vəzifəli şəxs barəsində məhkəmə işinin illərlə davam etməyəcəyinə heç kim zəmanət vermır. Eyni zamanda pensiyanın ləğvi, yaxud əlilliyin ləğv edilməsi ilə bağlı nə məhkəmənin, nə də cavabdeh qurumun hər hansı qərarı yoxdur və qanunvericiliklə iddiaçının pensiyasının dayandırılması üçün hər hansı hüquqi əsaslar da mövcud deyildir. Qeyd edilən hallarla bağlı onun tərəfindən bir neçə dəfə aidiyyəti orqanlara, o cümlədən cavabdehə yazılı şəkildə müraciətlər etmişdir. Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 24 iyun 2024-cü il, 06 sentyabr 2024-cü il və 11 sentyabr 2024-cü il tarixlərində yazılı şəkildə şablon cavablar verilərək pensiya ödənişinin 01 oktyabr 2023-cü il tarixdən dayandırıldığı və bunun guya Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində pensiya işinin araşdırılması ilə əlaqədar olduğu bildirilmişdir. Halbuki həmin dövrdə adı çəkilən idarədə yuxarıda qeyd etdiyi vəzifəli şəxs barədə aparılan istintaq başa çatmış və materiallar məhkəməyə göndərilmişdir ki, istintaq nəticəsində iddiaçının əlilliyi və pensiyasının təyin olunmasının həmin şəxsin qanunsuz əməlləri ilə əlaqəli olmadığı və qanuni şəkildə rəsmiləşdiyi öz təsdiqini tapmışdır. Nəticədə əmək pensiyasının ödənişinin bərpa olunmadığı, mübahisənin əsassız şəkildə uzandığını, cavabdehin bu problemin həllindən yayındığını və maddi durumunun ağırlaşdığını nəzərə alaraq məhkəməyə müraciət etmək və pozulmuş hüququmun tanınmasını, əmək pensiyasının ödənilməsinin bərpasını xahiş etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında" X1 12,1-ci maddəsinin xx.xx.2018-ci il tarixində qüvvədə olmuş toloblorino əsasən İddiaçıya həmin tarixdən əlilliyə görə omok pensiyası təyin edilmiş, pensiyanın ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 2-2-02/03/2-028316/2023 nömrəli məktubuna əsasən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi X4 və qeyrilərinin barəsində ********* nömrəli cinayət işinin istintaqı aparılır. İstintaqla müəyyən edilmişdir ki. Rauf İsfəndiyarov və digər vəzifəli şəxslər müəyyən vətəndaşlara saxta əlillik dərəcəsinin təyin edilməsi üçün rəhbərlik etdikləri xəstəxanalar vasitəsilə elektron göndərişlərə təhrif olunmuş məlumatların daxil edilməsinə nail olduqlarından həmin vətəndaşlara qanunsuz əmək pensiyası ödənişləri aparılmışdır. Göstərilənlərə əsasən istintaqın hazırkı mərhələsi üzrə məktuba əlavə edilmiş siyahıda qeyd olunmaqla əlillik dərəcəsinin təyin edilməsi nəticəsində hazıradək əmək pensiyası (sosial müavinət, pensiya təminatı) alan şəxslərin müavinətlərinin dayandırtmasına göstəriş verilmişdir. Cinayət Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. Cinayət prosesini həyata keçirən orqanın qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Təkrar müraciətlə əlaqədar olaraq bildirir ki, Azərbaycan Respublikası Baş prokroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən pensiya işi ilə bağlı araşdırma aparılır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4125/2025 nömrəli,xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının bərpa olunması və xx.xx.2023-cü il tarixdən bərpa olunan tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlillik ləğv edilməmiş və dəyişdirilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumata əsasən İddiaçı xx.xx.2018-ci il tarixindən ümumi xəstəlik gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Göründüyü kimi, iddiaçıya təyin edilmiş əlillik dərəcəsi ləğv edilmədiyi halda cavabdeh inzibati orqan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubuna əsasən ona təyin edilmiş əlilliyə görə əmək pensiyasını dayandırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsində qeyd edilmişdir ki, əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır. İddiaçıya əlillik dərəcəsinin təyin edilməsi barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının qüvvədə olmasına baxmayaraq ona təyin edilmiş əmək pensiyasının cavabdeh inzibati orqan tərəfindən dayandırılması qanunsuz olmuş və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Əlillik dərəcəsinin təyinatı zamanı iddiaçını müayinə etmiş həkimin istintaqa cəlb olunması iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın qüvvədən düşməsi anlamına gəlmir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cinayət Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. Cinayət prosesini həyata keçirən orqanın qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmin məcəllənin 7.0.43-cü maddəsinə əsasən prosessual qərar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hakimin və ya hakimlərin (hökmlər istisna edilməklə), habelə təhqiqatçının, müstəntiqin, yaxud prokurorun bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qəbul etdiyi prosessual aktdır. Cinayət təqibi zamanı qəbul edilən prosessual qərarların məcmusu həyata keçirilən prosessual hərəkətlərlə birlikdə ümumilikdə cinayət prosesinin özünü təşkil edir. Buna görə də prosessual qərarlar cinayət prosesinin əsasını, mahiyyətini təşkil edir, onun zəruri keyfiyyət xüsusiyyətlərini özündə birləşdirir. Cinayət prosesini həyata keçirən orqanlar öz prosessual fəaliyyətləri gedişində ayrı-ayrı məsələlərin icrası qaydasında göstəriş, çağırış və digər müraciətlər (məsələn, vəsatət, məktub, bildiriş, təqdimatlar və s.) formasında aktlar qəbul edirlər. həmin aktlar da cinayət prosesini həyata keçirən orqanın konkret məsələ ilə əlaqədar iradəsini ifadə etdiyindən onların da icrası məcburidir. Prosessual qərarların, göstərişlərin, çağırışların məcburiliyi və şərtsiz icra edilməli olması o deməkdir ki, Azərbaycan Respublikasında heç bir dövlət orqanı, hüquqi və fiziki şəxs həmin prosessual aktlarıhər hansı bəhanə ilə icra etməkdən imtina edə bilməz. Cinayət prosesini həyata keçirən orqanların qərarlarının icra edilməməsi qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətin əsasını təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Buna görə də yuxarıda şərh olunanları nəzərə alaraq, Sumqayıt İnzibati Məhkəməsininxx.xx.2025-ci il tarixli 2-1(118)-4125/2025 nömrəli nömrəli qərarı faktiki cəhətdən əsassız, hüquqi baxımdan qanunsuz olduğundan ləğv edilməli və İddiaçı “əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin olunmamalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 30.1-2. Əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar X5 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X5 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 36.2. Təkrar müayinədən keçirilən əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə 38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Maddə 41. Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi əlilliyə görə təyin edilmiş əmək pensiyasının bərpa olunması və dayandırıldığı vaxtdan ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddiann mümükünlüyü ilə bağlı qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2018-ci il tarixdən ümüumi xəstəlik (gözdən əlil) müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmış, bu barədə məlumatlar əlillik alt sistemində mövcud olmuşdur. Cavabdeh inzibati orqan iddiaçıya əlilliyə görə təyin edilmiş pensiya məbləğinin ödənilməsini xx.xx.2023-cü il tarixdən dayandırmış, əsas kimi onun barəsində əlilliyin təyinatı ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən pensiya işi ilə bağlı araşdırma aparılması halına istinad etmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, R.M.İsfəndiyarov adlı şəxs barəsində qanunsuz əlillik dərəcəsi təyin edilməklə bağlı CM-nin müvafiq maddələri üzrə cinayət işi başlanmış, onun barəsində ittiham aktı tərtib edilərək, təsdiq dilmiş, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir, iddiaçı həmin cinayət işi üzrə şahid qimsində dindirilmişdir. Müvafiq istintaq orqanı tərəfindən cavabdeh quruma xx.xx.2023-cü il tarixli məktub ünvalanaraq, sözügedən cinayət işi ilə əlaqədar olaraq siyahıda adları çəkilən şəxslərə pensiya ödənişinin dayandırılması barədə göstəriş verilməsi xahiş olunmuş, həmin siyahıda iddiaçının da adı olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, Dövlət Tibbi-Sosial və Reabilitasiya Agnetliyi PHŞ tərəfindən verilmiş məlumata əsasən iddiaçıya xx.xx.2018-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmış, hazırda da qüvvədədir. Kollegiya qeyd edir ki, yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin normasının dispoztiv şərtlərinə əsasən əlilliyə görə təyin edilmiş əmək pensiyası əlilliyin müddəti bitdikdə və ya əmək pensiyasının ödənilməsinin dayanmasına qanunla müəyyən edilmiş əsaslar olduqda dayandırmaq səlahiyyəti vardır. İndiki halda iddiaçıya münasibətdə əmək pensiyasının təyin edilməsinə əsas olan halın (əlilliyin) dəyişməsi və ya ləğv edilməsi halı müəyyən edilməmişdir. Başqa sözlə desək, əlilliyə görə əmək pensiyasının dayandırılması üçün şəxs barəsində təyin edilmiş əlilliyin ləğv edilməsi və ya etibarsız hesba edilməsi halları mövcud olmalıdır. İndiki halda isə iddiaçıya münasibətdə belə bir halın mövcudluğu öz təsdiqini tapmamış, əksinə əlilliyinin hazırda da qüvvədə olması halı müəyyən edilmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə əlilliyi qüvvədə olduğu halda, əlilliyə görə pensiya ödənişlərinin dayanadırılması ilə bağlı hərəkətləri qanunauyğun olmamış, normanın dispoztiv şərtləri ilə uzlaşmamışdır. Bundan əlavə, kollegiya cavabdehin cinayət işi ilə bağlı istinad etdiyi arqumentinə dair onu qeyd edir ki, İPM-in 58-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İndiki halda cavabdehin istinad etdiyi cinayət işi materialları məhkəmənin icraatında olmaqla, həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş qərarın olması halı müəyyən edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan yalnız müvafiq istintaq qurumunun məktubuna istinad etməklə, iddiaçı barəsində pensiya ödənişinin dayandırılması barədə hərəkətləri qanunauyğun olmamış, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, kollegiya onu qeyd edir ki, müvafiq istintaq qurumunun məktubu məzmun etibarilə pensiya ödənişinin dayandırılması üçün qanunla müəyyən edilmiş əsas qismində çıxış etməmişdir. Başqa sözlə desək, cavabdeh inzibati orqan yalnız qanunla müəyyən ediilmiş əsaslar olduğu halda pensiya ödənişinin dayandırılmasını həyata keçirə bilərdir, indiki halda isə iddiaçı barəsində pensiya ödənişinin dayandırılması üçün qanunla müəyyən edilmiş əsasın mövcudluğu müəyyən edilməmişdir. Nəticə etibarilə kollegiya qeyd edir ki, işin yuxarıda müəyyən edilmiş halları (iddiaçının barəsində əlilliyin hazırda da qüvvədə olması, əlilliyi təyin edən orqan tərəfindən də hazırda mübahisələndirilməməsi, əlilliyin qüvvədə olmasını təsdiq etməsi, cinayət işi üzrə qanuni qüvvəyə minmiş hökmün olmaması, pensiya ödənişinin dayandırılması üçün qanunla müəyyən edilmiş hər ahnsı əsasın olmaması) iddia tələbinin əsaslılığını müəyyən etməklə, cavabdehin apellyasiya şikayətinin dəlillərin təkzib etmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əmək pensiya ödənişinin dayandırılması barədə hərəkətləri qanunazidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4125/2025 nömrəli,xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.