Məhkəmə qərarları › İş №2-1(105)-123/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-123/2022

18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-123/2022 18.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Abşeron-Xızı regional ərazi filialına qarşı “əmək pensiyanın yenidən hesablanması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1295/2021 nömrəli qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1954-cü il tarixdə Azərbaycan Respublikası, Şəki şəhərində anadan olmuşdur. Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 27-də qeydiyyatdadır. (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi)

2. İddiaçıya məxsus НЗ ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 14 may 1973-cü ildən 20 may 1975-ci ilədək keçmiş X3 həqiqi hərbi xidmətdə olmuşdur.

3. İddiaçının təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, 15.09.1993-cü ildən 31.08.1995-ci il tarixədək Tikinti materialları, mebel və təsərrüfat malları satışı üzrə topdan-pərakəndə ticarət kontoru “Azkooptiktəsticarət”-də, 16.10.1995-ci ildən 01.07.2008-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində, 01.07.2008-ci ildən 02.02.2017-ci il tarixə qədər "xxxx" MMC-də işləmişdir.

4. DSMF-nin Abşeron rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 10.02.2012-ci il tarixli 154 nömrəli qərarı ilə iddiaçıya 01.02.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

5. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Abşeron rayon Xidmət nümayəndəliyinin direktoruna 14.04.2021-ci il tarixli ərizə ilə müraciət edərək təqdim etdiyi sənədlər əsasında 16.10.1995-ci il tarixdən 01.01.2002-cı il tarixədək olan iş stajının pensiya hesablanmasında nəzərə alınmasını xahiş etmiş, ərizəyə baxılmış və 30.04.2021-ci il tarixli ********** məktubla ərizəyə cavab olaraq DSMF-nin Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş İdarəsinin 22.02.2017-ci il tarixli 88/03/22-23/2 saylı məktubunda 16.10.1995- 01.01.2002-ci illər üzrə müəssisənin iş qovluğunda olmadığından həmin dövr barədə məlumat verilmədiyi, bu səbəbdən də göstərilən dövrün sosial sığorta stajı kimi hesablanması qanunvericiliyə zidd olduğundan nəzərə alınmadığı bildirilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. Verilən cavab ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı regional ərazi filialına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müaciət edərək, 16.10.1995-ci ildən 01.01.2002-ci il qədər olan dövrü sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının 01.02.2017-ci il tarixdən etibarən yenidən hesablanması və ödənilməmiş məbləğin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 01.02.2017-ci il tarixdən DSMFnin Abşeron rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilərkən əmək kitabçasında qeyd edilmiş "xxxx" ASC-də 16.10.1994-cü ildən 01.01.2002-ci ilədək işlədiyi dövr sosial sığorta stajı kimi hesablanmamışdır. Buna əsas kimi cavabdeh orqanın ona ünvanladığı 30.04.2021-ci il tarixli 2163/232761 saylı məktubunda müəssisənin qovluğunda həmin dövr barədə məlumatın olmadığı bildirilmişdir. İddiaçı bildirir ki, o, əmək fəaliyyətinə başladığı vaxtdan pensiyaya çıxanadək fasiləsiz çalışmış və bu barədə əmək kitabçasında da müvafiq qeydlər mövcuddur.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçıya DSMF-nin Abşeron rayon şöbəsi tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmaq üçün vətəndaşın müəssisədə işləməsi və sosial sığorta haqları ödəməsi barədə Fondun Hüquqi şəxslərlə iş departamentinə, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialında sorğu ünvanlanmışdır. İş materiallarında olan Fondun Hüquqi şəxslərlə iş departamentinin 23.02.2017-ci il tarixli cavab məktubuna əsasən Xalq İstehlak mallarının topdan pərakəndə ticarəti və istehsalı üzrə "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən 2002-2005ci illər üçün sosial sığorta haqqları ödənildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialında vətəndaş 14.03.2017 tarixli 743 nömrəli arayışına əsasən "xxxx" açıq səhmdar cəmiyyətinin arxiv sənədlərinin əmr kitablarında 1995-ci illərə dair İddiaçı işə qəbul edilməsinə dair heç bir məlumat aşkar edilməmişdir. Lakin vətəndaş 01.07.2008-ci il tarixli 2kv saylı əmrlə 01.07.2008-ci il tarixdən işdən azad edilmişdir. Həmçinin arayışdan məlum olur ki, iddiaçı 01.01.2002- 01.01.2006-cı illərdə sözügedən müəssisədə əmək haqqı almışdır. Araşdırmanın nəticəsi kimi İddiaçı həmin müəssisədə işləyib əmək haqqı aldığı, sosial-sığorta haqqları ödənilmiş 01.01.2002-01.01.2006-cı illər staja daxil edilmişdir. 16.10.1995-01.01.2002-ci il tarixlərdə əmək haqqı almadığı dövr staj kimi qəbul edilməmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1295/2021 nömrəli qərarı ilə iddia tələbi tam təmin edilmişdir. (hakim C.Məmmədov)

10. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının 14.03.2017 tarixli 743 nömrəli arayışına əsasən "xxxx" açıq səhmdar cəmiyyətinin arxiv sənədlərinin əmr kitablarında 1995-ci illərə dair İddiaçı işə qəbul edilməsinə dair heç bir məlumat aşkar edilməmişdir. Lakin 10 avqust 2021- ci il tarixli BA-03649 nömrəli arxiv arayışında vətəndaşın 17.10.1995-ci il tarixli əmrlə işə qəbul edilməsi barədə məlumat qeyd edilmişdir. İki arayış arasında ziddiyyətin olması vətəndaşın 16.10.1995-01.01.2002-ci il tarixlərdə Xalq İstehlak mallarının topdan pərakəndə ticarəti və istehsalı üzrə "xxxx" açıq səhmdar cəmiyyətində işləməsi faktını şübhə altına alır. Cavabdeh inzibati orqan qeyd edir ki, tərəflərindən verilmiş sorğuda vətəndaşın qeyd edilən müəssisədə işləməsinə dair əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə və məzuniyyət əmrlərinin təsdiq edilmiş surətlərinin təqdim edilməsinə xahiş edilsə də, qeyd edilən sənədlər təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq "xxxx" ASC-nin əmrlər kitabı və əmək haqqı cədvəllərinin əslinin Milli Arxiv İdarəsinin Bakı filialından gətirilərək məhkəmədə tədqiq edilməsi zərurəti yaranmışdır.

b) Apellyasiya şikayətinə qarşı etiraz

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında bildirmişdir ki, ona 01.02.2017-ci il tarixdə təyin olunmuş yaşa görə əmək pensiyası hesablanan zaman "xxxx" ASC-də işlədiyi 16.10.1995-ci il tarixdən 01.01.2002-cı il tarixədək olan dövrün pensiya hesablanmasında nəzərə alınmadığını bilmiş, lakin həmin vaxt maddi ehtiyacı olmadığından bu məsələni mübahisələndirməmişdir. Buna görə də 14.04.2021-ci il tarixdə pensiyanın yenidən hesablanması tələbi ilə cavabdeh orqana ərizə ilə müraciət etmişdir. İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ:

15. “Əmək pensiyaları haqqında” Qanun (2010-cu il tarixədək qüvvədə olan redaksiyada): Maddə 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Maddə 27.2. Bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir.

16. “Əmək pensiyaları haqqında” Qanun (10.03.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.

17. “Əmək pensiyaları haqqında” Qanun (10.03.2017-ci il tarixdən qüvvədə olan redaksiyada): Maddə 31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. (-). 31.3. Təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1.Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1- 1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

18. Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

19. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-).

20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il tarixli Qərardadı

22. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67.1-2. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

24. İnzibati Prosessual Məcəllə: Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

26. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir, lakin məhkəmə yaşa görə əmək pensiyasının 01.02.2017-ci il tarixdən etibarən yenidən hesablanması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Odur ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

28. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

29. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

30. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var.

31. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olması və əmək haqqı ödənişləri barədə heç bir məlumatın olmamasını əsas gətirərək iddiaçının tələb etdiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmasından imtinası qanunauyğun deyildir. Belə ki, əmək kitabçasına əsasən iddiaçının 16.10.1995- 01.01.2002-ci il tarixlərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin dövrlərin iş stajı kimi nəzərə alınmamasının əsası kimi sənədlərin arxivdə aşkar olunmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması, əməkhaqqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə iddiaçının əmək kitabçasında qeyd edilən "xxxx" ASC-də işlədiyi 2006-cı ilin yanvarın 1-dək olan iş stajının onun sosial sığorta stajı kimi nəzərə alınmalı olduğunu hesab edərək iddianı təmin etmişdir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir:

33. Hazırki işin materiallarından görünür ki, iddiaçının 01.02.2017-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ (63 yaşında) yaranmışdır və ona bu tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu hal cavabdeh orqan tərəfindən də mübahisələndirilmir. Başqa sözlə, iddiaçının həmin məzmunda əmək pensiyası hüququ mübahisə predmeti deyil. Hazırkı halda, mübahisə olunan iddiaçının işlədiyi 1995-2002-ci illər üzrə əmək haqqı məbləğinin ona əmək pensiyası təyin olunarkən nəzərə alınıb-alınmadığından ibarətdir.

34. İddiaçıya məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 16.10.1995-01.01.2002-ci il tarixlərdə Xalq İstehlak mallarının topdanpərakəndə ticarəti və istehsalı üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləmişdir.

35. Həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 10.08.2021-ci il tarixli, BA- 03650- 2021 nömrəli arxiv arayışından görünür ki, iddiaçıya 17.10.1995-ci il tarixli, 7 saylı sərəncamla 01 sentyabr-15 oktyabr 1995-ci il tarixli dövr üçün əmək haqqı ödənilməsi, 02.01.2002-ci il tarixli, 14 saylı sərəncamla 2000-2001-ci illər hesabına 02.01.2002-ci ildən 20.03.2002-ci ilədək 78 təqvim günü növbəti məzuniyyətə buraxılması və 1995-2001-ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumat göstərilmişdir.

36. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə "xxxx" ASC-nin 16.10.1995-ci il tarixli, 02 saylı qərarının və 17.10.1995-ci il tarixli, 7 saylı sərəncamının arxiv surətlərinin məhkəməyə təqdim olunması barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğu ünvanlanmış və məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının 21 yanvar 2022-ci il tarixli BA-00304-2022 saylı arayışı ilə sözügedən sərəncam təqdim olunmuşdur. Həmin sərəncamdan görünür ki, Tikinti materialları, mebel və təsərrüfat malları satışı üzrə topdan pərakəndə ticarət kontoru “Azkooptiktəşticarət”in ləğv edilməsi ilə əlaqədar həmin müəssisənin əksər işçiləri "xxxx" ASC-nin yaradılması prosesində və Cəmiyyətin qeydə alınması ilə əlaqədar sənədlərin hazırlanması prosesində aktiv iştirak etdiklərindən və yeni ştat cədvəlinin tərtib edilməməsi səbəbindən həmin işçilərə 1995-ci il sentyabr ayının 01-dən oktyabr ayının 15-dək əmək haqqı ödənilmədiyindən 9 nəfərdən ibarət işçilərə, o cümlədən iddiaçıya həmin dövr üçün əmək haqqı ödənilməsi qərara alınmışdır.

37. İddiaçıya məxsus əmək kitabçasındakı məlumatlarla arxiv arayışında qeyd edilən məlumatların uyğunluğu bir daha öz təsdiqini tapdı. Belə ki, iddiaçının əmək kitabçasından görünür ki,iddiaçı 31.08.1995-ci il tarixədək tikinti materialları, mebel və təsərrüfat malları satışı üzrə topdan pərakəndə ticarət kontoru “Azkooptiktəşticarət” müəssisəsində işləmiş və müəssisənin ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad olmuş, daha sonra isə 16.10.1995-ci il tarixdə"xxxx" ASC-də ümumi şöbənin müdiri vəzifəsinə təyin edilmişdir.

38. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

39. Bundan başqa hazırkı qərarın 20, 21, 25 və 26–ci bəndlərində qeyd olunan hüquq normalarının tələblərinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd sayılır.

40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə ki, iş materiallarında iddiaçıya məxsus sözügedən əmək kitabçasının həqiqətə uyğun olmadığını sübut edən hər hansı dəlil olmadığından və cavabdeh tərəfindən də təqdim edilmədiyindən hazırkı iş üzrə əmək kitabçası mötəbər sənəddir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının "xxxx" ASC-də işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1995-2002-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə "xxxx" ASC-də işlədiyi Dövlət Arxivi Bakı filialının hazırkı qərarın 38-ci bəndində qeyd olunan arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.

42. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Dövlət Arxivinin Bakı Filialının 14.03.2017-ci il tarixli 743 nömrəli arayışına əsasən "xxxx" ASC-nin arxiv sənədlərinin əmr kitablarında 1995-ci illərə dair iddiaçının işə qəbul edilməsinə dair heç bir məlumat aşkar edilməmiş, 10 avqust 2021- ci il tarixli BA-03649 nömrəli arxiv arayışında isə vətəndaşın 17.10.1995-ci il tarixli əmrlə işə qəbul edilməsi barədə məlumat qeyd edilmişdir. İki arayış arasında ziddiyyətin olması iddiaçının 16.10.1995-01.01.2002-ci il tarixlərdə Xalq İstehlak mallarının topdan pərakəndə ticarəti və istehsalı üzrə "xxxx" ASCdə işləməsi faktını şübhə altına alır.

43. Qeyd edilən arxiv arayışları arasında ziddiyyətlə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətində qeyd etdiyi 10 avqust 2021-ci il tarixli BA-03649 nömrəli arxiv arayışı iş materiallarında mövcud deyildir.

44. Lakin iş materiallarında Dövlət Arxivinin Bakı Filialının 14 mart 2017-ci il tarixli 743 nömrəli və 10 avqust 2021-ci il tarixli BA-03650 nömrəli arxiv arayışları vardır. 743 nömrəli arayışda "xxxx" ASC-nin natamam arxiv sənədlərinin əmr kitablarında iddiaçının 01.07.2008-ci il tarixdən işdən azad olunması və yalnız 2002, 2003, 2004, 2005, 2006-cı illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar, BA- 03650 nömrəli arayışda isə "xxxx" ASC-nin natamam arxiv sənədlərinin sərəncamları kitabında iddiaçıya 17.10.1995-ci il tarixli, 7 saylı sərəncamla 01 sentyabr-15 oktyabr 1995-ci il tarixli dövr üçün əmək haqqı ödənilməsi, 02.01.2002-ci il tarixli, 14 saylı sərəncamla 2000-2001-ci illər hesabına 02.01.2002-ci ildən 20.03.2002-ci ilədək 78 təqvim günü növbəti məzuniyyətə buraxılması və 1995-2001-ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar göstərilmişdir.

45. Kollegiya hesab edir ki, sözügedən arayışlardakı məlumatlar arasında iddiaçının əmək fəaliyyətini şübhə altına ala biləcək ziddiyyətlər mövcud deyildir. Əksinə iddiaçının "xxxx" ASC-də əmək faəliyyəti arxiv arayışları ilə yanaşı əmək kitabçasındakı qeydlə də təsdiq edilir. Bu baxımdan cavabdeh inzibati orqanın arxiv arayışları arasındakı ziddiyyətlə bağlı 1995-2002-ci il illər üzrə dövrün iddiaçının sosial sığorta stajının hesablanmasında nəzərə alınması ilə bağlı imtinası əsassızdır.

46. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya 1995-2002-ci illər üzrə sözügedən dövrün sosial sığorta stajına daxil etməkdən imtina etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi bu baxımdan iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, qanuni məhkəmə qərarının ləğvinə səbəb ola bilməz.

47. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi 16.10.1995-ci il tarixdən 01.01.2002-ci ilə qədər olan dövrləri sosial sığorta stajı kimi nəzərə almaqla bağlı düzgün nəticəyə gəlsə də, yaşa görə əmək pensiyasının 01.02.2017-ci il tarixdən etibarən yenidən hesablanması və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Odur ki, qərar bu hissədə dəyişdirilməlidir.

48. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

49. Hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 01 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir.

50. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.

52. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini də nəzərə almaq lazımdır.

53. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş hüquqi mövqeyinə görə, müvafiq işlərə baxan məhkəmələr pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməlidirlər. Bu mənada, məhkəmələr pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müvafiq tarixlərdə müraciət etməmənin səbəblərini nəzərə almadan qərar qəbul etməyə haqlı deyildirlər.

54. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş hüquqi mövqeyə görə, hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil, işin faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər.

55. Qeyd edilən xüsusatın araşdırılması məqsədilə məhkəmə kollegiyasının suallarına cavab olaraq iddiaçı izahatında bildirmişdir ki, ona 01.02.2017-ci il tarixdə yaşa görə əmək pensiyası hesablanan zaman "xxxx" ASC-də işlədiyi 16.10.1995-ci il tarixdən 01.01.2002-cı il tarixədək olan iş stajının pensiya hesablanmasında nəzərə alınmadığı barədə məlumatı olmuş, lakin həmin ərəfədə maddi ehtiyacı olmadığından, bu məsələni mübahisələndirməmişdir. Hazırda isə ilk dəfə 14.04.2021-ci il tarixdə pensiyanın yenidən hesablanması tələbi ilə cavabdeh orqana ərizə ilə müraciət etmişdir. 56.Belə olan təqdirdə, kollegiya hesab edir ki, iddiaçı üzrlü səbəb olmadan pensiyanın yenidən hesablanması tələbi ilə vaxtında müraciət etməmişdir. Buna görə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir.

59. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1295/2021 nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC-də işlədiyi 16.10.1995-ci il tarixdən 01.01.2002-ci ilə qədər olan dövrləri sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının 01.02.2017ci il tarixdən etibarən yenidən hesablanması və iddiaçının pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi 14.04.2021-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Abşeron-Xızı regional ərazi filialının üzərinə üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar