Məhkəmə qərarları › İş №2-1(105)-123/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-123/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-123/2023 01.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin əvəzi 4903 manat 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat məbləğində pulun tutularaq ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 285/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsində yerləşən 1967-ci ildə inşa edilmiş 3 yataqxananın 3 saylı mənzili 2003-cü ildən İddiaçı istifadəsindədir. İddiaçı yaşayış yeri üzrə həmin mənzildə qeydiyyatdadır.

2. Abşeron rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdehnə qarşı “Cavabdeh təqsiri üzündən mənzilin təmiri zamanı ona dəymiş zərərin 6500 (altı min beş yüz) manat məbləğində pulun onun xeyrinə tutulması” tələbinə dair 2(012)-737/2018 saylı iş olmuş, məhkəmənin 24 dekabr 2018-cii il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2020-ci il tarixli, qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, Cavabdehndən dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat pulun tutulması qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021ci il tarixli qərarına əsasən Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh inzibati orqandır. Baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Belə ki, iddiaçıya məxsus mənzilə dəymiş ziyan Xiırdalan şəhərində 5 ədəd, Ceyranbatan qəsəbəsində 3 ədəd çoxmərtəbəli binaların qəza vəziyyətində olması səbəbi ilə həmin binalarada kompleks bərpa-gücləndirmə və təmir işlərinin aparılması ilə əlaqədar olmuşdur. İş üzrə iddiaçı həmin kompleks tədbirlər çərçivəsində görülmüş işlər nəticəsində onun mənzilinə dəymiş ziyanın ödənilməsini tələb edir və tələbini inzibati orqan olan Cavabdehnə qarşı yönəltmişdir. Belə olan halda mübahisə inzibati orqanın publik hüququn nizamasalma predmetinə aiddir.

4. İddiaçının dəymiş ziyanın ödənilməsinə dair müraciəti Cavabdeh xx.xx.2021-ci il tarixli 5/2024 saylı məktubu ilə təmin olunmamışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat məbləğində pulun tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 3 saylı evin 3 saylı mənzili iddiaçıya məxsusdur. 2014-cü ildə Cavabdeh tərəfindən Ceyranbatan qəsəbəsində 3 ədəd binanın qəzalı vəziyyətdə olması nəzərə alınaraq həmin binalarda təmir işləri aparılmışdır. Təmir işləri ilə əlaqədar 3 saylı binadan bütün sakinlər müvəqqəti olaraq köçürülmüşdür. 2014-cü ildə təmir işləri ilə əlaqədar işçilər iddiaçının yaşadığı mənzilə gəlmiş və mənzilin qapılarını, döşəməsini sökmüşlər. Söküntü işləri başa çatdıqdan sonra mənzildə heç bir iş görülməmişdir. İddiaçı dəfələrlə Cavabdehnə müraciət etmişdir. Vəsait olmadığına görə işlərin yarımçıq qalması bildirilmişdir. O, 10 ay kirayədə qaldıqdan sonra öz hesabına mənzili bərpa etmişdir. Mənzilin yenidən təmirinə 7100 manat pul xərcləmişdir. Həmin pulun ödənilməsi ilə əlaqədar Cavabdehnə qarşı Abşeron rayon Məhkəməsində iddia qaldırmışdır. Abşeron rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(012)-737/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli, 2(105)- 1924/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2(102)-1504/2020 saylı qərarına əsasən kassasiya şikayətim qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsində ikinci icraat zamanı aparılan araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçının mənzilinə maddi zərərin dəyməsi işin mübahisə edilməyən halıdır və mənzilə 4903 manat ziyan dəyməsi də ekspert rəyi ilə təsdiq edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(105)-1956/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, Cavabdehndən dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat pulun tutulması qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021 - ci il tarixli, 2( 102J- 2896/2021 saylı qərarına əsasən Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh inzibati orqandır. Baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Belə ki, iddiaçıya məxsus mənzilə dəymiş ziyan Xiırdalan şəhərində 5 ədəd, Ceyranbatan qəsəbəsində 3 ədəd çoxmərtəbəli binaların qəza vəziyyətində olması səbəbi ilə həmin binalarada kompleks bərpa-gücləndirmə və təmir işlərinin aparılması ilə əlaqədar olmuşdur. İş üzrə iddiaçı həmin kompleks tədbirlər çərçivəsində görülmüş işlər nəticəsində onun mənzilinə dəymiş ziyanın ödənilməsini tələb edir və tələbini inzibati orqan olan Cavabdehnə qarşı yönəltmişdir. Belə olan halda mübahisə inzibati orqanın publik hüququn nizamasalma predmetinə aiddir. Bundan sonra o dəymiş zərərin ödənilməsi ilə əlaqədar Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh ərizəsinə xx.xx.2021 -ci il tarixli, 5/2024 saylı məktubla imtina cavabı vermişdir. Hesab edir ki, Cavabdeh imtinası əsassızdır. Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Yuxarıda qeyd edilən məhkəmə qərarları ilə müəyyən edilmiş məbləğdə ziyan Cavabdeh tərəfindən ona ödənilməlidir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 285/2022 nömrəli qərarı ilə iddianın təmin edilərək Cavabdehndən dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.

8. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mənzil də daxil olmaqla Xırdalan şəhərində beş, Ceyranbatan qəsəbəsində isə üç binada bərpagücləndirmə və təmir işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 “Azkommunlayihə” İnstitutu tərəfindən layihəsmeta sənədləri hazırlanmış və podratçı təşkilat “AzərMənzilKompleksLayihəTəmir” Birliyi tərəfindən işə başlanılmışdır. Lakin sonradan Dövlət Büdcəsinin ehtiyat fondundan vəsait ayrılması məsələsi həll edilmədiyindən işlər dayandırılmışdır. Məsələ ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən dəfələrlə bu məsələ ilə əlaqədar aidiyyatı direktiv orqanlara məktublar ünvanlanmışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş arayışda 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 2,0 milyon manat ayrıldığı qeyd olunduğundan məhkəmə həmin arayışa istinad edərək dəymiş zərərin İcra Hakimiyyətindən tutulmasının əsaslı olduğunu qeyd edərək qərar qəbul etmişdir. Lakin həmin vəsaitin iddiaçıya məxsus mənzilin yerləşdiyi binaların təmiri üçün ayrılıb-ayrılmaması məsələsini araşdırmamışdır. Qeyd etmişlər ki, Xırdalan şəhərində 5(beş), Ceyranbatan qəsəbəsində 3(üç) ədəd çoxmərtəbəli yaşayış binalarında kompleks bərpa gücləndirmə işləri aparılmışdır, həmin binalar cavabdehə məxsus mənzilin yerləşdiyi binalardan fərqli binalardır. RİHB-nın Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən təqdim olunmuş arayışda da qeyd olunmuşdur ki, iddiaçının mənzilinin yerləşdiyi 3 saylı binada 2014-cü ildə heç bir əsaslı və cari təmir işləri aparılmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

14. “İnzibati icraat haqqında” Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

15. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı: ...4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri ...4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: ...4.9.10. çoxmənzilli binaların dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına cari və əsaslı təmir olunması məqsədi ilə xüsusi proqramlar hazırlamaq və onların icrasına nəzarəti həyata keçirmək;

16. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçıya dəymiş zərərin əvəzi olaraq 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədədir.

20. Yuxarıda istinad edilən və iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında eyni tələb üzrə mülki iş üzrə məhkəmə qərarlarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdehndən dəymiş zərərin əvəzi 4903 manat, 10 ay müddətinə kirayə haqqı əvəzinə 1500 manat pulun tutulması qət olunmuş, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan fotoşəkillərdən, qaimə sənədlərindən görünür ki, iddiaçıya məxsus mənzildə müvafiq söküntü və təmir işləri aparılmışdır. İddiaçının mənzilinə maddi zərərin dəyməsi işin mübahisə edilməyən halıdır və mənzilə 4903 manat ziyan dəyməsi də ekspert rəyi ilə təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus mənzil də daxil olmaqla ünvan şəhəri, ünvanındə üç binada bərpa gücləndirmə və təmir işlərinin aparılması üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 “Azkommunlayihə” İnstitutu tərəfindən layihəsmeta sənədləri hazırlanıb və podratçı təşkilat “Azər Mənzil Kompleks Layihə Təmir” Birliyi tərəfindən işə başlanılıb. Lakin sonradan dövlət büdcəsinin ehtiyat fondundan vəsait ayrılmadığı üçün işlər dayandırılıb. Məsələ ilə əlaqədar olaraq dəfələrlə cavabdeh tərəfindən aidiyyəti orqanlara məktublar göndərilsə də, bunun heç bir nəticəsi olmayıb. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan Cavabdeh tərəfindən müxtəlif orqanlara ünvanlanmış məktublardan göründüyü kimi, Abşeron rayonu ünvan şəhərində və ünvanında qəzalı vəziyyətdə olan binaların bərpagücləndirmə və təmir işləri cavabdeh tərəfindən aparılmışdır. İddiaçıya məxsus binada bərpa-gücləndirmə və təmir işlərinin aparılması cavabdeh tərəfindən aparıldığından iddiaçıya dəymiş zərər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(102)- 2896/2021 saylı qərarına əsasən Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh inzibati orqandır. Baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Belə ki, iddiaçıya məxsus mənzilə dəymiş ziyan Xırdalan şəhərində 5 ədəd, Ceyranbatan qəsəbəsində 3 ədəd çoxmərtəbəli binaların qəza vəziyyətində olması səbəbi ilə həmin binalarada kompleks bərpa-gücləndirmə və təmir işlərinin aparılması ilə əlaqədar olmuşdur. İş üzrə iddiaçı həmin kompleks tədbirlər çərçivəsində görülmüş işlər nəticəsində onun mənzilinə dəymiş ziyanın ödənilməsini tələb edir və tələbini inzibati orqan olan Cavabdehnə qarşı yönəltmişdir. Belə olan halda mübahisə inzibati orqanın publik hüququn nizamasalma predmetinə aiddir.

21. Ali Məhkəmənin qeyd edilən qərarından sonra iddiaçı ona dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın həmin məktubunda imtinanın əsası kimi Sumqayıt Apellyasiya Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(105)-1956/2020 saylı qətnaməsinin Azərbaycan Respublikası Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2896/2021 saylı qətnaməsi ilə ləğv edildiyi və iş üzrə icraata xitam verildiyi göstərilmişdir.

22. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qərarında onunla əsaslandırmışdır ki, “...iddiaçıya ziyanın dəyməsi hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılan zaman müvafiq ekspertizada təyin edilərək öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə əsas mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqanda iddiaçıya dəymiş ziyanı inkar etmir, sadəcə cavabdehin onlar yox, digər qurumlar ola biləciyini bildirirlər”. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə mülki hüquq münasibətləri əsasında yaranmadığına, inzibati orqanların fəaliyyəti əsasında yarandığına görə iddiaçıdan cavabdehin düzgün müəyyən edilməsi kimi öhdəlyinin tələb edilməsi ədalətli hesab edilə bilməz. Söküntü işlərinin hər hansı bir podratçı şirkətə həvalə edilməsi iddiaçı ilə onlar arasında birbaşa hüquq münasibəti yaratmır. Məhkəmə hesab etmişdir ki, iddiaçının dəymiş ziyanı İcra Hakimiyyətindən tələb etməsi əsaslıdır və dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək cababdehin apellyasiya şikayətinin təkrarlanan dəlillərini qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi üçün kifayət hesab etmir.

24. Belə ki, iddiaçının cavabdehdən təmir işlərinin aparılması zamanı dəymiş zərərin ödənilməsini tələb etdiyi Ceyranbatan qəsəbəsi, Nizami küçəsində yerləşən 1967ci ildə inşa edilmiş 3 yataqxananın 3 saylı mənzilin onun qanuni istifadəsində olması və beləliklə də iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğu, habelə iddiaçının müvafiq zərərin ödənilməsi tələbi ilə bağlı cavabdehə müraciət etməsi işin mübahisələndirilməyən hallarıdır.

25. Cavabdehin nümayəndə vasitəsi ilə birinci instansiya məhkəməsinin iclasında bildirdiyi etirazının və apellyasiya şikayətinin əsas dəlili qeyd edilən mənzildə İcra Hakimiyyəti tərəfindən hər-hansı təmir işlərinin aparılmaması və nəticə olaraq da onun tərəfindən iddiaçıya zərər vurulmaması ilə bağlıdır. Bununla belə, qeyd olunmalıdır ki, iddiaçının qeyd edilən mənzildə təmir işlərinin məhz cavabdeh tərəfindən aparılması barədə dəlilləri ilə əlaqədar cavabdeh birinci instansiya məhkəməsinə hər-hansı yazılı etiraz təqdim etməmiş, habelə iş üçün zəruri olan halların araşdırılması, təmir işlərinin hansı qurum tərəfindən aparılması, işlərin hansı səbəbdən dayandırılması ilə bağlı birinci instansiya məhkəməsinin sorğularını cavablandırmamışdır.

26. Cavabdeh apellyasiya şikayətində yalnız birinci instansiya məhkəməsində nümayəndə tərəfindən şifahi səsləndirilmş dəlilləri yazılı şəkildə təqdim etmiş, RİHB-nın Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin iddiaçının mənzilinin yerləşdiyi 3 saylı binada 2014-cü ildə heç bir əsaslı və cari təmir işləri aparılmamasına dair xx.xx.2022-ci il tarixli arayışına istinad etmişdir. Bununla belə qeyd olunmalıdır ki, cavabdeh apellyasiya şikayətinin mətnində də göstərir ki, “...sözügedən mənzil də daxil olmaqla Xırdalan şəhərində beş, Ceyranbatan qəsəbəsində isə üç binada bərpagücləndirmə və təmir işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 “Azkommunlayihə” İnstitutu tərəfindən layihəsmeta sənədləri hazırlanmış və podratçı təşkilat “AzərMənzilKompleksLayihəTəmir” Birliyi tərəfindən işə başlanılmışdır. Lakin sonradan Dövlət Büdcəsinin ehtiyat fondundan vəsait ayrılması məsələsi həll edilmədiyindən işlər dayandırılmışdır.”

27. Apellyasiya şikayətinin müvafiq dəlilləri ilə əlaqədar Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsindən şifahi qaydada, habelə rəsmi qaydada sorğular verilərək kompleks bərpa gücləndirmə işləri aparılan Xırdalan şəhərində 5 (beş), Ceyranbatan qəsəbəsində 3 (üç) ədəd çoxmərtəbəli yaşayış binalarının hansı yaşayış binaları olması, habelə həmin işlərin hansı podratçı müəssisələr tərəfindən icra edilməsi barədə məlumatın və bununla əlaqədar təsdiqedici sənədlərin məhkəməyə təqdim olunması xahiş olunmuş, lakin cavabdeh tərəfindən hər-hansı üzrlü səbəblər göstərilmədən sorğular cavablandırılmamış, sənədlər təqdim edilməmişdir.

28. İşin qeyd edilən faktiki hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin öz tabe qurumunun təqdim etdiyi iddiaçının mənzilinin yerləşdiyi 3 saylı binada 2014-cü ildə heç bir əsaslı və cari təmir işləri aparılmamasına dair xx.xx.2022-ci il tarixli arayışı cavabdehin istinad etdiyi yeganə sübut olmaqla iddianın rədd edilməsi üçün əsas qismində çıxış edə bilməz. Belə ki, arayışın məzmunundan da göründüyü kimi, həmin arayışda iddiaçının mənzilinin yerləşdiyi 3 saylı binada 2014-cü ildə heç bir əsaslı və cari təmir işləri aparılmadığı göstərilmişdir. İddiaçı da iddia ərizəsində məhz cavabdehin əməkdaşları tərəfindən mənzilin təmir edilməsi üçün söküldüyünü və sonradan heç bir təmir işlərinin aparılmadığına istinad edir.

29. Belə olan halda, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına, məhkəmə araşdırması zamanı əldə olunmuş sübutlara, o cümlədən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Cavabdehnə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 milyon manat vəsait ayrılması və və sifarişçi təşkilatın müraciəti əsasında vəsaitin tam maliyyələşdirilməsi barədə xx.xx.2022-ci il tarixli məktubuna, habelə iddiaçıya dəymiş zərərin məbləği ilə bağlı tərəflər arasındakı mülki mübahisə üzrə işdə əldə edilmiş ekspert rəyinə və həmin işdən çıxarış edilmiş işin 110-113-cü səhifəsində olan cavabdeh inzibati orqanın öz məktublarının məzmununa istinad etməklə iddianı təmin etməkdə haqlı olmuşdur.

30. Kollegiya bir daha qeyd edir ki, öz ərazisində ərazidə yerləşən çoxmənzilli binaların dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına cari və əsaslı təmir olunması məqsədi ilə xüsusi proqramlar hazırlamaq və onların icrasına nəzarəti həyata keçirmək səlahiyyəti olan Cavabdeh hazırkı iş üzrə iddiaçının dəlillərini sadəcə inkar etməsi və müvafiq təmir işləri ilə ilə bağlı hər-hansı sübutun təqdim edilməməsindən ibarət olan davranışı məhkəmənin qeyd edilən təmir işləri ilə əlaqədar iddiaçıya zərərin vurulmasında məhz cavabdehin təqsirinin olması qənaətinə gəlməsinə əsas verir.

31. Qeyd olunanlara əsasən kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(118)-285/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar