Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1237/2025 07.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4460/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları SX ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2008- xx.xx.2009, xx.xx.2020-xx.xx.2020-ci illərdə hərbi xidmətdə olmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş 11293 saylı xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçıya “mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stres pozuntusu, başın ənsə nahiyyəsinin dəri çapıqları” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi; “mülayib dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv epizod) pozuntu özünə qəsd cəhdləri ilə, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, tip 1, mərkızi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması ilə, 34, 35-ci dişlərinin olmaması” diaqnozu “ümumi xəstəlikdir” kimi qiymətləndirilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlillik müəyyən edilmişdir. Tibbi-Sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində Diaqnoz öz təsdiqini tapmaması səbəbindən iddiaçıya əlillik təyin edilməsindən xx.xx.2025-ci il tarixli qərarla imtina olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2286 saylı ambulator məhkəməpsixiatrik ekpertizasının rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar və intihar cəhtləri ilə (F07.0) aşkar edilir. Qərarda qoyulmuş 2-ci və 4-cü suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu uçun cavablandırılması məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasının mənə təyin edilən əlillik dərəcəsinin ləğvi ilə bağlı hərəkətinin qanunsuz sayılması, 2018-ci ildən şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, qıcolma tutmaları (ayda 5-6 dəfə), əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, ikitaylı aortal qapaq, İİ (ikinci) dərəcəli ürək çatışmazlığı xəstəliklərinə düçar olduğu üçün 2018-ci ildən hərbi xidmət dövrü ilə əlaqədar təyin edilmiş İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi, ona ödəniləcək əlillik müavinətinin verilməsi müddətinin 2024cü ilin may ayından hesablanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu il təvəllüdlüdür. xx.xx.2008-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmış, xx.xx.2009-cu tarixdə N saylı hərbi hissədə xidmətini başa vuraraq təxris olunmuşdur. 2020-ci il sentyabrın 27-dən noyabrın 10dək olan dövr ərzində ölkənin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və müharibə bitdikdən sonra ona müharibə veteranı adı verilmişdir. xx.xx.2020-ci ii tarixdə ölkə ərazisində müharibə başlanmış, topaqların işğaldan azad olunması üçün qismən səfərbərlik elan olunmuş və iddiaçı da (könüllü) olaraq xx.xx.2020-ci il tarixdə SHÇDX-nin Göyçay rayon şöbəsinin göndərişi ilə döyüşlərə qatılmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Tərtər- Ağdərə istiqamətlərində “Zərbə dalğasından sonrakı soltərəfli neyrosensor ağıreşitmə” xəsarət almışdır. İlk tibbi yardım aldıqdan sonra N nömrəli hərbi hissəyə göndərilmiş, xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2022-ci il tarixdə GMXnin göndərişinə əsasən ixtisaslaşdırılmış müayinə və müalicə üçün SN Respublika Pisixatiriya Xəstəxanasına göndərilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Posttravmatik stress pozuntusu F43.1” diqanozu ilə stasionar müalicə olunmuş, xx.xx.2022-cil tarixdə Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən yenidən ixtisaslaşdırılmış müayinə və müalicə üçün Respublika Pisixatiriya Xəstəxanasına göndərilmişdir. xx.xx.2022-ci il taixdən xx.xx.2022-ci il tarixədək "Üzvi emosional-labil pozuntu F06.6” diqanozu ilə stasionar müayinə və müalicədə olmuşdur. DİAQNOZ: mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Başın ənsə nahiyyəsinin dəri çapıqları, mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv epizod) pozuntu özünə qəsd cəhdləri ilə, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Tip 1. Chiar malformasiyası, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması ilə 34,35-ci dişlərin olmaması Müdafiə Nazirliyin Hərbi Həkim Komissiyasının Xəstəlik haqqında 11293 nömrəli qərarma əsasən təsdiq edilmişdir. Sonuncu dəfə həkim hərbi komissısiyası tərəfindən iddiaçıya “Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi mənşəli emosianal labil (astenik) pozuntu. Posttravmatik stress pozuntusu. Baş beyinin silkələnməsi emosianal hallara aid olan digər simptomlar və nişanələr” diaqnozu qoyulmuş, əsas xəstəliyi ilə yanaşı digər xəstəliklərinin sürətli davam etməsi əmək qabiliyyətini daha da pisləşdirdiyi üçün tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, müvafiq qərarla ona İİİ dərəcə əlillik təyin edilmiş və pensiyanın verilməsi üçün zəruri sənədlər DSMF-nın Göyçay rayon şöbəsinə göndərilmişdir. 31 dekabr 2024-cü il tarixdə cavabdeh inzibati orqan İİİ dərəcə əlilik dərəcəsinin ləğv olunması barədə qərar qəbul etmiş, buna əsas kimi diaqnozun öz təsdqini tapmaması göstərilmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtinasını qanuni və əsaslı hesab etmir. Cavabdehin iddia tələbinə dair etirazlarının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və OFP 35% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 11293 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Başın ənsə nahiyəsinin dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv epizod) pozuntu, özünə qəsd cəhdləri ilə. Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Tip 1. Chiari malformasiyası, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması ilə. 34, 35-ci dişlərin olmaması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 13165/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv (depressiv) pozuntu, özünə qəsd cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kürdəmir rayon Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023- xx.xx.2023-cü il tarixli, 116/2023 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv (depressiv) pozuntu, özünə qəsd cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 898 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi affektiv pozuntu, depressiv epizod, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 9260/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv pozuntu, depressiv epizod, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kürdəmir rayon Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 061/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv (depressiv) pozuntu, özünə qəsd cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024- cü il tarixli 11368/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 187 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2024-cü il tarixli 8631 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu. Reabilitasiyaya əks göstərişlər yoxdur” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, tez yorulmadan şikayətlənmişdir. Dərmanlardan Tramadol, Duloksetin 30mg gündə 2 dəfə qəbul etdiyini bildirmişdir. Zahirən səliqəli olmuş, bələdliyi bütün növlər üzrə qorunmuşdur. Sual verdikdə kinayə ilə gülmüşdür. Tənqidi formal olmuşdur. Emosional-labil izlənilmişdir. Yaddaşı pozulmamışdır. Mühakimə və analiz qabiliyyəti situasiyaya uyğun olmuşdur. Baş-beyin MRT müayinəsinin nəticəsində patologiya aşkarlanmamışdır. Ruhi xəstəlik əlamətləri aşkar edilməmişdir. Özünə və ətrafa xəsarəti olmamış, qollarında xəsarət izləri izlənilməmişdir. Ailəli, 14 yaşında bir övladının olduğunu bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (ƏsasZərbə dalğası, lakin instrumental müayinələrlə struktur morfoloji patalogiya təsdiqləməmiş) yüngül ifadəli şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4460/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsin üzərinə qoyulması qərara alınmışdır. (hakim Mehriban Mahmudlu-Abbaszadə) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: Ağırlaşma - üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0. Odur ki, iddiaçıya əlilliyin müəyyən olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddiaya dair etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazılarını belə təhrif edərək, etirazları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin “Diaqnozun təsdiqlənməməsi” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin göstərilmişdir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnozun təsdiqlənməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ... Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. ... Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat” : Bənd 3. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş electron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, ekspertin fikrini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdən görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin müəyyən edilməsindən imtinasının səbəbi diaqnozun təsdiqlənməməsi ilə bağlıdır. İşin mahiyyətinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak edən zaman 25 oktyabr 2020-ci il tarixdə travma almışdır. İşin mübahisələndirilən halı və iddianın hüquqi əsası hazırda iddiaçıda mövcud olan xəstəliklərin diaqnozunun təsdiqini tapmaması ilə bağlıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 11293 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posstravmatik stress pozuntusu.Başın ənsə nahiyəsinin dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.Mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv epizod) pozuntu, özünə qəsd cəhdləri ilə Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu.Tip 1. Chiari malformasiyası, mərkəzi sinir sisteminin funksiyasının cuzi dərəcədə pozulması ilə. 34,35-ci dişlərin olmaması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası iş materiallarından müəyyən edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: əsas diaqnoz - üzvi mənşəli şəxsiyyət pozuntusu, intihar fikirləri ilə özünə qəsd cəhdləri F07.0, yanaşı xəstəliklər - F06.0 üzvi mənşəli labil pozuntu, üzvi emosional labil pozuntu, F06.3 - əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, əhvalın üzvi mənşəli affektiv pozuntu, F 43.1 – posttravmatik stress pozuntusu diaqnozları göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən məhkəmə-psixiatrik ekpertizası keçirilməsi barədə xx.xx.2025-ci il tarixli məhkəmə qərardadı əsasında İddiaçı haqqında olan xx.xx.2025-ci il tarixli, 2286 saylı ambulator məhkəmə-psixiatrik ekpertizasının rəyində komissiya nəticəyə gəlmişdir: İİ. Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Əsas diaqnozXBT10 kodu F07 “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu aşkar edilirmi? 3-cü sual: Yanaşı xəstəliklər XBT 10 kodu F43.1 “posttravmatik stres pozuntusu” diaqnozu aşkar edilirmi? 1-ci və 3-cü suallara cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar və intihar cəhtləri ilə (F07.0) aşkar edilir. 2-ci sual: Əgər aşkar edilirsə, aşağıda göstərilən qiymətləndirmə meyarlarından hansı i iddiaçıda müşahidə edilir? 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı). 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq): təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 4-cü sual: Əgər aşkar edilirsə, aşağıda göstərilən qiymətləndirmə meyarlarından hans iddiaçıda müşahidə edilir? 7.6.11. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakı larla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı), 7.5.1.2. 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət. 2-ci və 4-cü suallara cavab: Qərarda qoyulmuş 2-ci və 4-cü suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu uçun cavablandırılması məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir. Məhkəmə kollegiyasının iclasında Vatsap proqramı vasitəsi ilə onlayn qaydada dindirilən iş ürə rəy vermiş ekspert X4 izah etdi ki, iddiaçının dəfələrlə intihara cəhd etməsi nəzərə alınaraq onun bir daha intihar etməyə cəhd etməsi ehtimalı labüddür. Yoxlama zamanı onun daimi müşahidə altında olmasına zərurətin mövcudluğu müəyyən edilmişdir. Kəllə beyin travması nəticəsində stres pozuntusunun yaranması mümkündür. Bundan əlavə, kollegiya əlilliyin səbəb əlaqəsi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində qeyd edilən diaqnoz xəstəliklərin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” aldığı travma ilə əlaqədar yaranması halı da iş materiallarına olan sənədlər (Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş müvafiq şəhadətnamə, travma haqqında arayış, ekspert rəyi və s.) əsasında öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət vermiş, cavabdehin şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi və hüquqi nəticə çıxarılması zamanı yol verdiyi hər hansı pozuntu müəyyən etməmişdir. Müəyyən edilir ki, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 35–60 faiz pozulmasına görə iki il müddətinə əlillik təyin edilməsi üçün hüquqi əsaslar mövcuddur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3cü maddəsinin imperativ tələbinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə cavabdehin sonuncu qərarı xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Ali Məhkəmənin oxşar kateqoriyalı işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, müvafiq əsaslar mövcud olduqda və imtina barədə əvvəlki qərarlar mübahisələndirilmədikdə, əlillik imtina haqqında sonuncu qərarın qəbul edildiyi tarixdən təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1164/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 2-1(118)-4460/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.