Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-124/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı “müharibə veteranı vəsiqəsini aldığı xx.xx.2015-ci ildən əvvəlki 3 illik dövr üçün ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1204/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı vəsiqəsini aldığı xx.xx.2015-ci ildən əvvəlki 3 illik dövr üçün ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, erməni silahlı birləşmələrinin silahlı hücumları zamanı 1992-ci ildə könüllü olaraq ordu sıralarına daxil olmuşdur. Xidmət etdiyi hərbi hissə tərəfindən bütün növ təminatlara daxil edilərək, yaşadığı Füzuli rayonunun sərhəd kəndlərini düşməndən müdafiədə iştirak etmiş və döyüş əməliyyatı zamanı ağır yaralanmışdır. Xidməti ilə əlaqədar bəzi səbəblərdən X3 adının və müvafiq vəsiqəsinin alınması üçün müraciət etməmişdir. 2015-ci ilin noyabr ayının sonlarında Müdafiə Nazirliyinə Qarabağ veteranı adının verilməsi üçün müraciət etmiş və Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixində ona X3 adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilərək hər ay üçün nəzərdə tutulmuş müvafıq müavinət ayrılmışdır. Lakin xidməti 1992-ci ildən olsa da, xx xxxxxx 2015-ci il tarixinə kimi heç bir müavinət ödənilməmişdir. Ödənilməmiş müavinətinin ödənilməsi barədə DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etsə də, ödənilməni təmin etməməklə imtina vermişlər ki, bu da hal-hazırda qüvvədə olan “Sosial müavinətlər haqqında” Qanunla ziddiyyət təşkil edir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmış qaydada ayrı–ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilır. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Qanunun 9.1-ci maddəsinin mətnindən də göründüyü kimi, müraciət edilmə vaxtından asılı olmayaraq əvvəlki 3 il üçün müavinət almaq hüququ iki müddətlə, bu Qanunun qəbul edildiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Yəni, hüququn yarandığı gün bu Qanunun qəbul edildiyi gündən əvvələ təsadüf edirsə, onda qanun qəbul edildiyi gündən, hüququn yarandığı gün bu Qanunun qəbul edildiyi gündən sonraya təsadüf edirsə, onda hüququn yarandığı gündən, lakin hər iki halda müraciətdən əvvəlki 3 ildən artıq olmayan müddət daxilində müavinət təyin edilir. İddiaçının müavinət almaq hüququ müharibə veteranı adının aldığı xx.xx.2015-ci il tarixdə yarandığından ona həmin tarixdən əvvəlki dövrə müavinət təyin edilməsi qanunsuzdur. Belə ki, qanunun tələbinə əsasən sosial müavinətin alınması üçün 3 illik iddia müddəti var və iddiaçı onun hüququnun yarandığı gündən 5 il keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət edib. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2007-ci il tarixli 03/102 nömrəli məktubuna və “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir və müavinət almaq hüququ onlara veteran adının və vəsiqəsinin verildiyi gündən yaranır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1204/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi qoyulması qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaşa veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. İddiaçıya Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə veteran vəsiqəsi verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin müvafiq şöbəsi vətəndaşa veteran statusunu aldığı vaxtdan, yəni xx xxxxxx 2015-ci il tarixindan ona sosial müavinət təyin etmiş, əvvəlki illər üzrə müavinət ödəməkdən imtina etmişdir. Məhkəmə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə" müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət etmişdir ki, bu da qeyd edilən səbəb və əsaslara görə sözügedən maddi hüquq normasının səhv təfsir və tətbiq edilməsinin nəticəsidir. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirmişdir. Ona görə də bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Müharibə veteranı anlayışının əhatə dairəsinə daxil olmaq sosial müavinət üçün əsas deyil. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Qanunvericiliklə həmin güzəştlərin veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir. Məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Belə ki, qanunvericiliyin müxtəlif normalarında veteranların bu güzəştlərdən istifadə edə bilməsi imkanı veteran vəsiqəsinin alınması anı ilə şərtləndirilmişdir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsini iddianı təmin etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunverici orqan birmənalı olaraq müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İşdən görünür ki, iddiaçıya xx.xx.2015-ci il ildən müharibə veteranı vəsiqəsi verilmiş və ona bununla əlaqədar olaraq sosial müavinət təyin edilmişdir. İddia tələbi isə həmin müavinətin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təyinatdan əvvəlki üç il nəzərə alınaraq 2012-ci ildən yenidən hesablanması ilə bağlıdır. İş materiallarından görünür ki, iddiaçıya 2015-ci ildə müharibə veteranı vəsiqəsi verilsə də, iddiaçı Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirakına görə həmin vəsiqəni almışdır. Başqa sözlə, iddiaçı 2015-cı ildə müharibə veteranı olmamış, onun bu statusu daha öncə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar yaranmış, lakin ona vəsiqə sonradan verilmişdir və bu hal iddiaçının hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun sadalanan normalarından görünür ki, qanunvericilik ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlərin təyin olunmasını mümkün saymışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edərək ona müharibə veteranı kimi müavinətin xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək əvvəlki üç illik dövr üçün hesablanaraq ödənilməsi nəticəsinə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1204/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Hökümə Babayeva
Məhkəmə qərarları › İş №2-1(105)-124/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-124/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver