Məhkəmə qərarları › İş №2-1(105)-124/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-124/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-124/2022 10.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, cavabehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində düzəliş edərək 0,10 ha hüquqların dövlət qeydiyyatına əsas olan ilkin sənədə uyğun 0,125 hektarla əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2-1(118)-957/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. Abşeron rayonu, Saray üzümçülük sovxozunun 09.06.1970-ci il tarixli 225 saylı əmrini əsas tutaraq Abşeron rayon ZDS İK-nin 26.06.1970-ci il tarixli 12 nömrəli protokolu ilə iddiaçının mərhum X2nun adına Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,125 ha torpaq sahəsi ayrılmışdır.

2. X7 14.05.2006-cı il tarixdə vəfat etmişdir. 3.İddiaçı, atası öldükdən sonra həmin torpaq sahəsinə dair atasının hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.10 torpaq sahəsi iddiaçının mərhum X2 və mərhum bacısı X5 adına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

4. çıxarışda torpağın sahəsi ilkin hüquqmüəyyənedici sənədlərə uyğun olaraq 0.125 ha göstərilmədiyindən, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsi və hüquqların dövlət qeydiyyatına alınmasına əsas olan ilkin sənədə uyğun faktiki ərazisi 0,125 ha təşkil edən torpaq sahəsinin iddiaçının X2nun adına rəsmiləşdirilməsi üçün 17 sentyabr 2020-ci ildə ərizə ilə cavabdeh orqana müraciət etmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi özünün 09.10.2020-ci il tarixli, **********0 saylı bildirişində qeyd etmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinə dair 14.08.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli ümumi birgə mülkiyyət hüququ üzrə çıxarış ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən 0,10 ha torpaq sahəsinə tərtib edilmiş və JN-427A, KOD 30800086 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Cavabdeh orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinad edərək, ərizənin icrasından imtina etmiş və 0.0250 ha torpaq sahəsinə dair texniki və hüquqmüəyyənedici sənədlərin əsli ilə birlikdə Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət ediləcəyi təqdirdə iddiaçının müraciətinə qanunla müəyyən edilmiş qaydada baxılacağını bildirmişdir.

6. Verilən cavabla razılaşmayan iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, daşınmaz əmlakın dövlət reyestrində düzəliş edərək 0,10 ha hüquqların dövlət qeydiyyatına əsas olan ilkin sənədə uyğun 0,125 hektarla əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray üzümçülük sovxozunun 09.06.1970-ci il tarixli 225 saylı əmrini əsas tutaraq Abşeron rayon ZDS İK-nin 26.06.1970-ci il tarixli qərarı ilə iddiaçının mərhum X2nun adına Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,125 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 1970-ci il tarixdən hasara alınmış və üzərində ev tikilmişdir. Həmin vaxtdan da iddiaçı və qardaşları ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. X2 14.05.2006-cı il tarixdə vəfat etmişdir. Ona məlum olmuşdur ki, atasına 0.125 ha torpaq sahəsi ayrılmasına baxmayaraq, daşınmaz əmlakın dövlət reyestrində 0.10 ha sahə mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Reyestrə düzəliş edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etsə də,sonuncu əsassız olaraq imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin 08.09.2017-ci il tarixli, F-919 saylı arxiv çıxarışından görünür ki, onun mərhum X2na Saray üzümçülük sovxozunun ərazisində yerləşən 0.125 ha ölçüdə torpaq sahəsi ayrılmışdır və Abşeron rayon ZDS İcraiyyə Komitəsinin 26 iyun 1970-ci il tarixli 12 nömrəli protokolu ilə Saray üzümçülük sovxozunun ərazisində yerləşən həmin 0.125 ha ölçüdə torpaq sahəsinin onun mərhum X2na fərdi ev tikmək üçün qərar qəbul edilmişdir.

8. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə verilmiş cavab ilə eyni məzmunda iddia tələbinə etiraz təqdim etmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2-1(118)-957/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim İ.Quliyev)

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Abşeron rayonu Saray qəsəbəsində yerləşən torpaq sahəsinə dair 14.08.2018-ci il tarixli ********** qeydiyyat nömrəli ümumi birgə mülkiyyət hüququ üzrə çıxarış ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi 0,10 ha torpaq sahəsinə tərtib edilmiş və JN- 427A, KOD 30800086 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış və dövlət reyestrində hər hansı bir texniki şəhv buraxılmamışdır.

12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüququqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edə bilər.

13. Hesab edir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ:

17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi (-).

3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

18. Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-).

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. (-). 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-).

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

23. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün sayılmamalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apelyasiya şikayəti isə qismən təmin edilməlidir.

24. X1 və onun qızı X5 adına ləğv edilmiş DTXK tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.10 torpaq sahəsinə dair JN-427A nömrəli, 05.06.1998-ci il tarixli şəhadətnamə verilmişdir.

25. Şəhadətnamə Abşeron Rayon Aqrar İslahat Komissiyasının 10.05.1998-ci il tarixli 16 nömrəli qərarına istinadən verilmişdir. Aqrar isahat zamanı torpaq sahəsi ayrılan vətəndaşların siyahısından (iş vərəqə 54) görünür ki, 7099-cu sırada adı qeyd edilən X6 aqrar islahat zamanı 0.10 ha torpaq sahəsi ayrılmış və həmin qərara əsasən, JN-427A nömrəli şəhadətnamə tərtib edilmişdir.

26. Hazırda, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.10 torpaq sahəsi iddiaçının mərhum X2 və mərhum bacısı X5 adına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyeystrində qeydə alınmışdır.

27. İddiaçı hesab edir ki, aqrar islahatdan 28 il əvvəl Abşeron rayon ZDS İK-nin 26.06.1970-ci il tarixli 12 nömrəli protokolu ilə atasına fərdi yaşayış evinin tikintisi məqsədilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,125 ha torpaq sahəsi ayrıldığından, reyestrdə torpağın ölçüsünə dair hissədə düzəliş edilməklə 0.125 ha sahə qeyd edilməlidir.

28. İddiaçının dəlillərinə görə ilkin torpaqayırma 1970-ci ildə həyata keçirilib. Torpaq islahatı isə xeyli sonra aparılmışdır. İslahat zamanı texniki səhv nəticəsində həyətyanı torpaq sahəsinin ölçülərində müəyyən qədər dəyişikliklər edilmişdir.

29. Məhkəmə kollegiyası vurğulayır ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının 10.05.1998-ci il tarixli 16 nömrəli qərarına əsasən şəhadətnamədə qeyd edilən torpaq sahəsi iddiaçının mərhum atasına təhvil verilmiş və Aqrar islahat Komissiyasının qərarı hazırda qüvvədədir.

30. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1-ci maddə). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2-ci maddə).

31. Hazırkı işdə həyətyanı torpaq sahəsinin verilməsinə əsas kimi aqrar islahat komissiyasının 10.05.1998-ci il tarixli 16 nömrəli qərarına istinad edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı aqrar islahat komissiyasının qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır.

32. Həyətyanı torpaq sahəsinin verilməsinə əsas olan aqrar islahat komissiyasının 10.05.1998-ci il tarixli 16 nömrəli qərarı hüquqi cəhətdən etibarlı olduğundan dövlət aktı və şəhadətnamədə düzəliş edilməsinə dair iddia tələbi iddianın mümkünlük şərtinə cavab vermir.

51. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarına əsasən, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

33. Odur ki, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia mümkün sayılmamalıdır.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini, İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 64-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2-1(118)-957/2021 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar