Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-124/2025 16.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X, hakimlər X2 və X1 ibarət tərkibdə, X3 katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X2, Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya hüququ yarandığı 30 oktyabr 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2- 1(118)-1600/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxxx 1957-ci il təvəllüdlüdür.
2. НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı 08 05.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
3. İddiaçı məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasından görünür ki, o xx.xx.1974-cü ildən xx.xx.1987-ci ilədək, ИТ-İ ******* saylı, 02 avqust 1994-cü il tarixli əmək kitabçasından görünür ki, o xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya hüququ yarandığı 30 oktyabr 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1974-2004-cü illərdə müxtəlif müəssisələrdə çalışmaqla 30 ilə yaxın əmək stajı vardır (hərbi xidmət illəri də daxil olmaqla). Yaşa görə əmək pensiyası hüququ yarandığı vaxtda cavabdehə müraciət etmişdir. Lazimi bütün sənədləri cavabdehə təqdim etməsinə baxmayaraq müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinasının əsasını guya əmək kitabçasında qeydlərə düzəlişin olması bildirilsə də, qanunsuz olaraq imtina edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtinasını aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. Cavabdehin mübahisləndirdiyi 1995-2004-cü illər arasındakı əmək fəaliyyəti barəsində qeyd edir ki, əvvəla həmin illər əmək stajına həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tələblərinə uyğun hesblanmalıdır. Belə ki, həmin qanunun tələbinə görə sosial sığorta kapitalının hesablanması mövcud olmamışdır. Yəni həmin dövrlərin əmək pensiyasına daxil edilməsi əmək kitabçasında olan qeydlər əsasında aparılmış və hal-hazırda da 2006-cı ilə qədər vətəndaşların sığorta stajının hesablanması qaydası əmək kitabçasındakı qeydlərin hesablanması qaydası ilə həyata keçirilir. Cavabdehin mübahisləndirdiyi 1995-2004-cü illərə dair əmək kitabçasında qeydlərə düzəliş olmasına münasibətdə bildirir ki, kitabçada heç bir düzəlişlər edilməmiş, belə bəhanələrin gətirilməsi cavabdehin formal, əsassız süründürməçiliyinə dair absurd fikirləri və hərəkətləridir. Belə ki, əmək kitabçasında 1995-2004-cü illərə dair işəgirmə əmrləri və işdən azadolma əmrləri açıq aydın qeyd edilmiş və sadəcə vətəndaşı süründürmək üçün cavabdeh inzibati orqanın qanunsuz hərəkətləridir. Beləliklə, hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə, ona əmək pensiyası hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı daha əvvəl iddia ərizəsində göstərilən eyni məzmunlu tələblə cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının "Əmək pensiyaları haqqında" Qanuna əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və 25 il sığorta stajı olmadığından cavabdeh tərəfindən pensiya təyinatı aparılmasından imtina edilmişdir. İddiaçı hərbi xidmət illəri də daxil olmaqla xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 19 il 9 ay 20 gün təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı pensiya kapitalı 19 il 9 ay 20 gün sığorta stajına uyğun olaraq 16.104,85 manat. 01.01,2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 151,88 manat olmaqla, ümumilikdə 16.256,73 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və ona xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edimişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(118)-1600/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı hüququ yarandığı 30 oktyabr 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə qoyulmuşdur (hakim L.Mirzəyeva).
8. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddia ərizəsinə dair etirazda göstərilən dəlillərlə əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, iddiaçının xx.xx.1974-cü il tarixli və xx.xx.1994-cü il tarixli ******* nömrəli əmək kitabçasına əsasən mübahisələndirilməyən sığorta stajı 20 il təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1995-ci il tarixdən xx.xx.2004- cü il tarixədək 2 nömrəli Avtonəqliyyat müəssisəsində işlədiyi illərdir. İddiaçıya məxsus əmək kitabçasının 4-cü və 5-ci səhifəsində işdən çıxma qeydi xx.xx.2004-cü ildə Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə istinad edilərək aparılmışdır. Hansı ki, iddiaçı işdən çıxarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvədə olmuş (xx.xx.1999-cu ildən), Azərbaycan SSRİ-nin 1971-ci il 10 dekabr tarixli qanunu isə qüvvədən düşmüş hesab edilmişdir. xx.xx.2004-cü il tarixli qeyd də məhz qeyd olunan səbəbdən şübhəlidir. Həmçinin əmək kitabçasında xx.xx.2004-ci il qeydinə (əvvəl 2001-ci il qeyd olunmuşdur) iddiaçı məhkəmənin baxış iclasında düzəliş etdiyini bildirmiş, lakin hansı səbəbdən düzəliş edilməsini əsaslandırmamışdır. Qeyd olunan hissəyə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclaslarında cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
13. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 31.2. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
14. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə» Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
16. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
17. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
18. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Cavabdeh imtina məktubunda və apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və hərbi biletin surətinə əsasən 20 il sosial sığorta stajının olduğu aşkar olunmuşdur. Məhkəmə kollegiyasının iclasında da cavabdeh inzibati orqanın nümayəndələri mübahisələndirilən dövrlər iddiaçının 21 may 1995 və 29 iyun 2004-cü illər ərzində 2 nömrəli Avtonəqliyyat müəssisəsində işlədiyi illər olduğunu, iddiaçının özünün bildirdiyi kimi, həmin dövrlərlə bağlı iddiaçının əmək kitabçasında düzəlişlər edildiyini, 2001-ci ilin 2004-cü ilə dəyişdirildiyini, bu səbəbdən həmin dövrlərin sosial sığorta stajına daxil edilmədiyini, iddiaçı işdən azad edilərkən “Əmək Qanunları Məcəlləsi” nə istinad edildiyini, halbuki, həmin dövrdə Əmək Məcəlləsinin qüvvədə olduğunu bildirmişlər.
23. Kollegiya cavabdehin qeyd edilən dəlillərini əsassız hesab edir.
24. Belə ki, iddiaçının əmək kitabçasında cavabdeh orqanın iddia etdiyi kimi işdən çıxma əmrində düzəliş olsa belə, iddiaçının xx.xx.1995-ci il tarixdən həmin dövrə qədər sözügedən müəssisədə əmək fəaliyyəti ilə məşğul olması ona məxsus əmək kitabçası ilə öz təsdiqini tapır.
25. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən “2 nömrəli Avtonəqliyyat müəssisəsi”ndə əmək fəaliyyəti ilə məşğul olmuş digər şəxslərin həmin müəssisədə işlədiyi dövrlər də nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilibedilməməsinin araşdırılması məqsədilə cavabdeh orqana müvafiq sorğular ünvanlamışdır.
26. Cavabdeh orqanın 25 iyun 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, (həmin müəssisədə işləmiş digər şəxs) X3 yaşa görə əmək pensiyası təyin edilən zaman sözügedən müəssisədə xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1995ci il tarixdən xx.xx.1999-cu il tarixədək; X4 isə xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan əmək fəaliyyəti dövrləri sosial sığorta stajı kimi nəzərə alınmışdır.
27. Beləliklə, iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduğundan, yəni ona pensiya təyin olunması üçün zəruri olan yaş həddinə çatdığından və 25 ildən artıq iş stajına malik olduğundan, cavabdehin yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuz olmuşdur.
28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
29. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(118)-1600/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.