Məhkəmə qərarları › İş №2-1(105)-1240/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1240/2025

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1240/2025 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” qarşı əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Iddiaçı 2016-cı ildə aprel ayında döyüş əməliyyatları zamanı yaralanmışdır. Iddiaçıya ##.##.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda səbəb əlaqəsi ilə lll dərəcəli müddətsiz, ## ###### 2018-ci il tarixdə əlillik vəziyyəti yenidən qiymətləndirilərək 5 il müddətinə ll dərəcəli əlillik təyin edilmişdir. ##.##.2023-cü il tarixdə əlillik müddəti başa çatmış və iddiaçı əlilliyinin təkrar qiymətləndirilməsi üçün tibbi sənədlərini müvafiq səhiyyə müəssisəsinə təqdim etmişdir. Lakin ona diaqnozun əlillik əlamətləri təyin etmir səbəbi ilə imtina cavabı verilmişdir. Iddiaçının barəsində tərtib edilmiş Forma 88 üzrə göndərişdən görünür ki, iddiaçıya əsas diaqnoz Y36.2 (Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələmələr, odlu silahla yaralanmadan sonrakı vəziyyət), M24.5, M79.5, M16.7, M19.2, M23.5, M25.2, M17.5, S82.2, S92.3, M84.0, G57.3, H27.0 və F43.0 göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X12-sosial ekspert komissiyasının *******0008 nömrəli ##.##.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxs tərəfindən verilmiş T***/**** saylı ekperti rəyindən görünür ki, vətəndaş İddiaçı “ElmiTədqiqat Travmatologiya və Ortopediya Institutu”nda çəkilmiş ##.##.2024-cü il tarixli sol baldırın və ayaq baldırın iki proyeksiyalı rentgenoqrammalannda sol baldırda əsasən lateralda və arxada aşıq-daban sümüyünün fonunda yumşaq toxumada çoxsaylı - 40-a yaxın müxtəlif forma və ölçülü metal qəlpələr müəyyən edilmişdir. Qərardadın müvafiq bənd və yarımbəndlərində olan suallar meyarlardan götürüldüyündən onların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə xxxxn Tibbi- Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxs tərəfindən məhkəmə-psixiatrik ekpertizasının ##.##.2026-cı il tarixli **** saylı ekperti rəyindən görünür ki, İddiaçı hal-hazırda fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi F(62.0) aşkar olunur. Bunu anamnestik məlumatlar- kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində xxxxnə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin ##.##.2024-cü il tarixli əlillik təyinatından imtina barədə qərarının ləğv edilməsi və ##.##.2023-cü il tarixdən əlilliyinin müəyyən edilməsinə dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konsitutsiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ##### 2016-cı il tarixində Talış kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanmış, bundan sonra uzun müddət müxtəlif səhiyyə müəssisələrində müalicə almışdır. Səhiyyə müəssisəsinin göndərişi əsasında onun əlilliyinin ilk qiymətləndirilməsi ##.##.2017-ci ildə aparılaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda səbəb əlaqəsi ilə ona lll dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinə etdiyi müraciətdən sonra ## ###### 2018-ci ildə əlillik vəziyyəti yenidən qiymətləndirilərək, 5 il müddətinə ll dərəcəli əlillik təyin olunmuş, lakin bu müddət ##.##.2023-cü ildə başa çatdıqdan sonra o, təkrar qiymətləndirmə üçün sənədlərini təqdim etmişdir. Səhiyyə müəssisəsi tərəfindən “Forma 88” sənədi sistemə yerləşdirilsə də, uzun müddət sonra ##.##.2024-cü ildə göndərişin natamam doldurulması səbəbi ilə əlillik müddətinin uzadılmasından imtina edilmiş, ##.##.2024-cü ildə daxil edilmiş yeni göndəriş üzrə isə cavabdeh qurum ##.##.2024-cü ildə diaqnozun əlillik əlaməti təyin etmədiyini bildirərək növbəti dəfə imtina etmişdir. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinədə olmuş, lakin sağlamlıq vəziyyəti obyektiv şəkildə qiymətləndirilməmişdir; halbuki ilkin əlillik təyinatı zamanı və son göndərişdə təkrarlanan diaqnozları — odlu silah yaralanmasından sonrakı vəziyyət, sol qalça və ayaq nahiyələrində çoxsaylı metal qəlpələri, müxtəlif sınıqların ağır fəsadları, koksartroz, qonartroz, oynaqların qeyri-stabilliyi, sinir zədələnmələri, parez, radikulopatiya, osteoxondroz, posttravmatik stress pozuntusu, affektiv pozuntu və digər xəstəliklər — Nazirlər Kabinetinin *** nömrəli Qərarı ilə təsdiq edilmiş əlillik meyarlarında əksini tapmışdır. O, dəfələrlə xəstəxanalarda müalicə almasına baxmayaraq, səhhətində yaxşılaşma olmadığını, əksinə, vəziyyətinin pisləşdiyini, çoxsaylı qəlpələrin və sinir-sümük zədələnmələrinin hərəkət imkanlarını ciddi məhdudlaşdırdığını, baş nahiyəsindəki qəlpələrin şiddətli ağrılar yaratdığını və bunun psixoloji durumuna ağır təsir etdiyini bildirir. Cavabdeh qurumun əlilliyi dayandırması səbəbilə hazırda pensiya və müavinət ala bilmədiyini, işləmədiyini və heç bir gəliri olmadığını, bu səbəbdən də müalicə və dərmanlar üçün vəsait tapmaqda ciddi çətinliklərlə üzləşdiyini qeyd edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia mümkünsüz iddiadır. Iddiaçının müvafiq inzibati aktdan məlumatı ##.##.2025-ci il tarixdə olmasına baxmayaraq, həmin qərardan 30 gündən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyindən iddianın mümkünsüz hesab olunmasını xahiş etmişdir. Bundan başqa, Xaçmaz rayon sakini ##.##.1987-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA-da ##.##.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir (ESDAS: 3-17-4/3-3-5052/2024). Daha sonra, əlillik vəziyyəti tibb müəssisəsinin J********BQL nömrəli ##.##.2024-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir (ESDAS 3-17-4/3-1-15109/2024). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2016- cı il tarixli *** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (##.##.2016): Sağ gözün travmatik kataraktası nəticəsində görmə itiliyinin əl hərəkətinə qədər azalması (korreksiya olunmur), sol gözün görmə itiliyi 1,0 olmaqla. Sol bud və baldır nahiyələrinin çoxsaylı kor qəlpə yaraları və sol baldır sümüklərinin diafizlərinin aşağı 1/3-nin açıq yerdəyişmiş çoxqəlpəli sınıqlarına, yumşaq toxumaların yad cisimlərinə görə aparılmış yaraların İ-li cərrahi işlənməsi (##.##.2016), II-li cərrahi işlənməsi, Q.A. Ilizarov üsulu ilə baldır sümüklərinin osteosintezi (##.##.2016) cərrahi əməliyyatlarından və aparatın demontajından (##.##.2016) sonrakı kafi bitişmiş sınıqları, sol bud və baldır nahiyələrinin yumşaq toxumalarının yad cisimləri (metal qəlpələri), funksiyanın pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Burun tənəffüsünü mülayim dərəcədə çətinləşdirən burun arakəsməsinin əyriliyi. Hepatosteatoz” diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş ##.##.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuşdur. Sağ aşağı ətrafında ağrı, hərəki məhdudluq, üçlü sinir ağrıları, sağ gözündə görmə məhdudluğundan əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı pəncə sallanması izlənilməmiş, refleksləri canlı alınmışdır. Sol aşağı ətraflarında ~1 sm nisbi qısalıq ölçülmüşdür. Baxış zamanı sol bud və baldırda çapıq, həmçinin Ilizarov çapıqları izlənilmiş, sol dizdə 180-160 dərəcə hərəkət göstərmiş, daha sonra ağrı olduğunu qeyd etmişdir. Sol topuqda hərəkət saxlanılmışdır” kimi qeyd olunmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, qəlpə yaraları almasından, sol aşağı ətrafında hərəki məhdudluqdan şikayətlənmiş, medikamentoz preparatlardan “Finlipsal”, “Depakine”, “Phenazepam” (əvvəllər Amitrityline) qəbul etdiyini bildirmişdir. Müayinə zamanı sol beldə, sol budun orta 1/3-də, sol baldırda yayılmış çapıqlar izlənilmiş, sol diz oynağında 180-120 dərəcə arası hərəkət həcmi, sol aşıq-baldır oynağında ağrıya bağlı hərəkətlərin yarısını göstərmiş, sol aşağı ətrafın 1 (bir) sm nisbi qısalığı ölçülmüş, əlillik təyinatına əsas verməmişdir. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, pəncədə bükmə-açma hərəkəti tam olmuş, sol diz oynağında bükmə məhdud olmuşdur. X2 adına Milli Oftalmologiya Mərkəzinin ##.##.2024- cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “ODArtifakiya. Xəstənin subyektiv görmə itiliyi obyektiv müayinlərin cavabları ilə uyğun gəlmir” kimi qeyd edilmişdir. Xaçmaz rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli 181- **/*- ****/**** nömrəli Tibbi rəyində diaqnoz “OD-Artifakiya. Ambliopiya” kimi qeyd edilmişdir. X6 və Ortopediya Institutunun ##.##.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sol qalça nahiyəsindən başlamış dizə qədər çoxsaylı müxtəlif ölçüdə metal qəlpələri, sol baldır sümüyünün aşağı 1/3-nin bitişmiş sınığı, sol aşıq sümüyünün başı səviyyəsində, V ayaq daraq sümüyü nahiyəsində yumşaq toxumalarda metal qəlpələri, sol kubvari və V ayaq daraq sümüyünün qeyri-düzgün bitişmiş sınığı, sol diz oynağının III dərəcəli qonartrozu, açıcı-bükücü kontrakturası (açma 170 dərəcə, bükmə 130 dərəcə), oynağın qeyristabilliyi, laxlayan oynağı, sol aşıq-baldır oynağının osteoartrozu, açıcı-bükücü kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə), bel fəqərələrinin osteoartrozu, sol bud-çanaq oynağının koksartrozu, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması” kimi qeyd olunmuşdur. X3 ##.##.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “EEQ müayinəsi xəstə oyanıqlı vəziyyətdə aparılıb. EEQ zamanı diffuz qeyri-spesifik aktivlik qeyd olunur” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “VIS OD=0,4 k/i 0,6. VIS OS=1.0. Dz: ODArtifakiya. Praktik sağlam” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Iddianın rədd edilməsini və ya mümkünsüz hesab olunmasını məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçıya ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2n üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd - Sinir sistemi xəstəlikləri – 6.1.4 psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də, iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın tam təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin ##.##.2024-cü il tarixli əlillik təyinatından imtina barədə qərarını ləğv edilməsi, ##.##.2023-cü il tarixdən müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdehin etirazını belə təhrif edərək, etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə xxxx tərəfindən əlilliyinqiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən etmək öhdəliyini cavabdehin üzərinə qoyulması barədə xahiş etməsinə istinad etmişdir. O, buna fikir vermədən həmin ərizəyə imza atmışdır. O, ömürlük əlilliyin müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Onu cənab X1 və Azərbaycan Respublikası Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyev xəstəxanada ziyarət etmişdir. O, yaralananlar arasında ən ağır xəstə hesab olunmuşdur. Buna görə də apellyasiya məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. .....

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); HYPERLINK "https://e-qanun.az/framework/44218" \l "_edn4" \o "" 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, mütəxəssisin fikrini dinləyərək, iş materiallarını araşdıraraq və apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanlmalıdır. Hazırki iş üzrə iddiaçının dəqiqləşdirilmiş iddia tələbi ona ona ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konsitutsiya qquruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən ##.##.2024-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ## #### 2026-cı il tarixli, *** nömrəli Fərmanına əsasən, cavabdeh2 publik hüquqi şəxsinin fəaliyyətinə yenidən təşkil edilmə (birləşmə) nəticəsində xitam verilmişdir. Həmin Fərmana əsasən, “xxxx” publik hüquqi şəxsi yaradılmış və əvvəlki publik hüquqi şəxsin bütün hüquq və öhdəlikləri, o cümlədən məhkəmə işləri üzrə hüquq və vəzifələri hüquq varisliyi qaydasında yeni yaradılmış publik hüquqi şəxsə keçmişdir. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh cavabdeh2 publik hüquqi şəxsi hüquqi varisi olan “xxxx” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Iş materiallarından müəyyən edilir ki iddiaçı İddiaçı 2016-cı ilin aprel ayında döyüş əməliyyatları zamanı ağır yaralanmış, kəllə-beyin travması və kontuziya almış, orqanizmində çoxsaylı (40-a yaxın) metal qəlpələr qalmışdır. Iddiaçıya əvvəllər (2017–2023-cü illərdə) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq olaraq lll və ll dərəcəli əlillik təyin olunmuşdur. Müddət başa çatdıqdan sonra cavabdeh orqan ##.##.2024-cü il tarixli qərarı ilə "Diaqnoz əlillik əlaməti təyin etmir" əsası ilə imtina qərarı qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının barəsində tərtib edilmiş göndərişdə qeyd olunan M79.5 kodu altında göstərilən diaqnozu əsas götürərək iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 6.1.4-cü bəndində "psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası" xəstəliyi ilə bağlı əlilliyin müəyyən edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Göründüyü kimi həmin xəstəliyin əsas qiymətləndirmə əlaməti kimi "psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası" göstərilmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçıda həmin xəstəliyin mövcudluğu öz təsdiqini tapmamışdır. Göndərişdə göstərilən digər kodlar istinad olunan meyarlarda öz əksini tapsa da, onların qiymətləndirmə əlamətləri iddiaçıda aşkar edilmədiyindən kollegiya F43 kodu ilə bağlı araşdırmanın aparılmasını məqsədəuyğun hesab etmişdir. Həmin kod üzrə xəstəliyin iddiaçıda aşkarlanıb-aşkarlanmamasının müəyyən edilməsi üçün apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, iddiaçıda F62.0 kodlu xəstliyin mövcudluğu aşkar edilmişdir. Həmin rəyi vermiş ekspert – həkim-psixiatr X4 mütəxəssis qimsində onlayn qaydada məhkəmə kollegiyasının iclasında dindirilərkən izah etdi ki, F62.0 kodlu xəstəlik daha ağır psixiatrik xəstəlikdir, F43 kodu altında göstərilən xəstəliklə əlamətləri oxşar olsa da, F62.0 kodlu xəstəlik F43 kodu altında göstərilən xəstəliyin əlamətlərini də özündə tam əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 7.5.1-ci bəndinə görə 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət qiymətləndirmə əlamətləri mövcud olduqda posttravmatik stres pozuntusu diaqnozuna görə orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə düzgün olduğundan məhkəmə kollegiyası qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas görmür. Cavabdehin "diaqnozun olması əlillik təyini üçün kifayət deyil, ağırlaşmalar yoxdur və məhkəmə diskresion səlahiyyətə müdaxilə etmişdir" barədə dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi cavabdehin diskresion səlahiyyətlərini əvəzləməmiş, inzibati orqanın faktiki halları obyektiv araşdırmadan, iddiaçının xəsarətlərinin və sağlamlıq vəziyyətinin real ağırlıq dərəcəsini nəzərə almadan qəbul etdiyi imtina qərarının hüquqa zidd olduğunu müəyyən etmişdir. Dövlətin ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxsə münasibətdə səthi yanaşma mütənasiblik prinsipinin pozulması ilə nəticələndiyindən cavabdehin apellyasiya şikayəti təmin edilə bilməz. Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı ilə əlilliyin müddətsiz (ömürlük) deyil, 2 il müddətinə müəyyən edilməsi öhdəliyinin qoyulmasından narazılığını bildirmiş və ömürlük əlillik təyin olunmasını xahiş etmişdir. Işdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində və digər tibbi sənədlərdə iddiaçının vəziyyətinin qiymətləndirilməsi üçün 2 illik müddətin tətbiq edilməsi qanunvericiliyin meyarlarına tam uyğundur. Kollegiya hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi iddiaçının iradəsini ifadə edir. Birinci instansiya məhkəməsi iddiaçının dəqiqləşdirilmiş iddia tələbi çərçivəsində işə baxmış və iddiaçının ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyinin müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Indiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnozun əlillik əlaməti təyin etməməsini qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “diaqnoz əlillik əlaməti təyin etmir” halına formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (diaqnoz əlillik əlaməti təyin etmir) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş ekspert rəyi əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən diaqnozun əlillik əlaməti təyin etməməsi halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh inzibati orqanın apellyasiya şikayətlərinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir. Bununla bağlı apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:

Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar