Məhkəmə qərarları › İş №2-1(105)-1241/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1241/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1241/2025 14.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5898/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Qaleybuğurd bələdiyyəsinin 09 sentyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə satılmış həmin kəndin ərazisində yerləşən 0,20 ha tikinti, 0,60 ha kənd təsərrüfatı məqsədilə satılmış torpaq sahəsinin tam olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Qaleybuğurd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 09 saylı qərarı ilə ayrılmış 0,39 sot torpağa (80-41=39) mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Qaleybuğurd bələdiyyəsinin 09 sentyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə iddiaçıya həmin kəndin ərazisində yerləşən 0,20 ha tikinti və 0,60 ha kənd təsərrüfatı məqsədilə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsindən 0.41 ha torpaq sahəsi üzərində mülkiyət hüquqları eydə alınmışdır. Yerdə qalan 0.39 ha torpaq sahəsinin qeydə alınması üçün müraciət etdikdə cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Apellyasiya instansiyasında icraat zamanı cavabdeh inzibati orqanda baş vermiş struktur dəyişikliyi nəzərə alınaraq Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tanınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5898/2025 nömrəli qərarı ilə iddia tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı rayonunun Qaleybuğurd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə ayrılmış 0,08 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5898/2025 nömrəli qərardadı ilə iddia tələbi “Şamaxı rayonunun Qaleybuğurd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə ayrılmış 0,31 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır (hakim Mehriban Mahmudlu- Abbaszadə). Qərardad onunla əsaslandırılmışdır ki, tələbin 0,31 ha torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb olunan torpaq sahəsinə dair digər şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində qeydiyyata alındığından və həmin qeydiyyat hazırda qüvvədə olduğundan və eyni daşınmaz əmlak üzərində hüquqlar haqqında qeydiyyat qüvvədə olduğu halda yenidən digər şəxsin hüquqlarının qeydiyyatının aparılması yolverilməz olduğundan bu tələb mümkün sayıla bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda texniki və hüquqi cəhətdən yüklü olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması mümkün olmadığından hüquqi marağına çatmaq üçün çıxarışın mübahisələndirilməsi barədə iddia qaldıra bilər. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi 13 ildir ki, iddiaçıya satılmışdır. Həmin vaxt səlahiyyətli orqan olan DTXK-nın Şamaxı rayon şöbəsi torpaq sahəsinin alqı-satqı predmeti olduğuna dair rəy vermişdir. Həmin sahəyə görə iddiaçı 2007-ci ildə 630 manat vəsait ödəmişdir. Artıq 13 ildir ki, o sahənin mülkiyyətində olduğuna inanaraq oradan istifadə edir. Belə olan halda onun qanunla qorunan və ümumi hüquq prinsiplərinə söykənən haqqları mövcuddur. Eyni zamanda iddiaçı məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, bələdiyyəyə 0.80 ha torpaq sahəsinin pulunu ödəsə də, ona faktiki olaraq 0.41 ha torpaq sahəsi ayrılmışdır. O, yerdə qalan torpağını tələb etdikdə bələdiyyə həmin torpaq sahəsini başqa şəxsə satıldığını və əvəzində ona başqa yerdən torpaq sahəsini ayrılacağını bildirmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilərək, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının tələbini “daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” təşkil edir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia tələbi “Şamaxı rayonunun Qaleybuğurd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə ayrılmış 0,31 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı ərazi idarəsinə müraciət edərək Şamaxı rayonunun Qaleybuğurd bələdiyyəsinin 09 sentyabr 2006-cı il tarixli, 09 saylı qərarı ilə iddiaçıya satılmış həmin kəndin ərazisində yerləşən 0,20 ha tikinti, 0,60 ha kənd təsərrüfatı məqsədilə satılmış torpaq sahəsinin tam olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən iddiaçıya 07 mart 2025-ci il tarixli 321-3-41/2-S-0011-8/2025 nömrəli məktubda həmin torpaq sahəsinin elektron uçot xəritəsində 0,41 ha ölçüdə qeydə alındığı, həmin ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alındığına görə müraciətinin təmin olunmasından imtina olunduğu bildirilmişdir. Birinci instansiya məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3- 21-3-41/2-2221/2025 saylı məktubdan görünür ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində yerləşən sözügedən torpaq sahələrinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezdentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş elektron xəritə məlumatlarına, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırma aparılmışdır. İddiaçı Şamaxı rayonu Qaleybuğurd Bələdiyyəsinin 09 sentyabr 2006-cı il tarixli 09 saylı Qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0,20 ha və kənd təsərrüfatı məqsədilə 0,60 ha torpaq sahəsi satılmışdır ki, həmin torpaq sahəsinin 0,41 ha hissəsinə reyestr nömrəsi **********67 olan çıxarış verilmişdir. Naturada 0,80 ha torpaq sahəsi mövcud olmadığından iddiaçı notarial qaydada razılıq bildirərək 0,41 ha torpaq sahəsinə çıxarış verilməsini xahiş etmişdir. Hal-hazırda İddiaçının faktiki istifadəsində 0,41 ha-dan əlavə torpaq sahəsi yoxdur. Mövcud elektron kadastr baza məlumatlarına əsasən iddiaçının mülkiyyətinə verilmiş 0,41 ha torpaq sahəsi hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçı məxsus olmuş plan-ölçü sənədində qeyd olunmuş 0,80 ha torpaq sahəsinin 0,41 ha hissəsinə reyestr nömrəsi **********67 olan çıxarış verilmiş, 0,31 ha hissəsi reyestr nömrəsi **********70 olan çıxarışla, qalan 0,08 ha hissəsi isə naturada mövcud olan yol ilə üst- üstə düşür. İddiaçının mülkiyyətinə verilmiş 0.41 ha torpaq sahəsinin reyestr nömrəsi **********67 olan çıxarışı və onun verilməsinə əsas olmuş sənədlərin və qonşuluğunda yerləşən torpaq sahəsinə verilmiş reyestr nömrəsi **********70 olan çıxarış və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri, həmçinin müayinə (baxış) aktının surəti, ortofoto görüntüsündən çıxarış cavab məktubuna əlavə olunmuşdur. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı özü ərizələrində və izahatlarında ona 0.80 ha əvəzinə faktiki olaraq 0.41 ha ayrıldığını bildirmişdir. Bələdiyyə yerdə qalan 0.39 ha torpaq sahəsinin əvəzində ona başqa yerdən torpaq ayrılacağını bildirmiş və başqa yer göstərmişdir. Lakin o, həmin yerə də çıxarış ala bilmədiyindən sənəd üzrə ayrılan yerini tələb edir. İş üzrə alınmış mütəxəssis rəyi ilə də müəyyən edilir ki, iddiaçıya mülkiyyət hüquqlarının qeydə alındığı 0.41 ha torpaq sahəsindən başqa faktiki istifadəsində torpaq sahəsi mövcud deyildir. Onun iddia etdiyi torpaq sahəsi üzərində isə başqa şəxsin mülkiyyət hüquqları qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb olunan 0,31 ha torpaq sahəsinə dair digər şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində qeydiyyata alındığı və eyni daşınmaz əmlak üzərində hüquqlar haqqında qeydiyyat qüvvədə olduğu halda yenidən digər şəxsin hüquqlarının qeydiyyatının aparılması yolverilməzliyi barədə düzgün qənaətə gəlmişdir. İş materiallarından görünür ki, İddiaçı məxsus olmuş plan-ölçü sənədində qeyd olunmuş 0,80 ha torpaq sahəsinin 0,41 ha hissəsinə reyestr nömrəsi **********67 olan çıxarış verilmiş, 0,31 ha hissəsi reyestr nömrəsi **********70 olan çıxarışla X2 mənsub torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçıya həmin 0.31 ha torpaq sahəsinə dair plan və ölçü sənədi verilsə də, həmin torpaq sahəsinə dair başqa şəxsin adına artıq mülkiyyət hüququnun təsdiq edən çıxarış verilmişdir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti üzrə araşdırılması hüquqi baxımdan mümkün olmadığından, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli 2-1(118)-5898/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar