Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1242/2025 17.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlə: üçüncü şəxsin inzibati məhkəmə icraatına adi və zəruri cəlbetmə qaydasında cəlb edilməməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçının vəkili X1, Maraqlı şəxs nümayəndələri və vəkilləri Nümayəndə və X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsinin üzərindəki hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1515/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından (üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəyə dair) Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının xx.xx.1988-ci il tarixli, 26 saylı protokol əsasında ona ayrılmış 0.12 ha torpaq sahəsinin üzərindəki hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Maraqlı şəxs məhkəməyə ərizə təqdim edərək, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1515/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair vəsatəti təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs işə üçüncü şəxs qismində cəlb edilməsinə zərurət yoxdur. Üçüncü şəxsin məhkəmə icraatına cəlb edilməsi üçün iki əsas hal, yəni adi və zəruri cəlbetmə halı nəzərdə tutulmuşdur. Adi cəlbetmədə üçüncü şəxsin hüquqi marağı birbaşa iddia predmeti ilə əlaqəli olmur. Çıxarılacaq məhkəmə qərarının cəlb ediləcək şəxsin maraqlarına təsir etmə (toxunma) ehtimalı olduqda adi cəlbetmə həyata keçirilir. Zəruri cəlbetmə isə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Lakin hazırki işdə Maraqlı şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi üçün qeyd olunan hallardan hər hansı biri mövcud deyildir. Bu səbəbdən də vəsatət təmin edilməməlidir. Qərardadla razılaşmayan Maraqlı şəxs apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxs apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmə İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsini əsas götürərək, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edildiyini qeyd etmiş, lakin nədənsə 2001-ci il tarixdən həmin torpaq sahəsində yaşayan və Sumqayıt şəhər bələdiyyəsinin 19 fevral 2004-cü il tarixli 0225 saylı “bağ sahəsinin uzunmüddətli istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən Sumqayıt şəhərinin Qurd dərəsi adlanan ərazisindən 0.12 ha olan 3808B ünvanında yerləşən torpaq sahəsi onun oğlu Elman Xudaverdiyevə verilməsi barədə müqaviləni və onların ailə üzvlərinin həmin vaxtdan həmin torpaq sahəsində yaşamasını nəzərə almamış və əgər iddia təmin olunarsa onların maraqlarının pozulmayacağı qənaətinə gəlinmişdir. Lakin onun hansı səbəbdən üçüncü şəxs qismində cəlb edilməməsini qərardadda əsaslandırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndələri Nümayəndə və X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs. Maddə 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Maddə 36.4. Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Maraqlı şəxs üçüncü səxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq hər hansı inzibati iş üzrə şəxsin adi və ya zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb olunması üçün bir sıra şərtlərin məcmu halda mövcud olması zəruridir, həmin şərtlərə daxildir: üçüncü şəxs qismində cəlbetmə ilə bağlı məhkəmənin icraatında inzibati iş olmalı, prosessual fəaliyyət qabiliyyəti olmalı, inzibati aktın digər şəxsin hüquqlarına birbaşa təsir etməsi halı (zəruri cəlbetmə halında) və ya şəxsin qanunla qorunan maraqlarına digər qaydada toxunma halı (adi cəlbetmə halında) mövcud olmalıdır……. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli Qərardadı). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı bağ sahələrinin və tikintilərinin uzunmüddətli icarəyə verilməsinə dair 14 oktyabr 1997-ci il tarixli müqaviləyə əsasən 3808 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Torpaq sahəsi faktiki iddiaçının istifadəsində olmamış, faktiki olaraq Maraqlı şəxs istifadəsində olmuşdur. Cavabdeh inzibati orqan həmin torpaq sahəsinin başqa icarə müqvailəsi ilə başqa şəxsin adına ayrılması, iddiaçının adına hər hansı sənədlərin aşkar edilmədiyini bildirir. İndiki halda üçüncü şəxs qismində cəlb olunmaq istəyən şəxs ərizənin əsas kimi sözügedən torpaq sahəsinin onun faktiki istifadəsində olması, ahbelə müvafiq bələdiyyə ilə onun arasında bağ sahəsinin uzunmüddətli istifadəyə verilməsinə dair müqavilə bağlanılması, vergi məbləğlərinin onun tərəfindən ödənilməsi kimi hallara istinad etmişdir. Kollegiya ərizənin əsaslılığı ilə bağlı qeyd edir ki, indiki halda sözügedən torpaq sahəsi adıəçəkilən şəxsin uzun müddətdir faktiki istifadəsində olduğundan, habelə müvafiq sənədlərə istinad edildiyindən, həmin işin faktiki və hüquqi halları üzrə dəyərləndirmə aparılmaqla, adıçəkilən şəxsin hazırki inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinin əsaslarının mövcud olubolmamasına hüquqi qiymət verilməlidir. İndiki halda isə birinci instansiya məhkəməsi tərəfindən belə bir dəyərləndirmə aparılmadanüçüncü şəxs qismində cəlb edilməsin əsası kimi istinad etdiyi hallar işin digər halları ilə müqayisəli şəkildə təhlili aparılmadan, sənədlərin mötəbərliyinə hüquqi qiymət vermədən, adıəçəkilən şəxsin hazırki inzibati iş üzrə qəbul ediləcək qərarın onun hansı qanunla qorunan hüquq və maraqlarına toxunma ehtimalının olması və ya birbaşa təsirin olması halı aydınlaşdırılmadan, ərizənin təmin edilməməsi ilə bağlı qənaətə gəlmişdir. Başqa sözlə desək, istinad edilən həmin hallar aydınlaşdırılmadan bu qənaətə gəlinməsi qanunvericiliyin tələbinə və formalaşdıırlmış vahid məhkəmə təcrübəsinin tələbinə uyğun olmamışdır. Hazırki mərhələdə isə apellyasiya instansiya məhkəməsində icraat zamanı ilkin sübutlar əsasında belə bir dəyərlədirmə aparılması mümkün olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, üçüncü şəxs qismində cəlb edilmək istəyən şəxsin şikayətinin dəlilləri əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Həmçinin, kollegiya birinci instansiya məhkəməsinin diqqətinə onu çatdırır ki, ərizənin əsaslılığının yoxlanılması üçün işin faktiki və hüquqi halları baxımından zəruri olan sübutlar əldə edilməklə (üçüncü şəxsin sözügedən torpaq sahəsinə dair hüquqi bağlılığını müəyyən edən), qanunvericiliyin tələbi baxımından həmin sübutlar dəyərləndirilməklə (ərizəçiyə münasibətdə həmin sənədlərin əmlak hüququnun əsası qismində çıxış edib-etməməsi hüququna birbaşa təsirin mövcudluğu baxımından dəyərləndirilməli), habelə adıçəkilən şəxsin sözügedən torpaq sahəsindən uzunmüddət faktiki istifadə etməsi halının əsasları aydınlaşıdırlmaqla (bu halın hüquq və maraqlarına toxunma ehtimalının mövcudluğu baxımından təsiri dəyərləndirilməli), həmin hallar müqayisəli şəkildə qiymətləndirilməklə, bu cür dəyərləndirmənin nəticəsi olaraq adıəçəkilən şəxsin iş üzrə zəruri və ya aid cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsinin əsasının mövcud olub-olmaması müəyyən edilməsi məqsədəmüvafiqdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Maraqlı şəxs “üçüncü səxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə” ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1, 28.2, 28.4 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs qismində cəlb edilmək istəyən şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1515/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsinin üzərindəki hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Maraqlı şəxs “inzibati iş üzrə üçüncü səxs qismində cəlb edilməsi barədə” ərizəsinə yenidən baxılması üçün iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-1242/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1242/2025
17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver