Məhkəmə qərarları › İş №2-1(105)-1243/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1243/2025

08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1243/2025 08.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqanın 09 iyul 2024-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və ona həmin tarixdən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2- 1(118)-3257/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Abşeron rayon Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 020921 saylı əlliyin bərpası” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ünvanlayaraq cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə təqdim edərək, “cavabdeh orqanın 09 iyul 2024-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli 1670 nömrəli göndəriş ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2017-ci il müddətdən könüllü hərbi qulluqçusu kimi, Silahlı Qüvvələrdə qulluqçu kimi N saylı hərbi hissədə sürücülük xidməti etmişdir. Xidmət göstərdiy N nömrəli hərbi hissədə xx.xx.2017-ci ildə saat 15:17 radələrində hərbi hissədə, parkda boksun darvazasını açarkən küləyin təsiri ilə darvazanın petləsi qoparaq üzərinə düşməsi nəticəsində xəsarət almışdır. 2017-ci ilin mart, may aylarında Silahlı Qüvvələrin Baş X7 baldır sümüklərinin diafizinin orta 1/3 yeri dəyişmiş qəlpəli sınığı, L1 fəqərə cisminin kompression sınığı” diaqnozu ilə stasionar müalicə almışdır. xx.xx.2017-ci il tarixində Sol baldır smüklərinin Q.A.İllizarov üsulu ilə cərrahiyyə əməliyyatı olunmuşdur. xx.xx.2017-ci il tarixində şəhadətləndirilmiş və 60 gün xx.xx.2017, xx.xx.2017 və aparatın demontajından sonra xx.xx.2017-ci il tarixdə şəhadətləndirilmişdir. 30 gün müddətində məzuniyyətdə olmuşdur. 2018-ci ilin fevral, may ayında SQ BKH-da stasionar müalicədə olmuşdur. Müalicədən sonra fevral və may aylarında Cuzi ağır sindromu ilə müşahidə olunan sütunun qapalı küt travması nəticəsində və bir çox xəstəliklər əsasında BKH-da xx.xx.2018-ci ildə MN Hərbi Komitəsinin 3-cü qrup əlilliyi olmuşdur. Davamlı olaraq bütün müalicələrinə və həkim müayinələrində olmağına baxmayaraq əlilliyi bərpa olunmur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, vətəndaşın əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmirləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 174 nömrəli xəstəlik haqqqında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə “Onurğa sütununun küt travması (xx.xx.2017) nəticəsində davamlı ağrı sindromu, pazvari deformasiya və onurğa sütununun funksiyasının mülayim dərəcədə pozulması ilə müşayiət olunan L1 fəqərə cisminin fəsadlaşmamış, stabil, kompression sınığından sonrakı bərkimiş sümük döyənəyi. Sol baldır sümüklərinin diafizinin orta 1/3-nin açıq, yerdəyişmiş, qəlpəli sınığına görə aparılmış baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezi (xx.xx.2017) cərrahi əməliyyatından və aparatın demontajından (xx.xx.2017) sonrakı kafi bitişmiş sınıqları, funksiyanın pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi, “Vertebrogen mənşəli lümbalgiya. Soltərəfli xroniki orta otit, remissiya mərhələsində” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına dirsəkaltı ağacla daxil olmuş, başında, belində, aşağı ətraflarında olan ağrılardan, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Qəbul etdiyi medikamentoz preparatların adlarını bilmədiyini söyləmişdir. Müayinə zamanı arterial təzyiqi 130/80 mm.c.s (dərmansız) olmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası xx.xx.2024-cü il tarixli 3267 nömrəli nömrəli tibbi vərəqində diaqnoz “Onurğanın küt travması, L1 fəqərə cisminin fəsadlaşmış kompression sınığından sonrakı vəziyyət. Diskogen radikulopatiyaya davamlı ağrı sindromu. Sol aşağı ətrafın hərəki hissi pozulması ilə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Təqdim edilmiş, xx.xx.2024-cü il tarixli EMQ müayinəsinin nəticəsi “Bu incələmədə sol aşağı ətraf periferik sinir keçiricilik testləri yoxlanıldı və iynə EMQ müayinəsi olundu. Sol tibial sinir motor cavab amplitudları sağ əl ilə müqayisədə düşük amplitudludur. Sol peroneal sinir motor cavabları sağ ilə müqayisədə aşağı amplitudludur. İkiyanlı peroneal superficialis və sural sinir sensorcavabları normaldır. Girilən əzələlərdə istirahətdə sakitlik potensialları izlənilmədi, iradi hərəkətlər zamanı sol EDB və sol yüksək amplitudlu, polifazik, uzun seyrək neyrogen muplər alındı. Bu əlamətlər sol L4-L5, L5-S1 xroniki dövr kökçük tutulumu ilə uyumludur ” kimi qeyd olunmuş, radikulopatiya əlamətləri kimi dəyərləndirilmiş, əlillik təyinatına əsas verməmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli 4022 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, affektiv daxilolmalarla. Suisid cəhdləri ilə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. X3 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli **********/6769 nömrəli Arayışında diaqnoz “Sol qamış sümüyünün orta 1/3-nin bitişmiş sınığı, osteofitləri, incik sümüyünün qeyri-düzgün bitişmiş sınığı, qamış sümüyünün distal 1/3-də posteriorunda osteofiti, sol diz oynağının açıcı-bükücü kontrakturası, açma 170 dərəcə, bükmə 90 dərəcə bel-oma fəqərələrinin cisimlərinin künclərində osteofitləri, L1 fəqərəsinin pazvari deformasiyası, kompression bitişmiş sınığından sonra, L4 fəqərələrinin cisminin hemangioması, sol L4-L5, L5-S1, xroniki dövr kökcük sıxılması irradiasiya verən kəskin toksik ağrı sindromu, sol baldırın orta-aşağı 1/3-nin ön səthinin ağrılı çapıq toxuması, sol aşağı baldır oynağının açıcı bükücü kəskin kontrakturası (açma 100 dərəcəbükmə 90 dərəcə) daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması” qeyd olunmuş, öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabineyinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2-1(118)-3257/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 09 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixindən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olması qənaətinə gəlinirdisə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İddiaçının hüquqi marağı cavabdeh orqanın 09 iyul 2024-cü il tarixli “diaqnoz əlillik təyin etməməsi” barəsində qərarının ləğv edilməsi və ona həmin tarixdən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı ilk dəfə 10 may 2019-cu il tarixində TSEK-də müayinədən keçmiş və ona “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə beş il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən 29 iyun 2024-cü il tarixli, X00202901FQR nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – T91.3 “Onurğa beyni travmasının nəticələri, Onurğa sütunu küt kompression travması pazvari deforasiyasının qalıq əlamətləri”, ağırlaşmaları: R52.1 “Müalicəyə tabe olmayan daimi ağrı, daimi ağrı sindromu”, M51.1 “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Onurğanın diskogen mənşəli radikulopatiyası”, L91.0 “Hipertrofik çapıq, Sol baldırın orta aşağı ön səthində hipertrofik çapıq toxuması”, R26 “Hərəkətin və yerişin pozulmaları, yeriş və hərəkətin pozulması” olaraq qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-3257/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qərardadı ilə iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş T506/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə “Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda müayinəsi zamanı aparılmış müayinələrdən sonra ona “Sol baldır sümüyünün orta 1/3-nin qeyri-düzgün yerdəyişməklə bitişmiş sınığı, sol diz oynağının qonartrozu, varus deformasiyası, bükücü kontrakturası (açma 170 dərəcə, bükmə 90 dərəcə), bel-oma fəqərələrinin hündürlüklərinin qeyribərabər daralması, L1 fəqərə cisminin pazvari deformasiyası, kompression bitişmiş sınığı, lumbar lordozun düzlənməsi, yayılmış osteoxondrozu, irriadiasiya verən kəskin kökcük ağrı sindromu, sol aşıq-baldır oynağının İİ dərəcə osteoartrozu, sol baldırın orta-aşağı 1/3nin çapıq toxuması, sol aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (açma- 100 dərəcə, bükmə- 90 dərəcə) daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması (S82.2, M84.0, M17.5, M21.1, M24.3, S32.0, M34.1, M40.4, M19.1, L90.3, L91.0, R52.1, R26.8 )” diaqnozu qoyulmuşdur. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Abşeron rayon mərkəzi xəstəxanası” phş tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, X00202901FQR saylı Forma 88 göndərişində XBT10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz T91.3-onurğa beyni travmasının nəticələri, onurğa sütunu küt kompression travması, pazvari deformasiyasının qalıq əlamətləri. Ağırlaşmalar: R52.1 -müalicəyə tabe olmayan daimi ağrı, daimi ağrı sindromu, M51.1-bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə onurğanın diskogen mənşəli radikulopatiyası, L91.0- hipertrofık çapıq, sol baldırın orta aşağı ön səthində hipertrofik çapıq toxuması, R26- hərəkətin və yerişin pozulmaları, yeriş və hərəkətin pozulması” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilmişdir. Forma 88 göndərişində olan diaqnoz hazırda yuxarıda olan diaqnoz kimidir. İddiaçı xx.xx.2024-cü il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinəsi zamanı XBT kodu ilə “R52.1, M51.1, L91.0 və R26.8” diaqnozu müəyyən edilmişdir. İddiaçı adına tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə XBT kodu ilə qeyd edilən “F07” diaqnozu ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 174 nömrəli Şəhadətnaməsində qeyd edilən diaqnoz arasında səbəb əlaqəsi mövcud deyildir. Belə ki, şəhadətnamədə bununla əlaqədar hər hansı qeydiyyat yoxdur. İddiaçı dair tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən diaqnozlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2018-cü il tarixli, 174 nömrəli şəhadətnaməsində qeyd edilən diaqnozlar ümumən uyğunluq təşkil edir. Kollegiya əlavə olaraq qeyd edir ki, 174 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, “Onurğa sütununun küt travması (xx.xx.2017) nəticəsində davamlı ağrı sindromu, pazvari deformasiya və onurğa sütununun funksiyasının mülayim dərəcədə pozulması ilə müşayiət olunan fəqərə cisminin fəsadlaşmamış, stabil, kompression sınığından sonrakı bərkimiş sümük döyənəyi. Sol baldır sümüklərinin diafizinin orta 1/3-nin açıq, yerdəyişmiş, qəlpəli sınığına görə aparılmış baldır sümüklərinin Q.A.İlizarov üzulu ilə osteosintezi (xx.xx.2017) cərrahi əməliyyatından və aparatın demontajından (xx.xx.2017) sonrakı kafi bitişmiş sınıqları, funksiyanın pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 27 may 2024-cü il tarixli, 4022 nömrəli məktubdan görünür ki, İddiaçı “Üzvi mənşəli şəxsiyyət pozuntusu, affektiv daxilolmalarla F07.0, suisid cəhdləri ilə” diaqnozu qoyulmuşdur. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyi və müvafiq sənədlər ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş və ekspert rəyi ilə öz təsdiqini tapmış xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Eləcə də cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş və imzalanmış 29 iyun 2024-cü il tarixli, X00202901FQR nömrəli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozu – T91.3 “Onurğa beyni travmasının nəticələri, Onurğa sütunu küt kompression travması pazvari deforasiyasının qalıq əlamətləri”, ağırlaşmaları: R52.1 “Müalicəyə tabe olmayan daimi ağrı, daimi ağrı sindromu”, M51.1 “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Onurğanın diskogen mənşəli radikulopatiyası”, L91.0 “Hipertrofik çapıq, Sol baldırın orta aşağı ön səthində hipertrofik çapıq toxuması”, R26 “Hərəkətin və yerişin pozulmaları, yeriş və hərəkətin pozulması” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş T506/2025 nömrəli, 15 iyul 2025-ci il ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Abşeron rayon mərkəzi xəstəxanası” phş tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, X00202901FQR saylı Forma 88 göndərişində XBT10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz T91.3-onurğa beyni travmasının nəticələri, onurğa sütunu küt kompression travması, pazvari deformasiyasının qalıq əlamətləri. Ağırlaşmalar: R52.1-müalicəyə tabe olmayan daimi ağrı, daimi ağrı sindromu, M51.1-bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə onurğanın diskogen mənşəli radikulopatiyası, L91.0- hipertrofık çapıq, sol baldırın orta aşağı ön səthində hipertrofik çapıq toxuması, R26- hərəkətin və yerişin pozulmaları, yeriş və hərəkətin pozulması” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilmişdir. Forma 88 göndərişində olan diaqnoz hazırda yuxarıda olan diaqnoz kimidir. İddiaçı xx.xx.2024-cü il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinəsi zamanı XBT kodu ilə “R52.1, M51.1, L91.0 və R26.8” diaqnozu müəyyən edilmişdir. Beləliklə də, müvafiq göndəriş zamanı iddiaçıya qoyulmuş diaqnozlu xəstəliklərin hazırda da davam etməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının əlilliyinə əsas olmuş xəstəliklər ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda yuxarıda qeyd edilən xəstəliklərin mövcudluğunun təsdiqini tapması onun tələbində haqlı olduğunu müəyyən edir. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Beləliklə də, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal xarakter daşıyır. Məhkəmə kollegiyası əlilliyin təyinat tarixinə də münasibət bildirməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni xx.xx.2024-cü il tarixdən təyin edilməlidir. Kollegiya əlavə olaraq qeyd edir ki, məhkəmə iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixindən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə 1 illik müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı 09 iyul 2024-cü il tarixindən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” orqanizm funksiyalarının 35-60 faiz pozulmasına dair bir il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2-1(118)-3257/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 09 iyul 2024-cü il tarixindən “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” orqanizm funksiyalarının 35-60 faiz pozulmasına dair bir il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar