Məhkəmə qərarları › İş №2-1(105)-1249/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1249/2025

26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-1249/2025 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “iddiaçıya məxsus olan ünvan 3A ünvanında yerləşən ümumi sahəsi 1390 kv.m olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 3A ünvanında ümumi sahəsi 0,06 ha torpaq sahəsində yerləşən pay haqqı 748,9 kv.m olan tikili X3 adına dövlət qeydiyyatına alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 3A ünvanında ümumi sahəsi 0,06 ha torpaq sahəsində yerləşən pay haqqı 75 kv.m olan tikili Məmmədov Ramiz İsmayıl oğlunun adına dövlət qeydiyyatına alınmışdır.

3. X3 və İddiaçı arasında ##.##.2016-cı il tarixdə bağlanmış AN-İ serialı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 ##.##.2016-cı il tarixdə 308013085146 – ***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 748,9 kv.metr yaşayış evini və 0,06 ha torpaq sahəsini İddiaçı satmışdır.

4. Məmmədov Ramiz İsmayıl oğlu və İddiaçı arasında ##.##.2019-cu il tarixdə bağlanmış AN-İ serialı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Məmmədov Ramiz İsmayıl oğlu paylı mülkiyyət üzrə 75 kv.metr yaşayış evini və 0,06 ha torpaq sahəsini İddiaçı satmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 3A ünvanında ümumi sahəsi 0,06 ha torpaq sahəsində yerləşən 823,9 kv.m tikili İddiaçı adına tam mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.

6. Abşeron rayon İcra Hakimiyyətinin ##.##.2019-cu il tarixli ***/* nömrəli tikinti obyektinin istismarına icazəyə əsasən Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yarımzirzəmili qeyri-yaşayış obyekti olan çoxmənzilli binanın ümumi sahəsi 0,06 ha, tikinti sahəsi 350,22 kv.m və ümumi tikinti sahəsi 1181,74 kv.metr təşkil edir.

7. ##.##.2024-cü il tarixli müayinə aktında fərdi evin texniki göstəriciləri torpaq sahəsinin sənəd üzrə və faktiki ölçülərinin 0.06 ha olduğu, evin sənəd üzrə ölçüsünün 823.9 kv.m, faktiki 1390.0 kv.m olduğu, üstündə əlaqə mansard inşa edildiyi, eskiz layihəyə uyğun olduğu, çoxmənzilli bina kimi istifadə olunduğu qeyd edilmişdir.

8. İddiaçı İddiaçı ünvan 3A ünvanında yerləşən ümumi sahəsi 1390 kv.m olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı tələbini onunla əsaslandırır ki, ## ###### 2016-cı il tarixdə ünvan 1 “a’' ünvanında yerləşən çoxmənzilli binanı və sahəsi 0,06 ha olan torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmz Əmlakın Dövlət Reyesrt Xidməti * saylı ərazi idarəsi tərəfindən ona ##.##.2019-cu il tarixli ******* saylı reyestrdən çıxarış verilmişdir. Reyestrdən çıxarışdan görünür ki, daşınmaz əmlakın ümumi sahəsi 823,9 kv. metr kimi qeyd edilmişdir. ünvan 1 "a" ünvanında yerləşən yaşayış evinin ümumi sahəsi taktiki 1390 kv. metrdir. Torpaq sahəsi isə 0,06 ha-dır. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tikinti obyektinin istismarına ## ###### 2019-cu il tarixli ***/* saylı icazə verilmişdir. Həmin icazə sənədində tikinti obyektinin əsas texniki göstəriciləri torpaq sahəsi 0,06 ha, tikintialtı sahəsi 530,22 kv.m, ümumi tikinti sahəsi 1390 kv. metrdir. Hesab edir ki, reyestrdən çıxarış 1390 kv m. sahəyə verilməlidir. Cavabdeh tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, 3-21332/2-S- ****-*/** saylı cavabda göstərilən çoxmənzilli yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin hazırkı ərizəyə əlavə edilməməsi həqiqəti əks etdirmir. Həmçinin təqdim edilmmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilməsi, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, həmçinin tikinti obyektinə verilmiş kod qeyd edilməməsi ilə bağlı bildirir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tikinti obyektinin istismarına ## ###### 2019-cu il tarixli ***/* saylı icazə verilmişdir. Həmin icazə sənədində onun mənzili çoxmərtəbəli bina kimi göstərilmişdir. İcazə sənədində istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, həmçinin tikinti obyektinə verilmiş kod qeyd edilməməsi onun təqsiri deyildir.

10. Cavab məktubunda göstərilən sözügedən çoxmənzilli yaşayış binasına dair müraciət üzrə əlavə edilmiş eskiz layihəsinin qanunamüvafiq qaydada təsdiq olunmaması ilə bağlı bildirir ki, həmin halı ezkiz layihəsi verən qurum cavabdehlik daşıyır. Nəhayət icazə sənədində çoxmənzilli yaşayış binasının ümumi sahəsinin səhv qeyd olunmasının müəyyən edilməsi də onun günahından olmamışdır. Çünki icazə verilən zaman bütün sənədləri təqdim etmiş və çoxmənzilli binanın ümumi ölçülərinin faktiki vəziyyətə uyğun olmaması da işin həqiqi hallarına uyğun gəlmir. Çünki icazə bütün çoxmənzilli binaya verilir. Binanın bir hissəsinə icazə verilməsi, digər hissəsinə icazə verilməməsi məntiqə uyğun deyil.

11. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş “xxxx” MMC tərəfindən ünvan 3 “a” ünvanında yerləşən qeyri-yaşayış obyektinin eskiz layihəsi tərtib edilmişdir. Habelə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmz Əmlakın Dövlət Reyesrt Xidməti * saylı ərazi idarəsi tərəfindən verilmiş Texniki Pasport verilmişdir. Bundan başqa sözügedən mənzilin əvvəllər verilmiş reyestrdən çıxarışda göstərilən sahəsi ilə faktiki sahəsinin fərqli olması ilə bağlı bildirir ki, qeyd edilən mənzili alqı-satqı yolu ilə almışdır. Mənzili aldıqdan sonra əlavə sahələr tikməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

12. Cavabdeh iddiaya etiraz təqdim etməmişdir.

13. Cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı çoxmənzilli yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin hazırki ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, həmçinin tikiti obyektinə verilmiş kod qeyd edilməmişdir. Bundan başqa sözügedən çoxmənzilli yaşayış binasına dair müraciət üzrə əlavə edilmiş eskiz layihənin qanunamüvafiq qaydada təsdiq edilmədiyi aşkar olunmuşdur. Həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədində çoxmənzilli yaşayış binasının ümumi sahəsinin səhv qeyd olunduğu müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

15. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, reyestr nömrəsi 308013085146-*****, qeydiyyat nömrəsi 1619001662 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 823.9 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı isə ümumi sahəsi 1390 kv.m olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsini istəyir. İddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd kimi Abşeron rayon İcra Hakimiyyətinin ## ###### 2019-cu il tarixli ***/* saylı tikinti obyektinin istismarına icazə sənədi və eskiz layihə təqdim edilmişdir.

16. Cavabdeh qeyd edir ki, tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, həmçinin tikiti obyektinə verilmiş kod qeyd edilməmişdir. Bundan başqa sözügedən çoxmənzilli yaşayış binasına dair müraciət üzrə əlavə edilmiş eskiz layihənin qanunamüvafiq qaydada təsdiq edilmədiyi aşkar olunmuşdur. Həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədində çoxmənzilli yaşayış binasının ümumi sahəsinin səhv qeyd olunduğu müəyyən edilmişdir.

17. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsaslı olmuşdur.

18. Belə ki, işin hallarından görünür ki, iddiaçıya məxsus fərdi evə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçının niyyəti çoxmənzilli bina kimi ümumi sahəsi 1390 kv.m göstərilməklə hüququn yenidən qeydə alınmasından yanadır.

19. Lakin iddiaçının istinad etdiyi Abşeron rayon İcra Hakimiyyətinin ## ###### 2019-cu il tarixli ***/* saylı tikinti obyektinin istismarına icazə sənədində qeyd edilib ki, tikinti obyektinin əsas texniki göstəriciləri torpaq sahəsinin 0.06 ha, tikinti altı sahəsinin 250.22 kv.m, ümumi tikinti sahəsinin 1181.74 kv.m olduğu qeyd edilmiş, yarımzirzəmisi qeyri-yaşayış obyekti olan çoxmənzilli binanın istismarına icazə verilmişdir.

20. Görünür ki, istismara icazə sənədində çoxmənzilli binada mansardın mövcudluğu və ümumi sahənin 1390 kv.m olması qeyd edilmir.

21. İddiaçı tərəfindən faktiki istifadə olunan daşınmaz əmlakın çoxmənzilli yaşayış binası olduğunu nəzərə alsaq qanunvericiliyin tələbi üzrə tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi müəyyən edilmir.

22. Həmçinin sonradan inşa edilmiş mansardın mövcudluğunu nəzərə alsaq tikintinin ümumi sahəsi dəyişir ki, bu halda Abşeron rayon İcra Hakimiyyətinin ## ###### 2019-cu il tarixli ***/* saylı tikinti obyektinin istismarına icazə sənədində qeyd edilmiş ölçülər iddiaçının tələbi ilə uyğun gəlmir.

23. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

24. İddiaçı apellyasiya şikayətində mülkiyyət hüququna dair normaların tələblərini və hüquq müəyyənedici sənədləri göstərməklə iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil “Elekton məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş iddia tələbinin həcminin azaldılması barədə ərizəni müdafiə edərək izahatında bildirdi ki, iddiaçının tələbi tikilinin istismara qəbul edilmiş ölçülərinə — yəni 1187.74 m² sahəyə malik çoxmənzilli yaşayış binasının dövlət reyestrində qeydiyyatının aparılması və iddiaçıya mülkiyyət hüququna dair çıxarışın verilməsindən ibarətdir. Tələb istismar aktına uyğun formalaşdırılmalıdır. Ona görə də, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli tikinti obyektinin istismarına icazə sənədinə əsasən yarımzirzəmisi qeyri-yaşayış obyekti olan ümumi sahəsi 1181.74 kv.m çoxmənzilli binaya mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

26. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə və X1 iddia tələbinə etiraz edərək bildirdilər ki, mübahisəli tikilinin eskiz layihəsi müvafiq qaydada təsdiqlənməmişdir. Həmçinin tikilinin istismara qəbul edilən sahəsi ilə ümumi sahəsi fərqlidir. Bundan əlavə, istismara icazə sənədi qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilməmişdir. Belə ki, istismara hazırlıq aktının nömrəsi və tarixi həmin sənəddə qeyd olunmayıb. Tikintiyə icazə sənədləri də caabdehə təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası:

27. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

28. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

30. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

31. Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

32. Maddə 102. Tikinti obyektinin istismarına icazə verilməsi 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 102.3. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. 102.4. Tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verir və ya verilməsindən imtina haqqında qərar qəbul edir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

33. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

34. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

35. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

37. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

38. İddiaçı İddiaçı məhkəməyə müraciət edərək ünvan 3A ünvanında yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun faktiki vəziyyətə uyğun olaraq dövlət qeydiyyatına alınmasını tələb etmişdir. O, göstərmişdir ki, sözügedən daşınmaz əmlakı və 0,06 ha torpaq sahəsini ## ###### 2016-cı il tarixində alqı-satqı yolu ilə əldə etmiş, sonradan onun adına ## ###### 2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda tikilinin ümumi sahəsi 823,9 kv.m göstərilsə də, əmlakın faktiki ümumi sahəsi 1390 kv.m təşkil edir. İddiaçı hesab edir ki, bu fərq qeydiyyat sənədlərində yol verilmiş uyğunsuzluqlardan irəli gəlmişdir və faktiki sahə dövlət reyestrində əks olunmalıdır.

39. İddiaçı tələbinin əsası kimi Abşeron Rayon İcra Hakimiyyətinin ## ###### 2019-cu il tarixli ***/* nömrəli tikinti obyektinin istismarına icazə sənədinə istinad etmiş, həmin sənəd əsasında daşınmaz əmlakın faktiki göstəricilərinin tanınmalı olduğunu bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən göstərilən nöqsanlar, o cümlədən istismar icazəsi sənədində müəyyən məlumatların qeyd edilməməsi və ya eskiz layihəsinin təsdiqi ilə bağlı məsələlər onun təqsiri ilə bağlı deyildir. İddiaçı vurğulamışdır ki, əmlakı əldə etdikdən sonra əlavə tikinti işləri aparmamış, yalnız mövcud vəziyyətin dövlət reyestrində düzgün əks etdirilməsini istəyir.

40. Buna görə də iddiaçı məhkəmədən ünvan 3A ünvanında yerləşən, ümumi sahəsi 1390 kv.m olan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, həmin qeydiyyat əsasında ona yeni çıxarış və texniki pasportun verilməsini tələb etmişdir.

41. Apellyasiya baxışı zamanı isə iddiaçının nümayəndəsi və vəkili tələbin həcminin azaldılması barədə ərizə təqdim etmiş və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli tikinti obyektinin istismarına icazə sənədinə əsasən yarımzirzəmisi qeyri-yaşayış obyekti olan ümumi sahəsi 1181.74 kv.m çoxmənzilli binaya mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir (mansard sahəsinin iddia tələbindən çıxarılması ).

42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəyişdirilmiş tələbi iş materiallarında olan sübutlarla təsdiq olunur və qanunvericiliyin tələblərinə uyğundur.

43. Belə ki, iş materiallarından görünür ki, ünvan 3A ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində inşa edilmiş tikili iddiaçının mülkiyyətindədir və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda işdə olan Abşeron Rayon İcra Hakimiyyətinin ## ###### 2019-cu il tarixli ***/* nömrəli tikinti obyektinin istismarına icazə sənədindən müəyyən edilir ki, sözügedən obyekt yarımzirzəmisi qeyri-yaşayış obyekti olan çoxmənzilli bina kimi istismara qəbul edilmiş, onun ümumi tikinti sahəsi 1181,74 kv.m olaraq müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin istinad etdiyi hallar əsasən faktiki sahənin 1390 kv.m olması və mansard hissəsinin mövcudluğu ilə bağlı olmuşdur. Lakin apellyasiya baxışı zamanı iddiaçı məhz istismarına icazə verilmiş və rəsmi sənəddə əks olunmuş 1181,74 kv.m sahə üzrə mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyindən, birinci instansiya məhkəməsinin qeyd etdiyi ziddiyyətlərin əhəmiyyətli hissəsi aradan qalxmışdır.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə isə daşınmaz əmlak üzərində hüquqlar qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır. Bundan başqa, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı hüquqmüəyyənedici sənədlər əsasında aparılır. Həmin Qanunun 15-ci maddəsinə görə dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu müəyyən edildikdə qeydiyyatın aparılmasından imtina edilə bilməz.

45. İş materiallarında olan istismarına icazə sənədi dövlət orqanı tərəfindən verilmiş rəsmi sənəd olmaqla, onun qanunsuz hesab edilməsinə, ləğv olunmasına və ya etibarsız sayılmasına dair hər hansı sübut təqdim edilməmişdir. İnzibati orqan tərəfindən verilmiş fərdi inzibati akt qanunla müəyyən olunmuş qaydada ləğv edilmədiyi müddətdə hüquqi qüvvəsini saxlayır və hüquqi nəticələr doğurur. Bu baxımdan cavabdehin həmin sənədə əsaslanmaqdan imtina etməsi hüquqi müəyyənlik prinsipinə uyğun hesab edilə bilməz.

46. Bundan əlavə, cavabdeh tərəfindən istismarına icazə sənədində müəyyən rekvizitlərin olmaması, eskiz layihəsinin təsdiqi ilə bağlı iradların mövcudluğu göstərilsə də, həmin halların iddiaçının təqsiri üzündən baş verməsi müəyyən edilməmişdir.

47. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə görə, şəxsin qanuni gözləntiləri dövlət orqanlarının fəaliyyəti nəticəsində yaranmış hüquqi vəziyyətə əsaslanırsa, həmin şəxs dövlət orqanlarının yol verdiyi mümkün nöqsanların mənfi nəticələrinə məruz qoyulmamalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında dövlət orqanı tərəfindən tikinti obyektinin istismarına icazə verilmişdirsə, həmin sənəd hüquqi qüvvədə olduğu müddətdə şəxsin mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün əsas kimi qəbul edilməlidir.

48. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iddiaçı artıq faktiki 1390 kv.m sahənin deyil, yalnız istismarına rəsmi qaydada icazə verilmiş 1181,74 kv.m ümumi sahənin dövlət qeydiyyatına alınmasını tələb edir. Bu tələb iş materiallarında olan hüquqmüəyyənedici sənədin məzmununa tam uyğundur və cavabdehin imtinasını əsaslandıran halları aradan qaldırır.

49. Bundan əlavə məhkəmə kollegiyası həmçinin cavabdeh olan inzibati orqanın iddiaçıya vermiş olduğu imtina məktubunda digər əsasına (sahədə fərqliliyin olması) münasibətdə qeyd etməyi zəruri hesab edir ki, istismarına icazə verilmiş 1181,74 kv.m ümumi sahə iddiaçı tərəfindən təqdim edilmiş və təsdiq edilmiş eskiz layihəsi sənədinə nəzər yetirdikdə həmin sahə yarımzirzəmi ilə (298,81 kv.m) birlikdə 1-ci mərtəbə (268,7 kv.m), 2-ci mərtəbə (268,7 kv.m), 3-cü mərtəbələrin (268,7 kv.m) cəmi sahəsi 1181,74 kv.m təşkil etmişdir ki, burada artıq sahənin faktiki cəhətdən layihədən kənar olması halıda müəyyən edilməmişdir.

50. Həmçinin iddiaçının hüquqi marağı ilk dəfə mülkiyyət hüququn qeydiyyatının aparılması ilə bağlı deyil, müvafiq reyestrə düzəlişin edilməsi olmuşdur (əlavə sahənin rəsmi reyestrə daxil edilməsi).

51. Cavabdeh olan inzibati orqanın iddiaçıya vermiş olduğu imtina məktubunda eskiz layihəsinin qanunamüvafiq qaydada təsdiq edilməyini bildirsədə bu hal məhkəmə tərəfindən təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş eskiz layihəsi rəsmi imzalamaqla möhürlənmiş və həmin eskiz layihə tikilinin istismara icazə sənədində əsas olmuşdur.

52. Cavabdeh olan inzibati orqanın iddiaçıya vermiş olduğu imtina məktubunda digər əsas kimi tikintiyə icazə sənədlərinin əlavə edilmədiyini qeyd etsədə, iş materiallarına əlavə edilmiş sənədlərdə bu öz təsdiqini tapmamış, əksinə iddiaçının əvvəlki mülkiyyət hüquqularının qeydiyyatına əsas olmuş sənədlər, eskiz layihəsi, istismara icazə aktıda mövcud olmuşdur.

53. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməli, ünvan 3A ünvanında yerləşən yarımzirzəmisi qeyriyaşayış obyekti olan, ümumi sahəsi 1181,74 kv.m təşkil edən çoxmənzilli bina üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

54. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməklə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

55. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı ünvan 3A ünvanında yerləşən yarımzirzəmisi qeyri-yaşayış obyekti olan, ümumi sahəsi 1181,74 kv.m təşkil edən çoxmənzilli bina üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar