Məhkəmə qərarları › İş №2-1(105)-125/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-125/2021

19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-125/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı qaz kəmərinə düzəliş edilərək, iddiaçının həyətinə darvaza (qapı) yerinin açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-473/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Sumqayıt şəhəri, Yaşma bağları “Kimyaçı” B/Y 419 bağ sahəsinə giriş-çıxışın təmin edilməsi məqsədilə cavabdeh tərəfindən qaz kəmərinə düzəliş edilərək həyətinə darvaza (qapı) yerinin açılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Yaşma bağları “Kimyaçı” B/Y 419-da yerləşən bağ sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX–nın RX seriyalı ******* N-li, xx.xx.2018-ci il tarixli çıxarışı ilə onun mülkiyyətindədir. Cavabdeh təşkilatın əməkdaşları qaz xətti çəkərkən onun bağ sahəsinə daxil olmağı üçün yer qoymayıblar. Qaz xətti çəkilərkən qonşuların qapı yeri nəzərə alındığı halda onun torpaq sahəsində bu nəzərə alınmamışdır. Buna görə də onun öz bağına girməyi məhdudlaşıb. Hətta qaz xətti çəkilərkən onun heç bir məlumatı olmayıb. Darvaza üçün yer qoyulması ilə bağlı Sumqayıt Qaz İstismar Sahəsinə müraciət etmişdir. Onlar isə düzgün başa düşmədən məktubuna cavab olaraq bildirmişdilər ki, kəmərin yerinin dəyişdirilməsini öz vəsaitiniz hesabına etdirməlisiniz. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Cavabdeh Sumqayıt QB tərəfindən vətəndaşa qapı yerinin açılmaması ilə bağlı konkret olaraq imtina verilməmişdir. Həmin məktubda vətəndaşa aidiyyət üzrə baş idarəyə müraciət olunması tövsiyyə olunmuşdur. İmtina olmadığı halda belə iddianın verilməsi əsassızdır. Həmçinin vətəndaş mülkiyyət hüququnu 2018-ci ildə əldə etmişdir. Qazlaşma isə bundan bir neçə il əvvəl aparılmışdır. Yəni qazlaşma aparılan vaxt iddiaçı həmin ərazidə mülkiyyətçi olmamışdır. Həmçinin qonşu torpaq sahələrində belə bir problem yoxdur ki, iş materiallarına əlavə olunmuş şəkillərdən açıq-aşkar görünür. Hesab edir ki, qaldırılan iddia tələbi inzibati məhkəmə predmeti deyildir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-473/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı məxsus olan Sumqayıt şəhəri, Yaşma bağları “Kimyaçı” B/Y 419 bağ sahəsinə giriş-çıxışın təmin edilməsi məqsədilə cavabdeh tərəfindən qaz kəmərinə düzəliş edilərək, onun həyətinə darvaza (qapı) yerinin açılması vəzifəsi Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, Sumqayıt QİS tərəfindən vətəndaşa ona məxsus torpağa giriş-çıxışı təmin etmək üçün qaz xəttinin yerinin dəyişdirilməsinə heç bir məhdudiyyət qoyulmamış, vətəndaşa mövcud konstruksiyada müvafiq dəyişiklik edilməsinin Sumqayıt QİS-in səlahiyyətləri daxilində olmadığı bildirilərək ona aidiyyəti üzrə Cavabdeh İB-nə birbaşa müraciət olunması tövsiyyə olunmuşdur. Qeyd olunan ərazidə qazlaşmanın aparılması Sifarişçi və Podratçı arasında aparılmış razılaşma əsasında həyata keçirilmişdir. Yəni, bu ərazinin qazlaşdırılması və müvafiq layihə-smeta sənədlərinin razılaşdırılması baş idarə ilə sifarişçi arasında əldə olunan razılaşma əsasında olmuşdur, Sumqayıt QİS isə Cavabdeh İB-nin yerli qurumu kimi, yalnız qazın satışını və onun balansına verilmiş olan qaz xəttlərinin istismarını həyata keçirir. Sözü gedən əraziyə yəni Sumqayıt şəhəri, Yaşma bağları adlanan əraziyə küçə qaz xəttinin çəkilməsi Podratçı “xxxx” MMC (ünvan ünvan 1 tərəfindən həyata keçirilmişdir (2013-2014-cü illər arasında). Buradan belə aydın olur ki, Sumqayıt QİS ümumiyyətlə tərəfdaş olaraq müstəqil qurum kimi bu razılaşmalarda iştirak etməmişdir. Belə olan halda, iddiaçının Cavabdeh İB-nə baş idarəyə müraciət etmədən məhkəməyə müraciət etməsini əsassız hesab edir. Bundan əlavə iddiaçı qaz xəttlərində müvafiq dəyişiklik edilməsi ilə bağlı Sumqayıt QİS-ə müraciət etmişdir. Lakin, məhkəməyə müracət edərkən cavabdeh qismində Cavabdeh İB-ni qoymuşdur. Hesab edir ki, inzibati orqana müraciət etmədən ona qarşı məhkəmədə iddia qaldırılması İPM-nin tələblərinə ziddir. Məhkəmə isə qeyd olunan halların heç birini araşdırmamış, mübahisə doğuran məsələləri qiymətləndirməmişdir. Bundan əlavə bildirmişdir ki, inzibati iş materiallarında olan vətəndaşın qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair Çıxarışdan belə məlum olur ki, torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin ərazidə isə qazlaşma yuxarıda da qeyd olunduğu kimi, 2013-2014-cü illərdə aparılmışdır. Qazlaşma aparılan dövrdən 4-5 il vaxt keçəndən sonra vətəndaşın sonradan mülkiyyət hüququ əldə etdiyi torpaq sahəsinə giriş-çıxış üçün qaz xəttinin mövcud konstruksiyalarında dəyişiklik edilməsi tələbi isə əsassızdır. Məhkəmə qərarında qeyd olunduğu kimi, mülkiyyətə hansısa manelərin yaradılmasının Cavabdeh İB-nə heç bir aidiyyəti yoxdur. Çünki, həmin ərazidə qazlaşma aparılan vaxt qeyd olunan torpaq sahəsinin mülkiyyətçisi olmayıb və o, sonradan həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə isə bu halları araşdırmalı olduğu halda bunları etməmiş və əsassız qərar qəbul etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-473/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edib onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İşin hallarından görünür ki, cavabdeh tərəfindən qaz xəttinin çəkilişi zamanı iddiaçının mülkiyyətində olan bağ sahəsində darvaza açılmasına yer qoyulmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, hazırkı mübahisə cavabdehin ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yaranmamış, irəli sürülən tələb xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənmir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Hazırki işin hallarından görünür ki, işə baxan məhkəmə iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Halbuki iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apelyasiya şikayəti isə qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-473/2020 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar