Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-125/2022 24.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı 10 yanvar 1995-ci ildən 30 noyabr 2000-ci ilədək Biləcəri Mülki Qurğular Distansiyası Mənzil İstismar Təmir Birliyi 2 saylı Evlər İdarəsində fəhlə işlədiyi müddətin sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2- 1(118)-929/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 yanvar 1995-ci ildən 30 noyabr 2000-ci ilədək Biləcəri Mülki Qurğular Distansiyası Mənzil İstismar Təmir Birliyi 2 saylı Evlər İdarəsində fəhlə işlədiyi müddətin sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək 10 yanvar 1995-ci ildən 30 noyabr 2000-ci ilədək Biləcəri Mülki Qurğular Distansiyası Mənzil İstismar Təmir Birliyi 2 saylı Evlər İdarəsində fəhlə işlədiyi müddətin sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxx 1955-ci il tarixdə anadan olmuşdur. 1971-ci ildən əmək fəaliyyətinə başlamışdır. 01 sentyabr 1971-ci il tarixdən 28 may 1974-cü il tarixədək Quba rayonu Jdanov adına meyvəçilik sovxozunda traktora yedəkçi və traktorçu peşəsində işləmişdir. 28 may 1974-cü ildə həqiqi hərbi xidmətə çağırıldığı üçün ərizəsinə əsasən işdən azad edilmişdir. 04 iyul 1976-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra Jdanov sovxozunda kombayn köməkçisi işinə qəbul edilmişdir. 17 avqust 1976-cı ildən traktorçu işinə keçirilmiş və 15 dekabr 1994-cü ilədək həmin işdə işləmişdir. 10 yanvar 1995-ci ildə Biləcəri Mülki Qurğular Distansiyası Mənzil İstismar Təmir Birliyi 2 saylı Evlər İdarəsinə fəhlə işinə qəbul edilmişdir. 30 noyabr 2000-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Beləliklə, onun ümumilikdə 29 il 3 ay əmək stajı vardır. İşlədiyi dövr əmək kitabçasında qeyd olunmuşdur. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu publik hüquqi şəxsin 2 saylı regional ərazi filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Şöbənin pensiya təyin edən komissiyasının 04 sentyabr 2020-ci il tarixli, 45 saylı qərarı ilə qanunla tələb olunan 25 il sığorta stajının olmaması əsası ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Buna səbəb olaraq 10 yanvar 1995-ci ildən 30 noyabr 2000-ci ilədək Biləcəri Mülki Qurğular Distansiyası Mənzil İstismar Təmir Birliyi 2 saylı Evlər İdarəsində fəhlə işlədiyi dövrə aid əmək haqqı cədvəllərinin aşkar edilməməsi göstərilir.
4. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının əmək kitabçasında göstərilən digər dövrlər təsdiq edilsə də, onun 1995-2000-ci illərdə işlədiyi müddət əmək kitabçasına sonradan qeyd edilmişdir. Bundan başqa həmin müddətdə iddiaçının həmin idarədə işləməsini təsdiq edən hər hansı başqa sübut mövcud deyildir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2-1(118)-929/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova)
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 1995-2000 ci illərdə Biləcəri Mülki Qurğular Distansiyasında işləməsi əmək kitabçasında qeyd olunmasına baxmayaraq bunu təsdiq edən başqa heç bir sübut, o cümlədən, işə qəbul edilməsi və ya azad edilməsi barədə əmrlər və ya əmək haqqı cədvəlləri əldə edilməmişdir.
7. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh orqanın imtinası əsaslandırdığı halların olub-olmamasını araşdırmağa borclu idi. İmtinada və qərarda göstərilir ki, 10 yanvar 1995-ci ildən 30 noyabr 2000-ci ilədək Biləcəri Mülki Qurğular Distansiyası Mənzil istismar Təmir Brliyi 2 saylı Evlər İdarəsində fəhlə işlədiyi dövrə aid əmək haqqı cədvəlləri aşkar edilməmişdir. Halbuki, əmək haqqı cədvəllərinin aşkar olunması onun vəzifəsi deyildir və ya aşkar olunmaması onun təqsirindən olmamışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin müddəalarına əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçasındakı 1995-ci ildən 2000-ci ilədək yuxarıda göstərilən müəssisədə işləməyi barədə qeydi özü yazmamışdır. Həmin qeyd rəsmi qurum tərəfindən edilib və təsdiqlənib. Belə olan təqdirdə həmin dövrə aid müddətin əmək stajına aid edilməməsi barədə cavabdeh orqanın 04 sentyabr 2020-ci il tarixli, 45 saylı qərarı qanunsuzdur. Onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində təsbit edilmiş əmək pensiyası hüququ pozulmuşdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 24 il 03 ay 06 gün təşkil edir. İşin mübahisələndirilən halı iddiaçının 10.01.1995-30.11.2000-ci illər ərzində Biləcəri mülki Qurğular Distansiyası Mənzil İstismar Təmir Birliyi 2 saylı Evlər İdarəsində işlədiyi dövrdür. İddiaçının sözügedən müəssisədə işlədiyi dövrlər ərzində sosial sığorta stajı 05 il 10 gün 20 gün təşkil edir. İddiaçı 10.06.2021-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisələndirilən illər sonradan əmək kitabçasına yazılmışdır. Həmçinin tərəflərindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi və "xxxx" QSC-yə müvafiq sorğular ilə müraciət edilmişdir. "xxxx" QSC tərəfindən cəmiyyətin arxivində iddiaçının iş stajı barədə hər hansı məlumatın olmadığı müvafiq sorğuya cavabda qeyd edilmişdir. İddiaçının məhkəmə iclasında izahatında qeyd etdiyini və sorğuya cavabda qeyd edilən məsələni nəzərə alaraq iddiaçının mübahisələndirilən sözügedən müəssisədə işləməsinə dair əsaslı şübhələr yaradır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasında iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri
63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
16. Əmək pensiyası haqqında qanunvericiliyinə əsasən, yaşa görə pensiya hüququnun yaranması üçün şəxs qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmalı, pensiya kapitalı toplanmadığı təqdirdə isə ən azı 25 il sığorta stajı olmalıdır.
17. İşdən görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, iddiaçının qanunla tələb olunan 25 il sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
18. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək 10 yanvar 1995-ci ildən 30 noyabr 2000-ci ilədək Biləcəri Mülki Qurğular Distansiyası Mənzil İstismar Təmir Birliyi 2 saylı Evlər İdarəsində fəhlə işlədiyi müddətin sığorta stajına daxil edilməsini və yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
19. Birinci instansiya məhkəməsi iddianı rədd edərək qərarında göstərmişdir ki, iddiaçının 1995-2000-ci illərdə Biləcəri Mülki Qurğular Distansiyasında işləməsi əmək kitabçasında qeyd olunmasına baxmayaraq bunu təsdiq edən başqa heç bir sübut, o cümlədən, işə qəbul edilməsi və ya azad edilməsi barədə əmrlər və ya əmək haqqı cədvəlləri əldə edilməmişdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətinə etiraz ərizəsindən görünür ki, cavabdeh tərəfindən mübahiləndirilməyən hallar aşağıdakılardır: iddiaçının 28.05.1974- 04.07.1976-cı illər ərzində hərbi xidmətdə olduğu dövr, 01.09.1970-23.08.1971-ci illər ərzində təhsil aldığı dövr, 01.09.1971-28.05.1974 və 04.07.1976-15.12.1994-cü illər ərzində “Jdanov adına kolxoz”da işlədiyi dövrlər. İşin mübahisələndirilən halı iddiaçının 10.01.1995-30.11.2000-ci illər ərzində Biləcəri Mülki Qurğular Distansiyası Mənzil İstismar Təmir Birliyi 2 saylı Evlər İdarəsində işlədiyi dövrdür.
21. İddiaçının adına açılmış ИТ-İ № ******* saylı əmək kitabçasından görünür ki, o, 01.09.1971-ci ildə əmək fəaliyyətinə başlamış və 30.11.2000-ci il tarixədək müxtəlif işlərdə və peşələrdə işləmişdir.
22. Apellyasiya şikayətinə etiraz ərizəsindən görünür ki, iddiaçının 10.01.1995- 30.11.2000-ci illər ərzində Biləcəri Mülki Qurğular Distansiyası Mənzil İstismar Təmir Birliyi 2 saylı Evlər İdarəsində işlədiyi dövrün sığorta stajı kimi hesablanması mümkün olmamışdır.
23. Məhkəmə kollegiyası tərəfindən "xxxx" QSC-yə sorğular verilərək, Biləcəri Mülki Qurğular Distansiyası Mənzil İstismar Təmir Birliyi 2 saylı Evlər İdarəsinin arxiv səndlərinin təhvil verilib-verilməməsi, 1995-ci ilin yanvar və 2000-ci ilin noyabr, dekabr ayları üzrə əmrlər kitabından çıxarışın surətinin məhkəməyə təqdim edilməsi xahiş edilmiş, sorğuya cavab məktublarında cəmiyyətin arxivində İddiaçı əmək fəaliyyəti barədə hər hansı məlumatın aşkar olunmadığı qeyd olunmuşdur.
24. Birinci instansiya məhkəməsinin verdiyi sorğuya "xxxx" QSC-nin cavab məktubundan da görünür ki, cəmiyyətin arxiv bölməsində aparılmış araşdırma nəticəsində vətəndaş İddiaçı iş stajı barədə hər hansı bir məlumat aşkarlanmamışdır.
25. Məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsi tərəfindən verilmiş 20 may 2021-ci il tarixli 4/1014 saylı cavab məktubundan isə görünür ki, sorğuda qeyd olunmuş sənədlər Dövlət Arxivində mühafizə edilmir.
26. Beləliklə, iddiaçının 10.01.1995-30.11.2000-ci illər ərzində Biləcəri Mülki Qurğular Distansiyası Mənzil İstismar Təmir Birliyi 2 saylı Evlər İdarəsində işləməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, göstərilən dövr iddiaçının yaşa görə pensiya hüququnun yaranmasında sosial sığorta stajı kimi nəzərə alına bilməz.
27. Hazırda qüvvədə olan qanunvericiliyə görə isə yaşa görə pensiyanın təyini üçün iddiaçının ya minimum 25 il sığorta stajı olmalı, ya da fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmalıdır. Hazırkı halda isə iddiaçı nə minimum sosial sığorta stajına, nə də pensiya kapitalına malikdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18.08.2021-ci il tarixli, 2-1(118)-929/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.