Məhkəmə qərarları › İş №2-1(105)-125/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-125/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-125/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Quba-Xaçmaz filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Quba- Xaçmaz filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Quba- Xaçmaz filialına qarşı 18 oktyabr 1971-ci il tarixdən 04 noyabr 1998-ci il tarixə kimi işlədiyi müddətin və 04 iyul 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixə kimi keçmiş Sovet ordusu sıralarında xidmət etdiyi dövrün sığorta stajı kimi nəzərə alınması və ona 20 avqust 2020ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(118)-501/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Quba-Xaçmaz filialına qarşı iddia qaldıraraq 18 oktyabr 1971-ci il tarixdən 04 noyabr 1998-ci il tarixə kimi işlədiyi müddəti və 04 iyul 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixə kimi keçmiş Sovet ordusu sıralarında xidmət etdiyi dövrün sığorta stajı kimi nəzərə alınması və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, 18 oktyabr 1971-ci il tarixdən 04 noyabr 1998-ci il tarixə kimi işlədiyi müddəti və 04 iyul 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixə kimi keçmiş Sovet ordusu sıralarında xidmət etdiyi dövrün sığorta stajı kimi nəzərə alınması və iddiaçıya 20 avqust 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 sentyabr 1971-ci il tarixdə 3 saylı peşə-texniki məktəbinə daxil olmuş, 14 sentyabr 1972-ci il tarixdə təhsilini başa vurmuş və 14 oktyabr 1972-ci il tarixdə keçmiş Quba rayonu “Şərq” meyvəçilik sovxozunda traktorçu-maşinist vəzifəsinə qəbul edilmişdir və 06 iyul 1974-cü il tarixdə ordu sıralarına çağırıldığı üçün işdən azad olunub, 06 iyul 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixə kimi keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıtdıqdan sonra 05 iyul 1976-cı il tarixdə Quba rayonu “Şərq” meyvəçilik sovxozunda kombayner köməkçisi vəzifəsinə təyin olunaraq 04 noyabr 1998-ci il tarixə kimi müxtəlif vəzifələrdə işləmişdir. Hal-hazırda yaşı çatdığı üçün hüquqmüəyyənedici sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun publik hüququ şəxsin 2 saylı regional ərazi filialına müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Qeyd olunan təşkilat özünün 20 oktyabr 2021-ci il tarixli məktubu ilə onun 25 il sığorta stajı və ya fərdi hesabında pensiya kapitalı olmadığını əsas gətirərək ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmiş, lakin iddiaçı qeyd olunan imtina ilə razılaşmır, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının əmək kitabçasında 26 mart 1979-cu il tarixdə işlədiyi dövr qeyd edilmişdir, sonradan işlədiyi dövrlər və işdən azad olunması barədə əmrlər əmək kitabçasında qeyd edilmədiyi üçün cavabdeh təşkilata təqdim etdiyi - Dövlət X6 17 sentyabr 2021-ci il tarixli 846 və 846 №li axtarışı ilə olan dövrü nəzərə alınmamış və ona əsassız olaraq yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişlər. Belə ki, onun ərizəsinə əlavə etdiyi 19 oktyabr 1972-ci il tarixli əmək kitabçasından və X8 filialının 17 sentyabr 2021-ci il tarixli 846 və 846 №-li arayışlarında aşkar olur ki, 26 ildən artıq sığorta stajı vardır. Ərizəsinə əlavə etdiyi 04 iyul 1974-cü il tarixli hərbi biletdən aşkar olur ki, o, 04 iyul 1974-cü il tarixindən 15 iyun 1976-cı il tarixə kimi keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

4. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin xx.xx.2021ci il tarixli, **********3 nömrəli məktub ilə iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun: 1. xx.xx.1971-xx.xx.1972-ci illərdə 3 nömrəli texniki peşə məktəbində təhsil aldığı müddət (1 il); 2. xx.xx.1974-xx.xx.1976-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmət keçdiyi müddət (1 il 11 ay 22 gün); 3. xx.xx.1972-xx.xx.1997-ci il il tarixinədək Quba rayonu “Şərq” meyvəçilik sovxozunda işlədiyi müddət (19 il 9 ay - 1972ci ildə 3 ,ay, 1974-cü ildə 6 ay, 1976-cı ildə 6 ay, 1977-ci ildə 10 ay, 1978-ci ildə 8 ay, 1979cu ildə 10 ay, 1984-cü ildə 11 ay, 1985-ci ildə 11 ay, 1986-cı ildə 10 ay, 1995-ci ildə 6 ay və 13 tam il (1973, 1980-1984 və 1987- 1994-cü illər) ümumilikdə 22 il 8 ay 12 gün sosial sığorta stajı mövcuddur ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmir. Dövlət X6 xx.xx.2021-ci il tarixli, 846 nömrəli arxiv çıxarışı ilə iddiaçıya məxsus əmək kitabçası arasında ziddiyyətlər mövcuddur. Belə ki, iddiaçıya məxsus əmək kitabçası xx.xx.1972-ci ildə açılmışdır. Halbuki, arxiv çıxarışına əsasən iddiaçı ilə bağlı ilk əmr xx.xx.1971-ci il tarixli 215 nömrəli əmrdir. Həmin əmrlə “Şərq” meyvəçilik sovxozunun direktoru S.İlyasov iddiaçını Quba rayon 3 nömrəli peşə texniki məktəbin 1 illik traktoristmaşinist şöbəsində oxumağa göndərib. Halbuki, həm arxiv çıxarışında, həm də əmək kitabçasında qeyd edildiyi kimi iddiaçı xx.xx.1972-ci ildə “Şərq” meyvəçilik sovxozuna işə daxil olmuşdur. İddiaçının işə daxil olma qeydinin özündə də ziddiyət mövcuddur. Belə ki, arxiv arayışına əsasən iddiaçı 200 nömrəli əmrlə traktor parka çilingər vəzifəsinə, əmək kitabçasına əsasən isə 162 nömrəli əmrlə traktorçu-maşinist vəzifəsində işləməyə başlamışdır. Göründüyü kimi, əmrlərin tarixi eyni olsa da, onların nömrələri və məzmunları bir-birinə ziddir. Bundan başqa arxiv çıxarışında mövcud olmuş, lakin əmək kitabçasında qeyd edilməmiş əmrlər də mövcuddur. Məsələn, arxiv çıxarışına əsasən iddiaçı xx.xx.1974-cü il tarixli 156 nömrəli əmrlə müvəqqəti olaraq kombayn köməkçisi təyin edilmiş, xx.xx.1974-cü il tarixli 165 nömrəli əmr (əmək kitabçasında 164 nömrəli əmr) ilə hərbi xidmətə getməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunmuşdur. Lakin xx.xx.1974cü il tarixli 156 nömrəli əmrlə iddiaçının başqa vəzifəyə keçirilməsi ilə bağlı qeyd əmək kitabçasında öz əksini tapmamışdır. Həmçinin iddiaçının xx.xx.1976-cı il tarixli 147 nömrəli əmr ilə həmin sovxoza “kombayner” təyin edilməsi ilə bağlı qeyd də əmək kitabçasında mövcud olmayan digər bir qeyddir. Arxiv çıxarışındakı növbəti qeyd iddiaçının xx.xx.1976cı il tarixli, 151 nömrəli əmri ilə “kombayner köməkçisi” vəzifəsinə təyin edilməsi ilə bağlıdır. Halbuki, əmək kitabçasından iddiaçının xx.xx.1976-cı il tarixli 155 nömrəli əmrlə sovxoza “traktorçumaşinist” vəzifəsinə işə qəbul edildiyini görmək mümkündür. Göründüyü kimi, istər əmrin nömrəsi, istərsə də iddiaçının tutduğu vəzifə arxiv çıxarışı və əmək kitabçasında fərqli yazılmışdır. Həmçinin, arxiv çıxarışına əsasən yuxarıda sözügedən əmrlərin hamısı sovxozun direktoru S.İlyasov tərəfindən imzalanmışdır. Lakin əmək kitabçasında sözügedən qeydlər kadr müfəttişi S.Musayev tərəfindən imzalanmışdır. İddiaçı mexanizator oxumağa getməsi ilə əlaqədar “Şərq” meyvəçilik sovxozundakı işindən müvəqqəti olaraq azad olunmuşdur. Belə ki, iddiaçının işdən çıxması arxiv çıxarışında xx.xx.1979-cu il tarixli 187 nömrəli əmr ilə, əmək kitabçasında isə xx.xx.1978-ci il tarixli, 187 nömrəli əmrilə rəsmiləşdirilmişdir. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1978-ci il tarixli, 17/M nömrəli əmr ilə 1735 nömrəli avtokolona işçi təyin edilmiş və 3cü dərəcəli sürücü kurslarına oxumağa göndərilmiş, xx.xx.1979-cu il tarixli 18/M nömrəli əmrlə kursları bitirməsi ilə bağlı işindən azad olunmuşdur. Sözügedən qeyd arxiv çıxarışında əks olunmamışdır. Həm də xx.xx.1979-cu il tarixli 187 nömrəli əmrlə sovxozdan işdən çıxarılma əmrində iddiaçının mexanizator oxumağa getməsi qeyd olunsa da əmək kitabçasına əsasən iddiaçı 3-cü dərəcəli sürücü kurslarına oxumağa getmişdir. Əmək kitabçasındakı sonuncu qeyd iddiaçının xx.xx.1979-cu il tarixli, 73 nömrəli əmr ilə sovxoza sürücü qəbul edilməsi ilə bağlıdır. Həmin qeyd arxiv çıxarışında da qeyd edilmişdir. Lakin arxiv çıxarışında mövcud olan növbəti qeydlər əmək kitabçasında öz əksini tapmamışdır. Arxiv çıxarışındakı növbəti qeyd xx.xx.1995-ci il tarixli, 30 nömrəli əmr ilə iddiaçının çilingər keçirilməsi ilə bağlıdır ki, həmin qeyd də əmək kitabçasında əks olunmamışdır. Arxiv çıxarışındakı sonuncu qeyd isə iddiaçının xx.xx.1997-ci il tarixində 15 nömrəli əmr ilə öz hesabına 1995-ci ildə 39 təqvim günü məzuniyyətə buraxılması ilə bağlıdır. İddiaçının işdən azad olunması ilə bağlı hər hansı məlumat nə arxiv çıxarışında, nə də əmək kitabçasında öz əksini tapmamışdır. Arxiv çıxarışına əsasən aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı protokolu ilə Quba rayonu “Şərq” meyvəçilik sovxozunun fəaliyyətinə xitam verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericilikdə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəməninin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə, nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən idarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Məhkəmənin qərar qəbul edərək yuxarıda qeyd olunanları nəzərə alınmasını və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

5. Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(118)-501/2022 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia təmin edilərək, İddiaçı 20 avqust 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Quba-Xaçmaz filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışır.

6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyası:

Maddə 149. Normativ hüquqi aktlar Vİ. mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri

63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti...

Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.

Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

13. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun:

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: (...) v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti (...)

Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər tələb olunur.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

19. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki şərt tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması.

20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşa görə əmək pensiyası təyin etməkdən imtinası əsassız olmuşdur.

21. Belə ki, AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur.

22. xx.xx.1972-ci il tarixdə tərtib edilmiş, İddiaçı məxsus 19 oktyabr 1972-ci il tarixli əmək kitabçasında onun xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək işlədiyi, xx.xx.1979-cu ildən işə qəbul olunduğu qeyd edilmişdir.

23. Azərbaycan Respublikasının Dövlət X3 xx.xx.2021-ci il tarixli, 846a saylı arxiv arayışında Quba rayonu “Şərq” meyvəçilik sovxozunun əmək haqqı cədvəllərinə əsasən İddiaçı 1971-1997-ci illərdə aldığı əmək haqlarının aylar üzrə məbləği qeyd edilmişdir.

24. Azərbaycan Respublikasının Dövlət X3 xx.xx.2021-ci il tarixli, 846 saylı arxiv çıxarışından görünür ki, İddiaçı Quba rayonu “Şərq” meyvəçilik sovxozunun 14 oktyabr 1972-ci il tarixli, 200 nömrəli əmri ilə ərizəsinə əsasən traktor parka çilingər qəbul edilmiş, 06 iyul 1974-cü il tarixli, 165 nömrəli əmr ilə hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmiş, 30 iyun 1976-cı il tarixli, 148 saylı əmr ilə kombayner təyin edilmiş, 30 avqust 1979-cu il tarixli, 187 saylı əmr ilə işdən azad edilmiş, 26 mart 1979-cu il tarixli, 73 saylı əmr ilə ərizəsinə əsasən avtoparka ehtiyat sürücü qəbul edilmiş, 27 yanvar 1997-ci il tarixli, 15 saylı əmr ilə öz hesabına məzuniyyətə buraxılmışdır.

25. Azərbaycan Respublikası Dövlət X3 540 saylı, 06 iyun 2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Şərq sovxozunun 1996-cı ilin əmək haqqı cədvəlləri 2001-ci ildə filiala təhvil verilib. 1996-cı ilin əmək haqqının hesablanması cədvəlində İddiaçı adı qeyd olunmuş, lakin adının qarşısında əmək haqları haqqında məlumat yoxdur. Şərq sovxozu 04 noyabr 1998-ci il tarixədək fəaliyyət göstərmişdir. Sənədlərdə İddiaçı 1996-1997-ci illərdə ödənişsiz məzuniyyətdə olması haqqında məlumat aşkar edilməmişdir.

26. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət-texniki peşə təhsili komitəsi tərəfindən verilmiş 500 saylı attestatın surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Quba rayon 3 №-li kənd texniki peşə məktəbini İİİ sinif tarktorçumaşınçı ixtsisası üzrə oxumuşdur.

27. НЗ ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 04 iyul 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

29. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

30. Yuxarıda qeyd olunan normalara əsasən müəyyən olunur ki, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri təqdim etmişdir.

31. Məhkəmə kollegiyası iddiaçının xx.xx.1972-xx.xx.1997-ci illərdə Quba rayon “Şərq” meyvəçilik sovxozunda işləməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X6 arayışında göstərilən illərin iddiaçının sığorta stajı kimi nəzərə alınmasında mötəbər sübut kimi qəbul edir.

32. Qeyd edilən illərin əmək kitabçası ilə təsdiq olunmaması, arxiv arayışı ilə əmək kitabçasında qeyd edilən illərin arasında uyğunsuzluğun olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının xx.xx.1972-xx.xx.1997-ci illərdə Quba rayon “Şərq” meyvəçilik sovxozunda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu.

33. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlillərini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir və belə olan halda, arxiv arayışı ilə əmək kitabçası arasında müəyyən uyğunsuzluqların olması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. İddiaçı tərəfindən təqdim edilən arxiv arayışlarındakı məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən mötəbər hesab olunur.

34. Beləliklə, iddiaçının xx.xx.1972-xx.xx.1997-ci illərdə Quba rayon “Şərq” meyvəçilik sovxozunda işlədiyi dövrlər, təhsil aldığı və hərbi xidmətdə olduğu dövr nəzərə alındıqda onun 25 ildən artıq sosial sığorta stajı və pensiya yaşına çatdığına görə yaşa görə əmək pensiyası almaq hüququ yaranır.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(118)-501/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar