Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-125/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “peşə xəstəliyi nəticəsində həlak olmuş ərinə görə aylıq müavinətin bərpa olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2-1(118)-1022/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı əri X4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt istehsal sahəsində işləmiş, ona “ikinci dərəcəli flüoroz-akromioklavikulyar oynaqların artrozu, diz oynaqlarının artrozu, xroniki zəhərli-toz bronxiti, ağciyərlərin emfizema, ikinci dərəcəli tənəffüs çatışmazlığı, ifadə olunan ağrı sindromu ilə xroniki qastrit. Xroniki xolesistoxolanqiohepatit. Nəzərə çarpan asteno nevrotik sindrom. Peşə hiperkeratozu” diaqnozlu peşə xəstəliyi ilə əlqədar 1989-cu il tarixdən ikinci dərəcəli əlillik təyin olunmuşdur. AZ-İ seriyalı, 079105 nömrəli “Ölüm haqqında şəhadatnamə” yə əsasən X4 xx.xx.2003-cü il tarixdə “baş beyinə qansızma” səbəbindən ölmüşdür. İddiaçıya peşə xəstəliyi nəticəsində həlak olmuş ərinə görə onun öldüyü xx.xx.2003cü il tarixdən xx.xx.2021-ci il tarixinədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt istehsal sahəsi tərəfindən aylıq müavinət ödənilmişdir. “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və "xxxx" (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2021-ci il tarixli, 2570 nömrəli Sərəncamının, eləcə də bu sərəncamın icrasının təmin edilməsi barədə AR Nazirlər Kabinetinin 16 aprel 2021-ci il tarixli, 245s nömrəli Sərəncamlarının icrasından irəli gələrək "xxxx" ASC-nin Sumqayıt istehsal sahəsində olan əmlaklar sökülmüş və həmin ərazi Sumqayıt Kimya Sənaye Parkına təhvil verilmiş, həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq ödəncin əvəzinə aylıq müavinətin məbləğinin və həmin ödəncin ödənilməsi qaydasına dair mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməsi tapşırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt istehsal sahəsi tərəfindən iddiaçıya 01 iyun 2021-ci il tarixli məktubla xəbərdarlıq edilərək müəssisənin ləğv edildiyi, bu baxımdan da müvafiq aylıq müavinətin ona 2021-ci ilin aprel ayından sonra AR Nazirlər Kabinetinin 16 aprel 2021-ci il tarixli, 245s nömrəli Sərəncamına əsasən ödəniləcəyi bildirilmişdir. İddiaçıya ödənilən aylıq müavinətin ödənişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Bununla razılaşmayan iddiaçı ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu X12 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək peşə xəstəliyi nəticəsində həlak olmuş ərinə görə ona ödənilən aylıq müavinətin bərpa olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” nın 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Vətəndaşın mərhum ərinin ölüm səbəbinin əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olduğu müəyyən edilməmişdir. Bu baxımdan, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mərhum əri X2 “Sumqayt Alüminium” Zavodunda işlədiyi müddət ərzində əmək qabiliyyətinin itirilməsinə görə ona ödənilən aylıq müavinətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri 1989-cu il tarixdən “ikinci dərəcəli flüoroz-akromioklavikulyar oynaqların artrozu, diz oynaqlarının artrozu, xroniki zəhərli-toz bronxiti, ağciyərlərin emfizema, ikinci dərəcəli tənəffüs çatışmazlığı, ifadə olunan ağrı sindromu ilə xroniki qastrit” diaqnozlu xəstəlikdən əziyyət çəkmiş, xəstəliyi ilə bağlı müxtəlif vaxtlarda stasionar və ambulator müalicələr almışdır. Müayinə və müalicələr nəticəsində ərinin xəstəliyinin onun iş funksiyası, əmək şəraiti nəticəsində baş verdiyi müəyyən edilmişdir. Bu səbəbəb, ona peşə xəstəliyi ilə əlaqədar 2-ci qrup əlillik təyin olunmuş, əri öldüyü tarixədək həmin pensiyanı almışdır. Həmçinin, 2008-ci il tarixdən iddiaçıya asma-buronxit diaqnozu ilə əlaqədar 2-ci qrup əlillik təyin olunmuşdur. Qanunvericiliyə uyğun olaraq əri vəfat edərkən 2-ci qrup əlil olduğundan onun peşə xəstəliyi ilə aldığı pensiyası iddiaçının adına keçirilmişdir. Aylıq müavinət ona xx.xx.2021-ci il tarixədək “Sumqayıt Alüminium” Zavodu tərəfindən ödənilmiş, həmin tarixdən dayandırılmışdır. Müavinətin bərpa olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassıdır. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, iddia tələbi bir neçə faktiki və hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. Belə ki, Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə - o cümlədən, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması şərtinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına həlak olduqda - minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği” nin 1.1-ci bəndinin 3-cü abzasına əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. İddiaçının mərhum həyat yoldaşı X2 İİ qrup əlilliyinə görə aylıq ödənc onun vəfat etdiyi xx.xx.2003-cü il tarixdən xx.xx.2021-ci il tarixədək İİ qrup əlilliyi olan həyat yoldaşı İddiaçı “Sumqayıt Alüminium” Zavodu tərəfindən ödənilmişdir. Bu səbəbdən də həmin əlilliyə görə aylıq ödənci ödəmək vəzifəsini “Sumqayıt Alüminium” Zavodu daşıyır. Odur ki, iddiaçı xx.xx.2021-ci il tarixədək aldığı aylıq ödənişin yenidən bərpa edilməsi üçün Dövlət Sosial Müdafiə Fondu X12 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yox, işlədiyi müəssisəyə, həmin müəssisə yenidən təşkil edildiyi halda isə hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Təqsirkar müəssisənin ləğv edildiyi halda isə işçinin sağlamlığına dəvən zərərin ödənilməsi qaydaları Mülki Məcəllə ilə tənzimlənir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2-1(118)-1022/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X9-Təcrübi və Tədris Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 2297 nömrəli məktubdan müəyyən olunur ki, təqdim edilmiş tibbi sənədlərə əsasən mərhum X2 İİ qrup əlillik diaqnozu (İİ dərəcə flüoroz) ilə onun ölümünə səbəb olan baş beyinə qansızma arasında səbəbli əlaqə mövcud deyil. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya mərhum ərinin peşə xəstəliyinə görə ödənilən aylıq müavinətin yenidən bərpa olunması qanunvericiliyə əsasən mümkün deyildir. Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertizası və X9-Təcrübi və Tədris Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 2297 nömrəli məktubda onun ərinin İİ qrup əlillik diaqnozu (İİ dərəcə flüoroz) ilə onun ölümünə səbəb olan baş beyinə qansızma arasında səbəbli əlaqənin mövcud olmadığı qeyd edilmişdir. İddiaçı həmin məktubda qeyd edilənlərlə razılaşmır. Belə ki, onun mərhum əri illərlə yataq xəstəsi olmuş, yataq xəstəsi olmasına səbəb də məhz istehsalatda aldığı xəsarətlər olmuşdur. Yerində uzun müddət uzanılı vəziyyətdə olması da deyilən xəstəliklərin artmasına səbəb olmuşdur. Bu baxımdan, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən haqlı olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 xx.xx.2023-cü il tarixli, 2297 nömrəli məktubla bildirilmişdir ki, X4 1989, 1990, 1991-ci illərdə müxtəlif vaxtlarda mərkəzdə “İİ dərəcə flüoroz” diaqnozu ilə müayinə və müalicədə olmuş, xx.xx.2003-cü il tarixdə baş beyinə qansızmadan vəfat etmişdir. Sənədlərə əsasən onun İİ qrup əlillik diaqnozu (İİ dərəcə flüoroz) ilə onun ölümünə səbəb olmuş baş beyinə qansızma arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının mərhum ərinin müxtəlif vaxtlarda mərkəzdə “İİ dərəcə flüoroz” diaqnozu ilə müayinə və müalicədə olduğu tarix 1989, 1990, 1991-ci illər, lakin onun ölüm tarixi isə xx.xx.2003-cü il tarixdir. Həmin müalicədə olma tarixi ilə ölümü arasında 13-14 il vaxt keçməsi ilə də bu qənaətə gəlmək mümkündür ki, mərhumun İİ qrup əlillik diaqnozu (İİ dərəcə flüoroz) ilə ölümünə səbəb olan baş beyinə qansızma arasında səbəbli əlaqə mövcud deyildir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə və apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”: İ. Ümumi müddəalar Bu Qaydalar “Azərbaycan Respublikasında 1995–1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. İİ. Qaydaların tətbiq dairəsi 2.1. Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. İİİ. Aylıq müavinətin məbləği 3.1. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aşağıdakı məbləğlərdə aylıq müavinət verilir: 3.1.1. peşə əmək qabiliyyəti itirildikdə – minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq); 3.1.2. həlak olduqda – minimum aylıq əməkhaqqı məbləğində. İV. Aylıq müavinəti seçmək hüququ 4.1. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrindən istehsalat qəzası və yaxud peşə xəstəliyi üzrə, eləcə də bu səbəbdən ailə başçısını itirməyə görə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə müvafiq qaydada aylıq müavinət almaq hüququna malikdirlər. (-) 5.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”
1. ÜMUMİ MÜDDƏALAR 1.1. Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.
2. Zərərçəkənə dəymiş zərərə görə ödənclərin növləri və miqdarı 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi vəödənilməsi Qaydası:
1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları" nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına (bundan sonra – Qurum) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Qurumlar və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər. Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahılarda adları olmayan işçilər tərəfindən müavinət alınması üçün müraciət olunduğu halda, müavinət almaq hüququ təqsirkar müəssisənin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının (qurumlarının) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunur. Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunduğu halda, komissiya bu barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunmadığı halda, komissiya imtinanın səbəbi göstərilməklə müraciət edən şəxsə məlumat verir.
“Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və "xxxx" (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2021-ci il tarixli, 2570 nömrəli Sərəncamı
“Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və "xxxx" (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2021-ci il tarixli, 2570 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2021-ci il tarixli, 245s nömrəli Sərəncamı
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin faktiki hallarından görünür ki, iddiaçının əri X4 “Sumqayıt Alüminium” Zavodunda işləmiş, o, “ikinci dərəcəli flüoroz-akromioklavikulyar oynaqların artrozu, diz oynaqlarının artrozu, xroniki zəhərli-toz bronxiti, ağciyərlərin emfizema, ikinci dərəcəli tənəffüs çatışmazlığı, ifadə olunan ağrı sindromu ilə xroniki qastrit. Xroniki xolesistoxolanqiohepatit. Nəzərə çarpan asteno nevrotik sindrom. Peşə hiperkeratozu” diaqnozlu peşə xəstəliyi ilə əlaqədar 1989-cu il tarixdən ikinci dərəcəli əlil olmuşdur. M.H.Rzayev xx.xx.2003-cü il tarixdə “baş beyinə qansızma” səbəbindən ölmüşdür. Həmin tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçıya peşə xəstəliyi nəticəsində həlak olmuş ərinə görə müəssisə tərəfindən aylıq müavinət ödənilmişdir. xx.xx.2021-ci il tarixdən həmin aylıq müavinətin ödənişi dayandırılmışdır. Hazırki mübahisə predmeti cavabdehin iddiaçıya peşə xəstəliyi nəticəsində həlak olmuş ərinə görə ödənilən aylıq müavinətin bərpa edilməsi barədədir. Birinci instansiya məhkəməsi “Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya” X12 xx.xx.2023-cü il tarixli, 2297 nömrəli məktubuna istinad edərək M.H.Rzayevin “ikinci dərəcəli flüoroz” diaqnozlu peşə xəstəliyi ilə onun ölümünə səbəb olan “baş beyinə qansızma” diaqnozlu xəstəliyi arasında səbəbli əlaqənin mövcud olmadığını, bu baxımdan, iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdehin imtina məktubu və iddia ərizəsinə etirazının dəlilləri iki hissədən ibarətdir: 1) Aylıq müavinətin cavabdeh tərəfindən deyil, təqsirkar müəssisə tərəfindən ödənilməli olması; 2) İddiaçının ərinin ölüm səbəbinin əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olmamasıdır. Məhkəmə kollegiyası cavabehin 1-ci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: İddiaçının mərhum ərinə münasibətdə işəgötürən müəssisənin hüquqi varisinin hansı orqan və ya qurum olması ilə bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, “Sumqayıt Alüminium” Zavodunun ayrıca hüquqi şəxs statusu olmamaqla, zavod "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt istehsal sahəsi kimi fəaliyyət göstərmişdir. “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və "xxxx" (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2021-ci il tarixli, 2570 nömrəli Sərəncamının icrası məqsədilə AR Nazirlər Kabinetinin 16 aprel 2021-ci il tarixli, 245s nömrəli Sərəncamına əsasən "xxxx" ASC-nin Sumqayıt istehsal sahəsində olan əmlaklar sökülmüş və həmin ərazi qeyd olunan sərəncamlara əsasən Sumqayıt Kimya Sənaye Parkına təhvil verilmişdir. Sözügedən məktubda istinad edilən “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və "xxxx" (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2021-ci il tarixli, 2570 nömrəli Sərəncamının 1.1.1-ci bəndinə əsasən "xxxx" Səhmdar Cəmiyyətinin Sumqayıt istehsalat sahəsinin istifadəsində olan .................... ümumilikdə 75.4 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki X5 Agentliyinin daimi istifadəsinə verilməsinin təmin edilməsi qərara alınmışdır. Həmin sərəncamın icrasının təmin edilməsi barədə AR Nazirlər Kabinetinin 16 aprel 2021-ci il tarixli, 245s nömrəli Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə .................... aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən aylıq müavinətin ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı nəzərə alınmaqla, məbləğin və həmin ödəncin ödənilməsi qaydasına dair mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməsi həvalə edilmişdir. İşin sadalanan hallarından göründüyü kimi iddiaçının mərhum ərinin işlədiyi və peşə xəstəliyi "xxxx" Səhmdar Cəmiyyətinin Sumqayıt istehsalat sahəsinin istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki X5 Agentliyinin daimi istifadəsinə verilmiş, bununla əlaqədar özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin peşə xəstəlikləri nəticəsində ölmüş işçilərinin ailə üzvlərinə verilən aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən aylıq müavinətin məbləğinin və həmin ödəncin ödənilməsi qaydasına dair mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Həmçinin, kollegiya qeyd edir ki, hazırki işlə oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Belə ki, baxılmış bu tip işlərdə (2-1(102)-37/2022 saylı, 2-1(102)-348/2022 saylı, 2-1(102)- 1530/2022 saylı) qanunvericiliyin müvafiq norma və müddəalarına istinad etməklə birmənalı olaraq istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək vəzifəsi Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Məhkəmə kollegiyası hazırki işin hallarının formalaşmış məhkəmə təcrübəsinə uyğun olduğu qənaətinə gəlir və öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları” nın 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Həmin Qaydaların 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Həmin Qaydaların xx.xx.2010-cu il tarixinə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir. Yuxarıda istinad olunan normaların məzmunundan və onların müddəalarının təhlilindən göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin ödənilməsinə məsul olan və cavabdehlik daşıyan subyektlərin dairəsi və bununla bağlı hüquqi varislik məsələsi tam şəkildə tənzimlənməmişdir. Hazırkı mübahisəyə münasibətdə işəgötürən müəssisənin hüquqi şəxs kimi ləğv edildiyi nəzərə alındıqda, həmin müəssisənin xəsarət almış işçilərinə ödənilməli olan ödənclərin kim tərəfindən ödənilməsi məsələsi həllini tapmamışdır. Lakin istinad edilən Qaydaların 3.7 və 3.8-ci bəndlərinin xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyalarında oxşar münasibətlər üzrə ödənclərin ödənilməsinin üsulu və qaydası tənzimlənirdi. Həmin normalara əsasən, ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun mədudlaşdırılmasına səbəb ola bilməz. Nəzərə alınmalıdır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz. Bundan əlavə, bu məsələnin həlli zamanı həm də bərabər yanaşma prinsipi, layiqli həyat səviyyəsinin təmin olunması və sosial həssas qrupa aid olan şəxslərin sosial təminatı ilə bağlı dövlətin məsuliyyəti kimi konstitusion hüquqi dəyərlər də nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 12-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 25-ci maddəsinin 5-ci hissəsinə görə, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Odur ki, mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun mədudlaşdırılmasına səbəb ola bilməz. Nəzərə alınmalıdır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən əmək xəsarəti nəticəsində sağlamlığına dəymiş zərərə görə, ödənişi dayandırılmış ödəncin ona cavabdeh tərəfindən həyata keçirilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Kollegiya işin sadalanan faktiki və hüquqi hallarını qarşılıqlı qiymətləndirərək hesab edir ki, hazırki iş üzrə aylıq müavinətin ödənilməsi öhdəliyini cavabdeh orqan daşıyır və o, iddia tələbinə cavab verməli olan orqandır. Odur ki, cavabdehin 1-ci dəlili əsassızdır. Kollegiya cavabdehin 2-ci, yəni iddiaçının ərinin ölüm səbəbinin əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olmaması dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Qaydaların yuxarıda istinad edilən bəndlərinin tələblərindən müəyyən edildiyi kimi aylıq müavinət dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilir. Yəni, burada diqqət yetirilməli olan məqam həlak olmuş işçinin ölüm səbəbinin məhz həmin peşə xəstəliyi olmasıdır. Qeyd olunan məsələ həm birinci instansiya, həm də apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya” X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2297 nömrəli məktubdan görünür ki, təqdim edilmiş tibbi sənədlərə əsasən mərhum X2 ikinci qrup əlillik diaqnozu – “ikinci dərəcə flüoroz” ilə onun ölümünə səbəb olan “baş beyinə qansızma” arasında səbəbli əlaqə müəyyən edilməmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində mərhum ərinin peşə xəstəliyi nəticəsində uzun illərlə yataq xəstəsi olduğunu və hərəkətsiz vəziyyətdə qalması səbəbindən xəstəliyinin daha da ağırlaşdığını bildirmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilillərinə əsasən “Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya” X11 sorğu verərək iddiaçının mərhum ərinin öldüyü tarixədək yataq xəstəsi olması nəzərə alınaraq, onun “ikinci dərəcəli flüorozakromioklavikulyar oynaqların artrozu, diz oynaqlarının artrozu, xroniki zəhərli-toz bronxiti, ağciyərlərin emfizema, ikinci dərəcəli tənəffüs çatışmazlığı, ifadə olunan ağrı sindromu ilə xroniki qastrit. Xroniki xolesistoxolanqiohepatit” diaqnozlu xəstəliyi ilə “baş beyinə qansızma” diaqnozlu xəstəliyi arasında səbəbli əlaqənin mövcud olub-olmaması barədə məhkəməyə rəy verilməsi xahiş olunmuşdur. X15 kollegiyanın sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli, 2297 nömrəli rəydə yuxarıda qeyd olunan məktubla eyniməzmunlu cavab verərək M.H.Rzayevin “ikinci dərəcə flüoroz” diaqnozlu peşə xəstəliyi ilə onun ölümünə səbəb olan “baş beyinə qansızma” diaqnozu arasında səbəbli əlaqənin olmadığını bildirmişdir. Bununla da, müəyyən edildi ki, iddiaçının ərinin ölüm səbəbi peşə xəstəliyi olmamışdır. Bu baxımdan, dolayısı ilə iddiaçı qanunvericiliyin tələblərinə müvafiq olaraq peşə xəstəliyi nəticəsində həlak olmuş işçinin ailə üzvü statusuna malik deyildir və hazırki məzmunda aylıq müavinəti almaq hüququ yoxdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin imtinası və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir, apellyasiya şikayətinin dəlilləri isə məhkəmə qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2-1(118)-1022/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.