Məhkəmə qərarları › İş №2-1(105)-125/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-125/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-125/2025 31.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun hüququ yarandığı xx.xx.2023-cü il tarixdən (60 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1523/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1963-cü il təvəllüdlüdür. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubundan görünür ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajının müddəti 12 il 6 aydan az (10 il 8 ay 7 gün) (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1984cü il, xx.xx.1996- xx.xx.2005-ci il tarixləri arasındaki dövrlər) təşkil edir. Əlavə olaraq bildiririk ki, 2008-cı ilin yanvar, fevral, aprel, iyun, iyul, avqust, sentyabr, noyabr ayları və 2010-cu ilin yanvar, fevral, mart, aprel, may ayları üzrə işlədiyiniz müddətdə (13 ay) ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər iddiaçının sosial sığorta stajına aid edilmədiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi aylar onun iş stajına daxıl edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı fərdi şəxsi hesabında 2010-cu il üzrə məlumat aşkar edilməmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra - Qayda) 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun hüququ yarandığı xx.xx.2023-cü il tarixdən (60 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqəşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “onun hüququ yarandığı xx.xx.2023-cü il tarixdən (60 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilədək peşə məktəbində təhsil almış, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək hərbi xidmətdə olmuş, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək elektrik qaynaqçı, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək sürücü, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək sürücü, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək sürücü, 19 12.1987-ci ildən xx.xx.1996-cı ilədək sürücü, xx.xx.1996-cı ildən xx.xx.2005-ci ilədək elektrik qaynaqçı, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək qaynaqçı vəzifələrində işləmişdir. Ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh tərəfindən əsassız olaraq iddiaçının müraciətindən imtina olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iş materiallarına əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2023- cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. İddiaçının müraciət ərizəsi və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-201680/2023 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7- ci maddəsiadə nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, vətəndaşın zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajının müddəti 12 il 6 aydan az (10 il 8 ay 7 gün) (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1996xx.xx.2005-ci il tarixli arasındaki dövrlər)) təşkil edir. Əlavə olaraq bildiririk ki, 2008-cı ilin yanvar, fevral, aprel, iyun, iyul, avqust, sentyabr, noyabr ayları və 2010-cu ilin yanvar, fevral, mart, aprel, may ayları üzrə işlədiyiniz müddətdə (13 ay) ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər iddiaçının sosial sığorta stajına aid edilmədiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi aylar onun iş stajına daxıl edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbinin əsassız və qanunazidd olduğu nəticəsinə gəlmək mümkündür. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1523/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququ yarandığı xx.xx.2023-cü il tarixdən (60 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İnzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmək kitabçasından, iş materiallarında olan “Mistan” firması tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli və 29 fevral 2024-cü il tarixli arayışdan arayışlardan görünür ki, o, xx.xx.1980-ci ildən - xx.xx.1981-ci ilədək; xx.xx.1984-cü ildən - xx.xx.1984-cü ilədək; xx.xx.1996-cı ildən-xx.xx.2005-ci ilədək (cavabdeh orqanın yazılı etiraz ərizəsinin məzmunundan da aydın olur ki, həmin dövlər güzəştli şərtlərlə pensiya hüququ verən staj olaraq mübahisələndirilmir) xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə çalışmışdır. Cavabdeh orqan iddiaçının sosial sığorta stajını hesablayarkən onun “Mistan” firmasında işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları (ümumilikdə 13 ay) 2008-ci ilin yanvar, fevral, aprel, iyun, iyul, avqust, sentyabr, noyabr və 2010-cu ilin yanvar, fevral, mart, aprel, may ayları üzrə ödənilmədiyindən həmin dövrləri nəzərə almamışdır. Lakin inzibati iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından, “Mistan” firması tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək olan dövrlərdə həqiqətən də, Mistan” firmasında avtomobillərin təmir sexində əl qaynaqçısı vəzifəsində işləmiş və əməkhaqqı almışdır. Göründüyü kimi iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məcburi sosial sığort haqqları 2006-cı ildən sonrakı dövrlər üzrə ödənməsə də, müəssisənin həmin dövrlər üzrə fəaliyyət göstərməməsi barədə cavabdeh orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ verən iş stajı hesablanarkən onun 2008-2010-cu illərdə “Mistan” firmasında işlədiyi dövrləri nəzərə almasından imtinası tam əsassız olmuşdur. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya hüququ verən iş stajının qəbul edilməsindən imtinanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı güzəştli iş stajı 12 il 7 gün (xx.xx.1980-xx.xx.1981-ci il. xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1996-xx.xx.2005ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2009-cü il tarixləri arasındakı dövrlər) təşkil etməkdədir. Əlavə olaraq 2008-cı ilin yanvar, fevral, aprel, iyun, iyul, avqust, sentyabr, noyabr ayları və 2010-cu ilin yanvar, fevral, mart, aprel, may ayları üzrə işlədiyi müddətdə (13 ay) ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi nesabının sığorta hissəsində öz əksini tapmamışdır. Belə ki, xx.xx.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə xx.xx.2006-cı il tarixdən xx.xx.2007- ci ıl tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin edildiyi müəyyən edilmir. Məhkəmə iddia tələbini bu hissədə təmin edərkən ümumən iddiaçının müvafiq müəssisədə işlədiyi dövrün əmək kitabçasında qeydə alınmasına istinad etmiş, lakin iddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə əhəmiyyət verməmişdir. İddiaçının 2008-cı ilin yanvar, fevral, aprel, iyun, iyul, avqust, sentyabr, noyabr ayları və 2010-cu ilin yanvar, fevral, mart, aprel, may ayları üzrə işlədiyi müddətdə (13 ay) ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçı tərəfindən ödənilməməsinə baxmayaraq, iddia tələbini təmin etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı X4 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti .... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6- cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsindən ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı 10 il 8 ay 7 gün güzəştli iş stajına malik olduğundan, qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına aid şərt ödənilmir, 2008-cı ilin yanvar, fevral, aprel, iyun, iyul, avqust, sentyabr, noyabr ayları və 2010-cu ilin yanvar, fevral, mart, aprel, may ayları üzrə işlədiyiniz müddətdə (13 ay) ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığından, nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, pensiya yaş həddi xx.xx.2023-cü il tarixdə tamamlanmışdır. İddiaçının qanunla tələb olunan azı 25 il iş stajına malik olması halı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, iş materiallarında olan sənədlər (hərbi bilet, təhsil aldığı dövr və s.) və əmək kitabçasında olan dövrləri nəzərə alındıqda, iddiaçıya münasibətdə azı 25 il ümumi iş stajına malik olması halı öz təsdiqini tapmışdır. Eyni zamanda, cavabdeh iddiaçının 12 il 7 gün güzəştli iş stajına malik olduğunu qəbul edir. Həmçinin, qeyd edilməlidir ki iddiaçının işlədiyi qaynaqçı peşəsi qnaunvericilik normasının tələbinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olmaqla, həmin hal cavabdeh tərəfindən qəbul edilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə 12 il 6 ay güzəştli iş stajına aid şərtin ödənilmədiyini, iddiaçının güzəştli peşə üzrə işlədiyi dövrlə bağlı 2008-2010-cu illər üzrə 13 aya aid dövrlə bağlı məcburi dövlət sosial sığorta haqqları ödənilmədiyindən, həmin dövrün nəzərə alınmadığını qeyd edir. Kollegiya işin mübahisəli halları ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2008-xx.xx.2010-cu illərdə Mistan firmasında avtomobillərin təmiri sexində əl qaynaqçısı vəzifəsində işləmiş, habelə işəgötürən tərəfindən müvafiq Siyahı üzrə (2 nömrəli Siyahı Ümumi peşələr, 23200000-19906 kod) həmin peşənin güzəştli pensiya hüququ verən peşəyə aid olması barədə arayış təqdim edilmişdir. İş materiallarından görünür ki, iddiaçının 2008-2010-cu illərdə işlədiyi dövr üzrə 2010-cu ilə aid məlumat aşkar edilməmiş, 2008-2009-ci ilin müvafiq ayları (13 ay) üzrə məcburi sosial sığorta haqqı ödənilməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən 2008-2010-cu ilə müəyyən dövrlərin məcburi sosial sığorta haqqının ödənilməməsi əsası ilə həmin ayların iş stajı kimi nəzərə almamaqda haqlı olmuşdur. Belə ki, qeyd edilən dövrlər üzrə sosial sığorta haqqının ödənilməməsi halı iş materialları əsasında öz təsdiqini tapmışdır. xx.xx.2006-ci il tarixdən sonra qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən əmək fəaliyyəti dövrlərinin iş stajı kimi nəzərə alınması üçün zəruri olan şərt məhz həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsidir. İndiki halda isə iddiaçıya münasibətdə qeyd eidlən dövrlərlə bağlı həmin halın müəyyən edilməsi mümkün olmadığından, cavabdeh inzibati orqanın hərəkətləri həmin hissədə əsaslı olmuşdur.Bu baxımından kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı 1978-1980-ci illərdə elektrik qaynaqçısı peşəsi üzrə təhsil almış, 24 iyul 1980-ci ildə Azərsənayetikinti Birliyinin 2 №li Trestində elektrik qaynaqçısı peşəsi üzrə işə qəbul olunmuş, xx.xx.1981-ci ildən 28.111983-cü ilədək hərbi xidmətdə olmuş, hərbi xidmətdə olduğu dövrdə qaynaqçı peşəsində işləmiş, bu barədə hərbi biletin məzmununda qeyd aparılmış, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1984-cü ildə həmin işyeri və peşə üzrə əmək fəaliyyətini davam etdir, xx.xx.1984-cü ildə həmin peşə üzrə işdən azad edilərək, başqa peşə üzrə işləməyə davam etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, SSSR Nazirlər Sovetinin 3 avqust 1972-ci il tarixli 590№li qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 09-cu maddəsinin “k” bəndinə əsasən iş fəaliyyəti dövrlərindən başqa hərbi xidmətdə olduğu dövr də daxildir, habelə həmin maddəyə əsasən şəxsə güzəştli əsaslarla yaşa görə pensiyaya çıxdıqda onun hərbi xidmətdə olduğu dövrü onun seçimi əsasında hərbi xidmətdən əvvəlki və ya sonrakı dövrə aid peşəsi üzrə əmək fəaliyyəti aid dövrə birləşdirilməklə, güzəştli iş stajı kimi nəzərə alınır. İndiki halda işin mübahisəsiz hallarından görünür ki, iddiaçı 1981-1983-cü illərdə hərbi xidmətdə olmuş və hərbi xidmət dövründə qaynaqçı peşəsində işləmiş, bu barədə hərbi biletdə qeyd aparılmışdır. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi xidmətdən öncə qeyd edilən peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmuş, hərbi xidmətdə olarkən həmin peşə üzrə fəaliyyət göstərmiş, habelə hərbi xidmətdən qayıtdıqdan sonra da həmin peşə üzrə əmək fəaliyyətini davam etdirmişdir. Bu halda kollegiya hesab edir ki, həmin dövrdə qüvvədə olan qeyd edilən qanunvericilik normasının dispoztiv şərtlərinə əsasən işin müəyyən edilmiş həmin halları iddiaçının hərbi xidmətdə qaynaqçı kimi işlədiyi dövrlərin ona münasibətdə güzəştli iş stajı kimi nəzərə alınması üçün əsas hesab olunur.Bu baxımından kollegiya hesab edir ki, iddiaçının hərbi xidmətdə olduğu (qaynaqşı peşəsində işi yerinə yetirdiyi) 1981-1983-cü illər (iki il müddət) və cavabdehin mübahisələndirmədiyi 12 il 7 gün nəzərə alındıqda, iddiaçıya münasibətdə qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına aid şərt ödənilmiş olur. Nəticə etibarilə kollegiya hesab edir ki, indiki halda iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər (pensiya yaş həddi, ümumi və güzəştli iş stajına aid şərtlər) ödənildiyindən, iddiaçının güzəştli əsaslarla yaşa görə pensiya hüququ yaranmışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi düzgün düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1523/2024 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar