Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1254/2025 25.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri X1 (sədrlik edən, məruzəçi hakim), hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı “artıq ödədiyi təhsil haqqının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4232/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “artıq ödədiyi 1913 manat təhsil haqqının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildə Bakı Slavyan Universitetinə qəbul olmuş, 26 avgust 2019-cu il tarixində A-436 nömrəli müqaviləni imzalamışdır. Onun təhsil planı 240 (iki yüz qırx) kredit müəyyən edir. Universitetinin isə ona təqdim etdiyi kreditlərin sayı isə 158 manatdır. Bunlar onun fərdi planında əks etdirilib. Yerdə qalan 82 manat kredit 3,5,6,7 semestrlərə aiddir. Bu semestrlərin planları ya mövcud deyil yada ki, bu semestrlərdə ona az kredit təqdim olunub. 8 semestrə 240 kredit yığmaq üçün tələbəyə hər semestr 30 kredit təqdim olunmalıdır. Bu dekanatın səhlənkarlığıdır. Əgər ona fərdi planlar düzgün təqdim olunsa idi və o həmin fərdi planları imzalamaqdan imtina etsə idi və ya fərdi planları imzalayıb, lakin fənnlərdən hər hansı bir səbəbdən kəsilsəydi, bu onun səhlənkarlığı olardı. İddiaçı bu 82 kreditin ödənişini etmişdir. Onun illik təhsil ödənişi 1400 manatdır. 82 kredit isə 1913 azn edir (1400:60x82). Dekanata bu barədə məlumat versə də deyirlər ki bu onların günahı deyil. 3 və 4 semestrlər üzrə ona fərdi plan ümumiyyətlə təqdim olunmayıb. Yəni ona təhsil verilməyib. Bu 60 kredit edir. 6 semestrdə ona 26 kredit təqdim olunub. 7 semestrdə isə 12 kredit təqdim olunub. Ümumilikdə ona 82 kredit təqdim olunmayıb. Ümumilikdə onun tərəfindən 4900 manat təhsil haqqı və 1093 azn akademik borc ödənilib. Ona təqdim olunmayan fənnlərə görə akademik borcları ödəyib alt qruplarda iştirak edir. Dekanatın dediyinə görə o 4 ilin təhsil haqqını ödəməli-yəni 5600 azn. O artıq 5993 azn ödəmişdir. Onun üçün təhsil haqqı və ya akademik borc arasında fərq yoxdur. Akademik borcu tələbə fərdi planı imzalayıb və fənndən kəsiləndə ödəyir. Yəni tələbəyə bir dəfə kredit yığma şansı verilir və o bu şansdan istifadə edə bilməsə (fənndən kəsilsə) ikinci dəfə ödəniş etməlidir. Bu fənnləri ilk dəfə götürür, lakin onlara görə ikinci dəfə ödəniş edir. Ödəniş edən üçün ödəniş növünün təhsil haqqı və ya akademik borc olmağı fərq etmir. Onun günahı olmadan yaranan akademik borclara görə 1773 azn ödəniş etməlidir. Bunlar azmış hələ sistemdə onun adına təhsil haqqı üzrə borc göstərilir- 700+700=1400. Cavabdehin iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırmışdır ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Alt təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili qaydaları”nın 4.6-cı bəndinə əsasən, Ödənişli əsaslarla əyani təhsilalma forması üzrə ali təhsil müəssisəsinə qəbul olunan tələbəyə tədrisə tam cəlb olunma (fulltime) və ya qismən cəlb olunma (parttime) növü üzrə təhsil almaq hüququ verilir. Bu halda tədrisə tam cəlb olunan (fulltime) tələbənin normativ təhsil müddətində illik təhsil haqqı tədris ilinə, tədrisə qismən cəlb olunan (parttime) tələbə üçün isə bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun fərdi tədris qrafikinə əsasən götürdüyü fənlərin kreditlərinə görə müəyyənləşdirilir. Qanunvericiliyin tələblərini nəzərə alaraq, tələbə tədrisə tam cəlb olunduğu üçün (fulltime) onun təhsil haqqı götürdüyü fənlərin kreditlərinə görə deyil tədris ilinə görə hesablanmışdır, İddiaçı təhsil haqqı 1400 AZN təşkil edir. Tələbə tərəfindən 3 tədris ili üzrə təhsil haqqı ödənilmişdir, lakin 4-cü tədris ili üzrə 1400 AZN təhsil haqqı borcu mövcuddur. Tələbənin digər ödənişlərinin təyinatı təhsil haqqı kimi deyil, kredit haqqı olaraq nəzərə alınmışdır. Başqa sözlə digər ödənişlər akademik borclar üçün edilmişdir. Əlavə olaraq qeyd edir ki, tələbə fərdi tədris planında qeyd olunmuş fənlərin dərslərində və imtahanlarında iştirak etmiş və müvafiq balla qiymətləndirilmişdir. (BSU-nun 372/3 saylı Əmrinə əsasən bəzi fənn adlarında dəyişiklik edilmişdir). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4232/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tələbə tədrisə tam cəlb olunduğu üçün (fulltime) onun təhsil haqqı götürdüyü fənlərin kreditlərinə görə deyil tədris ilinə görə hesablanmalıdır. İddiaçı təhsil haqqı 1400 AZN təşkil edir. Onun tərəfindən 3 tədris ili üzrə təhsil haqqı ödənilmiş, lakin 4-cü tədris ili üzrə 1400 AZN təhsil haqqı borcu mövcuddur. Tələbənin digər ödənişlərinin təyinatı təhsil haqqı kimi deyil, kredit haqqı olaraq Universitet tərəfindən nəzərə alınmışdır. Yəni tələbənin digər ödənişləri akademik borclar üçün edilmişdir. İddiaçı fərdi tədris planında qeyd olunmuş fənlərin dərslərində və imtahanlarında iştirak etmiş və müvafiq balla qiymətləndirilmişdir. Bu fakt iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə hərəkətləri qanuni olmuşdur. Belə olan halda cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardan narazıdır. Belə ki, ikinci kursun (3 və 4 semestrin) tam 1400 man pulunu + 3-cü kursun 6-cı semestrində ona 1-ci kursda keçdiyi "Dildən praktikum 1 fənni təkrar fərdi planına dekanat tərəfindən yazıldığı üçün ya dekanat səhfini düzəldib ona başda fənn ilə əvəz etməli idi. Bu fənni etməyib deyə bu fənnin ödənişi 93 manat geri ödəməlidir + 4cü kursun 7 semestrində ona cəmi 3 fənn verilib, lakin 700 manat ödəmişdir. 3 fənn edir 280 manat, 700-280=420manat geri ödəməlidir. Ümumi 1913 manat pul edir. Bütün ödəniş gəbzlərini, fərdi planları (1,3 və 4-cü kursa mövcuddur fərdi planlar) birinci instansiya məhkəməsinə təgdim etsə də, məhkəmə işə tam, hərtərəfli, obyektiv və ədalətli baxmayıb, onun təqdim etdiyi sübutları, gəbzləri, bütün ərizələrinə, vəsatəti nəzərə alınmayıb və hüquqlarının tam təmin edilməsinə şərait yaradılmayıb. Qərarda məhkəmə geyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak edib və iddianın rədd etməyi xahiş edib. İş üzrə altı məhkəmə iclası keçirilib. Onu daimi nümayəndəsi təmsil edib. İlk məhkəmə iclasında garşı tərəf gəlməyib. Nümayəndəsi bütün iclaslarda iştirak etsə də bu barədə məhkəmə bildirişinin kötüyünə imza atması üçun təqdim edilməyib. 25 yanvar 2025-ci il tarixli saxta 2023/2024 tədris ilinin fərdi planın əslini əldə edib dekanatda və anası vermişdir. Həmin sənəddə cavabdeh tərəfindən həm ona verilən fənnlərin sayı üç ola-ola saxtalaşdırılıb, həm də səkkiz fənn və şəxsi imzası saxtalaşdırılıb. Saxtalaşdırma yolu ilə cavabdeh bu sənəd üzrə borclu olduğu 420 manatı geri ödəməsin deyə belə ganunsuz hərəkətlərə yol verib. Anası həmin saxta sənədin əslini Sumqayıt İnzibati Məhkəməsinin dəftərxanasına ərizə ilə təgdim edib və 4232 saylı işə həmin sənəd əlavə edilib. Məhkəmə ikinci məhkəmə iclasında gərardad çıxarıb ki, dediyi saxta fərdi plan forma 4 (2023/2024 tədris ili) göndərilsin. Xətşunaslıq ekspertizası təyin edilsin və iş üzrə icraat dayandırılsın. Anası məhkəmə iclasında iştirak etsə də iştirak blankı imzalamaq üçün ona verilməyib. Xətşunaslıg ekspertizası da dediyini təstiq edib. Onun şəxsi imzası saxtalaşdırılıb. 3-cü məhkəmə iclasında anası yenə tək iştirak edib. Cavabdeh məktub yazıb ki, xarici ölkədədi, məzuniyyətdədir. Yenə anasına imza etməyə məhkəmə bildirişinin kötüyü verilməyib. 4-cü məhkəmə iclasında anası yenə də tək iştirak edib. 5-ci məhkəmə iclası olub, yenə anası tək iştirak edib. Yenə anasına imza etməyə məhkəmə bildirişinin kötüyü verilməyib. Anasına məhkəmə tərəfindən deyilib ki, garşı tərəf 1 həftə vaxt istəyir. 6-cı məhkəmə iclasında cavabdehin nümayəndəsi bilirdi ki, artıq qərar elan olunacaq, ona görə məhkəmə iclasında iştirak edib. Məhkəmə gərarı elan edib, nümayəndə məhkəmə iclasını tərk edib. Qərarda qeyd olunur ki, garşı tərəf məhkəmədə iştirak edib. Axı bu həqiqət deyil. Qarşı tərəfin nümayəndəsinə suallar vermək və mövgeyini açıqlamaq imkanım tam şəkildə məhkəmə tərəfindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən obyektiv və qərəzlik prinsiplərini tam təmin etməmişdir. Qərarda cavabdeh tərəfin yazdığları məlumatlar üstün tutulmuş, halbuki onlar düzgün deyillər, həqiqəti əks etdirmirlər. Onun təgdim etdiyi sübutlar isə lazımı gaydada araşdırılmamış və giymətləndirilməmişdir. Bu hal məhkəmənin tərəflərə bərabər yanaşma prinsiplərinin pozulduğunu ğöstərir. Onun tələb etdiyi 1913 manat təhsil haqqına aiddir. 2019-cu ildə BSU-nə gəbul olunmuş, illik ödənişi 1400 man olub. 4 illik təhsil haqqı 1400+1400 +1400 +1400=5600 manatdır. 4900 manat ödəmişdir. 5600- 4900=700manat. Onun BSU-nə cəmi 700 man borcu var, praktika pulu, 4cü kursun ikinci yarımilliyinin pulu, 8-ci semestrin. Cavanbdeh isə etirazda yazır ki, güya onun 1400 man 4-cü kursun borcu var. Necə olur ki, məhkəməyə təqdim etdiyi gəbzlərdə 4900 manat ödəniş məbləği var, məhkəmə isə cavabdehin etirazda yazdığı məlumata inanıb onun ödəniş gəbzlərini nəzərə almayıb. Qərarda həqiqəti əks etdirməyən və sübutu olmayan cavabdehin yazdıqları qeyd edilib, güya cavabdehə tam 4-cü kursa ödəniş edilməyib. Bu yalandır. 12 dekabr 2023-cü ildə 4-cü kursun 7-ci semestrin təhsil haqqını ödəmişdir. Cavabdehin həqiqi 700 man borcundan 3 qat çox borcu mövcuddur. 1913 manat tərəfindən artıq ödənilmiş məbləğdən gedir. Bu məbləğə cavabdeh tərəfindən dərslər keçirilməyib. Ona görə pul ona geri ödənilməlidir. BSU-nə 2019-cu ildə daxil olmuş, bu 2019/2020 tədris ilidir. 1-ci kursun pulunu 1400 manat ödəmiş, ikinci yarımillikdə - yəni 2-ci semestrdə 2020-ci ilin mart ayının 25-dən dərslər onlayn keçirilməyə başladı. Onun dərslərə goşulmağa imkanı və şəraiti olmadı. Kirayə galdığı 9 kv.m zirzəmidə internet olmayıb. Xəstliyin minlərlə insanın həyatını aparan zaman gedib kimin evində oturub onlayn dərslərə qoşula bilərdi. O dekana, tyutora zəng etdi və dedi ki, dərslərə goşulmağa imkanı və şəraiti yoxdur. Həmin 1-ci kursun 2-ci yarımiliyinin fənnlərini alt qrupda oturub oxuyur ki, təhsili tamam olsun. Dekan dedi ki, 2020-ci ilin iyul ayında dekanlığa yaxınlaşsın. Dekan ona dedi ki, sentyabrda dərslər əyani keçiriləcək, ödənişi etsin. Müqavilədə bu geyd olunub, təzə daxil olan tələbələr 1 və 2 kursun 1400 man pulunu tam ödəməlidir. 3 və 4-cü kursun pulunu isə iki dəfəyə ödəmək olar, 700+700. 2-ci kursun tam 1400 man pulunu ödədi. Lakin 15 sentyabr 2020-ci ildə dərslər BSU-də yenə onlayn keçirildi. O nə onlayn qeydiyyatdan keçə bildi, nə adına fərdi plan yoxdur. O fənnləri və dərslərdə iştirak etməyə borcludur. 1 manatlıq əgər dərs keçirilməyib, 3 və 4-cü semestr üzrə - 2-ci kursa aid şəxsi imzası ilə fərdi plan forma 4 sənədi yoxdursa, niyə 1400 manat pulunu geri ala bilməyir. Bu məbləği bütöv 1400 azn tələbə hesabında cavabdeh tərəfindən saxlanılmalı idi. Amma o məbləğ yoxa çıxıb. Artıq 2021/2022-ci tədris ili əyani formada keçirilməyə başlamışdı. Dekana yaxınlaşaraq dedi ki, karantin bitib, 2-ci kursa salsınlar, onun 1400 azn hesabında pulu var. O pulu yeni tədris ili üçün yönəltsinlə. Dekan isə bildirdi ki, hesabı sıfra bərabərdi. O pul tapıb ödəniş etsin. Sonra onun dərsə buraxacaqlar. Onu dərslərə buraxmadılar. Halbuki internat məzunudur, körpəlikdən məhkəmə gərarı ilə ata himayəsindən məhrum olunmuş və xəstə bir anası var, daimi ünvanlı sosial yardım alan aztəminatlı ailədirlər. Cavabdehin borcudur ki, internat məzunu olduğu, maddi vəziyyətinin acınacaqlı olduğu üçün pulsuz dövlət hesabına ya da 50 faiz güzəştlə oxutdursun. 19 noyabr 2021-ci il tarixli əmrlə rektor və dekan onu xəbər etmədən xaric ediblər. Ümumi cavabdehin ona 1400 +93+420=1913 manat borcu var. Sonra etirazda yazılıb ki, fulltime tədris keçirilib. Nə vaxtdan 3 (üç) fənn fulltime olub. Bu partime. Bu da sübut edir ki, ona parttime tədris verilir. 2-kursun, 3-cü kursun grupları ilə dərs keçir. Bu parttime, fulltime yox. Parttime tədris olanda, nə qədər dərs keçirilib, o qədər də ödəniş edilməlidir. Qanunla parttime tədrisə yarımilliyin bütöv pulu ödənilmir. Nə qədər fənn verilir, onların pulları ödənilir. 12 kredit 280 manatdır, 700 man yox. 7-ci kursun 1 yarımiliyinin fərdi planın əslində 2023cü ildə 3 fənn verilib. Cəmi üç fənn oxumuşdur. Cəmi üç fənn üzrə imtahan vermişdir. İndi saxta sənədə 5 fənni əlavə etməklə, şəxsi imzanı saxtalaşdırmaqla cavabdeh sübut edir ki, 7 semestr üzrə güya ona fulltime tədris verilib. Saxta sənədin hüquqi güvvəsi yoxdur. Cavabdeh boyun gaçırmaq istəyir, 420 man pulu bu sənəd üzərində ona ödəməsin. Cavabdeh elektron poçtla yalan məlumatlarla dolu etiraz bildirib və xx.xx.2025-ci il tarixində ərizə yazıb ki, xaricdədir. O da hələ bilinmir, düz yazıb ya yalandan. Sonra xx.xx.2025ci il tarixində dəxlisiz məntiqsiz, iddia tələbinə aid olmayan alt qrupda dərs keçdiyi barədə əmri göndərib, alt qrupda 15 fənn üzrə dərs keçmiş, həmin dərslərin cəmi 3-nün jurnal şəkillərini atıb. Onun iddia üzrə pul tələbi 2020-ci ilə aid 2-ci kursun puludur, 3-cü kursun 93 manatıdır 2023/2024 tədris ilinə və 4-cücü kurs üzrə 420 man puldur, bu da 2023/2024-cü tədris ilinə aiddir. Cavabdeh göndərdiyi sənədlər 2025-ci ilin sənədləridir. Cavabdeh hələ onun internat məzunu sosial statusunu saxtalaşdırıb. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazda qərarın dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 №li Qərarı:
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdehə artıq ödədiyi təhsil haqqının ona geri ödənilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibatı hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibatı icraat haqqında" Qanun anlamında inzibatı orqan olması və məhz inzibati orqanın hakimiyyət səlahiyyətinin daşıyıcısı kimi ona xas fəaliyyətin həyata keçirilməsi ilə bağlı olmasına dair şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İndiki halda iddiaçının hüquqi marağı təhsil aldığı cavabdeh Universitetə təhsil haqqı olaraq artıq ödədiyi pul vəsaitinin ona geri qaytarılmasına nail olmaqdan ibarət olmuşdur. Kollegiya hesab edir ki, iddianın mümkünlük şərti baxımından iş üzrə araşdırılmalı olan hal məhz tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin inzibati xarakterli münasibət olub-olmaması, cavabdeh qurumun inzibati orqan qismində çıxış edib-etməməsi, həyata keçirdiyi fəaliyyətin hakimiyyət səlahiyyətinin daşıyıcısı kimi ortaya çıxması ilə bağlı olan haldır. Başqa sözlə desək, hazırki halda iddianın mümkünlük şərtinin ödənilməsi üçün zəruri olan hal tərəflərdən biri qismində inzibati orqanın çıxış edib-etməməsi, mübahisəli hüquq münasibətinin məhz inzibati orqanın hakimiyyət səlahiyyətinin daşıyıcısı kimi həyata keçirdiyi fəaliyyətindən irəli gəlib-gəlməsi və tərəfər arasında yaranmış mübahisəli hüquq münasibətinin xarakterinin inzibati xarakterli olub-olmaması ilə bağlı olan haldır. Kollegiya iddianın mümkünlüyü ilə bağlı ilk növbədə onu qeyd edir ki, cavabdeh qurumun Nizamnaməsinə əsasən o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan qurum olmaqla, Bakı Slavyan Universitetinin çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. Nəticə etibarilə sözügedən qurum inzibati orqanların təsnifatında inzibati orqan qismində qeyd edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə cavabdeh qurum inzibati icraat haqqında qanunvericiliyin tələbi anlamında inzibati orqan qismində çıxış etməmiş, bu hal isə iddianın mümkün sayılmaması üçün əsas qismində çıxış etmişdir. Həmçinin, kollegiya hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti xarakter etibarilə də inzibati xarakterli mübahisəli hüquq münasibəti kimi çıxış etməmişdir. Belə ki, hazırki iş üzrə tərəflərdən biri inzibati orqan qismində çıxış etməməklə, onlar arasında yaranmış mübahisənin xarakteri də (təhsil haqqının geri qaytarılması) mülki hüquqi xarakterli münasibətlər çərçivəsində (ödənişli əsaslarla təhsil alması, təhsil xidmətinin göstərilməsi) ortaya çıxmışdır. Başqa sözlə desək, hazırda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar (təhsil alması, təhsil haqqının artıq ödənilməsi, əsassız olaraq ondan pul alınması və s.) məhz cavabdeh qurum tərəfindən müvafiq təhsil xidmətinin həyata keçirilməsi ilə bağlı ortaya çıxmışdır. Bu hal özlüyündə qeyd edilən mübahisəli münasibətin xarakterinin inzibati xarakterli münasibət olmasını istisna edir. Odur ki, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı iddia tələbi (tərəflərdən biri inzibati orqan olmadığından və mübahisənin xarakteri inzibati xarakterli mübahisə olmadığından) inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid edilə bilməz. Bu baxımından kollegiya hesab edir ki, hazırki halda tərəflərdən biri inzibati orqan olmadığından, habelə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri mülki hüquq münasibətləri ilə bağlı çərçivədə araşdırılmalı olan məsələ olduğundan, həmin münasibətlər inzibati məhkəmə icraatının predmetini təşkil etmədiyindən, mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, iddia mümkün sayılmamalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddianın mümkünlüyü baxımından mübahisənin xarakteri düzgün qiymətləndirilməmiş, iddianın mümkünlük şərtləri yoxlanılmamış, iddianın mümükün sayılmaması üçün əsaslar olduğu halda, işə mahiyyəti üzrə baxmış, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti üzrə iddiaçının tələbi birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi ilə bağlı olduğundan, indiki halda isə birinci instansiya məhkəmə qərarı ləğv edilməklə, iddia mümkün sayılmadığından, iddiaçının şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə aid hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir Həmçinin, məhkəmə kolegiyası iddiaçının diqqətinə onu çatdırır ki, hazırki iş üzrə mübahisə predmeti mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisə qismində çıxış etdiyindən, iddiaçının iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4232/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.