Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1257/2025 07.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı və vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-686/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçıya xx.xx.2002-ci il tarixdə istehsalat zədəsi səbəbi ilə müddətsiz ll dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarı ilə müddətsiz təyin olunmuş əlilliyi ləğv edilmiş və bununla bağlı pensiya ödənişi dayandırılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmiş və ona xx.xx.2022-ci il tarixdən (hüququ yarandığı tarixdən) yaşa görə əmək pensiyası təyin edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)- 2230/82024 saylı qərarı ilə iddia tələbi təmin edilərək iddiaçının əlilliyinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra icra edilmiş və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcəli əlillik bərpa edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2-B-143429/2025 nömrəli məktubun surətindən görünür ki, araşdırma zamanı yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 7699,48 manat artıqödəmə aşkar edilmiş və həmin vəsaitin geri qaytarılması zərurəti yaranmışdır. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək ödənilməli olan 329,45 manat artıq vermə məbləği ilə əvəzləşdirilmişdir. Bütün hesablamalar nəzərə alındıqdan sonra artıq vermə məbləği 7370,03 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq 7370,03 manat məbləğində təşkil edən artıq ödənilmiş vəsaitin qanunvericiliyə uyğun olaraq İddiaçı razılığı ilə əmək pensiyasından hər ay tutularaq bərpa olunması üçün Fondun müvafiq regional filialına və ya "DOST" Mərkəzlərinə yaxınlaşaraq ərizə ilə müraciət etməsi və yaxud həmin vəsaiti aşağıdakı rekvizitlərlə Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın hesabına bərpa etməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdən etibarən onun əmək pensiyasından tutulmaların dayandırılması və həmin tarixdən tutulmuş əmək pensiyasının ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək ödənilməmiş pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2002-ci il tarixdə istehsalat zədəsi səbəbi ilə müddətsiz ll dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarı ilə müddətsiz təyin olunmuş əlilliyi ləğv edilmiş və bununla bağlı pensiya ödənişi dayandırılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmiş və ona xx.xx.2022-ci il tarixdən (hüququ yarandığı tarixdən) yaşa görə əmək pensiyası təyin edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)- 2230/82024 saylı qərarı ilə iddia tələbi təmin edilərək iddiaçının əlilliyinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra icra edilmiş və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcəli əlillik bərpa edilmişdir. İddiaçı hesab edir ki, onun əlilliyi qanbunsuz olaraq ləğv edildiyindən və sonradan məhkəmə qərarı əsasında bərpa edildiyindən həmin dövr üçün əskik hesbalanmış əmək pensiyasının fərqi ona ödənilməlidir. O, 23 avqust 2023-cü il tarixindən 30 aprel 2025-ci ilədək hər ay 150 manat az məbləğdə pensiya almışdır. Lakin cavabdeh onun tələbini təmin etməkdən imtina etmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Ə.X7 müraciət edərək əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsini xahiş etmişdir. Lakin bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçı yaşa görə əmək pensiyası onun xx.xx.2023-cü il tarixli ərizəsi əsasında təyin edilmiş, xx.xx.2025-ci il tarixədək ödənilmişdir. Yenidən əlilliyə görə əmək pensiyası İddiaçı yenidən müraciət etdiyi tarixdən təyin edilmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi dövrlərdə öz ərizəsi əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən ona həmin dövrlər üzrə əlilliyə görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Belə ki, əmək pensiyaları haqqında qanunvericiliyə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.Həmçinin əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Əvvəllər qüvvədə olan qanunvericiliyə deyil, iddiaçının müraciət etdiyi tarixdə, yəni hüquqdan istifadə etmək istədiyi tarixdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi iddiaçının müraciət etdiyi tarixdən pensiya təyinatı aparılmalıdır. Qanunvericiliklə tələb olunduğu kimi Mərkəzi Filial tərəfindən İddiaçı müraciət etdiyi tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-686/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi marağı ona xx.xx.2023-cü il tarixindən 30 aprel 2025-ci il tarixinədək ödənilməmiş pensiya fərqinin ödənilməsindən ibarət olsa da, cavabdeh təşkilat imperativ xarakter daşıyan qanunvericilik normalarını nəzərə alaraq iddiaçıya düzgün tarixdən, yəni onun cavabdehə müraciət etdiyi vaxtdan həmin pensiya növünü təyin etmişdir. Yəni, iddiaçı yaşa görə əmək pensiyası onun xx.xx.2023-cü il tarixli ərizəsi əsasında təyin edilmiş, xx.xx.2025-ci il tarixədək həmin məbləğ həmin növdə olan pensiyaya görə ödənilmişdir. Yenidən əlilliyə görə əmək pensiyası iddiaçının cavabdehə yenidən müraciət etdiyi tarixdən təyin edilmişdir. Belə olan halda cavabdeh təşkilatın üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi və birinci instansiya məhkəməsinin qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, və apellyasiya şikayətini müdafiə edərək öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2, apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Maddə 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 33.3. Əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyasının başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır. 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən, iddiaçıya öz ərizəsi əsasında yaşa görə əmək pensiyası təyin edildiyindən ona yenidən əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunaziddir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zərur hesab edir. Məhkəmə kollegiyası iş materiallarının araşdırılması zamanı müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə istehsalat zədəsi səbəbindən əlillik təyin edilmiş və o, uzun müddət bu əsasla əmək pensiyası almışdır. xx.xx.2023-cü il tarixdə aparılmış müayinə nəticəsində iddiaçı barəsində əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilmiş, həmin qərara əsasən iddiaçıya ödənilən pensiya dayandırılmışdır. Lakin sonradan məhkəmə qərarı ilə əlilliyin ləğv edilməsi barədə qəbul edilmiş qərar etibarsız hesab edilərək ləğv olunmuş, iddiaçının istehsalat zədəsi səbəbindən müddətsiz üçüncü dərəcə əlilliyi xx.xx.2023-cü il tarixindən etibarən bərpa edilmişdir. Həmin iş üzrə iddia qaldırılandan məhkəmə qərarı icra olunanadək olan dövr ərzində iddiaçıya öz müraciəti əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə minib icra edildikdən sonra iddiaçının əlilliyə görə əmək pensiyası bərpa edilmiş, lakin ötən dövr üçün əlilliyə və yaşa görə əmək pensiyalsarının məbləğləri arasında yaranmış fərq ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əlilliyin ləğvi barədə qərarın ləğv edilməsi iddiaçının həmin dövrdə pensiya almaq hüququnun mövcud olduğunu təsdiq edir. Bu baxımdan, iddiaçının əlillik əsasında pensiya təminatından məhrum edildiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ona ödənilməmiş pensiya məbləğləri arasında yaranmış fərqin ödənilməsi barədə tələbi əsaslı və qanunauyğundur. Qeyd olunmalıdır ki, iddiaçının əmək pensiyasının bir növündən başqa növünə keçməsi üçün onun qanunla məhdudlaşdırılmayan hüququdur. Bundan başqa ona təyin edilmiş lilliyə görə əmək pensiyası vaxtilə onun təqsiri olmadan qanunsuz olaraq ləğv edilmiş və nəticə etibarı ilə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə bərpa edilmişdir. Belə olan halda ona həmin dövr ərzində ala bilmədiyi fərqin ödənilməməsi qanunsuz və əsassız hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbul olunmasını konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur (İPM73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdur («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). Birinci instansiya məhkəməsi bu hüquqi nəticəni düzgün qiymətləndirməmiş, iş üzrə faktiki hallar və tətbiq edilməli hüquq normalarını düzgün tətbiq etməmişdir, işin hallarını ətraflı araşdırmamış, cavabdehin hərəkətlərinin qanuniliyi və əsaslılığı istiqamətində qanunvericiliyin tələbi baxımından düzgün qiymətləndirmə aparılmamış, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının iddia tələbi isə təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-686/2025 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əlilliyə və yaşa görə əmək pensiyalarının məbləğləri arasında yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1257/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1257/2025
07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver